» » Ərdoğana qılınc kimi sözlər...

Ərdoğana qılınc kimi sözlər...

Bölmə: Siyasət, BLOK XƏBƏR
Ərdoğana qılınc kimi sözlər...
Türkiyə Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç “baş nazir “siyasətə gələcəksiniz cübbənizi çıxarın” deyir, bizlər ədalətli olmağı müqəddəs bir vəzifə kimi qəbul edən mədəniyyətin daşıyıcısı olaraq gücün və şərtlərin təsiri ilə köynək dəyişdirən bir xarakterin sahibi ola bilmərik”, sözləri ilə Türkiyə siyasi gündəmində bomba partlatdı

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç ölkədə ali məhkəmə sistemi yaradılmasının 52-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə baş nazir Rəcəb Tayyib Ərdoğana sərt mesajlar səsləndirib. Mesajlar o qədər sərt olub ki, baş nazir Ərdoğan mərasimi yarımçıq tərk edib. Uca Divan salonundakı mərasimdə prezident Abdullah Gül də iştirak edib. Olayı Türkiyənin demək olar bütün aparıcı qəzetləri manşetdən verib.

Konstitusiya Məhkəməsinin sədri bildirib ki, başda baş nazir Rəcəb Tayyib Ərdoğan olmaqla iqtidar təmsilçiləri 17 dekabr Böyük Rüşvət əməliyyatından sonra “paralel dövlət” suçlaması ilə bir sıra dövlət orqanlarının qanuni fəaliyyətini şübhə altına qoymağa cəhd edib. Haşım Kılıç bildirib ki, 2010-ci ildən sonra Türkiyədə fərqli rəngdə bir məhkəmə sistemi yaradılmağa cəhd edilir: “Kimsə bu yeni strukturun yaradılması günahından yaxasını kənara çəkməyə çalışmasın. Məhkəmə sisteminə yönəlik “paralel yapı”, “çetə” ifadələri çox vahiməli, çox ciddi və çox ağır bir suçlamadır. Vəzifəsi qanunsuzluqlarla bağlı maddi sübutları ortaya çıxarmalı olan məhkəmə sisteminin qarşı-qarşıya qaldığı bu iddianın adı vicdan yolsuzluğudur”.

Kılıç kəskin çıxışında Türkiyədə 30 mart bələdiyyə seçkisi dönəmində Twitter sosial şəbəkəsinin yasaqlanması məsələsinə də toxunub: “Baş nazir Ərdoğanın dilindən səslənən “Twitteri milli saymıram” suçlaması əsası və dərinliyi olmayan dayaz yanaşmadır. Baş nazir “siyasətə gələcəksiniz cübbənizi çıxarın” deyir. Bizlər ədalətli olmağı müqəddəs bir vəzifə kimi qəbul edən mədəniyyətin daşıyıcısı olaraq gücün və şərtlərin təsiri ilə köynək dəyişdirən bir xarakterin sahibi ola bilmərik. Biz Türkiyə məhkəmələrinin verdiyi bütün qərarların arxasındayıq”.

Haşim Kılıçla baş nazir Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlər xeyli müddətdir soyuqdur. 17 dekabr Böyük Rüşvət Əməliyyatından sonra isə bu münasibətlər xüsusilə kəskinləşib. Baş nazir demək olar bütün çıxışlarında məhkəmə sistemi ilə bağlı sərt tənqidlər səsləndirir. İndiyə qədər səssizliyini qoruyan Konstitusiya Məhkəməsi sədri dünən uzun müddət saxladığı sükutu elə sərt ifadələrlə pozub ki, Türkiyə analitikləri bu siyasi təlatümün uzun müddət davam edəcəyini proqnozlaşdırırlar. Türkiyənin siyasi gündəmini izləyən analitiklər onu da bildirir ki, böyük ehtimalla Haşim Kılıç 10 avqust prezident seçkilərində namizədliyini irəli sürəcək.

H.Kılıç çıxışını sadəcə Ərdoğanın ölkənin məhkəmə sistemi haqqında tənqidlərinə cavab kimi qurmayıb, yeri gəldikcə, AKP-yə ciddi şəkildə hücuma keçib: “Hüquq dövlətinin təməlində iqtidar gücünün keyfi davranışlarının məhdudlaşdırılması vardır.

İctimai fikrə təsir etməklə məhkəmə sistemi haqqında şübhə yaradılması siyasi və ideoloji cəhətdən dövlətin dayaqlarına zərbədir. Bəziləri məhkəmə sistemini ələ keçirilməli olan bir qala kimi təsəvvür edir. Qalanı işğal etmək istəyənlər məhkəmə sistemini ya siyasi düşüncələrinə və ideologiyalarına lojistik dəstək, ya da rəqiblərindən intiqam almaq mexanizmi kimi istifadə edirlər. Bu anlayış və işğaldan qurtulmadıqca müstəqil və tərəfsiz bir məhkəmənin olması xəyaldır”.

Mərasimdə maraqlı bir məqam da yaşanıb. Haşim Kılıçın çıxışı öncədən çap edilərək mərasim iştirakçılarına paylanıb. Prezident Abdullah Gül, baş nazir Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, eləcə də digər yüksək rütbəli dövlət məmurları Haşim Kılıç çıxışı edərkən çıxışın yazılı mətnini də izləyiblər. Ancaq çıxışın tonu sərtləşdikcə onlar mətni kənara qoyub diqqətlər Haşim Kılıçı dinləməyə başlayıblar. Dəqiqələr keçdikcə siyasətçilərin, özəlliklə baş nazir Ərdoğanın üzündən ciddi rahatsızlıq keçirdikləri aydın görünüb. Türk mediası yazır ki, Haşim Kılıç niqtini tamamladıqda prezident Abdullah Gül nəzakət xatirinə onu alqışlayıb. Ancaq nə parlament sədri Cəmil Çiçək, nə baş nazir, nə də baş nazirin yardımçısı Əli Babacan Kılıça əl çalmayıb.

Az sonra baş nazir və bir neçə nazir toplantı salonunu tərk edib.
Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler