» » "...sözün əsl mənasında, tarixi hadisədir" -

"...sözün əsl mənasında, tarixi hadisədir" - İlham Əliyev

Bölmə: Mədəniyyət
"...sözün əsl mənasında, tarixi hadisədir" -
“Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi”.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev Ağdam Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə çıxışı zamanı deyib.

Prezident bildirib ki, ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır:

“Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir.

Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sərgilər keçirilmişdir, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir iş aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir.

Bir daha demək istəyirəm ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Bu gün burada toplaşan incəsənət xadimləri bu gözəl sənəti yaşadan insanlardır. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var”.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler