» » Dağlıq Qarabağ icması

Dağlıq Qarabağ icması etiraz etdi

Bölmə: Siyasət
Dağlıq Qarabağ icması “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi mayın 3-da Ermənistan tərəfindən işğal altında saxlanan Dağlıq Qarabağda qondarma “parlament seçkiləri”nə etiraz edib.


Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, İctimai Birlik bununla bağlı bəyanat verib.


“Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində mayın 3-də qondarma “parlament seckiləri”nin keçirilməsi nəzərdə tutulub. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, bu “seçkilər” Azərbaycan Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağda tarixən yaşamış azərbaycanlıların seçki hüquqlarını nəzərə almır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər”, - deyə bəyanatda qeyd olunur.


Bəyanatda bildirilir ki, Ermənistan Respublikası beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə “seçkilər” təşkil edir: “Ermənistan Respublikası öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə və icmalar arasındakı dialoq imkanlarına köklü zərbə vurur. Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən bir daha kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcək”.


Bəyanatda diqqətə çatdırılır ki, münaqişəsinin tezliklə həlli üçün, ilk növbədə, işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən məcburən köçkün düşmüş 75 mindən çox azərbaycanlı əhalisinin öz doğma torpaqlarına geri qayıtması zəruridir: “Bölgənin erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət töhfəsini verə bilər. Bu səbəbdən icmalar arasında görüşlərin keçirilməsini də zəruri hesab edirik. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi bu qondarma “parlament seçkiləri”nin keçirilməsinə etirazımızı bildirərək qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunub.


Eyni zamanda, adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllinin öz əksini tapmıası göstərilib. Güc tətbiqi ilə ərazi qazanılması və əldə edilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir. Hesab edirik ki, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayına və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyil. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və bölgənin iki icması arasında dinc yaşayış təmin olunacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler