» » Allahşükür Paşazadə:

Allahşükür Paşazadə: “...Qafqazda sülhdən danışmaq olmaz”

Bölmə: Siyasət
Allahşükür Paşazadə: Allahşükür Paşazadə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

QMİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, xüsusi nümayəndənin siyasi məsələlər üzrə məsləhətçiləri Atanas Baltov və Tom Trayer daxildir.

Allahşükür Paşazadə görüş zamanı Azərbaycanda dövlət-din münasibətlərindən və mövcud dini tolerantlıq ənənələrindən danışaraq deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar: “Heç vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb. Qanunlarımız digər azadlıqlarla bərabər, dini etiqad azadlığına da təminat verir. Burada məbədlər tikilir və bərpa edilir. Keçmiş Sovet İttifaqı dövründə cəmi 17 məscidimiz var idi. İndi isə onların sayı 2 mini ötüb. Bizdəki dinlərarası dialoqun dünyada analoqu yoxdur”.

Allahşükür Paşazadə Qafqazdakı vəziyyətlə bağlı ciddi narahatlığını diqqətə çatdırıb. O bildirib ki, bu yaxınlarda Ermənistan qondarma “erməni soyqırımının” 100 illiyini qeyd edib, halbuki onun özü təcavüzkardır və Azərbaycanın yeddi rayonunu işğal edib, erməni ekstremistləri Xocalı soyqırımını həyata keçiriblər: “Qarabağ münaqişəsi həll olunmayana qədər Qafqazda sülhdən danışmaq olmaz”.

H.Salber dini liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllində nə kimi rol oynadıqları və perspektivdə onların rolunu gücləndirmək üçün nə etmək lazım gəldiyi ilə maraqlanıb. Qonağın fikrincə, dini icmalar və onların rəhbərləri bu məsələdə daha fəal olmalıdırlar. Şeyxülislam, öz növbəsində, QMİ-nin Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrdən etibarən konfliktin dini qarşıdurma müstəvisinə keçməməsi məqsədilə 1988-ci ildən başlayaraq Rus Pravoslav Kilsəsinin və Ümumdünya Kilsələr Şurasının vasitəçiliyilə erməni dini rəhbərliyilə dəfələrlə keçirdiyi görüşlər, əldə olunmuş razılaşmalardan irəli gələn məqamlarla bağlı gerçəkləşdirdiyi tədbirlər haqqında qonağı məlumatlandırıb. O bildirib ki, erməni dini liderlə vaxtilə imzalanmış birgə bəyannamələrə əməl edərək əsirlərin və meyitlərin qaytarılması yönündə etdiyi jestlər, təəssüf ki, birtərəfli olub və ermənilər tərəfindən qarşılıq göstərilməyib. QMİ sədri həmçinin, MDB Dinlərarası Şurasının həmsədri kimi də bu yöndə fəaliyyətini diqqətə çatdırdı, Dini Liderlərin Ümumdünya Bakı Sammiti çərçivəsində erməni katolikosunu Azərbaycana dəvət etdiklərini, bu qurumun Rəyasət heyətinin iclasında iştirak məqsədilə özünün də İrəvanda olduğunu bildirib. Şeyxülislam konstruktiv dialoqa hər zaman hazır olduğunu bəyan edib. Görüşün sonunda Avropa İttifaqının təmsilçilərinə xatirə hədiyyələri və QMİ-nin fəaliyyətini əks etdirən nəşrlər təqdim olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler