DataLife Engine > Mədəniyyət, DÜNƏNDƏN-BUGÜNƏ > “O, Rasim Ocaqova yalvarırdı ki, Təhminəyə “fahişə” deməsin...” -

“O, Rasim Ocaqova yalvarırdı ki, Təhminəyə “fahişə” deməsin...” -


26-04-2014, 19:44. Yerləşdirdi: Tural “O, Rasim Ocaqova yalvarırdı ki, Təhminəyə “fahişə” deməsin...” -

“Rasim müəllimə çox yalvardıq...”

Filmdə Zaurun valideynlərinin Təhminənin ünvanına söyüş işlətdikləri epizod var. Ata rolunu oynayan Həsən Turabov bu söyüşü işlətməmək üçün rejissordan çox xahiş edir.. Amma Rasim Ocaqov razı olmur..

Zərnigar Ağakişiyeva: “Biz Həsən Məmmədovla birgə Rasim müəllimə yalvarırdıq ki, ayıbdır, tamaşaçı bizdən efirdə belə sözlər eşitməyib, çıxardın bu sözləri. Həsən müəllim dedi ki, “mən deməyəcəyəm o sözü... Mənə yaraşmır axı, pis sözləri dilimə alım”. Rasim müəllim yek kəlmə dedi ki, “yox! Deməlisiz. Vəssalam!”. Biz də məcburən rolumuz gərəyi söyməli olduq. Əslində həmin sözlərin olması təbiidir. İstər-istəməz hər hansı bir insan əsəbi halda yaxşı söz danışmır. Bu təbii hal filmdə də öz əksini tapır. Amma bu o demək deyil ki, Təhminə həmin sözlərə layiqdir. Sadəcə Zivər öz oğlunu qorumaq istəyirdi. Onlar tanınmış ailə idilər, oğlunun bəsit qadınla ailə qurmasını istəmirdi. Azad həyat tərzi keçirən Təhminəyə söz tez yapışırdı. Təhminə boşanmış qadın idi. Əslində oradakı ana özlüyündə haqlıdır”.

Təhminənin mübarizədən əl çəkməsinin başlıca səbəbi övladının olmamasıdır. Təhminə hər şeyi adlayıb keçərdi, təkcə Zaurun xoşbəxtliyindən başqa. O başa düşürdü ki, qadın kimi Zaura bəlkə də dünyaları bəxş edə bilər, ancaq heç vaxt ona övlad verə bilməyəcək...

Cavan, gözəl, uğurlu, hamı üçün əlçatmaz və öz dövrünə görə proqressiv olan qadın televiziyada işləyir və dedi-qoduların müzakirə mövzusudur. Amma o, ancaq Zauru sevirdi və bu sevgi ilə də öldü. Bu problem bu gün də var: qadın uğurlu, müstəqil və məşhurdursa, onu sevmirlər və tez-tez onun haqqında yalan söhbətlər danışırlar. Ancaq buna baxmayaraq, Təhminə Zaurla görüşməklə səhv etdi, o, ərdə idi və bu o zaman ona qarşı əsas arqument oldu.


“Bəzən öz etdiklərimə görə xəcalət çəkirəm”

Zərnigar Ağakişiyeva: “Çəkiliş müddətində narazılıq mütləq olur. Hələ cavan vaxtı daha çox olur. Peşəyə, sənətə olan maraq, sevgi biraz da özünü paxıllıqla biruzə verir. Rolları, səhnəni qısqanmaq olur. Öz adıma deyirəm ki, hərdən elə şeylər yadıma düşəndə xəcalət də çəkirəm. Bu sənətdən asılı olmayaraq hər bir gənc insanda baş verən hallardı. Zaman keçdikcə insan böyüyür. İnciklik olmuşdu, oldu, keçdi”.


“Pavilyon çəkilişləri daha çox xoşuma gəlirdi”

Zərnigar Ağakişiyeva: “Çəkilişlər əsasən Bakıda pavilyonda aparılıb. Fəxrəddinin nişanlı dövrü, səyahətə getmələri, atasının onun üçün maşın alması Türkiyədə çəkilib. Filmdə Zivərgilin evi pavilyonda qurulmuş ev idi. Yəni ev tikilir, sırf çəkiliş üçün. Bu zaman divarlar tikilir, yuxarıdan işıqlar qoyulurdu. Mənim üçün studiya çəkilişləri daha xoş idi”.

Filmdə əvvəlcə Zaur rolunu başqa aktyor oynayır. Həmin aktyor artıq filmin yarısınadək çəkilməsinə baxmayaraq, Meral Konrat tərəf müqabilindən narazı qalır. Aktyor M.Konratda heç bir emosiya oyatmadığından çox narahat olur. Bir həftə sonu aktrisa İstanbula qayıdır, o zaman rejissor ona zəng edir və bildirir ki, filmi başdan çəkməyə başlayacağıq və Zaur rolunu da Fəxrəddin Manafov oynayacaq. Fəxrəddin Manafovun yaradıcılığına yaxından bələd olan aktrisa çox sevinir.


“Sevgi səhnələrinin çılpaqlıqla əksi Azərbaycan efiri üçün deyildi”

Zərnigar Ağakişiyeva: ““Təhminə”dəki intim səhnəsi o dövr üçün yenilik idi. “Olmaz” dediyimiz şeylərə yer verilirdi. Bu artıq yenilik idi. Şəxsən mən bu yeniliyin əleyhinəyəm. Hər şeyi çılpaqlığı ilə göstərmək doğru deyil deyə, düşünürəm. Bu fikrimə görə məni qınayanlar da ola bilər. Kimsə mənə geridəqalmış da deyə bilər. Düşünürəm ki, ekran onun yeri deyil. O hissləri çılpaqlığı ilə açmaq mənə bir tamaşaçı kimi xoş deyil”.


“Çəkiliş yüksək əhval-ruhiyyədə keçirdi”

Zərnigar Ağakişiyeva: “Çəkiliş heyəti tərəfindən Rasim Ocaqova, Anar müəlimə çox böyük hörmət vardı. Hər şey mədəni, konfliktsiz davam ediridi. Filmdə rejissor nə tələb edirdisə, onu oynayırdıq, improvizələr olmadı. Bütün rolları özününküləşdirilmiş şəkildə oynayırdıq. Teatrda tamaşa oynanıldığı müddətdə onsuz da sevilirdi, amma film çəkiləndən sonra həmin sevgi birə beş artdı. Hətta tamaşaçılar küçədə görəndə də filmə olan rəğbətlərindən danışırdılar. “Təhminə”dən əvvəl bir neçə filmdə epizodda oynamışdım. Bu rol filmdəki ilk böyük rolum idi”.

Mərhum Rafiq Babayev bu filmə gözəl “Əlvida” mahnısını yazıb: “Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan”. Bu ürəkdən gələn sözlərdir və bu sözlərdə Zaurun fikirləri, onun daxili aləmi hiss olunur. Təhminəni qazanmaq ona necə çətin olmuşdu və necə asanlıqla o, Təhminədən ayrıldı. O evləndi və rahat şəkildə yaşamağa davam etdi...

Geri qayıt