» » Saakaşvili üçün təhlükə var...

Saakaşvili üçün təhlükə var...

Bölmə: Siyasət, BLOK XƏBƏR
Saakaşvili üçün təhlükə var...
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili korrupsiyaya qarşı sərt mübarizəsi ilə tez-tez gündəmə gəlir. Vəzifəyə təyin olunduqdan dərhal sonra korrupsiyaya qurşanmış məmurlara, oliqarxlara qarşı savaş açan yeni qubernator sərt addımları ilə məşhurlaşıb.


Saakaşvili bildirib ki, məmurların fəaliyyətinə nəzarət üçün İctimai Komitə yaradılacaq. Son olaraq 2 milis zabiti rüşvət alarkən həbs olunub, ondan əvvəl isə 20 məmur işdən qovulub. Ancaq sərt addımlara və Ukrayna prezidentinin dəstəyinə baxmayaraq Odessada hələ də bütün dövlət qurumları Saakaşvili ilə əməkdaşlıq etmir. Məsələn, məlum olub ki, Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq hələ də qurulmayıb. Bu isə onu göstərir ki, ölkənin köhnə məmur aparatı hələ də yeni hökumətə müqavimət göstərir, antikorrupsiya tədbirlərinə mane olmağa çalışır. Odessa hələ sovet illərindən cinayətkar qrupların kök saldığı bölgələrdən biri hesab olunurdu və burda “təmizlik” Saakaşvili üçün o qədər də asan olmayacaq.

“Xalqinfo” “Yeni Müsavat”a istinadən xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Saakaşvilinin özü hazırda böyük təhlükə altındadır. Odessanın yeni qubernatorunun ciddi işlər gördüyünü qeyd edən ekspertin fikrincə, populyarlığı Saakaşvili üçün risk daşıyır: “Çünki onun Odessa qubernatoru təyin olunduğu gündən atdığı addımlar Ukrayna və dünyada populyarlıq qazanıb. Saakaşvili faktiki, Ukrayna prezidenti Pyotr Poroşenkonun bacarmadığı işi görür. Saakaşvilinin iki çıxışı ilə bağlı video görüntü internetdə populyardır. Birinci görüntüdə Saakaşvili Odessa prokurorunu biznesmenlərə maneə yaratmamağı tələb edir, faktlarla məmurları ifşa edir. İkinci görüntüdə isə Saakaşvili Kiyevdə hava nəqliyyatına məsul olan şəxsləri tənqid edir, onların inhisarçılığının və qiymət artımının arxasında korrupsiyanın dayandığını şəxsən üzlərinə deyir. Odessada korrupsiyaya qarşı mübarizə elan edən Saakaşvilinin idarəetməyə gəncləri cəlb etməsi də diqqəti çəkir”.

E.Şahinoğlunun fikrincə, Odessada islahatlar uğur qazanarsa bunun bütünlüklə Ukrayna miqyasına yayılması ehtimalı artacaq: “Məsələn, Saakaşvilinin təklifi ilə Ukraynanın daxili işlər nazirinin müavini Yekaterina Zquladze öz sahəsində ciddi islahatlara başlayıb. Artıq Kiyev polisinin Gürcüstan polisi kimi səlahiyyətləri artırılıb və maaşları qaldırılıb. Məqsəd polisdəki rüşvəti ortadan qaldırmaqdır. Bircə Saakaşvilinin təklifi ilə Ukrayna səhiyyə naziri təyin olunan gürcü Aleksandr Kvitaşvili ishalatlarda uğursuz oldu. Ancaq bu məsələdə də Saakaşvili həlledici rol oynadı. O Kvitaşviliyə istefa ərizəsi yazmağa təklif etdi və bunu belə əsaslandırdı ki, səhiyyə naziri islahatlar aparmaq və səhiyyədə korrupsiyanın kökünü yox etmək üçün aqressiv siyasət aparmadı. Kvitaşvili Saakaşvilini sözündən çıxmadı. Bu faktın özü də Saakaşvilinin sözünün eşidildiyini sübut edir”.

Ekspert hesab edir ki, Saakaşvili çox böyük işlər görür və təbii ki, bu işlərdən razı olanlarla yanaşı olmayanlar da var. Hətta təxribatlar da qaçılmazdır: “Deyərdim ki, Saakaşvili prezident Poroşenkodan sonra Ukraynanın ikinci əsas fiquruna çevrilib. Saakaşvli liman şəhəri olan Odessanı inkişaf adasına çevirərsə, bu, Kremli xeyli qəzəbləndirəcək və bu halda Moskvanın Gürcüstanın keçmiş prezidentini durdurmaq üçün istənilən təxribata əl atacağı istisna deyil. Bu gizli şəkildə Odessa sakinlərini itaətsizliyə sürükləməkdən tutmuş terrora dəstək verməyə qədər uzana bilər. Təsadüfi deyil ki, gecələr yenə Odessada naməlum şəxslər partlayışlar törədirlər. Ancaq Saakaşvli hadisələrin bu istiqamətdə inkişafına da hazırdır. O hətta terrorun ağır fəsadlarını öz xeyrinə çevirmək iqtidarındadır.

Məsələn, bir neçə gün öncə Odessa kafelərinin birində törədilən partlayışa cavab olaraq Saakaşvili sakinləri həmin kafeyə onunla birgə kofe içməyə dəvət etdi. Saakaşvili son dərəcə ehtiyatlı olmalıdır. Vaxtilə Gürcüstanda da ona qarşı təxribat törətdilər. Əgər Gürcüstanda parlament və prezident seçkisi öncəsi həbsxanadan məlum işgəncə halları baş verməsəydi və bu hallar televiziyada yayınlanmasaydı Saakaşvilinin həm partiyası, həm də varisi bu gün ölkəsində iqtidarda idi. Moskvadakı ”ssenaristlər" bənzər olayı Odessada da təkrarlaya bilərlər. Buna görə də Saakaşvili Odessada yalnız özünün deyil, komandasının qərarlarına və fəaliyyətinə də ciddi nəzarət etməlidir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler