DataLife Engine > Mədəniyyət, BLOK XƏBƏR > Xalq artistindən keçmiş xanımı və qızı haqda şok açıqlamalar:

Xalq artistindən keçmiş xanımı və qızı haqda şok açıqlamalar:


15-09-2019, 17:06. Yerləşdirdi: Tural Xalq artistindən keçmiş xanımı və qızı haqda şok açıqlamalar:





Cavan Zeynallı: “Canlı yayına çıxıb, dedim ki, “Mən sağam!”
Xəbər verdiyimiz kimi, bu günlərdə prezidentin sərəncamı ilə təltif edilmiş bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatlar təqdim olundu. Təltif olunanların siyahısında Azərbaycanın tanınmış caz ifaçısı Cavan Zeynallı da var. Belə ki, o, “xalq artisti” fəxri adına layiq görülüb. Bu münasibət ilə ifaçı Musavat.com-a danışaraq, öz təəssüratlarını bölüşüb:


- Sevincim böyükdür. Amma əsas odur ki, bütün xalq, Azərbaycan məni sevir. Ona görə ki, neçə ilin sənətkarıyam. Baxın, hərdən caz, hərdən estrada, rus mahnıları oxuyuram, amma yenə də həmişəki kimi sevilirəm. Bilirsiz, bu ayrı sevincdir. Məni sevməkləri çox xoşuma gəlir. Hər kəsə təşəkkür edirəm ki, mənim sevincimə şərik oldular.

- Əslində çoxları sizin xalq artisti fəxri ada layiq görülməyinizi çoxdan gözləyirdi. Hətta bəziləri sanırdı ki, siz bu ada çoxdan layiq görülmüsünüz. Sizcə də, bu təqdimat gec olmadımı?

- Ümumiyyətlə mənim həyatımda həmişə bu cür gecikmələr olub. Nə istəyirəmsə, gec nail olmuşam. Hərdən məndən soruşurlar ki, “Cavan xətrin nə istəyir?”, deyirəm ki, heç nə. Çünki mən istəyəndə nəsə alınmır, gec başa gəlir. Çox maraqlıdır... bəlkə də bunun özü məni bir qədər də gücləndirir, möhkəmləndirir ki, heç nə istəməyim. Sanki yuxarıdan da mənə kimsə deyir ki, “Sən heç nə istəmə, hər şey öz-özündən gələcək”.

Ümumiyyətlə, fəxri ad məsələsi Sovet dövründən qalma bir məsələdir. Məsələn, Avropada, Amerikada, digər ölkələrdə belə titullar yoxdur. Bu Sovet dövründən bizə qədər gəlib, çatıb və davam etdirilir. Bəlkə də bir qədər sonra bu məsələyə də son qoyacaqlar. Əsas ad, titul deyil, əgər xalq sevirsə, deməli sənətkar, aktyor sevimlidir.

Təxminən 15 il bundan əvvəl mənə əməkdar incəsənət xadimi fəxri adı verilib. Bu tamamilə başqa tituldur.


- Çox az sayda sənətkar bu ada layiq görülür...

- Bəli, bu ad o şəxsə verilir ki, o, həm ifa edir, həm bəstəkardır, öz üzərində çalışır və sairə. Buna görə də əməkdar incəsnət xadimi adını alanda dedim ki, mənə bu kifayətdir. Çünki 70-80-ci illərdə bu ad ən qabaqcıl musiqiçilərə verilirdi. Məsələn, mən nə az, nə çox, düz 20 il “Qaya”nın tərkibində qastrollara gedirdim. Həmin vaxtlarda biz heç Bakıda olmurduq, bir çox ölkələri gəzir, konsertlər verirdik. Beləliklə, adətən əvvəlcə əməkdar artist, sonra isə əməkdar incəsənət xadimi adı verilir. Lakin məndə elə oldu ki, gözlənilmədən birdən-birə əməkdar incəsənət xadimi adı verildi. Bu heç də kiçik titul deyil, onu seçmə sənətkarlara verirlər. Bir dəfə prezidentimiz və birinci xanım Mehriban Əliyeva ilə görüşəndə royalda ifa etdim. Royal da çox əntiqə idi. Həmin vaxt özləri məndən soruşdu ki, “Sən xalq artistisən?” Dedim ki, yox, əməkdar incəsənət xadimiyəm. Onlar təəccüblə bir-birilərinə baxdılar. Bundan iki ay keçdi, dostum, bəstəkar, eyni zamanda millət vəkili olan Novruzəli Aslan mənə zəng edib soruşdu ki, “Sən Zeynallı Cavanşirsən, ya Cavan?” Dedim ki, pasportda Cavanşirəm. Soruşdu ki, “Bəs atanın adı nədir?” Dedim ki, Mirzəmməddir. Elə bunu demişdim ki, məni təbrik etdi. Soruşdum ki, axı nə münasibətlə təbrik edirsən? Dedi ki, “Bəs sənə xalq artisti adını veriblər”. Bilirsiz, gözləmədən belə bir sürprizlə qarşılaşmaq çox şirin olur. Beləliklə, bu ada layiq görüldüyüm üçün prezidentə təşəkkür edirəm. Prezident və xanımı əsl sənətkarlara hər zaman dəyər verir. Artıq 72 yaşım var, şəhərdə kim qarşıma çıxır, deyir ki, bu adı gec veriblər. Deyirəm, axı mən sağam, elə deyirsiz ki, sanki mən öləndən sonra bu ad verilib.



- Bir neçə gündən sonra doğum gününüzü qeyd edəcəksiniz. Yəqin ki, bu, doğum gününüz üçün də ən böyük mükafat oldu...

- Ay sağ ol, (gülür), sentyabrın 29-da 73 yaşım olacaq.

- Amma bu arada sizin ölüm xəbəriniz də yayıldı. Necə reaksiya verdiniz?

- Oy, oy, vallah bu biabırçıqlıqdır. Mən xəbər yayılandan xeyli sonra xəbər tutdum. Əvvəl səhər tezdən, saat 6-da mənim dostum Tofiq Sultansoy həyat yoldaşım Röya xanıma zəng edib. Həmin vaxt Röya xanım Qusarda idi, mən isə Bakıda. Həmin məlumatı sosial şəbəkədə təxminən gecə saat 4-də yazıblar. Mən də evə sakit şəkildə yatıram, heç nədən xəbərim yoxdur. Tofiq Röya xanıma zəng edib məni soruşanda yoldaşım deyib ki, “Yox, Cavan evdədir, hər şey yaxşıdır”. Tofiq deyəndə ki, bəs gecəynən belə bir məlumat yazıblar, Röya xanım çox həyəcanlanıb.

- Sizcə bu bir pis zarafat idi, yoxsa qərəz?

- Hamı dedi ki, bu paxıllıqdan olub. Deyim ki, həmin gecə başqa bir cazmen pianoçu 53 yaşında vəfat edib. Onun da adı Cahangirdir, hamı ona Canik deyirmiş. Mənə də Bakıda bir çox musiqiçi Canik deyir. Saat 7-nin yarısında Röya mənə zəng edib soruşdu ki, “Cavan, sən necəsən?” Dedim ki, mən yaxşıyam, sən də gəl artıq. Sən demə, Röya xanım maşın sürə-sürə Bakıya geri dönəndə çox sayda adamlar ona zəng edib deyib ki, bəs “Başınız sağ olsun, Allah rəhmət eləsin, Cavan müəllim niyə belə oldu?” Röya xanım dözməyib, axırda ağlayıb. Təxminən 9-un yarısında ATV kanalından mənə zəng edib soruşdular ki, “Cavan müəllim, siz sağsınız, bəs necə oldu ki, belə xəbərlər yayılıb?” Cavab verdim ki, heç mənim xəstəliyim də yoxdur, anlamıram ki, birdən-birə necə olub, belə xəbərlər yayılıb. Olur belə şeylər, sağlam adam birdən-birə dünyasını dəyişir. Televiziya əməkdaşları xahiş etdilər ki, ATV radionun canlı yayınında danışım. Mən də çıxdım canlı efirdə dedim ki, “Sağam, belə zarafat olarmı?” Sözün düzü əvvəl elə bildim ki, bu, bir zarafatdır. Kim ki, radioya qulaq asırdı ki, bildi ki, mənə heç nə olmayıb. Röya xanım da təsadüfən maşın sürəndə həmin radionu açıb və səsimi eşidəndə daha da bərk ağlayıb. Ümumiyyətlə, sənətkarla belə zarafat etmək olmaz axı. Məni bütün Azərbaycan xalqı sevir. Hələ qadınları demirəm, onlar məni çox sevirlər.

- Belə bir hadisə ilk dəfə idi, başınıza gəlirdi?

- Yox, bir dəfə də belə bir hadisə yaşamışdım. İndi deyim necə olmuşdu. Təxminən iki il bundan əvvəl kimsə Facebook-da mənim adımı, şəklimi qara çərçivəyə salıb, paylaşıb. Təsəvvür edin, Facebook-u açıram, qarşıma qara çərçivədə olan şəklim çıxır. Sonra mənə zəng etməyə başladılar ki, “Cavan, sən sağsan?” Dedim hə. Mən sonra bilmişəm ki, sən demə kimsə öləndə Facebook-da onun şəklini o cür qara çərçivəyə salırlar. Bu, yaxşı şey deyil. Həmin vaxt Arzu Rzayev, Səməd Səmədov, İradə Dadaşova zəng etdi ki, “Cavan, bu qara çərçivə nədir?” Hə, belə etməklə mənə sataşmışdılar. Amma deyim ki, bu bir siqnaldır ki, “Cavan, sən çox yaşayacaqsan”. Bəli, bəli, belə şeylər olanda demək ki, çox yaşayacaqsan.

- Köhnə dostlarınız, o cümlədən, “Qaya”nın üzvləri ilə yenə də görüşürsünüzmü, münasibətləriniz hələ də davam edirmi?

- Bilirsiz ki, “Qaya”nın bədii rəhbəri Teymur Mirzəyev idi. O, zamanında İsrailə getdi. Mən sonradan bilmişəm ki, sən demə, onun anası yəhudi imiş. Teymur bu haqda heç vaxt bizə heç nə deməmişdi. Teymur İsrailə qardaşı, məşhur aktyor Tofiq Mirzəyev ilə getmişdi. Ondan sonra Teymurdan bir səs-soraq çıxmadı. Ümumiyyətlə Teymur belə bir adam idi, heç kimlə əlaqə saxlamır və s. Belə adamlar var. Bir sirri də açım ki, Teymurun başında parik var idi. Parik də onu incidirdi, yayda çox istifadə edə bilmirdi. İsraildə isə onu heç kim tanımadığı üçün pariki çıxardıb. Hətta bir dəfə Bakıya pariksiz gəlmişdi, heç birimiz onu tanımamışdıq.

Faktiki olaraq, 2000-ci ildə “Qaya” tamamilə dağıldı. Sovet hakimiyyətinin dağılması ilə “Qaya” da sıradan çıxdı. Rauf Babayev sonradan gəncləri yığıb yeni “Qaya” yaratdı. Bilirsiz ki, yeni “Qaya” hərdən efirə çıxır, ifalar edir. Lakin zamanında Raufa dedim ki, “Bu axı o “Qaya” deyil, bunlar cavandır”. Rauf da dedi ki, “Yox, qoy bilsinlər ki, “Qaya” olub və hələ də var, davam edir”. Arif Hacıyev isə rəhmətə getdi. Mən onların hamısından 10 il gəncəm.

- Bir neçə gün sonra 73 yaşınız olacaq. Bu yaşda özünüzə nə arzulayırsınız?

-Necə deyim... Bilirsiz ki, mənim böyük ailəm yoxdur. Belə oldu ki, gəncliyimdə ilk dəfə Moskvada evləndim, qızım oldu. Mən Bakıya geri dönmək istəyəndə nə qızım, nə də yoldaşım Bakıya dönmək istəmədilər. Çünki yoldaşım yarı rus, yarı azərbaycanlı idi, baxmayaraq ki, əslən bakılı idi, amma geri dönmək istəmədilər. Beləliklə, Bakıya tək qayıtdım. Sonradan Röya xanım ilə evləndim. Amma anlamadım ki, niyə sonra mənim uşağım olmadı. Hazırda biz ikimiz yaşayırıq və arzulayıram ki, kiçik ailəmiz heç bir zaman problem yaşamasın, hər şey yaxşı olsun. Röya xanım çox gözəl insandır, onu çox adam sevir. İstəyirəm ki, bu sona qədər də belə davam etsin...
Geri qayıt