» » "907-ci düzəliş"in müəllifi Con Kerri yeni anti-Azərbaycançı kampaniyaya başlayıb

"907-ci düzəliş"in müəllifi Con Kerri yeni anti-Azərbaycançı kampaniyaya başlayıb

Bölmə: Siyasət
"907-ci düzəliş"in müəllifi Con Kerri yeni anti-Azərbaycançı kampaniyaya başlayıbRespublikamızın hədəfdə olmasının əsas səbəbi ölkəmizdəki siyasi sabitlik, iqtisadi inkişafdır
Azərbaycan daha bir möhtəşəm idman bayramı ərəfəsindədir. I Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəmiz yenidən dünyanın diqqət mərkəzinə çevrilib. Təbii ki, Avropada ilk dəfə keçiriləcək bu beynəlxalq idman yarışının təşkilatçılığı, turnirin hansı formada keçiriləcəyi və bu müddətdə təhlükəsizliyin təminatı daha çox Avropa dövlətlərinin maraq dairəsindədir. Lakin hər zaman ölkəmizə qısqanclıqla yanaşan, beynəlxalq arenalarda qazandığı uğurlara kölgə salmağa çalışan antiazərbaycançı şəbəkə də bundan narahat olaraq “əl-ayaga düşüb”.

Hər zaman məkrli planlar və “qara piar” kampaniyalarından əl çəkməyən antiazərbaycançı dairələr müxtəlif yollarla Azərbaycanı gözdən salmaq, ölkəmizə gələcək idmançı və turistlərdə mənfi fikirlər formalaşdırmaq istəyirlər. Erməni lobbisi ilə səylərini birləşdirib məqsədyönlü şəkildə “fəaliyyətə” keçən bəzi qurumlar isə ölkəmizdə insan hüquqlarının, media azadlığının məhdudlaşdırıldığını, korrupsiyaya qarşı mübarizədə ciddi nəticələrin olmadığını iddia edərək müxtəlif rəylər formalaşdırmağa çalışırlar. Bu beynəlxalq qurumların adları Azərbaycanda hər kəsə bəllidir. Bu günlərdə onların sırasına daha biri də əlavə olunub. Əldə olunan məlumatlara görə, belə çirkin oyunlar həm də ABŞ-da fəaliyyət göstərən “National Endowment for Democracy” (NED) təşkilatına həvalə edilib. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb. Kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Con Kerrinin islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən şəxs kimi tanındığını və bir çox belə təşəbbüslərin müəllifi olduğunu nəzərə alaraq, bu məlumat heç də təəccüblü görünməməlidir. Bu fakt, ABŞ-ın müstəqil dövlətlərin daxili işlərinə qarışmadığı və hakimiyyət çevrilişi planları hazırlamadığı barədə ən yüksək səviyyələrdə söylənilən fikirlərin üzərindən birmənalı xətt çəkir.

Artıq ölkə ictimaiyyəti bununla bağlı kəskin etirazlar səsləndirir. Kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu özünü demokratiyanın “beşiyi” adlandıran ABŞ-ın dövlət katibinin Konqresdəki ofisinin oynaması ictimaiyyət nümayəndələrinin, siyasətçilərin ciddi narazılığına səbəb olub.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin komissiya sədri Siyavuş Novruzov deyir ki, bu təşkilat heç bir dövləti rəsmən təmsil etməyib, ayrı-ayrı qurumların maraqlarına xidmət edən QHT-lərdən ibarətdir. Onların rəy və qərarlarının heç bir əhəmiyyəti yoxdur: “Bizim hədəfdə olmağımızın əsas səbəbi Azərbaycandakı siyasi sabitlik, iqtisadi inkişaf, ölkənin regionda nüfuzunun gündən-günə artmasıdır. Azərbaycanın bəzən Qərbin iradəsinə zidd layihələrə qoşulması da onları qıcıqlandırır. Ona görə də həmin təşkilatlar çıxış yolunu qarayaxmada görür, Azərbaycanda keçiriləcək ən mötəbər tədbirə kölgə salmaq istəyirlər”.

Deputat hesab edir ki, Avropa Oyunlar öncəsi belə təzyiqlərin, qarayaxmaların olacağı gözləniləndir. Vaxtilə Avropa Parlamenti Azərbaycana qarşı ədalətsiz qərar çıxarmışdı. İndi bu hal Türkiyəyə münasibətdə təkrarlandı. Əgər AP tarixi saxtakarlığa uyub yanlış qərar qəbul edirsə, onun ədalətli fəaliyyətinə necə inanasan?

Deputat xatırlatdı ki, bu günlərdə Avropa Olimpiya Komitəsinin prezidenti bəyanat verərək Azərbaycanın bu oyunlara tam hazır olduğunu, işlərin ən yüksək səviyyədə aparıldığını bildirib: “Azərbaycanda insan haqlarının pozulması ilə bağlı hansısa fakt yoxdur. İnsan cinayəti törədibsə, kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Bu, Avropada da, dünyada da belədir. ABŞ-da hətta bəzi cinayət əməlləri var ki, onlar arasında ən ağırı vergidən yayınmaqdır. Orada vergidən yayınmaq vətənə xəyanətə bərabər tutulur və həmin cinayəti törədən şəxslərə “siyasi məhbus” statusunun verilməsi qətiyyən gündəmdə olmur”.

Ona görə də komissiya sədri bu cür təşkilatlara ümumiyyətlə, əhəmiyyət verilməməsini məqsədəuyğun sayır. Çünki Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək və ölkəmiz haqqında söylənilən bütün mənfi fikirlər əks-effekt verəcək.

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə deyir ki, antiazərbaycançı şəbəkənin bu kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən aparılması xəbərində yeni heç nə yoxdur. Çünki məhz C.Kerri Azərbaycan əleyhinə olan 907-ci düzəlişin müəlliflərindən biridir və Massaçusets ştatından senator olduğu vaxtlarda erməni diasporu ilə sıx fəaliyyətdə olub.

A.Mollazadə istisna etmir ki, dövlət katibi postunda fəaliyyətinin bitməsi ərəfəsində C.Kerrinin erməni diasporu ilə əlaqələri yenidən güclənib: “Onun antiazərbaycan fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafı baxımından deyil, daha çox varlı erməni diasporunun maraqları ilə izah olunur”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu da bu təzyiqin səbəblərinin bəlli olduğunu söyləyir. Onun fikrincə, Azərbaycanda keçiriləcək I Avropa Oyunları başlayana kimi antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı “oyunları”ı davam edəcək: “Təzyiqin səbəbi bəllidir. Yəni bir qrup insan, müəyyən dairələr var ki, onları Cənubi Qafqazda Azərbaycanın rolunun güclənməsi qətiyyən qane etmir və bu, bəzi xristian dairələri narahat edir. Onlar müsəlman dövlətinin inkişafını, siyasi rəhbərliyinin yaxşı idarəçiliyini, ölkənin zənginliyini, insanlarının rifahının yüksəlməsini istəmirlər”.

M.Əhmədoğlu hesab edir ki, Avropa Oyunları Qərbin Cənubi Qafqazda bərabərləşdirici siyasətinə öldürücü zərbədir və belə bir siyasət baş tutmayacaq. Politoloq deyir ki, ABŞ eyni sistemi Ermənistana da tətbiq etmək istəyirdi. Yəni Ermənistanın da dövlət büdcəsi Azərbaycanın hesabına güclənsin. İşğal faktına görə Azərbaycan bunu qətiyyən rədd etmişdi. M.Əhmədoğlunun firkincə, bu plan həmin dövrdə senator olmuş Con Kerrinin çox yaxından iştirakı ilə hazırlanmışdı. Bu gün isə Kerri dövlət katibidir və istər-istəməz müəyyən məsələlərdə maskalanmalı, arxa plana keçməlidir: “Amma onun köməkçiləri, erməni ətrafı var. Onların dedikləri sözlər elə Kerrinin adından deyilən kimidir. Onlar Kerrinin göstərişlərini yerinə yetirirlər. Lakin nəzərə almırlar ki, Avropa Oyunlarının baş tutması Azərbaycan miqyaslı hadisə deyil. Bu, Avropa, dünya səviyyəli bir hadisədir. Bu idman tədbiri regionda çox ciddi dönüşün bünövrəsini qoyacaq. Ona görə bu qüvvələr axıra kimi çalışacaqlar ki, Oyunların baş tutmasına qara yaxsınlar. Lakin bütün cəhdləri bumeranq effekti verəcək”.

"Azərbaycan"

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler