» » Avropada oyun kimin xeyirinə olacaq?

Avropada oyun kimin xeyirinə olacaq? (Video)

Bölmə: Siyasət, Dünya
Avropada oyun kimin xeyirinə olacaq? Gərgin mübarizə gedir. Özümüzü lap 90-cı illərdəki kimi hiss edirik. Avropada böyük bir qaz sızması var... Bütün maraqlı qütblər çalışır ki, bir-birini güc yolu ilə nəyisə etməyə ya da etməməyə vadar eləsinlər. Vaxt var idi ki, Azərbaycanda çevrilişlər də etmək istəyirdilər. Alınmadı. Hamısından keçdik. Dövlətimizdən, dövlətçiliyimizdən keçmədik. İndi, şükür Allaha ki, Azərbaycan güclənib. Hətta bu güc o qədər artıb ki, artıq vurub ölkədən bayıra çıxır. Başqa dövlətlərə sərmayə qoyuruq. Müstəqillik budu. Yalnız ləzzət deyil, həm də əziyyətdir, yalnız səlahiyyət deyil, həm də məsuliyyətdir. Və bu o demək deyil ki, müstəqil dövlətə təziyqlər azalır.

Məsələn, Makedoniyanın prezidenti Moskvaya gəldi, 70 ilin paradına qatıldı. Ya mərəkə tutdu, ya elə doğrudan bunu istəyirdi, bəlli deyil, amma bəyanat verdi ki, ölkəsi “Türk axını” layihəsini dəstəkləyir… Yadınızdadırsa, Makedoniya bir az əvvəl Rusiyanın ideya müəllifi olduğu “Cənub axını”n dəstəkləyirdi. “Cənub axını” dayanandan sonra o “Türk axını”nı müdafiə etdi. Xülasə Makedoniya paraddan sonra verdiyi açıqlamada məhz bu enerji proyektinin leyhinə çıxış etdi. Və çox keçmədi ki, hansısa dağlardan, hansısa yaraq-yasaqlı kəslər… İndi də Makedoniyanın ona yaxın polis əməkdaşını öldürdü, elə o qədər də insanı yaraladı. Xəbərdarlığa oxşamır? Axı “Türk axını”nı Qərbdə istəmirlər…

Bu arada isə vəziyyətin aydınlaşmasına yönələn daha bir maraqlı hadisə baş verdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Balkanların başqa bir ölkəsinə, “Türk axını”nın əleyhinə olan Serbiyaya yollandı və bu səfəri də mətbuat Rusiyanın Qərblə Serbiya uğrunda həlledici döyüşü kimi qiymətləndirdi. Lavrovun sevinmək üçün xırda da olsa əsasları var. Çünki Serbiyada artıq belə hesab edirlər ki, Rusiya qazının Avropaya çıxarılması təkcə Şimal yolu ilə yox, həm də cənub səmtdən, yəni “Türk axını” ilə də həyata keçirilməlidir. Rusiyaya sərf edən mövqedir. “Biz onu “Türk axını” da, başqa cür də adlandıra bilərik. Amma heç bir halda Avropanın bu hissəsi qazsız qalmamalıdır”. Serbiyanın rəsmi mövqeyi belədir. Lavrov da açıq danışıb. O “Türk axını”nın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcəyini anons edib. Göründüyü kimi Rusiya “Türk axını”nın reallaşması yolunda getdikcə daha qəti addımlar atır. Rusiyanın qətiyyəti Birləşmiş Ştatları da fəallaşdırıb. Görünür Ağ Ev Balkanlarda Rusiya təsirinin artmasından nigarandır. Beləliklə gözümüzün qabağında Serbiyadan yeni Ukrayna düzəldirlər. Arada qalaraq Qərbə və Rusiyaya doğru parçalanmış Ukrayna.

Yunanıstan da anlaşılmaz kombinasiyalara qatılır. Yunanıstanın lideri Aleksis Tsiprasın rəhbərlik etdiyi Sirixa partiyası hələ ötən ilin payızında Ukrayna və Avropa Birliyi arasında imzalanmalı olan asossiativ sazişin əleyhinə çıxmış, Rusiyanın Krımı anneksiyasını açıq şəkildə dəstəkləmişdi. Və bu hələ hamısı deyil. Tsipras istəyir ki, Yunanıstan NATO-dan çıxsın. Rusiya üçün bundan yaxşı kim dua edə bilər…. Qərbdə belə şübhələr var ki, Tsiprasın seçilməsində Rusiyanın xüsusi rolu var. Hətta güman var ki, Tsipras Moskvdan maliyyə dəstəyi də alır.

Elə Türkiyənin özündə də qeyri-müəyyənlik var. Türkiyə yaranmış vəziyyətdən məharətlə istifadə edərək Rusiyadan daha çox endirim almaq istəyir. Elə bu həftə “Qazprom” “Türk axını” layihəsinin inşasına başladıqlarını bəyan etdi. Baxmayaraq ki, ortada hələ heç nə yoxdur. Adicə blefdir. Çünki Türikyə tərəfi Moskvanın bu xəbərini təsdiq etmir. Bir sözlə Avropada az qala hamı bir-biri ilə qaz-qaz oynayır. Bu oyunda hər şeyə əl atılır. Dava yorğan davasıdır. Biz bunu 94-cü ildən, öz təcrübəmizdən görmüşük. Bilirik ki, ağırdı, bilirik ki, çətindir. Amma gördüyümüzü görmüş, götürdüyümüzü götürmüşük. Qazla doğrudan da ehtiyatlı olmaq lazımdır. Qaz həmişə boğmur. Nəfəsə çevrilib yaşadır da. Rahat nəfəs alaq.


Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler