» » İlham Əliyevin və müxalifətin reytinqi

İlham Əliyevin və müxalifətin reytinqi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyevin və müxalifətin reytinqi“Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə, reytinqim 90 faizə yaxındır. Bu da son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdən sonrakı mətbuat konfransında alman jurnalistinin sualına cavab olaraq bildirib.


Prezident deyib ki, Azərbaycan son 11 ildə iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsi olub: “İqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbərin reytinqi yüksək olmalıdır”.

Prezidentin öz reytinqi haqda açıqladığı rəqəm müxalifət liderlərinin nüfuzunun nə yerdə olduğu sualını aktuallaşdırır. Görəsən, müxalif partiya sədrlərinin xalq arasında reytinqi nə qədərdir? Zaman-zaman bu səpkidə sorğular keçirilsə də, birmənalı olaraq nəticələrlə razılaşmayanlar olub.

Xalqinfo.az Yeni Müsavat-a istinadən xəbər verir ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı belə bir sorğu keçirilmədiyini bildirib. Onun sözlərinə görə, Müsavat heç vaxt partiya liderinin xalq arasında reytinqini müəyyən etmək üçün sorğu keçməyib. G.Aslanlı qeyd etdi ki, Almaniyada səslənən fikirlər faktlara söykənmir: “Seçkilər necə keçirilirsə, reytinq sorğuları da elə keçirilir. Bu, sadəcə, xalqın adından danışmaqdır”.

ADP sədri Sərdar Cəlaloğlu isə bir amerikalı ilə etdiyi söhbəti yada saldı: “O deyirdi ki, taksiyə oturursan və özünü təqdim etmədən sürücünün rəyini öyrənirsən. Sonra səni tanıyanda bayaq dediklərinin əksini danışır. Odur ki, qorxu mühitində ictimai rəy həqiqəti ifadə etmir. Sovet vaxtı atalarını Stalin öldürürdü, sonra Stalin öləndə ona ağlayırdılar. Əvvəlcə ictimai rəyi bildirənin kimliyinə baxmaq lazımdır. Azərbaycanda ictimai rəy birtərəfli aparılır”.

S.Cəlaloğlunun fikrincə, televiziyada iqtidar-müxalifət debatları, diskussiyalar təşkil olunsa tərəflərə qiymət vermək olardı: “Alternativlik olmayan yerdə ictimai rəy olmur. Müxalifət üçün də reytinqi öyrənmək imkanı qalmayıb. Amerikanlar sorğu keçirir. İnsanlar həyatından, yaşayışından narazılıq edir. Növbəti suallara cavabda prezidentə inandıqlarını, dövlət qurumlarının fəaliyyətindən razılıq etdiklərini bildirirlər. Yaxşı, sən həyatından narazısansa, bunun səbəbkarı olan prezidentə, o dövlət orqanlarına niyə inanırsan? Yəni ictimai rəyi verən başına gələnlərlə onu idarə edənlərin əlaqəsini başa düşmür. Siyasətlə düşdüyü acınacaqlı vəziyyətin arasında rabitə görmür”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler