» » “Müxalifətin daxilində dağıdıcı bir qrup var...”

“Müxalifətin daxilində dağıdıcı bir qrup var...”

Bölmə: Siyasət
“Müxalifətin daxilində dağıdıcı bir qrup var...”
2013-cü il prezident seçkilərindən sonra aparıcı müxalifət partiya və liderlərinin bir araya gəldiyi Milli Şura sürətlə dağılmağa başladı. Bundan sonra isə müxalifətdə gələcək əməkdaşlıqların qeyri-mümkünlüyü barədə ehtimallar daha da gücləndi.


İlin ilk dörd ayı arxada qalmaq üzrədir, lakin Azərbaycanın siyasət meydanı qəbiristanlıq sükutunu xatırladır. Hakimiyyətin sükutda maraqlı olduğu bəlli və təbiidir. Lakin müxalifət düşərgəsində də sükutu aktivliklə əvəzləyəcək heç bir cəhd, fəaliyyət görünmür. Belə vəziyyət isə ümidsizliyi bir qədər dərinləşdirir və insanlarda müxalifətin perspektivinə, nə vaxtsa uğur qazanacağına inamı sarsıdır.

Siyasi ekspert Natiq Miri bu mövzuda “Yeni Müsavat”a şərhində müxalifətin 2013-cü il prezident seçkilərindən sonra ciddi zəifləmə və passivlik sindromu yaşayacağının gözlənilən olduğunu bildirdi. Onun dediyinə görə, ölkənin siyasi sferasında, xüsusilə də müxalifət düşərgəsində zəifləmə, depressiya prosesinin getməsi gözlənilirdi. Ona görə də indiki durum təəccüblü deyil. Ancaq məsələ ondan ibarətdir ki, hazırkı süstlüklə bərabər hər bir müxalif siyasi qüvvə bu vəziyyətin səbəblərini araşdırmalıdır və günahkarı kənarda axtarmalı deyil: “Hazırkı durum təkcə hakimiyyətin qeyri-demokratik mahiyyətindən, antidemokratik seçkilərdən irəli gəlmir. Müxalifət də artıq 15 ildən yuxarıdır ki, müəyyən mənada səmimi şəkildə vahid siyasi qüvvə olub çıxış etmək imkanını itirib. Bunun səbəbi isə müxalifətin müəyyən qrupunun başında həddən artıq iddialı, hər kəsi özündən aşağı hesab edən insanların olmasıdır. Həmin insanların iddiaları imkanlarına uyğun gəlmir. Belə adamların kənardan idarə olunması müxalifətin iştirak etdiyi heç bir prosesin müvəffəqiyyətlə başa çatmasına imkan vermir. Mən buna görə deyirəm ki, müxalifət əsas günahkarı kənarda deyil, öz daxillərində axtarmalıdır və həmin iddiası böyük olan şəxslərdən yaxa qurtarmalıdır. Nə qədər ki, bu baş verməyib, ümumilikdə Azərbaycan müxalifətinin qələbəsi, hətta müəyyən uğurları reallaşmayacaq.

Növbəti seçkilər də əvvəlkilərdən fərli olmayacaq və müxalif düşərgə də indiki durum qalacağı halda fərqli mövqe ortaya qoymayacaq. Bu cür davam etdikcə, ciddi uğurdan danışmaq olmaz".

Ekspertin fikrincə, vəziyyətdən çıxış yollarından biri də müxalifət qüvvələrinin yenidən çox ciddi şəkildə təşkilatlanmasıdır: “Xüsusilə də xalqla necə işləmək imkanlarını axtarıb tapmaq və tətbiq etmək lazımdır. Bu gün biz belə bir axtarışın getdiyini də görmürük. Doğrudur, bəzi siyasi qüvvələr hansı səhvlərin buraxılmasını müəyyənləşdirmək, eyni zamanda partiyanın daxilində müəyyən mənada invertarlaşdırma prosesinə start verib. Ancaq bunun da geniş miqyasda getdiyini müşahidə eləmirik. İndiyə qədər həm ölkə daxilində, həm də xaricində bəzi əlaqələrin götür-qoy edilməsi lazım idi. Ancaq bunu da biz hələlik görmürük”.

N.Miri vurğuladı ki, müxalifətin daxilində bir dağıdıcı qrup uzun illərdir mövcuddur: “Zaman-zaman bir neçə seçkilərdə hətta Qərbin tövsiyələrinə rəğmən məhz bu dağıdıcı qrup imkan vermədi ki, hakimiyyətin qollarında tədricən müxalifətin iştirak imkanı reallaşsın. Bələdiyyə və parlament seçkilərində müəyyən uğurlar əldə etmək imkanı var idi. Ancaq haqqında danışdığım iddialı, dağıdıcı qrup bu imkanı reallaşdırmağı əngəllədi. Həmin tendensiya bu gün də davam etməkdədir. Müxalifətin daxilindəki həmin dağıdıcı qrup ifşa olunmadıqca, normal müxalifət onlardan uzaq durmadıqca, birlik adına yenidən süni birlik olacaqsa, müxalifətin hakimiyyətə gəlmək, hətta cüzi uğurlar əldə etmək imkanı həmişə sıfıra bərabər olacaq. Həmin dağıdıcı qrupun varlığı hakimiyyətin əbədiyyətinə imkan yaradır”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler