DataLife Engine > Mədəniyyət > “Evdə göz yaşı tökməyi yığışdırmışam”

“Evdə göz yaşı tökməyi yığışdırmışam”


19-12-2016, 13:59. Yerləşdirdi: sefa “Evdə göz yaşı tökməyi yığışdırmışam”

Xalqİnfo.az illər öncə avtomobil qəzasında həyatını itirən, olduqca istedadlı gənc şair Fərhad Metenin həyat yoldaşı Hicran xanımın "Qafqazinfo"ya müsahibəsini təqdim edir:
Fərhadı ölüm küləyi vaxtsız apardı, ancaq sözün qiymətini bilənlər, ciddi ədəbiyyatı ardıcıl izləyənlər yaxşı bilirlər ki, o istedadlı, qalıcı şeirlər yazmış müəllif kimi zaman-zaman xatırlanacaq. Hicran xanım isə Fərhadın onun çiyinlərinə çatdığı yükləri sağlam iradəylə Fərhadsızlıq illərində dəyanətlə daşıyır və onun yadigarlarını – Səbinəni və Mətini böyüdür... Fərhad isə şeirində dediyini edib: “Gedirəm sizə uzaqdan baxmağa...”

– Fərhad Mete ilə necə tanış olmuşdunuz?

– Fərhadgillə qonşu idik. Əvvəl anasını tanımışam. O vaxt Fərhad əsgər idi. Bir həftəlik məzuniyyətə gəlmişdi. Dedim, qonşuyuq, gedib baş çəkim, həm də tanış olarıq. İlk dəfə Fərhadı onda gördüm. Bir az oturub evə qayıtdım. Sonra bacısı dalımca gəldi ki, gəl bizə ev işlərində kömək elə. Beləcə, tanış olduq. Çox elçi gəlib-getdilər bizə. Bizimkilər vermədilər.

– Sonra da Fərhad qaçırdı səni?

– Yox, qaçırmadı, əl-ələ tutub getdik...

– Ailə quranda neçə yaşınız vardı?

– Mən iyirmi, o, iyirmi dörd yaşındaydı. Ona qədər ömrünün çoxunu Rusiyada yaşamışdı. Səbinənin beş yaşı olanda Antalyaya gedib üç ay orada qaldı. Anasıgil göndərdilər ki, get orda işlə. O da heç xoş bir iş deyildi ki getdi.

- Anasından söz düşmüşkən, onların taleyi oxşar oldu. Anası da Fərhad kimi yol qəzasında dünyasını dəyişdi...

- Fərhadın anası mənzilini satıb, başqa ev aldı. Qayınanam orda qalırdı. Sonra oranı da satdı, kirayə qalmağa başladı. Özünə ev tikdirirdi. Mağazadan tikinti materialları alıb qayıdanda başqa bir maşın onun olduğu avtomobili vurmuşdu. Bu xəbəri tanımadığım bir adam çatdırdı. Qonşu qadın qayınanamı paltarından tanımışdı. Həmin qadın evimizi göstərib ki, oğlu orada yaşayır, adamlar da bizə gəlmişdilər.

- Fərhaddan sonra anasıgillə münasibətləriniz necə oldu?

– Çox pis. Fərhaddan sonra, demək olar ki, münasibət olmadı. Gediş-gəliş yox idi. Tutalım, heç mən yoxam, özümü qoyuram qırağa, Fərhad olmasa da, iki uşağı qalır axı. Bunu düşünmədilər. Qayınanamgil evini dəyişəndən əvvəl bizlə üzbəüz evdə qalırdı – sonra hamı bizdən üz çevirdi. Bir tərəfdən öz anama, o biri tərəfdən uşaqlarıma söykənib yaşadım. Bir tikə yavan çörəyi özüm də qazanaram, mənim ən çox mənəvi dəstəyə ehtiyacım vardı. Oğlum Mətinin toyunda Fərhadın qohum-əqrəbası gəlmişdilər. Dedilər ki, arxandayıq. O tərəf mənə çox dəstək oldu. Sağ olsunlar, indiyəcən bayramlarda Fərhadın balalarını görməyə gəlirlər.

– Fərhadın yoxluğunu uşaqlar necə qəbul elədilər?

- Onda Mətin 1 yaş 3 aylıq idi. Evimizin hər tərəfinə Fərhadın şəkillərini qoymuşam. Mətin Fərhadın şəkillərini o qədər görüb ki, atasının cizgiləri onun yaddaşına hopub. Bir dəfə videokaset qoydular, 100 adam içindən Fərhadı göstərib dedi ki, o mənim atamdır. Uşaqlar atalarının yoxluğunu qəbul eləmirlər. Əlbəttə, bilirlər ki, yoxdur, gəlməyəcək. Amma sanki bu evdə onunla bir yerdə yaşayırlar. Mən hərdən yadlarına salıram ki, bax atanız sizi belə əzizləyirdi. Mətin hərdən atasının dediklərini elə təkrarlayır, sanki bu sözü atasından eşitdiyi yadında qalıb. Mətin divanda eynən Fərhad kimi uzanır. Hərdən Səbinə deyir ki, ana bax, elə bil ata uzanıb. Ümumiyyətlə, Fərhadın çox xüsusiyyətləri uşaqlarına keçib. Məsələn, Səbinə ürəkdən qəhqəhə çəkəndə elə bilirəm ki, Fərhad gülür. Mətinin də eynən qaşlarını atası kimi düyünləyir. Səbinə yaşından çox böyük düşünür. Deyir, ana elə fikirləşək ki, atamın ruhu bu evdə dolaşır. Uşaqlarım mənim ağlamağımı istəmirlər. Ona görə evdə göz yaşı tökməyi yığışdırmışam. Səbinə mənə elə təskinlik verir ki, elə bil böyük adamdır. Deyir ki, bax, filankəsin də ailəsi yoxdur, filankəs də atasız qalıb, ana, bizi istəyənlər varsa, istəməyənlər də var, qoy heç kəs ailəmizi sınmış, yıxılmış görməsin. Onların bu cür söhbətləri mənim üçün böyük dayaqdır.

– Fərhadın uşaqlarla bağlı hansı xatirələri qalıb yadında?

– Xatirələr çoxdur. Məsələn, bir zarafatı vardı: körpə vaxtı Mətinin ağzının suyu axırdı. Fərhad qonşumuza deyirdi: “Mətinin ağzının suyuna çörək doğrayıb yeyərəm”. Bu ifadə hamının ağzına düşmüşdü... Səbinəni oğlan kimi böyütmək istəyirdi.

– Gündəliklərində qızı barədə yazır: “Səbinə, sən nə yaxşı varsan, məni həyata bağlayan qüvvə sənsən”.

– Həmişə deyirdi ki, özümdə görmək istədiyim cəhətləri Səbinədə görmək arzusundayam. Onda Mətin balacaydı, onun haqqında belə planlar qurmurdu. Bəlkə, bir az böyük olsaydı, onun haqqında da nəsə deyərdi. Amma hərdən Səbinə barədə haqda deyirdi ki, bilirəm, onun gözəl gələcəyi var.

– Fərhadın atası xərçəng xəstəliyindən vəfat etmişdi. Bir müddət Kanada Xərçəng Akademiyası ilə məktublaşıb ki, o zəhrimar xəstəliyin çarəsi tapılıb-tapılmadığını bilsin. Bu barədə sənə nə danışırdı?

– Fərhad deyirdi ki, gördüyü yuxular həmişə çin çıxır. Fərhadın ata bir, ana ayrı bir bacısı da var, onlardan böyükdür. Fərhadın qəzadan qabaq iştirak elədiyi sonuncu toyda İlhamın bacısı hansı nə paltar geyinmişdi, Fərhad orda kimlə oynamışdı. Bunların hamısını bacısı yuxusunda görübmüş, sonradan mənə danışdı. Toyun videoyazısına baxdıq, hər şey eynən bacısının yuxusunda gördüyü kimiydi. Ailəlikcə hamısının yuxuları çin çıxırdı. Fərhad deyirdi ki, yuxumda görmüşəm ki, bu xəstəliyin çarəsinin tapılmasında kiməsə bir köməkliyim dəyə bilər. Həmin məktubu qonşumuzla yazdılar. Mən bilən, əvvəlki məktuba cavab gəldi, sonrakılara yox...

– Fərhad yuxulara çox inanırdı. Ölümündən sonra heç onu yuxuda görmüsən?

– Bir il yuxumda onu görmədim. Sonra bir gün gəldi. Ayaq üstə durub danışırdı, oyaq idim, yatmamışdım. Bir tərəfimdə Mətin, bir tərəfimdə Səbinə, üzü qibləyə uzanmışdım. Fərhadın məktəbə geydiyi kostyum əynində idi, əvvəl çölün, sonra otağın qapısı açıldı. Fərhad gəlib başımın üstündə dayandı. Hər insanın özünəməxsus ətri olur axı. Fərhadın ətri dəydi burnuma. Səsin eşidirdim, ətrini duyurdum. Əyilib əvvəl Mətinin, sonra Səbinənin üzündən öpdü. Mənə pıçıldadı ki, deyiblər, get uşaqlarını gör gəl. Otaqdan çıxana, çöl qapını bağlayıb gedənə qədər, başımı qaldıra bilmədim. Elə bil başım ağırlaşmışdı. Fərhad qapını bağlayıb gedəndən sonra tərpənə bildim, yerimdən durdum. Adam adətən yuxu görəndə tər içində olar. Bu, yuxu deyildi. Axı mən yuxuda onun ətrini necə hiss edə bilərdim?! Mən bunu heç kimə izah edə bilmirəm. Heç kim inanmır. Amma əminəm ki, bu, yuxu deyildi. Onu yanımda hiss edirdim... Bir dəfə də yuxuda saçımı sığalladı, dedi: “Səni elə bir yükün altında qoyub getdim ki... Sənə iki uşaqla çox çətindir”... Çox söz deyib getdi.

– Fərhad 2006-cı ildə İlham Çərkəzoğlu ilə tanış olub. Sonra ədəbi mühitə qoşulub, çoxlu yeni adamlar tanıyıb, həyatı dəyişib. Şairlərlə, yazıçılarla ünsiyyət, gecə məclisləri, vaxtının çox hissəsini evdən kənarda keçirməsi onu ailədən soyutmurdu ki?

- Əksinə, ona deyirdim ki, bizim çörəkpulumuzu ver, amma şeiri-sənəti əldən buraxma. Fərhad gəlib deyəndə ki, filankəslərlə bir məclisdəydik, tanınmış adamlarla bir arada olması mənə xoş gəlirdi. Qohum-əqrəba arasında çox adam bilmirdi ki, o, şeir yazır. Gizlədirdi, hər adama demirdi. Yaradıcılığa böyük marağı vardı. Məni belə şeylər yormurdu. Amma bəzən özünə çox qapanırdı, onda narahat olurdum.

- Ədəbiyyat adamlarından daha çox kimi doğma bilirdi özünə? Kimdən danışırdı sənə?

– Salam Sarvandan çox danışırdı. Deyirdim, Fərhad niyə məhz ondan belə çox danışırsan? Deyirdi, başqa cür adamdır da o. Bilmirəm, görünür, söhbətləri çox tuturdu. Həmişə Salam müəllimdən çox danışırdı. İndi də uşaqları ədəbiyyatla ciddi maraqlanırlar, söz adamlarını tanıyırlar, sevirlər. Məsələn, o gün Səlim Babullaoğlunu televizorda görüblər, gəlib məni çağırdılar ki, ana gəl bax, Səlim müəllim danışır. Ədəbiyyata bu dərəcədə həssasdırlar, atalarının şair olması ilə fəxr edirlər.

– Səkkiz il əvvəl gənc qələm əhli üçün iki əlverişli mühit vardı – Gənc Ədiblər Məktəbi və Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsi. Fərhad hər iki mühitdə vardı. Otuz yaşdan sonra oxumağa meyl eləməkdə xüsusi məqsədləri, planı vardımı?

- Deyirdi ki, hər şeylə maraqlanmaq, öyrənmək, qabağa getmək istəyirəm. Təklif elədim ki, bəlkə, mən də sənədlərimi Bakı Slavyan Universitetinə verim? Deyirdi ki yox, iki qoçun başı bir qazanda qaynamaz. Bəlkə də, Fərhad indiki yaşında oxusaydı, mənə çətin gələrdi, deyərdim, uşaqlar böyüyür, çox vacibdir oxuyasan?! Amma o vaxt ailəmizin dəstəyi vardı deyə, Fərhadın təhsil alması elə bir ciddi problem yaratmırdı. Üstəlik, Fərhad elə adam idi ki, o bir yolu tutub getmək istəsə, qarşına heç kəs sərhəd çəkə bilməzdi.

– Gündəliklərindən görünür ki, unuda bilmədiyi, bəlkə də, xəyali bir sevgilisi olub...

– Olub, onun məktəb vaxtı istədiyi qız varmış. Qız başqasına ərə gedib, İsrailə köçüb. Biz ailə qurmazdan əvvəl Fərhad mənə o qız haqqında danışırdı. Deyirdi, insanam, nə vaxtsa ağzımdan çıxa bilər ki, filan qızı sevmişəm, amma biləsən, bu məsələ daha bitib, o adam çıxıb gedib, buralarda yoxdu. Hətta ailələrində də bir neçə dəfə mənə eşitdiriblər ki, Fərhadın istədiyi olub. Mən arxaya yox, irəliyə baxırdım. Bu söhbəti təzələmirdim, heç nə soruşmurdum. Bir vaxt seviblər bir-birlərini, vəssalam. Amma Elnarə adlı o qızın fikri həmişə beynində dolanırdı. Hərdən olurdu, inciyirdim, sonra düşünürdüm ki, bu qız ilk sevdiyi olub da... Onu Fərhadın beynindən necə çıxarıb ata bilərdim, bu, mümkün deyildi.

– Fərhaddan sonra çox zəng edən, yazan olurdu?

– Əvvəllər yazırdılar. Sonra elə bil hamı onun ölümündən xəbər tutdu, daha yazmadılar. Ölümündən sonra bir il özümü aldatdım, onun telefonundan öz nömrəmi yığırdım... Elə bilirdim Fərhad Türkiyəyə, ya başqa ölkəyə işləməyə gedib, qayıdacaq. Fərhad öləndə qırx gün evə o qədər adam gəldi-getdi, onun yoxluğunu hiss etmədim.

– Qəlbində də olsa, yəqin ki, avtomobil qəzasına görə İlham Çərkəzoğlunu xeyli qınamısan. Fərhadın ölümündən sonra baş çəkmədiyin üçün ondan inciksən?

– O vaxt Mətin balacaydı, İlhamı tanımırdı, amma Səbinə böyük idi. İlham bizə həmişə gəlib-gedirdi. Hər dəfə ad günündə, ya da bayramlarda Səbinəyə gəlincik, ya nəsə bir oyuncaq alırdı. O, Səbinəni çox istəyirdi, Səbinə də onu. Həmişə soruşurdu ki, İlham əmi niyə bizə gəlmir? İlhamı əmisi bilirdi, onu o cür çox istəyirdi. Yox, İlhamı qınamadım. Bilirsən niyə? Bəlkə də, mənim, ya Səbinənin üzünə baxmağa utandığından gəlmədi. İncik deyiləm, özümü onun yerinə qoydum və hər şeyi başa düşdüm.

– Amma Fərhadın ailəsi İlhamı o vaxt günahkar bilirlərmiş, şikayətçi olublar...

– Bilirsən, Fərhadın ailəsiylə aramızda narazılıq nədən başladı? Müstəntiq dedi ki, Fərhadın anası yox, ailəsi şikayətçi ola bilər. Anadır da, rəhmətlik yerə-göyə sığmadı ki, onu dünyaya gətirən mənəm, ailəsi kimdi?! Belə demək, bəlkə də, haqqıydı. Təzyiq elədilər ki, şikayətçi ol, İlhamdan ev tələb elə. Dedim, Fərhadın evi var. Onda da təkid elədilər ki, on beş min manat istə, qoyarıq banka, hər ay faizini götürüb uşaqlarını dolandırarsan. Çox üstümə gəldilər. Yoruldum. Mən öz ailəmi bu işə qarışmağa qoymadım. Axırda bezdim, dedim, nə desəniz, onu da edəcəyəm. Bir tərəfdən, Fərhadın yoxluğu, bir tərəfdən də... Bir gün evdə oturmuşuq. Dedilər ki, İlhamın yeznəsi ilə müstəntiq bizə gələcək. Məni də hazırlayıblar ki, bizim dediklərimizi deyərsən. Müstəntiqlə İlhamın yeznəsi gəldi, bu vaxt qaynım da içəri girdi. Müstəntiq suallar verir, qaynım da sözə qarışırdı. Müstəntiq müdaxiləyə imkan vermirdi. Deyirdi ki, bu qadın ağlı başında insandır, özü danışmalıdır. Mən İlhamdan necə şikayətçi ola bilərəm axı?! Qardaşım da sürücüdür, İlhamın başına gələn hadisə sabah qardaşımın başına gələ bilər. İlham axı Fərhadı qəsdən öldürməyib. İlhamdan Fərhada, ailəmizə o qədər yaxşılıq görmüşəm ki, bunları həyatım boyu itirə bilmərəm. Müstəntiq sual verdi ki, şikayətçisən? Dedim, yox! Qaynım ayağa durdu. Müstəntiq soruşdu ki, pul tələb edirsən? Dedim, yox! Yenə müstəntiq soruşdu: “Nəsə bir istəyin var?” Dedim yox. Qaynım çıxıb getdi. Üstündən on dəqiqə keçmədi, Fərhadın yaxınları üstümə gəldilər. Həmin bir ildə çəkdiklərimi heç düşmənimə də arzulamıram. Mənə çox təzyiqlər oldu. O qədər təhqir, o qədər söz-söhbət...

– Fərhaddan sonra sənə: “yenidən ailə qurmağın lazımdır, həyat davam edir” deyənlər vardımı?

– Bəzən belə söhbətlər olurdu, ancaq mənim üçün Fərhad yeganədir. Onun yerini kiminləsə doldura bilmərəm. Məndə, hər insanın həyatında bir sevgisi olur. Mən də Fərhadı sevdim. Deyirlər ki, təklik pisdir, tək qalmaq olmaz. Amma mənim üçün bu gün təklik də gözəldi.

– Bir insanın yoxluğundan sonra sevgisi necə olur? Sağ olanda bir yerdə gəzirsən, görüşürsən, birgə xoş saatlar yaşayırsan. Bəs itkidən sonra sevgi necə davam edir?

– Fərhadın yoxluğuna inanmıram, onu uşaqlarımda tapıram. Fərhad güləndə gözündən yaş axırdı, Səbinədə də eyni cürdür. Onu elə görəndə ürəyim çırpınır. Mətində atasının bir başqa xüsusiyyətini tapıram. Fərhad həyatda yoxdu, amma evimin içində var. Elə bilirəm, şeytana uyub bizi atıb harasa gedib, nə vaxtsa qayıdacaq.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Evdə göz yaşı tökməyi yığışdırmışam”
“Evdə göz yaşı tökməyi yığışdırmışam”
“Evdə göz yaşı tökməyi yığışdırmışam”
“Evdə göz yaşı tökməyi yığışdırmışam”
“Evdə göz yaşı tökməyi yığışdırmışam”
Geri qayıt