» » Qovulmuş diplomatın arxasından Abbas Abbasov çıxdı

Qovulmuş diplomatın arxasından Abbas Abbasov çıxdı

Bölmə: Siyasət, BLOK XƏBƏR
Qovulmuş diplomatın arxasından Abbas Abbasov çıxdı
Avropa Birliyinin “üsyankar” səfirlə üzülüşməsinin şok səbəbi; Arif Məmmədovun postundan geri çağırılması Brüsselin rəsmi Bakıya jesti sayıla bilməz - buna səbəb məhz səfirin arxasındakı gücün üzə çıxması, bəlkə də ifşasıdır; Abbas Abbasovla dostluq əlaqələri olan sabiq diplomat Rüstəm İbrahimbəyovun imtina etdiyi posta - Milli Şura həmsədrliyinə gətirilə bilər...
İslam Konfransı Təşkilatının Avropa Birliyindəki səfiri Arif Məmmədovun postundan geri çağırılması xəbəri, nəhayət, rəsmən təsdiqləndi. Məlumata görə, Arif Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilatın sıralarından çıxarılıb.

19 mayda Binəqədidə yanan bina ilə bağlı bir gün sonra məmurları tənqid edən statusundan sonra onun ətrafında başlamış “fırtına” diplomat karyerasına son qoysa da, indi meydana məhz planlaşdırıldığı kimi yeni bir obraz - müxalifətçi Arif Məmmədov çıxarılıb.

Arif Məmmədov mediaya müsahibəsində bildirib ki, özü istefa ərizəsi verərək bu postdan gedib və səfiri olduğu beynəlxalq təşkilat da onun bu ərizəsini nəzərə alıb. A.Məmmədov bəyan edib ki, artıq ciddi siyasətlə məşğul olacaq: “Mən peşəkar siyasətə gələrək, ölkəmin və xalqımın problemləri ilə məşğul olacağımla bağlı bəyanat vermişəm.

Bu bəyanat bütün ölkə ictimaiyyətinə, eləcə də Avropanın siyasi çevrələrinə bəllidir. Hər kəs anlayışlı qarşılayar ki, mənim siyasətçi olaraq konkret bir beynəlxalq təşkilatın səfiri vəzifəsi ilə özümü məhdudlaşdırmağım doğru alınmazdı. Hesab edirəm ki, bu vəzifədən istefa verməli idim və bunu da etdim. İndi birbaşa ”Azərbaycan Vision-2025" proqramı ilə məşğul ola bilərəm və yaxın gələcəkdə uğura inanıram". Arif Məmmədov əlavə edib ki, ölkəni böhran vəziyyətindən çıxarmaq üçün qarşıdakı 10 ili əhatə edən proqram üzərində işləyir.
A.Məmmədovun cəmi 1 ay ərzində diplomatdan az qala müxalifət liderinə çevrilməsi, hətta prezidentliyə namizəd olacağını bəyan edərək 10 illik anti-böhran proqramı ilə ortaya çıxması ictimai müzakirələrdə onunla bağlı ziddiyyətli versiyalar yaradıb.



Birinci versiya. Məlumdur ki, hakimiyyətin Riqa samitindən sonra Avropa Birliyi ilə münasibətləri gərginləşib. Arif Məmmədov isə son 2 ildə Avropa Birliyini təmsil edib və 20 ildir ki, bu təşkilatın yerləşdiyi Brüsseldə məskunlaşıb. Onun özü də məhz “Qərbin adamı” olduğuna dair informasiyaların yayılmasında maraqlı olduğunu büruzə verib. “Qərbdə kifayət qədər geniş tanınmağımı və imkanlarımın olduğunu bilərək primitiv şəkildə Qərbə mənim Rusiyanın dairələrinə yaxın olduğumu çatdırmaq istəyirlər. Bu, Avropada gülüşlə qəbul olunur. Ölkə daxilində kimsə buna inanırsa belə, Qərb mənim heç bir xarici qüvvəyə bağlı olmadığımı çox gözəl bilir” deyə, müsahibələrinin birində sabiq diplomat bildirib. Diplomatla bağlı daha bir sensasion iddia onun Rusiya kəşfiyyatına bağlılığıdır ki, bunu israrla təkzib edir. İddialarda deyilir ki, Rusiya öz adamı olan A.Məmmədovun müxalifətçiliyini qabardaraq Azərbaycan hakimiyyətindən narazı olan Qərbə “yeni lider” kimi sırımaq istəyir.



Maraqlıdır ki, A.Məmmədova ilk sahib çıxan da məhz “Rusiya projesi” - Milli Şura rəhbərliyi olub. Diplomat da ilk gündən Milli Şurada təmsil olunan partiya liderinin “uca xalqım” müraciətini “sevimli xalqım” sözləri ilə bənzətmə edib, bu qurumun media orqanını “əsl müxalifət mediası” adlandıraraq ona oxucular toplamaq işinə girişib. Arif Məmmədovun Rusiyanın adamı olduğuna dair iddialar təsadüfi deyil. O, SSRİ dönəmində Moskvada daha çox xaricdə işləmək üçün xüsusi təlimatlarla kadr hazırlayan Hərbi Tərcüməçilər İnstitutunda oxuyub. Heç kimə sirr deyil ki, təkcə Moskvada deyil, Sovet İttifaqının bütün respublikalarında institutların “tərcüməçi”lər hazırlayan xüsusi fakültələri vardı.

Arif Məmmədov israrla bu kimi iddiaları təkzib edir, amma Qərb dəyərlərindən ağızdolusu danışsa da, nədənsə, Kremli siyasətini hədəfə almır. Məntiqlə Brüsseldə diplomat olan və uzun illər Avropa Birliyində işləmiş A.Məmmədov anti-Rusiya mövqeyi ilə seçilməli idi.



Redaksiyamıza verilən xəbərə görə, A.Məmmədov təmsil etdiyi qurumdan özünün iddia etdiyi kimi, istefa verməyib, məhz qovulub! Aydındır ki, Azərbaycan hakimiyyətinin indilikdə Avropa Birliyinin qərarlarına təsir imkanları o qədərdə ciddi sayıla bilməz. Arif Məmmədovun diplomat kimi həddini aşan bəyanat verməsinə də Brüssel dözə bilərdi, ya da ən pis halda onun yerini dəyişə, başqa bir diplomatik işə təyin edə bilərdi. Amma göründüyü kimi, Avropa Birliyi Arif Məmmədovla, necə deyərlər, bütün diplomatik əlaqələrə son qoyub. Bu isə yenə təkrar edirik ki, Brüsselin rəsmi Bakıya jesti sayıla bilməz. Bu, məhz Arif Məmmədovun hərəkətə gətirilməsindən sonra onun arxasındakı gücün üzə çıxması, bəlkə də ifşasıdır.



Qaynağımızın məlumatına görə, qalmaqallı diplomatın Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla da çox yaxın münasibətləri var. Mümkündür ki, A.Məmmədovu da rəsmi Bakı ilə düşmənçiliyə məhz Abbas Abbasovla... dostluq vadar edib.

Məlumdur ki, “Milyarderlər İttifaqı” deyilən qurumu yaradaraq Azərbaycan hakimiyyətinə 2013-cü il seçkilərində ciddi başağrısı gətirən, Kremlin xeyir-duası ilə Milli Şura yaradaraq onun rəhbərliyinə yaxın dostu Rüstəm İbrahimbəyovu oturdan Abbas Abbasov iqtidarla bütün körpüləri yandırıb. Onun bağışlanılması üçün etdiyi son cəhd - Avropa Oyunları zamanı Bakıya gəlmək istəməsinə iqtidar yenə “yox” dedi. A.Məmmədovla Abbas Abbasovun deputat oğlu Aydın Abbasovun da yaxın münasibətləri olduğu deyilir. Bir neçə il Avropa Şurasında Azərbaycanı təmsil edən Arif Məmmədov parlament nümayəndə heyəti tərkibində Strasburqa gələn Aydın Abbasova xüsusi diqqət göstərirmiş.

“Yeni Müsavat” ötən saylarının birində Arif Məmmədovu İbrahimbəyov variantında müxalifətçiyə çevirmək planı olduğu barədə yazmışdı. Yazıda xüsusi vurğulanırdı ki, A.Məmmədovun tezliklə Azərbaycandakı hansısa müxalifət partiyasına üzvlüklə bağlı müraciəti də mümkündür. Redaksiyamıza verilən xəbərdə iddia olunur ki, mümkündür ki, yaxın zamanlarda Abbas Abbasovun daha bir yaxın adamı - Arif Məmmədov Milli Şurada Rüstəm İbrahimbəyovun imtina etdiyi posta - həmsədrliyə gətirilsin...

Arifə hərdən bir işarə də kifayətdir...

“Yeni Müsavat”


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler