DataLife Engine > Mədəniyyət > “O qızı tapa bilməyəcəksiz, Moskvadan gətirmişdik” -

“O qızı tapa bilməyəcəksiz, Moskvadan gətirmişdik” -


6-12-2016, 17:17. Yerləşdirdi: sefa “O qızı tapa bilməyəcəksiz, Moskvadan gətirmişdik” -

Əslində, İlham Qasımovla müsahibəni yay aylarına planlaşdırmışdıq. Sadəcə rejissor əlində bir iş olmadan danışmağı sevmədiyini söylədi. Filmin təqdimatının dekabrda olacağını nəzərə alıb müsahibəni düz 3-4 ay sonraya saxlamaq qərarına gəldik.

Maraqlısı budur ki, müsahibəyə hazırlaşdığım məqamda birdən gözüm kompüterin ekranındakı fotoya sataşdı. Dostlarımdan biri sosial şəbəkədə “Yuxu” filmindəki o məşhur motosikletli kadrı paylaşıb, təxminən “onlarda var, bizdə niyə olmasın” kimi bir şərh yazmışdı. Təəssüflə qeyd edək ki, Azərbaycan kino tarixində çox az cütlüklər var ki, onlar müasir gənclər üçün sevgi qəhrəmanlarına çevrilə biliblər. Deməli, gənc olmalarına baxmayaraq, Əliabbasla Bahar da buna az-çox nail ola bilib.

“Qafqazinfo” olaraq rejissorla görüşə yeni filmin sorağıyla getsək də, söhbətə onu məşhur edən “Yuxu”dan başladıq. Qarşılaşdığım bu maraqlı təsadüf müsahibimi də sevindirdi:

““Yuxu” filmi çox gözəl filmdir. 20 il bundan əvvəl çəkilib və mənim üçün bir məktəb olub. Bəlkə də, o köhnə ab-havanı verən sonuncu filmdir. Sizin üçün yeniyetməlik zamanı izlədiyiniz xoş bir xatirədir. Ancaq indi 16-17 yaşlı yeniyetmələrimiz bu filmi izləyir, ya yox onu deyə bilməyəcəm. Bundan 20 il sonra siz də deyəcəksiniz ki, o vaxt “Oğlan evi” kimi filmlər var idi, indikilər çəkə bilmir. Həmişə belə olur”.

“Nə çox alicanab, nə də çox bayağı zarafatlar etmək olmaz”

- Deyəsən, çox keçmişə getdik. “Oğlan evi” demişkən, gəlin elə təzə təqdim etdiyiniz, çiçəyi burnunda son ekran işinizdən danışaq. İlk təəssüratlar necədir? Gözləntilər doğrulur?

- Bəli, doğrulur. Ötən həftə filmimiz ilk dəfə izləyici qarşısına çıxdı. Biz də izləyici ilə birlikdə zalda filmi izlədik. Bu film birinci filmdən xeyli fərqlənir və daha güclüdür. Ümumiyyətlə, bu, bizim planımız idi. Zarafatlarımızın səviyyəsini, ağırlığını bir az da qaldırdıq. Daha dərin mənalı mesajlar vermək istədik. Bunun yolu da belədir. Öncədən diqqəti cəlb edirsən, sonra demək istədiyini deyirsən. Filmdə bəzi ağır zarafatlar var. Tamaşaçı ilə izlədiyimiz zaman bunun zala keçdiyini gördüyümüzdə çox sevindik. Yaradıcılıq baxımından filmdən 100-də 100 razıyam. Qala gecəsindən sonra bəzi adamlar “filan şeyi başa düşmədim, birinci daha yaxşı idi” kimi fikirlər səsləndirib. Bu, normal haldır. Ancaq tamaşaçı iki cürdür: kimisi dərin zarafatı başa düşür, kimisi düşmür. Biz o başa düşənlərin dalınca qaçmalıyıq.

- Bilmirəm, siz hiss etdinizmi, ancaq təqdimatda nəsə bir soyuqluq var idi. Sanki komediya filminə yox, hansısa rəsmi tədbirə gəlmişdilər.

- Təqdimat həmişə çətin keçir. Məsələn, birinci filmin təqdimatında demişdim ki, mən zaldan belə reaksiya gözləmirdim. Fikirləşmirdim ki, kimsə sevinər, gülər. KVN vaxtı 5-6 gündən biri dəvətnamələrlə idi. Orada dost-tanışlarımız, jurnalistlər, sponsorlar, sənətkar yığışırdı və zarafatlar zala keçmirdi. Çox ağır-ağır əl çalırdılar. Deyirdilər ki, əşi filankəsdi də, tanıyırıq. Birinci filmimizdə izləyiciləri təəccübləndirə bildik. Ancaq onlar bu dəfə bizdən yaxşı məhsul gözləyirdilər, gözləntilər xeyli yüksəlmişdi. Ona görə də, filmin keyfiyyəti onlara təəccüblü gəlmədi.

- Söhbətləşdiyim insanlar ya filmi çox bəyənib, ya da bəyənməyib.

- Bu, normal haldır. Ancaq bizim borcumuz mədəniyyəti təbliğ etməkdir. Kim ki, bayağı zarafata gülür, çalışmalıyıq onları da öz aramıza çəkək.

- Onda belə deyə bilərikmi, birinci filmdən fərqli olaraq ikinci filmin konkret auditoriyası var?

- Yox, yenə də geniş kütlədir. Filmdə hər iki tipdə zarafatlar, gülüş var. Bir var ki, tamaşaçı film başlayandan sona kimi gülməkdən ölsün, aralara bayağı zarafatlar da qataq. Bax artıq biz bunu edə bilmərik. Nə mənim daxili aləmim buna icazə verər, nə də ki, qarşımıza qoyduğumuz məqsəd və planlar. Növbəti film də elə olmayacaq. Artıq biz dərin mesajlara üstünlük veririk. Nə çox alicanab, nə də çox bayağı zarafatlar etmək olmaz. Orta yolu tutmağa çalışırıq.

“Atası vicdansız olan bir oğul özündə cürət tapsın”

- Filmin sonluğu ilə bağlı da bir neçə fikir eşitdim ki, birinci filmi daha güclü hesab edirdilər.

- Əksinə, ikinci filmin sonluğu daha real və güclü idi. Bunu filmdən başı çıxan bütün peşəkarlar dedi. Birincinin sonunda oğlanın atasına elə sözləri deməsi mənim özümdə də bir balaca romantik hisslər yaradırdı. Hamı istəyər ki, belə olsun, hamı istəyər ki, imkanlı oğullar arada bahalı, lüks həyatlarını sorğulasınlar. Yeri gəlsə, valideyn hesabına bütün gün yeyib yatan övlad, arada rüşvət alan, dolandırıcılıqla pul qazanan ailəsinə qarşı çıxa bilsin. O sadəcə bizim arzumuzdur, ancaq inandırıcılıq payı çox aşağı idi. Mən istəyirəm ki, atası vicdansız olan bir oğul özündə cürət tapıb desin ki, haram pul yemək istəmir. Bəlkə də, indi həyatda belə bir insan yoxdur. Ancaq qoy olsun, belə gənclər yetişsin.

“O qızı tapa bilməyəcəksiz, Moskvadan gətirmişdik” -














- Dediyiniz kimi, hər iki filmdə xeyli sayda mesajlar var idi. Əmlak fırıldaqçıları, maşın dələduzları, məmur özbaşınalığı, monopoliya. Filmə baxıb öz prototipinə gülənlər də var, bu gülüşün sonunda nəsə çətinliklər olmur ki?

- Əlbəttə ki, özünə gülənlər də var. Bizim işimiz odur. Əgər sırf güldürməyi seçsək, cəmiyyətə faydasız olardıq. Filmi sadəcə pul qazanmaq üçün çəkmək mənə yaraşmaz. Bu, bir vətəndaş kimi düz olmazdı. Onsuz da hələ hər hansı bir məbləğ də qazanmamışıq. Mənim öz vətəndaş mövqeyim var və təəssüflər olsun ki, son zamanlar deqredasiyaya uğrayan sosial mövzuları işıqlandırmaq mənim borcumdur. Bizə məxsus bir fikir var ki, qabağa getmək üçün kimisə aldatmalıyıq. Mən belə olmasını istəmirəm. Normal yollarla biznes qurmaq olar. Niyə mütləq kimisə aldatmalısan? Niyə mütləq dində var deyə haramdan əl çəkməliyik? Yəni, insan bunu özü fikirləşə, vicdanına yaraşdırmaya bilməz? Maşın alverçisi sadəcə bir simvol idi. Bu obraz şərti şəkildə 80 faizimizin biznesini əks etdirir. Hara gediriksə, aldadıb 3-5 manat pul qoparmağa çalışırlar.

- Filmdə xeyli reklam yerləşdirilsə də, hər hansı bir narahatlıq vermədi. Bəlkə də reklam şirkətinizin olması bu işdə sizə yardımçı olur.

- Biz reklam şirkətiyik və bu işi professional şəkildə bilirik. Əgər reklam tamaşaçını qıcıqlandırırsa, biz sifarişçiyə sadəcə olaraq ziyan gətiririk. Bundan başqa, filmə də. Bir sifarişçi durub “mənim sosiskalarım orda filan cür səslənsin” desə, biz ona qətiyyətlə yer vermərik. Bu, birmənalıdır. Alındakı izi silmək üçün yuyucu vasitədən istifadə etdik. Halbuki, o, bizim sifarişçimiz deyildi. Yalnız zarafat üçün edilmiş bir şeydir. Tam yerinə düşdü, etdik. Biz bundan çəkinmirik. Sonda qəhrəmanın bankla olan dioloqunu da orqanik yerləşdirməyə çalışdıq, vəziyyətin içində olan bir şey idi. Əgər biz orada sünilik hiss etsək, heç bir maliyyətə onu salmayacaqdıq. Tamaşaçıya hörmətlə yanaşmaq bizim birinci qanunumuzdur.

- Hər hansı bir aktyorun filmdən sonra ulduzunun parlamasına daha çox xarici filmlərdə rast gəlirik. “Oğlan evi”ndə də eyni situasiyanı İsi obrazını canlandıran Elşən Hacıbabayev üçün demək olar.

- Filmə bu dəfə yeni simalar seçdik. İsi birinci filmdə də var idi, bu dəfə rolunu daha da qabartdıq. Bu dəfə o oğurluqla məşğul olmaq istəməyən oğru idi. Dəstəyi də dində axtarırdı, ancaq sonda polis formasında olur. Burada çox böyük ironiya var. Birinci filmdə də oğruya Femida paltarı geydirmişdik. Nəticədə polis Femidanı qandallayıb aparırdı. Amma ikinci filmdə bu, daha güclü idi. İnsanlar filmə ikinci dəfə baxanda daha çox mesajlar görəcəklər. Birinci dəfə baxan “hə, yaxşıdır”-deyir. Ancaq ikinci dəfə baxanda isə tamam başqa şeylər tutacaq. Mən özüm ustad hesab etdiyim rejissorların filmlərinə dəfələrlə baxıram. Hər dəfə də yeni nələrsə kəşf edirəm.

"O tip filmi festivala göndərmək sadəlövlük olar"

- Gələcəkdə aktyorluq fəaliyyətinizlə bağlı sualımı ötən söhbətimizdə belə cavablandırmışdınız ki, aktyor İlham Qasımov rejissor İlham Qasımovun tələblərinə cavab vermir. Ancaq bu dəfə epizod rollar arasında sizin də adınızı gördüm. Düzü, filmdə hansı obrazı canlandırdığınızı xatırlaya bilmirəm.

- Bu da növbəti bir hiylədir. O, mən deyiləm. Filmin sonunda “oğlan evi gəldi” deyərək qaçan balaca oğlandır. İnanırsınız, heç mənim də xəbərim yox idi. Oğlanı göstərdilər, dedim ki, çox gözəl, nur saçan üzü var. Təsdiqlədik. Sonradan Səbinə xanım mənə dedi ki, onun da adı İlham Qasımovdur. Montajda adını da birinci qeyd ediblər. Filmi çox fövqəl vəziyyətdə hazırladıq deyə fikrimdən çıxdı, yoxsa bu kimi sualların yaranmaması üçün o adı birinci verməyə qoymazdım.

“O vaxt yaraşıqlı oğlan idim, ona görə filmlərə çəkirdilər”

- Sizin filmdə ad təsadüflüyü yaransa da, günümüzdə çəkdiyi filmlərdə rol almağa çalışan, hətta baş rolu özü canlandıran xeyli rejissor var.

- Əslində, rejissorlarda belə bir oyun var. Hərdən hansısa epizodik ana özünü çəkir. Arxada yuxulayan, qəzet oxuyan və s.

- Ancaq bizdə rejissorlar o daha çox baş rola çəkilməyə üstünlük verirlər.

- Özünü o rolda görürsə və uğurlu hesab edirsə niyə də yox? Məsələn, mən özümü görmürəm. Axı, aktyor deyiləm. O vaxt yaraşıqlı oğlan idim, ona görə çəkirdilər. İndi filmlik deyiləm.

- Rusik obrazı da xatirimizdədir.

- O vaxt məşhur TV aparıcısı idim. Ona görə filmə dəvət etmişdilər. Orda hər hansı bir obraz görmürəm.

“O qızı tapa bilməyəcəksiz, Moskvadan gətirmişdik” -














- Hazırda serial çəkilişlərində də xeyli canlanma var, ancaq çoxu bu işə sırf qazanc üçün girişir. Bəs gələcəkdə sizi bu sahədə görə bilərik?

- Müəyyən bir peşəkarlıq dərəcəsi var ki, onu hamı öz işində göstərməlidir. Çox istəyərdim ki, bizim danışığımız özünü qaldırıb dağ başına qoymuş kimi çıxmasın. Sadəcə biz nəyə cavabdeh olduğumuzu yaxşı bilirik. Bu serialda da eyni olmalıdır, filmdə də, reklam çarxında da. Gələcəkdə serial da çəkə bilərəm. Maraqlı mövzu, kadrlar olsa, böyük məmnuniyyətlə bunu edərəm.

- Hazırda ölkədəki film sektorunda rəqabət apara biləcəyiniz mühit var?

- Təbii ki, var. Filmlər çəkilir. Biz istəyirik daha yaxşı olaq, onlar istəyir daha yaxşı olsun. Rəqabət artdıqca keyfiyyət də artacaq. Artıq tamaşaçı misallarda xarici yox, yerli filmləri göstərməyə başalayacaq. Birinci filmdən sonra tamaşaçılar qürur duyduğunu deyirdi. Bilirsiniz, bu, məni necə sevindirirdi?!

- İrəliləyiş üçün media, ictimaiyyətlə yanaşı siz də həmkarlarınızı, hazırda yer aldığınız sektorun əyri-əskiklərini deməlisiniz. Ancaq nəsə hər zaman müsbət danışmağı seçirsiniz.

- Düzdür, bu işdə təcrübəm kifayət qədər ola bilər, amma yenə də kimisə qınaya bilmərəm. Bu, düzgün olmaz. Təbii ki, məndə də, onlarda da müəyyən səhvlər var. Evdə 5 “Oscar”ım olsa, bəlkə də, seminar keçirib nəsə deyə bilərəm, ancaq indi hələ tezdir. Mən özüm də öyrənirəm. Onlar da öyrənirlər. Bəlkə kimsə bir-iki il ərzində bizi ötüb keçəcək. Bir nəticə var, çəkin baxaq. Çox danışmaq olar, əsas iş göstərmək lazımdır.

- Bəs xariclə bağlı planlar var? Filmlərinizi nə vaxt festivallarda görəcəyik?

- Hələ ona tezdir. Hazırda sadəcə kommersiya filmləri ilə məşğuluq. Böyük bir kütləni cəlb etmək üçün biz məcburuq ki, bəzi bayağılıqları da saxlayaq. Birinci filmdə 300 min xərcimiz olmuşdu, ikinci də o civardadır. Digərləri pul qazanmaq üçün 150 minə film çəkir, ancaq özünü doğrultmur. Mən keyfiyyətdən kəsə bilmirəm. Əks halda filmə baxan olmaz. Amma o tip filmi festivala göndərmək sadəlövlük olar.

"Açıq beyinli, daxilən hiyləsiz, saf insanlar hər zaman mənim üçün ən yaxın dostdur"

- Əslində, xalqımız ağlamağı, kədəri çox sevir. Bunu ssenarisi kədər üzərinə qurulmuş verilişlərin reytinq cədvəlindəki yerinə görə də demək olar. Belə olduğu halda, dram janrı bizdə niyə inkişaf edə bilmir?

“O qızı tapa bilməyəcəksiz, Moskvadan gətirmişdik” -














- Bunun da belə bir sirri var. Biz mental baxımdan türklərlə çox yaxınıq. Türkiyə bazarında bu işləyirsə, deməli, bizdə də işləyər. Türk filmi gələndə 500 nəfərlik zalın 485-i qızlarımız olur və hamısı da bir ağızdan ağlayır. Sadəcə dram filminə bir dəfə baxırlar, ancaq komediyaya deyirlər ki, gedək bir daha gülək. Nə vaxt eşitmisiniz ki, kimsə “gedək bir də ağlayaq” desin? Bizdə kinoteatra 1 dəfə gedəcək kütlə 40-50 mindir. Bizə 100 min adam baxıbsa, deməli 2-3 dəfə gedən var. Dramanı çəkməyə nə var ki. Bir gözəl xanım seçirsən, qəmli-qəmli baxışlarla cavan oğlana baxır. Xanım kasıb, oğlan imkanlı olsun. Təsadüfü görüşsünlər, oldu getdi. Bu klişedir, zənginləşdirib maraqlı bir hala gətirmək olar. Bizim “Təhminə və Zaur”umuz var, türk dramalarından xeyli güclüdür.

- Nuran: Filmlərdə yeni obrazlar həmişə məni cəlb edir. Birinci filmdə özüm üçün Zülfiyyə xanımı kəşf etmişdim, bu filmdə də o 5-10 saniyəlik obrazı olan xanım diqqətimi cəlb etdi. Fikir verdim ki, filmdən sonra mətbuat o xanımı axtarırdı.

- O xanımı biz Moskvadan gətirtmişik, azərbaycanlıdır, ancaq tapa bilməyəcəksiniz. Həmin obraz üçün tanınmayan və çox cazibədar xanım istəyirdim. Səhv etmirəmsə, xanım model deyil, sadəcə əməkdaşımızın şəxsi tanışıdır. Qala gecəsinə qatıldı, sonra səhv etmirəmsə, getdi.

- Ümumi olaraq onu deyə bilərik ki, filmdə epizodik obrazlar xeyli güclü idi. Məsələn, taksi sürücüsünün danışığı mənə çox xoş gəldi. Ən əsası, danışıqlarda öyrəşdiyimiz o sünilik yox idi.

- Aktyor səhnədə süni danışırsa, bu sırf rejissorun günahıdır. Heç vaxt aktyor yaxşı oynamır deyə onun boynuna atmaq olmaz. Deməli, aktyor obrazda deyil, düzgün seçilməyib.

- Hazırda ictimaiyyətdə olan bir qisim insan var ki, gördüyü işlər, düşüncə baxımından onları müasir beyin adlandırardım. Maraqlıdır ki, bu qrupa aid etdiyim hər kəs peşəsindən asılı olmayaraq bilavasitə bir-biri ilə dost, tanış çıxır.

- Açıq beyinli, daxilən hiyləsiz, saf insanlar hər zaman mənim üçün ən yaxın dostdur. DJ Tural mənə dost deyir, mən ona dost deyirəm, ancaq həyatda 4-5 dəfə görüşmüşük, ya yox. Eynilə digərləri. İşimizlə məşğuluq, heç kimi aldatmırıq, ürəyiaçığıq. Xasiyyətimizə uyğun adamları da ətrafımızda toplayacağıq.

- Əsas odur ki, əlçatmazlıq sindiromu hələ ki, sizdən uzaqdır.

- Hələ ki, yox, hər zaman uzaq olacaq. Bizdə şou-biznesin qanunları budur ki, dedi-qodu etməlisən, kimisə söyməlisən. Ancaq zaman dəyişir və bunlar da artıq keçmişdə qalır. Bayaq dramanın yoxluğundan danışdıq. Qoy başqa bir səbəbini də deyim. Bizdə ulduz yoxdur. Mən kimi çəkim ki, tamaşaçı ona vurulsun, “bu, nə qəşəngdi, gedim ona baxım” desin. Yoxdur, ona görə ki, çoxları özlərini qiymətdən salıblar. Fuad Poladova, Rasim Balayevə bunu deyə bilərik? Onlarda da əlçatmazlıq var, ancaq oların daxili aləmi, tam başqa bir şeydir. Xalq onları əlçatmaz adlandırıb. Hörmət, sevgi, bax dəyərlər bu olmalıdır. Biz inkişaf etməliyik, yavaş-yavaş qabağa getməliyik.

- Növbəti olaraq sizdən nə gözləyək? Ölkədə vəziyyət çətinləşdikcə, sizin üçün müraciət etməli sosial mövzuların da sayı artır.

- Biz ilk növbədə tamaşaçını güldürməyi özümüzə borc bilirik. İnsanlar onsuz da günlük yaşamında çox problemlərlə qarşılaşırlar. Bizim əsas məqsədimiz onları az da olsa, stressdən uzaqlaşdırmaqdır. Biz problemə cavabdeh insanlar deyilik, biz əyləncəyə cavabdeh adamlarıq. Müəyyən qədər mesajlarımızı veririk. Filmdə seçdiyimiz aldatmaq mövzusu bəşəri problemdir və mənim üçün ağır bir dərddir. Hara gedirsən səni aldatmaq istəyirlər. Qardaş, belə millət inkişaf edə bilməz.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt