DataLife Engine > Mədəniyyət > Nazimlə həyat yoldaşının həbsxanada görüşü...

Nazimlə həyat yoldaşının həbsxanada görüşü...


9-01-2017, 13:12. Yerləşdirdi: sefa Nazimlə həyat yoldaşının həbsxanada görüşü...














Nazim Hikmət barədə çox yazılıb, çox danışılıb. Ancaq aşağıda Nazim Hikmət haqqında oxuyacaqlarınızı adi bir adam yox, Türkiyənin böyük yazıçısı Orxan Kamal yazıb.

Nazim Hikmətlə Orxan Kamal üç il yarım eyni həbsxanada cəza çəkiblər. Orxan Kamalın zəif şeirlərdən əl çəkib peşəkar yazıçı kimi formalaşmasında, nasirlik istedadının üzə çıxmasında Nazim Hikmətin böyük rolu olub. Sonralar Orxan Kamal “Nazim Hikmətlə üç il yarım” adlı kitabı yazıb. Aşağıda həmin kitabdan təqdim edilən hissədə Nazim Hikmətin həyat yoldaşı Pirayə ilə həbsxanadakı görüşünün təfərrüatı və böyük şairin qadına münasibəti oxuculara aydın olacaq.



***

Pirayə ildə iki, nadir hallarda üç dəfə həbsxanaya gəlir, əlində olan qəpik-quruşla üç-beş gün oteldə qalırdı. Kaş görəydiniz belə günlərdə Nazim Hikməti!

Pirayə qatardan düşən kimi, tez-tələsik zəng vurur, yaxud da otelə gedib yerləşməmiş həbsxanaya gəlirdi. Təbii ki, həbsxananın formal yoxlanmaları, kağız-kuğuz işləri yerinə yetiriləndən sonra, Nazimlə ikisi ya baş nəzarətçinin, ya da həbsxana müdirinin otağında görüşürdülər.

Nazimin həyat yoldaşına sonsuz hörməti vardı. Onu adi bir ərin öz arvadını sevə biləcəyindən daha çox sevir, hörmətini xüsusi saxlayırdı. Bəzən yazdığı məktubları mənə də oxuyurdu. Bu məktublar şeirlə dolu mətnlər idi, sadə, səmimi, – özü də nə qədər sadə, necə səmimi – dillə yazıldığından eşidənin ürəyini sakitləşdirir, həyatı sevdirir, insana ən bədbin vaxtlarında bir ruhi dəyişiklik, təzəlik gətirirdi.

Pirayənin yazı üslubu da Nazimin yazı dilinə oxşar tərzdə idi. Bu, sadə, iradəli, “Böyük şair”in arvadı, ərinin tarixi şəxsiyyət olduğunu bilən, fəqət öz insanlığı ilə də qürur duyan bir adamın üslubu idi”.

Nazim həmin məktubları göz-bəbəyi kimi qoruyurdu. Bu məktublarda bəhs edilən mümkün hadisələrin “Məmləkətimdən insan mənzərələri”ində “dəlil-sübut” rolu oynadığını, necə öz əksini tapdığını xatırlayıram.

Həyat yoldaşının ciddi, ölçülü-biçili tövr və söhbətlərindən ötrü Nazimin – necə deyim –ürəyi gedirdi. Xüsusən də danışığı, bülbülün gülə dil tökməsini xatırladırdı. Birgə olanda söhbət zamanı Pirayə zabitəli, hökmlü, ciddi olurdu. Nazim isə əzilib-büzülür, əl-qolunu ölçə-ölçə uzun-uzadı danışır, danışarkən də gözlərini arvadının gözlərindən çəkmirdi. Pirayə isə başını dik saxlayıb, ancaq qulaq asırdı. Güman edirəm ki, aralarında, məsələn, belə bir söhbət olurdu:

– “Ax səni, Nazim, bax, üst başını it gününə salmısan.

– Bağışla, əzizim, bir də eləmərəm.

– Bircə dəfə, bircə dəfə “Nazimim” desə və ya məktubunda yazsa, dünyalar mənim olacaq. Ancaq dilinə gətirməz donuz...”

Sanki həyat yoldaşı müəlliməydi, Nazim isə toz-torpaqda oynayıb tərləmiş, tərli-tərli su guppuldatmış, üstü-başı yaman günə qalmış, cəncəl bir məktəbli idi...

Arvadına qulaq asanda o şübhəsiz ki, dünyanın ən bəxtəvər insanı olurdu və qadınının danışdıqları da sözsüz, külli-aləmin ən təzə, ən orijinal, ən maraqlı söhbətləri idi...

Bir gün – bu hadisə baş verəndə – mən, Əmək Qanunundan faydalanaraq başqa məhbuslarla birgə çöldə işləməyə gedir, ya axşam, ya da axşamtərəfi qayıdırdım – işdən qayıdan vaxt Nazimi pilləkəndə, bir vaxtlar baş nəzarətçinin müavininin dayanıb, nəzarətçi qadının ağ pərdəli pəncərəsinə baxdığı dəmir məhəccərə söykənən halda fikirli, doluxsunmuş gördüm.

Yaxınlaşdım. Hələ gəldiyimi hiss eləmədi. Həmişə məni qapının ağzındaca qarşılayırdı. Ona ara-sıra gətirdiyim çöplü şirni, yaxud nə bilim, ləbləbi və ya fındıq kimi xırda-para hədiyyəni, xüsusən də “çöldən gətirilmə” siqareti verəndə, “sağ ol” dilindən düşmür, sevinir, gülür, danışır, “çöldəki həyat” haqqında söhbətimi maraqla dinləyirdi.

Bu gün nəsə qəribə idi. Özü də bilirdim ki, arvadı gəlib. Nazimin arvadı gələ, o həmişəkindən fərqli, özü də tamam fərqli cəh-cəh vurmaya?!

Səbəbini soruşdum, çiynini çəkdi. Köks ötürdü, baxışlarını batmaqda olan günəşə sarı elə zərifliklə çevirdi ki, mənə pis təsir elədi, əməlli-başlı narahat oldum. Yenə, sonra bir də soruşdum, israr elədim, əl çəkmədim... Bir xeyli sussa da, gizlətsə də, axır dilindən söz qoparda bildim.

Pirayə həmişəki kimi telefon açıb, otelə getdiyini, çox yorğun olduğunu, həbsxanaya sabah gələcəyini deyib. Söz arası Nazim də ona deyib ki, bizim katib o oteli düz-əməlli otel hesab eləmir, orda qalma, başqasına get”.

Nazimlə həyat yoldaşının həbsxanada görüşü...












Nazim Hikmət və Orxan Kamal

Çox güman yorğunluğuna görə, Pirayə höcətliyinə salıb “yox” deyib, iki ayağını bir başmağa dirəyib: “Mən uşaq vaxtından bəri həmişə bu oteldə qalmışam – təbii ki, valideynləri ilə – heç bir xoşagəlməz halla rastlaşmamışam. Oteli dəyişdirməyə səbəb görmürəm”.

“O otelə getmə,” “gedəcəm,” “deyirəm qalma orda”, “yox deyirəm, qalacam”... Əlqərəz, Pirayə həmin oteldə qalmağa israr edir. Buna görə də Nazim hirslənib deyir:

– Gəlmə mənim yanıma, hardan gəlmisən, ora da qayıt.

Problem bundan ibarət idi.

Ancaq Nazim bu hadisəni prinsipə, qürur məsələsinə çevirmişdi:

– O, həmin oteldə qaldıqca onunla danışmayacağam.

Həmin gecə az qala səhərə qədər götür-qoy elədi, müştüyünü ara vermədən odladı, kameranın beton döşəməsində səndəllərini şappıldada-şappıldada xeyli var-gəl elədi.

Səhərin gözü açılmamış, Necati yuxulu gözlərlə, pırtlaşıq saçlarla təngnəfəs gəldi:

– Ustad, gözün aydın, Pirayə gəlib.

Yataqda idi. Yanaqları qıpqırmızı qızardı, düz bir-birimizin gözünün içinə baxdıq. “Hə nə deyirsən, neyləyim?” – demək istədi. “Getməlisən, başqa çarə yoxdu” – demək istədim.

Necati məsələdən xəbərsizdi, əliylə, qoluyla aramsız danışırdı. Həmişə Nazim onu bu cür danışmağına gülə-gülə cavab verərdi...

Necati getdi.

Nazim dedi: “Get ona de ki, qayıtsın İstanbuluna”. Ancaq mən bu sözlərdə “...Mənim belə deməyimə fikir verməyin, yola verin, məni bir az ərköyün kimi təqdim edin də” – demək istədiyini sezdim. Onsuz da həyəcandan burun pərləri titrəyirdi.

Mətləbi uzatmayaq, aşağı düşdüm. Hələ çox tez olduğuna görə, nə müdir gəlmişdi, nə katib. Tərs kimi baş nəzarətçi də o gün icazəli idi.

Necati soruşdu:

– Niyə sözlərimi eyninə almadı?

Məsələni danışdım.

“Qayıtsın getsin İstanbula, gəlməyəcəyəm” – deyir.

Necati də əliylə qarnını tutub xeyli güləndən sonra dedi:

– Yox əşi, Nazim Hikmətə bax. Sən də inandın, hə?

– Boş ver əşi, artistliyə qoyub özün.

Əvvəlcə baş nəzarətçi gəldi, ondan sonra katib. Pirayəni içəri gətirdik. Əynində köhnəlmək üzrə olan qara paltosu vardı, amma məğrur idi, gülümsədi. Kef-əhvalın soruşduq, Necati kətil verdi, Bobi Niyazi, “görəsən, bəxşiş istəyimmi” fikrini beynindən keçirtdi.

Pirayədən otelini dəyişdirib-dəyişdirmədiyini soruşdu. Güldü...

Yazıq qadın tək-tənha bir xeyli gözlədi. Nəhayət, araya katib və müdir girib, uzun-uzadı “nazlandırandan” sonra Nazim razı oldu və arvadının yanın düşdü, düşən kimi də aralarındakı buzlar əridi.

Pirayənin ziyarətə gələcəyi günlər Nazim səhər tezdən əldə-ayağa düşərdi. Gecədən paltarını ütüləyər, çürümüş vişnə rəngli ayaqqabılarını yatağının altından çıxartdırıb boyayar, səhər tezdən bərbərə gedib saçlarını qırxdırar, mən hələ yataqda olanda, bütün bu işləri görüb qurtarardı, bəzənib-düzənib hazır halda qarşımda gözləyərdi:

– Necəsən? Bəs mən necəyəm? Qəşəng görünürəmmi?

– Oooo... siz, siz bir Mister İdensiniz!”

– Əlbəttə, qardaşım, əlbəttə... mən Mister İdenəm!

Və sarı bığlarını gəmirə-gəmirə gülərdi.

Bizim həbsxanada adət idi: Ərlərini, yaxud övladını görməyə gələn qadın, ana, ata və arvadlar ya həbsxana həyətinin bir küncündə, yaxud görüş yerində üzbəüz keçib oturur, yemək yeyir, uzun uzadı, doyunca söhbətləşirdilər. Şübhəsiz ki, bu məsələ həbsxana müdirindən asılı idi. Həbsxana müdirinin necə insan olduğunu çatdırmaq üçün, elə bilirəm, onun bayramlarda özünü saxlaya bilməyib necə ağladığını demək kifayətdir. Bəli, ağlayırdı. “Bu əziz, mübarək gündə hər kəs ailə-uşağı ilə bayram keçirərkən” o məhbusların halına yanır, “Ay Allah, bu işdən mənim canımı qurtar” – deyirdi.

Nazim də başqaları kimi müdirin ürəyiyumşaqlığından “faydalanar”, Pirayə, yaxud anası, yeznəsi ilə bacısı gələndə, onlara mütləq qonaqlıq verərdi... Qonaqlığı nə idi ki... həbsxana baqqalından mövsümə uyğun tapılan şeylər: bamiyə, pomidor, badımcan, bibər... və onlardan hazırlanan yaxşı yeməklərdən bir və ya ikisi.

Yenə onun üçün bayram sayılacaq günlərdən biri idi, Pirayə gəlmişdi. Pirayə ancaq həmin gün qala biləcəkdi, axşama qayıdırdı. Pul problemi vardı, əlində xərclik yox idi...

Nazim yenə səhərin gözü açılmamış bəzənib-düzənib hazırlaşmışdı, bığlarını gəmirə-gəmirə, müştüyünü əsəbi-əsəbi sümürə-sümürə, kameranın beton döşəməsi üzərində tez-tez dönüb qayıda-qayıda, var-gəl edirdi...

Nəhayət, xəbər verdilər ki, Pirayə gəlib. Düşüb getdi... Mən də az sonra geyinib aşağı düşdüm, Pirayəyə bir “xoş gəlmisən” deyəndən sonra onları ikilikdə qoydum.

Axşam Pirayə gedəndən sonra Nazim müdhiş kədər içində, xeyli narahat qayıtdı. Müştüyünü yatağına tulladı, fikirli-fikirli soyundu. Qırmızı zolaqlı gecə köynəyini geyindi, üzündə aşkar bir halsızlıq, bezginlik vardı...

Kameranın düzənliyə açılan pəncərəsinə başını söykəyib, batan günəşə bir xeyli baxandan sonra dedi: “Ah, canıma od qoyan altı il keçdi” .

Və mavi gözləri parıldaya-parıldaya, birdən daha ürəkdən dedi:

– Bilirsən indi ən arzuladığım şey nədir? İstanbulda olmaq, öz evimdə, öz zövqümlə, öz əllərimlə qurduğum evimdə... Sonra axşamlar gəzməyə çıxmaq, xanımım və oğlum da yanımda, gəzə-gəzə getməliyik Barba, kiminsə meyxanəsinə, biz ər-arvad birgə rakı içəndə, oğlum da salatlardan yesin!”.

Sonra ürəkdən, daha böyük istəklə: “Bax bu balaca səadət üçün, tərəddüdsüz deyirəm, bundan sonrakı ömrümün on ilini gözümü qırpmadan verərdim” – dedi.

Türkiyə türkcəsindən uyğunlaşdıran: Fərid Hüseyn


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində
Geri qayıt