» » Xalq artisti Elza İbrahimovanın xatirəsi anıldı

Xalq artisti Elza İbrahimovanın xatirəsi anıldı

Bölmə: Mədəniyyət
Xalq artisti Elza İbrahimovanın xatirəsi anıldıYanvarın 10-da tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimovanın doğum günüdür. Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri II Fəxri xiyabana gələrək bəstəkarın məzarı önünə tər çiçək dəstələri qoydular, xatirəsini ehtiramla yad etdilər.

Anım mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq il ərzində Elza İbrahimovanın 80 illik yubileyi çərçivəsində tədbirlər keçiriləcək.

Nazir müavini qeyd etdi ki, Elza İbrahimova Azərbaycan bəstəkarlıq məktəbinin parlaq ulduzlarından biridir: “Elza İbrahimova 1938-ci il yanvar ayının 10-da Hacıqabul rayonunda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Bakı şəhərində 8 nömrəli musiqi məktəbində alıb. 1953-1957-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində oxuyub. 1957-1964-cü illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında böyük bəstəkar Qara Qarayevin sinfində təhsilini davam etdirib”.

Bildirildi ki, Elza İbrahimovanın çox məhsuldar yaradıcılıq yolu olub. Əmək fəaliyyətinə 1957-ci ildən etibarən ayrı-ayrı musiqi məktəblərində başlayan bəstəkar 1970-1972-ci illərdə Azərbaycan Respublikası Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib. 1972-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda və 1985-1993-cü illərdə Asəf Zeynallı adına Musiqi kollecində çalışıb. Ölkəmizdə musiqiçi kadrların hazırlanması sahəsində bilik və bacarığını əsirgəməyib.

Vurğulandı ki, Elza İbrahimova Azərbaycan musiqisi tarixində yerini əbədiləşdirən parlaq, ölməz və yaddaqalan əsərlər yaradıb: “Elza xanım dövrünün ən böyük ifaçıları ilə birlikdə fəaliyyət göstərib. Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov və o dövrün başqa tanınmış ulduzları ilə əməkdaşlıq edib”.

Qeyd olundu ki, Elza İbrahimovanın musiqi mədəniyyətinin inkişafı sahəsində xidmətləri lazımınca qiymətləndirilib. O, Azərbaycan Respublikasının və o cümlədən Dağıstan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artist Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Elza İbrahimovanın həyat və fəaliyyətindən danışdılar. Bildirildi ki, onun fortepiano və skripka üçün konsertləri, simfonik poema, oratoriya və operaları musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Sənətkar həmçinin bir neçə teatr tamaşasına musiqilər bəstələyərək bu janrda da özünü sınayıb. Elza İbrahimova mahnı janrının inkişafında xüsusi xidmətlər göstərib. Onun müxtəlif illərdə bəstələdiyi və görkəmli müğənnilərimizin repertuarında xüsusi yer tutan mahnıları bəstəkara geniş şöhrət gətirib. Bəxtiyar Vahabzadə, Əlağa Kürçaylı, Rəfiq Zəka və digər şairlərin sözlərinə yazılan, yarım əsrdən artıq bir dövr ərzində səslənən bu mahnılar öz emosionallığı və melodikliyi sayəsində dinləyicilər arasında böyük rəğbət qazanıb.

Mərasimdə çıxış edən bəstəkarın qardaşı Çingiz İbrahimov göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler