DataLife Engine > Mədəniyyət, BLOK XƏBƏR, MANŞET > Azərbaycandan erməni “KVN”i ilə bağlı - Sərt bəyanat

Azərbaycandan erməni “KVN”i ilə bağlı - Sərt bəyanat


13-01-2017, 13:59. Yerləşdirdi: Tural Azərbaycandan erməni “KVN”i ilə bağlı - Sərt bəyanat

“Şən və hazırcavablar klubu”nun (KVN) Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinin Azərbaycannın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvətinə münasibətdə təəssüfümüzü və narazılığımızı ifadə edirik.

“Xalqinfo” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici işlər Nazirliyinin yaydığı bəyanatdandır. XİN bildirib ki, Azərbaycan ictimaiyyəti, ölkəmizin çoxsaylı KVN sevərləri və KVN həvəskarları “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci KVN festivalına dəvətini təxribatçı və qərəzli addım kimi qiymətləndirərək buna kəskin etiraz edirlər.

“Azərbaycan Respublikası daim KVN hərəkatının ruhunu, məqsədlərini, insanlar və xalqlar arasında sülhü və dostluğu təşviq edən məramlarını dəstəkləyib. Ölkəmizin KVN komandaları ənənəvi olaraq KVN yarışları və festivallarında fəal iştirak edib və bu hərəkatın inkişafına öz töhfələrini veriblər. Azərbaycan KVN komandasının əldə etdiyi son nailiyyətlər də bunun bariz göstəricisidir.

Lakin, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci Beynəlxalq KVN festivalına dəvəti mədəniyyətin və KVN-in siyasiləşdirilməsi məqsədi daşıyaraq, KVN hərəkatının məqsəd və məramları ilə bir araya sığmır, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir.

“КВН” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi 28-ci Beynəlxalq KVN festivalında “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakına şərait yaratmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin pozulmasını dəstəkləyən qeyri-dost hərəkət nümayiş etdirir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, işğal olunmuş ərazilərdə törətdiyi qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin, separatizmin təbliğinə və təşviqinə xidmət edir. Tədbirin təşkilatçılarına məlumdur ki, separatizmdən qaynaqlanan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub və bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmək məcburiyyətində qalıb.

Ümid edirik ki, “КВН” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi separatizmin təbliğini qarşısına məqsəd qoyan və KVN-in xalqlar arasında dostluğu, əmin-amanlığı və sülhü təşviq edən məramlarının ruhuna xələl gətirən belə təxribatçı komandaların iştirakına yol verməyəcək”.
Geri qayıt