» » Amerikadan ermənilərə zərbə

Amerikadan ermənilərə zərbə

Bölmə: Siyasət
Amerikadan ermənilərə zərbə
Elxan Şahinoğlu: “Vaşinqton Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini qəbul edir”; Üzeyir Cəfərov: “Azərbaycan regionda Gürcüstandan sonra ABŞ üçün çox önəmli hərbi-siyasi tərəfdaşdır”
ABŞ Senatında Azərbaycanın da təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan yeni qanun layihəsi son oxunuşda qəbul edilib. Qanun layihəsində ölkə prezidentinə bir sıra ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi hüququnun verilməsi nəzərdə tutulub.Layihədə bildirilir ki, ABŞ və NATO Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Bosniya və Hersoqvina, Makedoniya, Çernoqoriya və Serbiya Silahlı Qüvvələrinə yardım edəcək və bu ölkələrin təhlükəsizliyini təmin edəcək. Bundan başqa ABŞ Ukraynaya NATO-ya üzv olmadan müttəfiq statusu verib. Ukraynadan başqa Gürcüstan və Moldova da ABŞ-ın müttəfiqləridir. Bu isə o deməkdir ki, bu ölkələr hücuma məruz qalarsa, ABŞ qoşunları müdaxilə edə bilər.

Xüsusilə də Ermənistanın təcavüzkar siyasətinin davam etdiyi və işğalı stimullaşdıran Rusiya amilinin olduğu şəraitdə ABŞ-ın Azərbaycanın adını bu siyahıya salması ciddi məsələdir. Bir müddət öncə Ermənistandan Azərbaycanın neft və qaz kəmərlərinin hədəfə alına biləcəyi ilə bağlı xəbərdarlıqlar olanda da bunu Qərbin maraqlarına təhdid olaraq qiymətləndirmişdik. Hətta bəzi ekspertlər ABŞ-ın Ukraynaya zirehli maşınlar göndərdiyi, Gürcüstanla birgə hərbi təlimlər keçirtdiyi halda Azərbaycana yönəlik hədələrə ciddi reaksiya verməməsinə tənqidi yanaşırdılar.

Üstəlik, dünyanın məşhur siyasi analitiklərindən olan Z.Bzejinskinin Azərbaycana yönəlik Rusiya təhlükəsi barədə xəbərdarlığı, həmçinin rus ordusunun Qarabağda yerləşdirilməsinin zəruriliyi barədə Putinin “danışan dili” sayılan V.Jirinovskinin açıqlaması ilə Senatın qərarı üst-üstə düşdü. Ekspertlər bu qanunu əhəmiyyətli sayır.

Politoloq Elxan Şahinoğlu deyir ki, ABŞ Senatının prezidentə bir sıra ölkələrə silah göndərməyə yaşıl işıq yandırması bir sıra səbəbdən Azərbaycanın da xeyirdir: “Əlbəttə, bu gün Vaşinqtonun əsas hədəfi Ukrayna və bu ölkəyə hərbi dəstək verməkdir. Ancaq Vaşinqtonun Ukrayna ilə yanaşı Gürcüstan, Moldova, Bosniya və Hersoqvina, Makedoniya, Çernoqoriya, Serbiya və Azərbaycanın Silahlı Qüvvələrinə yardım etməsi ondan xəbər verir ki, Ağ Ev bu ölkələri də Rusiyanın mümkün təsirlərindən qorumaq istəyir. Əlbəttə, bu, o demək deyil ki, sabahdan başlayaraq ABŞ Azərbaycana müasir silahlar göndərəcək. Söhbət, böyük ehtimalla, xidməti müddətini başa vurmuş və Amerika üçün xüsusi əhəmiyyət kəsb etməyən silahların və hərbi texnikanın adı çəkilən ölkələrə göndərilməsindən gedir.

Məsələn, Ukrayna sadalanan ölkələrdən Amerikaya ən çox yaxın olanıdır. Ukraynaya görə Amerika Rusiya ilə üz-üzə gəlib, münasibətlər kəskinləşib. ABŞ Konqresi Ukraynana NATO-dan kənar müttəfiqlik statusu verib. Buna baxmayaraq, Ağ Ev Ukraynaya müasir silahlar göndərməyi hələ lazım bilmir, göndərdiyi zirehli maşınlardır ki, onlar da döyüş bölgəsində üstünlük yaradacaq texnika deyil. Ukraynanın uzaq mənzilli raketlərə, pilotsuz təyyarələrə, son modern tanklara ehtiyacı var ki, Ağ Ev bu silahları Ukraynaya göndərməyə tələsmir”.

Ona görə də E.Şahinoğlu deyir ki, əgər Vaşinqton nə vaxtsa Azərbaycana silah verəcəksə, bu da istifadə edilmiş və modern silahlar olmayacaq: “Daha müasirini biz Rusiya və İsraildən pulla alırıq. O ki qaldı, zirehli texnikaya, onu özümüz də istehsal edirik. Buna baxmayaraq, Amerikanın Azərbaycana göndərəcəyi hərbi texnikanın siyasi əhəmiyyəti var. Birinci əhəmiyyəti odur ki, siyahıda Ermənistanın adı yoxdur. Bu, o deməkdir ki, ermənipərəst Konqres belə Ermənistanın Rusiyanın vassalı olduğunu etiraf edir. Onda sual ortaya çıxır ki, Konqres bəyənmədiyi Rusiyanın müttəfiqi Ermənistana mənəvi dəstək verdiyi halda silah göndərəcəyi Azərbaycana qarşı ədalətsiz ”907-ci düzəliş"i niyə tətbiq edir? Bu məntiqsizliyi biz bir daha Vaşinqtonun qarşısında qaldırmalıyıq".

Politoloqun fikrincə, ABŞ-ın Azərbaycana silah göndərməsinin başqa siyasi əhəmiyyəti də var: “ABŞ dünyanın əsas superdövlətidir və ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun 3 həmsədrindən biridir. Həmsədrlərdən birinin Azərbaycana silah göndərməsi o deməkdir ki, Vaşinqton Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini qəbul edir. Əlbəttə, Amerikanın Azərbaycana silah göndərməsi Rusiyanın xoşuna gəlməyəcək. Ancaq bizi Rusiyanın nə deyib-deməyəcəyi yox, hərbi təhlükəsizliyimizin artırılması düşündürməlidir. Necə ki, rəsmi Bakı Rusiyanın Ermənistanı silahlandırması məsələsinə qarışmır, eləcə də Moskva Amerikanın Azərbaycana silah göndərməsinə qarışmamalıdır. Yox, əgər Kreml narahatlığını dilə gətirsə, Rusiya-Ermənistan hərbi əməkdaşlığına istinad edə bilərik. Ona görə də biz Azərbaycana pulsuz veriləcək Amerika silahından imtina etməməliyik. Qoy ermənilər narahat olsun ki, ABŞ niyə Azərbaycana silah göndərir”.

Hərbi ekspert Üzeyir Cəfərov da bu qərarı əhəmiyyətli sayır: “Kimin nə deməsindən və yazmasından asılı olmayaraq, şəxsi qənaətimə görə, ABŞ Senatında bir sıra ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi hüququnun verilməsi qanunun son müzakirəsi xəbəri ölkəmiz üçün xoş xəbərlərdən biridir. Niyə də olmasın? Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində eyni zamanda həm ABŞ, həm də NATO ilə çox yüksək səviyyədə əməkdaşlıq edir və öz töhfələrini verir. Bu illərlədir ki davam edən faydalı əməkdaşlıqdır və zaman-zaman dünyanın ən böyük supergücü bizə bir sıra sahələrdə yardımlar edir. Bizimlə eyni zamanda bizə hər sahədə müttəfiq olan Ukrayna, Gürcüstan, Moldova, Bosniya və Hersoqvina, Makedoniya, Çernoqoriya və Serbiya Silahlı Qüvvələrinə yardım ediləcək və bu da sözsüz ki, adı çəkilən ölkələrin də təhlükəsizliyinə ciddi dəstək olacaq. Azərbaycan regionda Gürcüstandan sonra ABŞ üçün çox önəmli hərbi-siyasi tərəfdaşdır. Düşünürəm ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də hərbi təhsil, beynəlxalq sülhyaratma missiyasında bəzi fəaliyyətlərimizi dəstəkləyəcək layihələr, həmçinin, ən önəmlisi, Xəzər hövzəsində infrastrukturun möhkəmləndirilməsi ilə bağlı müəyyən praktiki dəstək göstəriləcəkdir”.

Lakin Ü.Cəfərov hesab etmir ki, bu qanunun Qarabağ məsələsində bizə hansısa kardinal köməyi olacaq: “Amma istənilən halda bu, xoş niyyətdir və Silahlı Qüvvələrimizin daha da möhkəmləndirilməsi işində hiss ediləcək qədər ciddi dəstəkdir”.
***
Son günlər cəbhədə ciddi itkilər verən Ermənistanda isə çaşqınlıq hökm sürür. Digər tərəfdən də Azərbaycan torpaqlarında həlak olan erməni əsgərlərin valideynlərinin tez-tez Sərkisyanın iqamətgahı qarşısında aksiya keçirib hakimiyyəti lənətləməsi İrəvanı narahat edir.

Ötən gün Ermənistan Müdafiə Nazirliyində genişləndirilmiş kollegiya iclası keçirilib. Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, toplantıda separatçı rejimin nümayəndələri də iştirak edib. Nazirliyin mətbuat xidmətinin açıqlamasına görə, “iclas idarəçilik sistemində effektliliyi artırmağa yönəlik tədbirlərə, mövcud problemlərə və onlardan çıxış yollarına” həsr olub. Müdafiə naziri Seyran Ohanyan bildirib ki, “regionda gərgin geosiyasi situasiya nəzərə alınmaqla müzakirə edilən problemlərin dairəsi çox mühümdür”. Ohanyan növbəti dəfə Azərbaycan tərəfini cəbhə xəttində gərginliyi artırmaqda və “inamsızlıq atmosferi yaratmaqda” ittiham edib. “Bütün bu məsələlər müdafiə strukturlarından idarəçiliyə və problemlərin həllinə diqqəti artırmağı diktə edir” - deyib düşmən ölkənin hərbi naziri.

Bundan əvvəl isə Ohanyan ATƏT sədrinin şəxsi təmsilçisi Anjey Kasprşiklə görüşündə Azərbaycandan şikayətlənib. (ANS) Onun iddiasına görə, Azərbaycan artıq atəşkəsi müxtəlif çaplı minaatanlarla pozur. Erməni nazir iddia edib ki, Azərbaycan ordusu çapı 60 və 82 mm olan minaatanlarla yanaşı, çapı 120 mm olan minaatandan da istifadə edib. Ohanyan Kasprşikdən durumun sabitləşdirilməsi üçün maksimum səy göstərməyi xahiş edib. Səfir Kasprşik isə məsələ ilə bağlı səyləri əsirgəməyəcəyini bildirib. Kasprşik nədənsə Seyran Ohanyana Ermənistan ordusunun Azərbaycan ərazilərində nə iş görməsi barədə sual verməyi unudub. ATƏT nümayəndəsi erməni nazirə başa salmalıydı ki, problemin tək həlli var - Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərini heç bir şərt qoymadan tərk etməlidir.
***
Bu arada Rusiya və Ermənistan prezidentlərinin İrəvan görüşündə Qarabağ məsələsinin də müzakirə ediləcəyi bəlli olub. Musavat.com-un xəbərinə görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və xaricdə yaşayan həmvətənlərlə əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski bildirib.

Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası ilə birgə keçirilən toplantıda çıxış edən L.Slutski bildirib ki, Qarabağ münaqişəsi çox incə və həssas məsələdir: “Danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində davam edir. Bundan başqa, prezidentlər səviyyəsində üçtərəfli formatda keçirilən danışıqlar da var”.

L.Slutski Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2014-cü ilin avqustunda Soçidə keçirilən görüşündə münaqişənin nizamlama məsələlərinin dərindən müzakirə olunduğunu vurğulayıb: “Əminəm ki, aprelin 24-də Vladimir Putinin Serj Sərkisyanla İrəvanda keçirəcəyi görüşdə də belə olacaq”.

Qeyd edək ki, Rusiya prezidenti aprelin 24-də qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olacaq. Həmin tədbirdə iştirak üçün İrəvana gələcək Fransa prezidenti F.Olland daha sonra Bakıya uçacaq. Onun Azərbaycan prezidenti ilə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar aparacağı gözlənilir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler