» » Kılıcdaroğlunu Azərbaycanda kim qalib etdi?

Kılıcdaroğlunu Azərbaycanda kim qalib etdi?

Bölmə: Siyasət
Kılıcdaroğlunu Azərbaycanda kim qalib etdi?
AKP hökuməti ilə Gülən camaatı arasında baş verən gərginlikdən sonra Azərbaycandakı seçkilərdə bir qayda olaraq AKP qazana bilmir

İyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri artıq məlumdur. Seçkilərin nəticələrinə əsasən hakim AKP yenidən qalib gəlib. Ancaq toplanan səslər və mandat AKP-nin əvvəlki illərdə olduğu kimi təkbaşına hökumət olmasına imkan vermir. Çünki hazırkı Türkiyə seçki qanunlarına görə, təkbaşına hökumət qurmaq üçün partiyalardan birinin 50 faizdən çox – 550 yerlik parlamentdə 276 mandat – qazanmalıdır.

7 iyun seçkilərinin nəticələrinə əsasən 4 partiya parlamentdə təmsil olunacaq. Bunlar: hakim AKP 40,9, CHP 25,0, MHP 16,3, HDP isə 13,1 faiz səs qazanıb. Ötən 2011-ci il seçkilərinin nəticələri ilə müqayisədə hakim partiya təxminən 9 faiz səs itirib ki, müşahidəçilərə görə, bu səsləri böyük ölçüdə HDP (kürdlərin partiyası) və MHP əldə edib.

Maraqlıdır ki, xarici ölkələrdə keçirilən səsvermədə bəzi ölkələrdə AKP uduzub. AKP-nin uduzduğu ölkələrdən biri də Azərbaycandır. Rəsmi məlumatlara əsasən Azərbaycanda 5 seçki qutusu mövcud olub. Ümumilikdə isə ölkədə olan türkiyəli seçici sayı 5915 nəfər olub. Ancaq onlardan yalnız 28 faizi, yəni 1699 nəfər səsvermədə iştirak edib.

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 30,01 faizi CHP, 27,17 faizi AKP, 20,97 faizi HDP, 17,84 faizi MHP və 2,66 faizi isə Səadət Partiyasına (seçki baryerini keçə bilməyib) səs verib.

Maraqlıdır ki, ötən ilin avqust ayında keçirilən prezidenti seçkilərində də Azərbaycanda yaşayan türkiyəlilər hazırkı prezident Rəcəb Tayyib Ərdoğana deyil, onun əsas alternativi olan Ekmələddin İhsanoğluna səs verib. Belə ki, seçicilərin 53 faizi (502 nəfər) İhsanoğluna, 39 faizi (364 nəfər) Ərdoğana, 7 faizi (66 nəfər) isə HDP həmsədri Səlahəddin Dəmirtaşa səs verib.

Qeyd edək ki, Azərbaycanda bu cür nəticənin alınması bir sıra amillərlə izah olunur. Ölkəmizdə yaşayan türkiyəlilərin seçimi ölkəmizdə məskunlaşan Türkiyə vətəndaşlarının hansı siyasi və etnik-dini qrupa bağlı olması ilə bağlı fikir yürütməyə imkan verir. Məsələn, gözlənildiyi kimi, Azərbaycanda türk milliyyətçilərinin sayı digər partiyalarla müqayisədə az imiş. Eyni zamanda AKP-nin də gözlənildiyinin əksinə olaraq Azərbaycanda qalib olmaması və kürd partiyasının 3-cü olması Azərbaycanda türkiyəlilərin siyasi mənzərəsinin rəngarəng olduğunu göstərir.

Ancaq təbii ki, Azərbaycanda Ərdoğanın deyil, İhsanoğlunun qalib olması, parlament seçkilərində isə CHP-nin, yəni solçuların üstünlük qazanması ilk növbədə camaat iddialarını yada salır. Aydın məsələdir ki, uzun müddət Azərbaycanda Fətullah Gülən camaatı türkiyəlilər arasında ağırlıq təşkil edib. Uzun müddət AKP camaatla ittifaqda olduğu üçün seçkilərdə də bu ittifaq nəticələrə təsir edirdi. Lakin məlum hadisələrdən sonra camaat AKP-yə deyil, digər qruplara səs verib. Görünən odur ki, Azərbaycandakı camaat nümayəndələri öz səslərini CHP və HDP arasında bölüşdürüblər.

Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler