DataLife Engine > Mədəniyyət > "Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar" -

"Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar" -


24-08-2019, 10:32. Yerləşdirdi: Tural "Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar" -





Xalq artisti, görkəmli aktyor Rasim Balayev "Yeni Müsavat"a müsahibə verib.


Xalqinfo.az xəbər verir ki, R.Balayev müsahibədə "Nəsimi" filmi haqda tənqidlərdən, kinonun bu günündən, telekanalların vəziyyətindən, rejissor Rüstəm İbrahimbəyovun sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) fəaliyyətindən və digər aktual mövzulardan danışıb. Müsahibəni təqdim edirik:

- Rasim müəllim, Şeyx Əbdül deyir ki, "Nəsimi" filmi dünyanın 138 ölkəsində nümayiş olunub. Bu, həqiqətdirmi?

- Mənim bundan xəbərim yoxdur. İlk dəfə eşidirəm. Şeyx Əbdül statistikanı haradan əldə edib bilmirəm. Amma sovet vaxtı "Daşkənd" film festivalı varıydı. Bu festivala 80 ölkə gəlirdi.

Mən orada olanda eşitmişdim ki, 40-a yaxın ölkə "Nəsimi" filmini alıb. Sovet vaxtı "Eksport" film şirkəti varıydı, onlar filmləri alırdılar.

- "Nəsimi"nin satışına görə sizə qonorar və ya mükafat ödənilirdi?

- Bir qəpik də verilmirdi. Düzü, buna görə səlahiyyətimiz yox idi.

- Bu film şairin şəxsiyyətinə yoxsa yaxşı kino işinə görə belə şöhrət qazanmışdı?

- Vallah, nə deyim... Görünür, baxımlı film alındı ki, indi də baxırlar. Yaxşı aktyor və rejissor işi var idi. İlk növbədə filmin uğuru rejissor işindən asılıdır. "Nəsimi" filmində də böyük rejissor ustalığı və gözəl aktyor heyəti yer almışdı. Bu gün də baxılırsa, deməli, ortalığa nümunəvi sənət işi qoyulub.

- Amma "Nizami" haqda da film çəkilib, belə baxımlı olmayıb.

- Bunun səbəbləri çoxdur, gərək oturub bütün incəliklərini xırdalayasan. Təhlil edəsən ki, nə üçün uğur qazanmadı, günah aktyor, rejissor işindəydi, yoxsa ssenarisi zəif idi, təbliği olmadı, yəni hamısı müzakirə edilməlidir. Yəni uzun söhbətin mövzusudur ki, niyə o film baxımlı alınmadı.

- Firudin Qurbansoy isə sizin yaratdığınız Nəsimi obrazını bəyənmir, edam səhnəsində "Məndə sığar iki cahan" qəzəlinin yeri olmadığını düşünür, həm də guya əruz ritmini pozmusunuz...

- Əşi, bu film 50 il qabaq çəkilib, uğur qazanıb, bu gün də sevə-sevə baxılır. Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı "Nəsimi" filmi çəksin. Biz nə deyirik ki? Danışır ki, guya Nəsiminin şeirləri filmdə düzgün oxunmayıb.

Mənim müəllimim Əli Fəhmi olub, onun dırnağı Firudin Qurbansoydan min qat istedadlı idi. O, getsin Əli Fəhmidən öyrənsin, sonra gəlsin. Bu gün tamaşaçı "Nəsimi" filmini sevə-sevə izləyir. Bu da "çevir tatı, vur tatı" danışır, özünün guya intellektini, ağıllı olmasını göstərir. Belə oğulsan, get yaxşı ssenari yaz, ortaya qoy, biz də deyək ki, afərin!

Məsələ bəyənməmək deyil axı?! Gərək ortaya iş qoyasan, sonra danışasan. Bir tənqidçi və yaxud Nəsimişünas ortaya daha yaxşı əsər qoysun, çəkilsin, sübut eləsin ki, indiki daha yaxşıdır, nəinki bizim oynadığımız. Bəyənmirsən, cəhənnəmə bəyən...

- Bəziləri deyir ki, Nəsimi dinə qarşı olub. Sizcə, Nəsimi din adamıydı?

- Bu sualların cavabını mən verə bilmərəm. Biz Nəsimini görməmişik, onun haqqında gəlib çatan məlumatlar da azdır. Biz onun əsərlərindən çıxış edərək şəxsiyyətini xarakterizə eləmişik. Heç vaxt bilməmişik ki, Nəsiminin boy-buxunu necə olub, ibadət edib-etməyib.

Amma Əli Fəhmi onun şeirlərini mənə öyrədəndə deyirdi ki, Nəsimi ən dindar şair olub. Məsələn, onun şeirlərini oxuyurdu, mənə deyirdi ki, bax, bu yerdə Quranda filan ayəyə istinad edib.

Nəsiminin Allaha, peyğəmbərə mədhiyyələri var. Amma insana çox qiymət verirdi, bütün canlılardan Allaha ən yaxın insanı görürdü. Deyirdi ki, insan ən böyük xaliqdir.

Təsəvvür edin ki, bu gün də mövhumatçılıq var, onda daha dəhşətli bir xurafat olub. Ona görə Nəsiminin insana təriflərini, verdiyi qiyməti qəbul etməyiblər, xoşlarına gəlmirdi, insana belə qiymət bəyənilmirdi, kafir adlandırırdılar ki, ənəlhəqq demək olmaz.


Geri qayıt