» » “Hakimiyyət çox ağıllı addım atıb”

“Hakimiyyət çox ağıllı addım atıb”

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Hakimiyyət çox ağıllı addım atıb”
“Biz dövlət büdcəsini təsdiq edəndə neftin qiymətini 90 dollar təsdiq etmişdik. Amma hazırda dünya bazarında neftin qiyməti təxminən 55-60 dollar səviyyəsindədir. Yəqin ki, bu ilin axırınadək belə davam edəcək. Çünki proqnozlar da elədir”.


“Xalqinfo” xəbər verir ki, bunu “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov Azərbaycanın dövlət büdcəsində dəyişikliyin olub-olmayacağı barədə sualın cavabında bildirib. Qeyd edək ki, artıq Rusiya mövcud reallıqları nəzərə alaraq dövlət büdcəsini yenidən müzakirə edərək təsdiqləyib. Azərbaycanda adətən büdcə dəyişiklikləri may ayında həyata keçirilir. Bu dəfə isə hələlik büdcəyə baxılıb-baxılmayacağı bəlli deyil. V.Əhmədov indiki halda buna zərurət görmür: “Düzdür, dövlət büdcəsinə neftin birbaşa təsiri cəmi 11 faizdir, bu da təqribən 2 milyard 200 milyon manat edir. Odur ki, büdcəyə baxıla da bilər, baxılmaya da. Neftin qiyməti 60 dollar səviyyəsində qalarsa, təxminən 650-700 milyon manat dövlət büdcəsində fərq olacaq. Azərbaycan hakimiyyəti isə çox ağıllı addım atıb. O mənada ki, investisiya layihələrini təsdiq edəndə orda 1 milyard manat ehtiyat saxlayıb. Bu ehtiyat ona görə saxlanılıb ki, sabah neftin qiymətində kəskin enmələr olarsa, büdcədə ciddi problem yaranmasın. Ancaq ola bilsin neftin qiyməti 50-60 səviyyəsində qalarsa, heç dövlət büdcəsinə baxmağa zərurət olmasın”.

V.Əhmədov deyir ki, Rusiyada vəziyyət tamamilə başqadır. Ona görə də şimal qonşumuzla Azərbaycanı müqayisə etmək olmaz: “Rusiyada dövlət büdcəsi əsasən neftdən asılıdır. Amma bizim ehtiyatımız olduğu üçün ehtiyatdan istifadə etmişik. Neft Fondundan 10, 3 milyard manat dövlət büdcəsinə transfert olunub. Lakin büdcəyə yenidən baxılıb-baxılmaması gedən prosesdən asılıdır. Yəni apreldə, mayda proseslər hansı istiqamətdə davam edəcək, bundan asılı olacaq. Bizim dövlət büdcəmiz müəyyən qədər neftin qiymətindən asılıdır”.

İqtisadçı deputat manatın kursu ilə bağlı gözləntilərini də bölüşdü: “Manat 34 faiz devalvasiyaya uğrayandan sonra müəyyən proqnozlar verilir, bəzi söhbətlər gedir, həmçinin qiymət artımı əsas müzakirə mövzusudur. Qiymət artımı labüddür, bunun qarşısını almaq mümkün deyil. İnzibati yolla müəyyən qədər artımın qarşısını almaq mümkün olsa da, son nəticədə əksər məhsulların istehsalında xaricdən gətirilən xammal istifadə olunduğu üçün qiymət artımı olacaq. Yalnız daxildə istehsal olunan məhsulların qiymət artımına fikir vermək lazımdır. İqtisadi İnkişaf Nazirliyi bu məhsullara diqqət yetirməlidir ki, süni qiymət artımı olmasın”. V.Əhmədov bildirdi ki, hələlik manat öz həqiqi bazar qiymətini almayıb: “Yəni real məzənnəsi bugünkü dəyərdir. Ola bilər ki, manatın məzənnəsində müəyyən dəyişiklik baş versin. Amma yəqin ki, o dəyişiklik yaxın vaxtlarda olmayacaq, biz birinci yarımildə dəyişikliyi gözləmirik. Lakin neftin qiyməti 50 dollardan aşağı düşərsə, 30-40 dollar olarsa, əlbəttə, manatın devalvasiyası labüddür. Ancaq Mərkəzi Bank elə addım ata bilər ki, kəskin yox, yumşaq devalvasiya həyata keçsin”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə büdcəyə ənənəvi qaydada mayda baxılacağını vurğuladı:“Büdcəyə yenidən baxılmasına da mütləq mənada zərurət var. Əgər neftin qiyməti ilə bağlı investisiya layihələrinin gerçəkləşdirilməsində problemlər varsa, büdcə mütləq dəyişməlidir”. İ.Ağazadənin fikrincə, büdcənin yenidən təsdiqlənməsi halında neftin qiyməti 50 dollardan götürülməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler