» » Putin Yanukoviçi “dirildir” -

Putin Yanukoviçi “dirildir” - Ukrayna gündəmi

Bölmə: Siyasət, BLOK XƏBƏR
Putin Yanukoviçi “dirildir” -
Elxan Şahinoğu: “Rusiya prezidenti Yanukoviçi Donbasa rəhbər gətirmək istəyir”
Ukraynada “Avromaydan”ın ildönümünü keçirildiyi günlərdə Rusiyada Ukraynanın yeni hakimiyyətinin əleyhinə aksiyalar başlanıb. Paytaxt Moskvada millətçi rusların keçirdiyi mitinqdə prezident Petro Poroşenkonun hakimiyyətə qanunsuz gəldiyi, ötən il ölkədə dövlət çevrilişi olduğu bildirilib.

Aksiya iştirakçıları ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin hakimiyyətinin bərpasını tələb ediblər. Dünyanın bir sıra aprıcı media quruluşları Rusiya vətəndaşlarının bu addımını anlaşılmaz adladındırıb, şovinist ovqatlı rusların Ukrayna vətəndaşlarının iradəsi ilə qanuni şəkildə hakimiyyətə gələn yeni hökumətə hər hansı tələb səsləndirmələrinin heç bir hüququ əsası olmadığını vurğulayıblar.

Bəlli olduğu kimi, Ukrayna Ali Radası Viktor Yanukoviçi eks-prezident statusundan məhrum edib. Ali Radanın yanvar ayındakı qərarında göstərilir ki, Ukrayna xalqına, dövlətinə ağır zərbələr vurduğuna, çoxsaylı insan tələfatı ilə nəticələnən əmrlər verdiyinə görə Yanukoviçin eks-prezident statusu geri alınıb. Ölkənin baş prokurorluğu isə Yanukoviç ölkəni tərk edən gündən onun haqqında cinayət işi açılıb bə axtarış elan edilib. Axtarış İNTERPOLL xətti ilə aparılır. Keçmiş dövlət başçısına qarşı qaldırılan cinayət işində göstərilir ki, o, komanda üzvləri ilə bərabər, çoxsaylı qətllərdə, dövlət büdcəsinin talanmasında, Ukraynanın daxili durumu ilə bağlı ölkə ilə münaqişə edən tərəflərə informasiya ötürməkdə şübhəli bilinir.

Rusiyadakı mitinqdə səslənən tələblərə prezident Petro Poroşenkonun da yanaşması maraqlı olub. Prezident bildirib ki, Yanukoviç ölkəsinə gələ, tərəfdarlarına rəhbərlik edə bilər - ancaq türmədə. Poroşenko bildirib ki, Yanukoviç ölkə sərhədini keçərsə, həbs olunacaq və ədalət məhkəməsi önünə çıxarılacaq.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu durumu “Yen Müsavat”a şərh edərkən deyib ki, Kreml Ukraynanın hazırki hakimiyyətinə yeni problem yaratmaq istəyir: "Bunun üçün də Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi yenidən dirçəltmək və siyasi proseslərə qoşmaq üçün cəhdlər edirlir. Yanukoviçin səsi təxminən 10 ay idi çıxmırdı. İndi bəlli olub ki, Rusiya kəşfiyyatı onu Rostovda gizlədirmiş. Yanukoviçin Moskvada deyil, məhz Rostovda saxlanmasının da Kreml üçün simvolik əhəmiyyəti var. Rostov Ukraynaya sərhəd şəhərdir. Viktor Yanukoviçi bu şəhərdə saxlamaqla Kreml bir növ Kiyevə təzyiq edir ki, istənilən an Ukraynanın keşmiş prezidentini qaytara bilər”.

Ukrayna ekspertləri deyir ki, Kremlin əsas məqsədi ölkənin federallaşmasına nail olmaq, sonrakı mərhələdə isə Yanukoviçi doğma Donbasın başına gətirməkdir. Aydındır ki, Rusiyanın məqsədi Donbasın bütün təbii ehtiyatları üzərində tam nəzarəti əldə etməkdir.

E.Şahinoğlunun fikrincə, belə bir plan ötən ildən var: “2014-cü ilin aprel ayında Donetskdə olanda bu şəhərdə kiminlə görüşdümsə, Yanukoviçin yaxın günlərdə sərhədi keçərək şərqdəki separatçı proseslərə şəxsən başçılıq edəcəyini deyirdilər. Bu şayiə deyildi, həqiqətən Kremlin belə bir planı vardı. Sadəcə, sonradan bu plandan imtina etdilər, çünki Yanukoviçin qorxaqlığı və Kiyevi tələm-tələsik tərk etməsi onun şərqdəki tərəfdarlarının da qəzəbinə səbəb olmuş, etimadını azaltmışdı. Ona görə də həmin mərhələdə Kreml Viktor Yanukoviçi Rostovdan Donetskə göndərməkdənsə, dağıdıcı proseslərə rəhbərliyi əli silahlı separatçılara həvalə etməyi doğru saydı. İndi Kreml yenidən Yanukoviç kartı üzərindən hərəkət etməyi planlaşdırır. Kreml planlı, məqsədli şəkildə Viktor Yanukoviçi gündəmə gətirir. O, eyni gündə Rusiyanın bütün dövlət televiziya kanallarına müsahibələr verdi. Yeni söz demədi, bütün müsahibələri və açıqlamaları eyni idi. Bu da Kremlin planıdır, Yanukoviçdən Ukraynanın indiki prezidenti Pyotr Poroşenko əleyhinə “xoxan“ düzəldirlər. Kreml Viktor Yanukoviçlə bir zamanda keçmiş baş nazir Azarovu da “dirildir”.



Yanikoviçdən fərqli olaraq Azarovu Moskvada gizlədiblər və onu da tez-tez Rusiya televiziya kanallarına müsahibə verməyə məcbur edirlər. Görünür, Kreml Yanukoviç, Azarov və Rusiyada sığınacaq tapmış digər ukraynalı rəsmilərdən ibarət alternativ Ukrayna hakimiyyəti formalaşdırmağa çalışır. Təbii, Rusiya prezidenti Vladimir Putin Yanukoviç və onun dəstəsini Kiyevdəki hakimiyyətlə əvəz edə bilməyəcəyinin fərqindədir. Sadəcə, Putin bu yolla Ukraynanın indiki hakimiyyətinə əlavə təzyiq mexanizmi qazandığını düşünür. Ukrayna xalqı fevralın 20-də Maydan hərəkatının bir illiyini qeyd etdi. Ona görə də bu günlərdə “Maydan” niyə baş verdi, mitinq iştirakçılarını kimlər qətlə yetirdi və digər bu kimi suallar yenidən müzakirə predmetinə çevrildi və həmişəki kimi “Maydan”ı gözdən salmaq üçün Kreml yenidən düyməyə basdı. Rusiyanın televiziya kanalları yenə köhnə nağılları ortaya atdı - guya mitinq işritakçılarını elə onların tərəfdaşları qətlə yetiriblər, Yanukoviçin çevriliş planı ABŞ-ın Kiyevdəki səfirliyində hazırlanıb və s. Bunun yekunu olaraq da Moskvanın mərkəzində “Anti-Maydan” mitinqi keçirdilər.



Bu da ondan irəli gəlir ki, Kreml Ukraynanı müstəqil dövlət kimi qəbul etmək istəmir. Krımı işğal ediblər, Donbası Ukraynadan qoparmağa çalışırlar, bu ölkədə “ikinci Qarabağ” yaradıblar və bu azmış kimi, qonşu dövlətin hakimiyyətini bütün yollarla gözdən salmağa çalışırlar”.

Elxan Şahinoğlu deyir ki, Putinin belə bir ab-hava yaratmaqda daha bir məqsədi var – vətəndaşların diqqətini ölkənin sürətlə böhrana yuvarlanmasından nisbətən uzaqlaşdırmaq: "Rusiyada iqtisadi və sosial vəziyyət getdikcə ağırlaşır, mart ayından başlayaraq müxalifət Moskvada mitinqlərə başlayacaq. Putin isə ölkəsinin dərin problemlərini həll etmək əvəzinə Ukrayna mövzusunu əvvəlki kimi daxili mövzuya çevirərək, Rusiyanın üzləşdiyi bütün bəlaları Ukraynadakı hadisələrlə əlaqələndirməyə çalışır. Hələ ki, bu siyasət effekt verir, ancaq Krım və Donbas mövzuları nisbətən arxa plana keçdikdən sonra sıravi ruslar Putinə ciddi suallar ünvanlayacaqlar. Bax onda, ruslar Ukraynadan yox, iqtisadiyyat və sosial mövzulardan danışmağa başlayacaqlar”.musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler