» » “Ermənilər Rusiyanın nə vaxt çökəcəyini bilmir”

“Ermənilər Rusiyanın nə vaxt çökəcəyini bilmir”

Bölmə: Siyasət
“Ermənilər Rusiyanın nə vaxt çökəcəyini bilmir”
Sabiq dövlət müşavirindən “Stratfor”un Ermənistan-Rusiya münasibətləri ilə bağlı proqnozuna ilginc şərh; Vəfa Quluzadə: “Onlar bu dəqiqə də boğaza yığılıblar, Rusiyadan ayrılmaq istəyirlər”
Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünü rəsmiləşdirməsindən sonra İrəvanla Moskvanın münasibətlərində illərdir müşahidə olunan isti münasibətlər, hətta Sərkisyan rejiminin Rusiya qarşısında müti münasibətlərinin yerini “soyuq müharibə”nin əlamətləri tutmaqdadır. Xüsusilə də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının əsgərinin bir erməni ailəsini məhv etməsindən sonra erməni cəmiyyətində anti-Rusiya dalğası daha sərt formada müşahidə olunur.

Əgər əvvəllər Ermənistanın Rusiya əsarətindən xilasını ermənilərin nicat yolu kimi görən tək-tək ermənilər təqib olunurdusa, artıq indi bu kimi düşünənlərin, küçə və meydanlara çıxanların, hətta Rusiya bayrağını ayaqlar altına atanların sayı-hesabı bilinmir. Ermənilər ölkələrinin sürətlə fəlakətə sürüklənməsinin, qonşuları ilə sərt konfrontasiya şəraitində yaşamalarının da baiskarı kimi artıq Rusiyanı ünvan kimi göstərməkdən çəkinmirlər. İşğalçı ölkəni Sərkisyan rejimi dövründə 330 mindən artıq erməni tərk edib. Üstəlik, ölkədə işsizlik də rekord həddə çatıb.

2014-cü ildə Ermənistanda işsizlərin sayı 2013-cü illə müqayisədə 18 faiz artıb. Bu barədə ölkənin Əmək və Sosial İşlər Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin rəisi Ardak Manqasaryan məlumat verib. O bildirib ki, Ermənistanda işsizlərin yaş qrupları arasında 16-29 yaşlı şəxslər 23,7 faiz, 30-44 yaşlı şəxslərdə 21,4 faiz təşkil edir.
Ermənilər də anlayır ki, Rusiyanın Ermənistanı zaman-zaman müflisləşdirməsinin və ermənilərə sadəcə ağanın rəiyyəti kimi yanaşmasının məntiqi nəticəsidir ki, ölkə sürətlə iflasa gedir. Bu da Ermənistanda anti-Rusiya etirazlarını artırır.

“Qarabağ və Ermənistan erməniləri arasındakı ziddiyyətin də kökü Moskvadadır, bu ziddiyyət dərinləşəcək...”


Bugünlərdə ABŞ-ın özəl kəşfiyyat-analitik mərkəzi olan “Stratfor”un hazırladığı hesabatda da Ermənistanın Rusiya ilə münasibətlərinə xüsusi yer ayrılıb. Hesabatda deyilir ki, Moskvanın postsovet məkanında iki sadiq müttəfiqi - Belarus və Ermənistan Moskva ilə münasibətlərinə onun Qərblə qarşıdurması kontekstində yenidən baxa bilərlər. Mərkəzin analitikləri bu xüsusda Belarus prezidenti Aleksandr Lukaşenkonun yanvarın 29-da “əldə olunan razılaşmalara əməl edilməyəcəyi təqdirdə ölkəsinin Moskvanın başçılıq elədiyi Avrasiya İqtisadi Birliyindən çıxa biləcəyini istisna eləməməsi” barədə açıqlamasını xatırladır. “Ermənistan isə Rusiyanın həlledici rol oynadığı, Azərbaycanla Dağlıq Qarabağa görə ixtilaf səbəbindən getdikcə daha böyük çətinliklərlə üzləşməkdədir” - hesabatda bildirilir.

Ekspertlərin fikrincə, İrəvan və Minsk böyük ehtimalla, Rusiya ilə strateji oriyentasiyanı davam etdirəcək, ancaq Moskva ilə Qərb arasında mübarizənin gedişatından asılı olaraq daim öz mövqelərinə təzədən baxacaqlar. Analitiklər Ukrayna böhranının Qarabağ münaqişəsinə də təsir göstərdiyini qeyd ediblər: “Bütün təmas xətti boyu gərginlik artıb. 2014-cü ilin noyabrında isə erməni hərbi vertolyotu Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub... Lakin Rusiya indi daha çox Ukrayna ilə məşğuldur. Üstəlik, erməni vertolyotunun vurulmasına Moskva zəif reaksiya verib. Bu və digər amillər İrəvana imkan verir ki, özünə sual eləsin: Rusiya nə dərəcədə onun təhlükəsizlik qarantı olmağa sadiqdir?”

Hesabatda Ermənistanla bağlı gəlinən qənaət belədir ki, “Ermənistan Rusiya ilə münasibətlərinə yenidən baxa bilər ki, bundan da Qərbin və Türkiyənin istifadə edəcəyi istisna deyil”. Bununla belə, sənəd müəlliflərinə görə, İrəvan hələ ki Moskva ilə münasibətlərdə ehtiyatlı olacaq ki, Rusiyadan çox uzaq da düşməsin.

Mərkəzin hesabatını şərh edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Məndə artıq belə şübhə yaranıb ki, Amerikanın müxtəlif beyin mərkəzləri məndən plagiat edir. Mən çoxdan Ermənistanın Rusiyadan üz döndərəcəyi haqqında dəfələrlə demişəm. Rusiyanın Ermənistana qarşı siyasəti ümumiyyətlə, erməni xalqını və erməni ictimaiyyətini narazı salır. Səbəb də budur ki, Rusiyanın siyasətinə görə, Ermənistan qonşuları ilə əlaqələrindən məhrumdur. Ermənistanın Türkiyə, Azərbaycanla əlaqələrə böyük ehtiyacı var. Üstəgəl, Ermənistan müharibə vəziyyətindən çıxmaq istəyir. Azərbaycanı bir kənara qoyaq, Ermənistan nə qədər müharibə vəziyyətində qala bilər? Artıq 20 ildən çoxdur ki, Ermənistan müharibə vəziyyətindədir, ermənilər 20 ildən çoxdur ki, Rusiyanın rəhbərliyi altında atəşkəs rejiminin pozulması təhdidi altındadırlar. Yaxşı, bu atəşkəs xəttindəki pozuntular ermənilərə nə fayda verir? Düzdür, kasıb Ermənistanın silah-sursatı Rusiyadan havayı gəlir. Ona görə Azərbaycana atılan bütün mərmilər, güllələr Rusiyadan pulsuz gəlir. Sözsüz ki, ermənilər narazıdırlar.

Ermənilər istərdilər ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülhə nail olsun, ancaq bu sülh Ermənistanın xeyrinə imzalansın. Ermənilərin gözləntisi budur ki, siz bizə qələbə çalmağa kömək etmisiniz, gəlib Azərbaycan torpağının 20 faizini işğal etmişik, ancaq gərək bu işğal, bu müharibə sülhlə bitsin. Gərək Rusiya Dağlıq Qarabağı, üstəlik, Kəlbəcər və Laçını Ermənistana vermək üçün Azərbaycanı razı salsın. Həmçinin, ətraf 7 rayonda da Rusiyanın qoşunları yerləşdirilsin ki, Ermənistan hansısa şübhəyə düşməsin. Yəni heç olmasa bu variant olsun, Azərbaycan və dünya da bunu qəbul etsin. Lakin artıq ermənilərin qafalarına işləyib ki, bu, mümkün olmayan məsələdir. Eyni zamanda bu vəziyyət Rusiyanın tamamilə çökməsinə qədər davam edən prosesdir. Lakin ermənilər Rusiyanın nə vaxt çökəcəyini bilmir. Onlar bu dəqiqə də boğaza yığılıblar, Rusiyadan ayrılmaq istəyirlər. Elə ona görə də rus əsgəri Permyakovun Gümrüdə törətdiyi cinayət Rusiya əleyhinə böyük əhval-ruhiyyəyə səbəb olub və bu, indi də davam edir”.

Politoloq dedi ki, ermənilərin vəziyyəti acınacaqlıdır: “Ona görə də Ermənistan Rusiyadan ayrılmalıdır ki, xoş günə çıxsın”. Bununla belə, hazırkı ağır durumda belə ermənilərin Qarabağ məsələsi ilə bağlı normal mövqe sərgiləməməsinə gəldikdə, analitik məsələni aşağıdakı kimi şərh etdi: “Ermənistanın siyasi elitası tamamilə Moskva tərəfindən formalaşdırılıb. Ermənistanın bütün siyasi mövqeləri Lavrovun oturduğu binadan formalaşdırılıb. Mən xarici siyasət üzrə dövlət müşaviri olduğum zaman bunların şahidi oldum. Ermənistanın bütün mövqelərini onda Kazimirov formalaşdırırdı. İndi də həmin vəziyyətdir, Ermənistanın Qarabağ məsələsində mövqeyi Moskvadan gəlir”.



Sabiq müşavir Qarabağ və Ermənistan erməniləri arasında yaşanan gərginliyi, Ermənistandan Qarabağa yürüş edilməsini, toqquşmaların baş verməsini də Rusiya ilə əlaqələndirir: “Burda da Rusiyanın siyasəti öz sözünü deyir. Qarabağın ”ordusunu" Rusiya hazırlayıb. Bunu Heydər Əliyevin hüzurunda Primakov şəxsən mənim yanımda deyib. Hətta iddia edib ki, “bu dəqiqə Dağlıq Qarabağın 40 minlik ordusu var, bu, Avropada ən güclü ordudur”. Onlar bu “ordu”nu İrəvanın əleyhinə yaradıblar. Nə vaxt ki, İrəvan Moskvanın sözündən çıxmaq istəyəcək, onda Qarabağdakı bu silahlıları onlara qarşı yönəltmək istəyəcəklər. Necə oldu ki, Levon Ter-Petrosyan kimi intellektual, cəmiyyətdə ciddi dəstəyə malik olan bir adamı kənara atdılar, Qarabağ ermənisini, Azərbaycan vətəndaşı olan Robert Köçəryanı, sonra da Sərkisyanı hakimiyyətə gətirdilər? Bu da həmin ssenaridir. Ona görə bu gün Qarabağ və Ermənistan erməniləri arasındakı ziddiyyətin kökü də Moskvadadır. Bu ziddiyyət getdikcə dərinləşəcək. Rusiya zəiflədikcə Rusiyanın yumruğu altında olanlar baş qaldıracaq, bu, Ermənistana da aiddir, Azərbaycana da. Faktiki olaraq biz də - Ermənistandan bir az az - Rusiyanın yumruğu altındayıq".

Həmsədrlərin yenidən fəallaşmaq cəhdlərinə gəldikdə, politoloq deyir ki, həmsədrlərin fəaliyyətinə qarşı çıxmağa lüzum yoxdur: “Onlar öz işini davam etdirməlidir. Ancaq Qarabağ məsələsində irəliləyişə nail olmaq üçün gərək öncə Ukraynada Rusiyanın məsələsi həll olunsun. Ukrayna böhranı Rusiya üçün böyük bir məhək daşıdır. Görək Rusiya bu sınaqdan çıxa biləcəkmi?”

V.Quluzadə Ermənistanın AŞ PA-da Rusiyanın mövqeyinə zidd mövqe tutmasının arxasında da Moskvanın ağır günlər yaşaması amilinin dayandığına şübhə etmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler