Prezident Pənahova ilə bağlı nekroloq imzaladıBölmə: Mədəniyyət
Prezident İlham Əliyev xalq artisti Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb. Xalqinfo.az xəbər verir ki, nekroloqda Azərbaycan mədəniyyətinə ağır itki üz verdiyi qeyd olunur: "Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat edib. Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanıb. Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır. Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Tanınmış sənətkar, teatr təşkilatçısı, pedaqoq və səmimi insan Amalya Pənahovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. İlham Əliyev Mehriban Əliyeva Novruz Məmmədov Oqtay Əsədov Ramiz Mehdiyev Əli Əhmədov Fərəh Əliyeva Əbülfəs Qarayev Ceyhun Bayramov Anar Rzayev Eldar Quliyev Azər Paşa Nemətov Rasim Balayev Şəfiqə Məmmədova Hacı İsmayılov Nurəddin Quliyev Mərhumun cənazəsi vidalaşmaq üçün 2018-ci il noyabrın 9-da saat 11.00-dan 13.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında qoyulacaq (Füzuli meydanı, 1)". Şəfa Rasimqızı www.xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|