DataLife Engine > Mədəniyyət > Dövlət Gənc Tamaşaçılar Teatrından daha bir beynəlxalq layihə

Dövlət Gənc Tamaşaçılar Teatrından daha bir beynəlxalq layihə


20-04-2015, 14:59. Yerləşdirdi: Esi Dövlət Gənc Tamaşaçılar Teatrından daha bir beynəlxalq layihəAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir beynəlxalq layihə çərçivəsində yaradıcılıq mübadiləsinə start vermək üzrədir.

Teatrın mətbuat xidmətindən milli.az-a verilən məlumata görə, 3 ildən artıqdır ki, Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyasının Kalmıkiya Respublikası Milli Dram Teatrı ilə sıx yaradıcılıq əlaqələri mövcuddur.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov və Kalmıkiya Milli Dram Teatrının baş direktoru, RF-in əməkdar mədəniyyət işçisi və Azərbaycan Respublikası fəxri mədəniyyət işçisi Qalina Şurayeva arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən, sözügedən teatrlar arasında 2012, 2013 və 2014-cü illərdə qastrol səfərləri həyata keçirilib. Bundan başqa, ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.
Teatr rəhbərləri arasında imzalanmış müqaviləyə əsasən, Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycan Respublikası fəxri mədəniyyət işçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli Azərbaycan yazıçı - dramaturqu Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında “Cəhənnəmdən məktublar” tamaşasına quruluş vermək üçün bu günlərdə Bakıya səfər edəcək.

İlk dəfə olaraq müraciət ediləcək əsər əsasında hazırlanacaq tamaşa musiqili pritça kimi nəzərdə tutulub. Tamaşada əsas rolları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov və teatrın gənc aktyorları ifa edəcəklər.
Geri qayıt