» » “Zövq alacağım üç şey var - səyahət, yaxşı içkilər və seks” -

“Zövq alacağım üç şey var - səyahət, yaxşı içkilər və seks” - Şəhriyar Del Gerani

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
“Zövq alacağım üç şey var - səyahət, yaxşı içkilər və seks” -
“Qadın qədər səyahət edilməsi maraqlı olan məmləkət tanımıram...”

Xalqinfo.az Musavat.com-a istinadən şair Şəhriyar Del Gerani ilə müsahibəni təqdim edir.

- Şəhriyar bəy, vaxtaşırı şairlərin dolanışığı müzakirə edilir. Yəqin siz də ara-sıra “Şeir yazıb, pul qazanmaq olurmu?” sualı ilə üzləşirsiniz. İnsanların sizin cüzdanla, güzaranla maraqlanmasının bir səbəbi məncə, Sovet dövrü ilə bağlıdı. SSRİ-də şair və yazıçılar ən təminatlı və ərköyün təbəqə idi. Kitabları on min, bəzən yüz min tirajlarla satılırdı, yüksək qonorar alırdılar. Xaricə səfərlər, bahalı kurortlarda dincəlməklər, ev, bağ, maşın...

- Düzü, Sovet dövründən danışmağı sevmirəm. Bunun da bir neçə məntiqi səbəbi var. Əvvəla, o dövrdə yaşamamışam, bunun üçün də həmin zamanlar nələr olduğundan belə deyək, əyani xəbərsizəm. Şifahi-qiyabi tanışlıqlar isə mənə görə müzakirə mövzusu deyil. Yəni bütün təfəkkürümlə, mahiyyətimlə, həyat tərzim və mətnlərimlə, müstəqillik dövrünün şairiyəm. Üstəlik, o dövrə qəribə bir ürəkbulanmam var. Bu, başqa söhbətin mövzusudur. Sənin sözünə gəlincə, Sovet dövründə yazıçılara, şairlərə imtiyazlar olub, məlum. Di gəl, bütün bunlar bir növ ideoloji merkantillik çərçivəsindəydi. Məsələn, Bəxtiyar Vahabzadəyə imtiyazlar ona görə verilirdi ki, onun müqabilində nələrsə tələb edilsin lazım gəldikcə. Yaxud, bir az daha öncələri Səməd Vurğun olsun, Süleyman Rüstəm, Məmməd Rahim və ya digərləri. 1920-dən start götürüb, 1937-ci ilə qədər minlərlə ziyalını, onlarla qələm adamını repressiya edən bir quruluş hansı ədəbiyyatın qayğısına qalırmış ki?

İmtiyazlı qələm adamları bütün dövrlərdə olub. Və məlum maraqlara xidmət ediblər. Müstəqillik dövründə də bu proses başlandı, aşağı-yuxarı davam etməkdə. Mərhum dostumuz Zəlimxan Yaqub nümunəsi, yaxud Elçin, Afaq Məsud və s. İmtiyazlar verilir və məlum tələblər, şərtlər qoyulur, bu anlaşmada proses davam edir. Əlbəttə bütün bunlar şair demiş, “hepsi rəngidür”. Əlbəttə dövrlərdən və zamanlardan qalıcı olan mətndir. Elçin bəy ədəbiyyat tarixində baş nazirin müavini kimi deyil, “Ölüm hökmü”nün müəllifi kimi qalacaq. Yaxud Afaq xanım Tərcümə Mərkəzinin direktoru kimi deyil, “Keçid”in, “İzdiham”ın müəllifi kimi qalacaq. Yəni məsələ başqadır. Hazırkı ədəbi prosesdən danışırıq indi. Böyük mənada söhbət “kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” kontekstindən gedir. “Şərtlər qoyulur” ifadəm də yanlış anlaşılmasın. Yəni məsələn, Afaq Məsuddan Leyla xanımı bir şair kimi Mikayıl Müşfiq, Əli Kərim zirvəsinə qoymaq tələb olunmur. Amma Afaq xanım bu barədə esse yazır. Mən bir neçə ay öncə Leyla xanımın da iştirak etdiyi bir şeir gecəsinə dəvətliydim. Nigar Həsənzadənin rəhbərlik etdiyi “SÖZ” ədəbi layihəsinin təşkil etdiyi şeir gecəsindən danışıram. Orda mənim oxuduğum şeirləri Leyla xanım ayaqüstə alqışladı. Maraqlı gəldi mənə. Furşetdə bir dioloqumuz oldu.

“Seyran Səxavətə dedim, indi də kitablarınız yüz min tirajla çıxsın də”

Soruşdum, “Axı siz azərbaycanca yazmırsınız, amma mənim şeirlərim xoşunuza gəldi, necə duydunuz?” Dedi, “Babam mənə həmişə şeirlər oxuyardı uşaqlıqda, intonasiyası hələ də qulaqlarımdadı, ona görə azərbaycandilli poeziyanın ahəngini gözəl duyuram”. Sonra söhbət gəldi indi qəsd etdiyim mövzunun üzərinə. Dedim, “Şeirləriniz azərbaycancaya çevrilir, saytlarda, qəzetlərdə tirajlanır, haqqınızda məqalələr yazılır, xəbəriniz varmı? Maraqlısınızmı bu işdə?” Dedi, “Xeyr, əsla maraqlı deyiləm, mən o şeirləri sadəcə sosial şəbəkədə paylaşıram, kimlər nələr edirsə, öz istəkləri ilə edir”. Və həqiqətən də bu, belədir. İnanmıram, nə də fakt olaraq rastlaşmamışam Leyla xanım kimdənsə belə bir tələb etsin. Ki, məni Mikayıl Müşfiqlə, Əli Kərimlə, yaxud Ramiz Rövşənlə, Vaqif Bayatlıyla eyni yerdə dəyərləndir. Sadəcə adamlar özxoşlarına atırlar bu addımları. Dediyim bu ki, məşhur iqtisadi termin “Demand and Supply” bizim ədəbiyyat adamlarında bir qədər başqa rəng alır bəzən. Yəni səndən tələb olunan başqa şeylər olur, amma sən həyəcanlanıb tamam başqa şeyləri təklif edirsən.

Kitab industriyasının formalaşmasına gəldikdə isə, bu məsələdə haqlısınız. Bir dəfə dəyərli dostumuz Seyran Səxavət “Mənim kitablarım 100 min tirajla çıxıb, indi siz heç 500-1000 tirajla satılmırsınız” janrında danışırdı. Dedim, “Seyran müəllim, bu, əla faktdır, sevindim, şükür Allaha, indi daha təcrübəli, daha usta yazıçısınız, oturun, bir roman yazın, 100 min yox, ikicə min tirajla satın kitabı, görək alınırmı”. Bu, bilirsiniz nəyə bənzəyir, 20 il qabaq AzTv aparıcılarının “O vaxt hamı bizə baxırdı” demələrinə. Əfəndim, zatən baxacaq digər kanal yox idi. İndi niyə baxmır hamı sizə? Həmin o dəm vurulan 100 min tirajları kitab sənayesi dağıdırdı, satışa elə 3-5 min nüsxə çıxırdı. İndi sənaye yoxdur, satışa çıxan nüsxə aşağı-yuxarı eynidir.

“QHT-lərin başında dayananların 80 faizi “sosial moşenniklərdir”, Ələtdə “Xocalı faciəsini tanıdaq” adlı layihə edənləri görmüşəm”

- Amma Sovet vaxtında oxucu ona sırınan kitabı, jurnalı, qəzeti oxuyurdu. İndi oxumaqdan kütləvi imtina var sanki.

- Axx bu Sovetlər, Sovetlər... Elə Nemət Pənahlı yaxşı eləyib dağıtdı SSRİ-ni. (gülür)

- Yox, həqiqətən, Sovet dövründə insanlar öz istəklərilə kitab alıb oxuyurdular. Dediyiniz sənayenin kitab dağıtımı, məcburi abunə kampaniyası filan daha çox qəzetlərdə olurdu.

- Burda başqa nəsnələr çıxır ortaya. O dövrdə ictimai sifariş ziyalı olmaq idi. İndi isə ictimai sifariş ziyalı deyil, alverçi olmaqdır. Sovet vaxtında hər 10 evin 8-də kitabxana vardı. Mənim oyuncaqlarım kitablar olub. Müharibə dövrünün uşaqlarıyıq biz, oyuncaq almağa imkanları da yox idi valideynlərimizin. Sözüm onda yox. Mən ziyalı ailəsində böyümüşəm. Çörəyimiz oxumaqdan, kitab-dəftərdən çıxıb. Amma çörəyi kitabdan çıxmayanların da evində kiçik də olsa kitab guşəsi olardı. Nədən ki, ictimai sifariş bu idi. İndi ictimai sifariş biznesdir, alverdir, şubadır.

- İndiki şərtlərdə biznesmen olmaq da mümkün deyil.

- Gəl söhbəti bir az səmimiləşdirək, daha aydın olsun. Şəxsən mənim qohumlarım maddi imkanı məndən artıq olan əmoğluma daha çox hörmət edirlər, nəinki mənə. Atıram, eyni məclisə mən də gəlirəm, digər həmyaşıd əmoğlum da. Mənimlə başlarıyla salamlaşırlar, ona isə qalxıb yer verirlər. Yəni məsələ bu qədər sadədir. Nə fəlsəfə açırıq ki burda? Və Azərbaycanın aşağı-yuxarı 90 %i mənim qohumlarımın qafasında, baxışında, dünyagörüşündə.

- Amma bir məsələ var ki, o cür imkanlı adamlardan fərqli olaraq, yazı, fikir adamı, konkret desək, şair, öldükdən sonra da xatırlanır, tarixdə qalır, düşüncələrdə yaşayır.

- Olsun. Amma mən heç o romantikayla, o arzuyla da yaşamıram...

- Arzulayıb-arzulamamağınızdan asılı olmayaraq, bu, reallıqdı. Şəhriyar del Gerani həyatda olmayanda da oxunacaq, seviləcək, xatırlanacaq. Amma imkanlı əmioğluların belə bir şansı yoxdu.

- Əlbəttə, o məşum müstəvidə bütün mal-mülk puç və əfsanədir. Zəlzələ anında biz necə davranırıq? Başımızı götürüb qaçırıq. İllərimizi sərf edib qazandığımız minlər, milyonlar dəyərində olan maddi zadlar heç ağlımızın ucundan da keçmir. İnsanlar tarixdə maddiyatıyla deyil, mahiyyətləriylə qalır. Zeynalabdin Tağıyevi milyonçu deyil, xeyriyyəçi kimi tanıyır, hörmətlə xatırlayır hər kəs. Amma aramızda qalsın, “Şəhriyar del Gerani həyatda olmayanda da oxunacaq, seviləcək, xatırlanacaq” söhbətində çox haqlısan (gülür). O, gerçəkdən böyük şairdir.

- Sualdan yayındıq deyəsən.

“Məlum şərtlər altında ləyaqətini qoruyub öz zəhmətiylə dolanmaqdan savayı çıxış yolu yoxdur bir qələm, elm, sənət adamının”

- Sual nəydi? (gülür)

- Şeir yazmaqla dolanmaq olurmu?

- Biz şeirlə dolanmırıq ki. Sən bir şair kimi, yazıçı kimi tanınırsan, sevilirsən, imzaya çevrilirsən, daha sonra səninlə işləməkdə maraqlı olur qurumlar. Qonorarla yazı istəyirlər məsələn.

- Nə yazısı?

- Köşə, reportaj, esse, tərcümə, bir sözlə, “Sovet sənayemiz nə istehsal eləsə...” (gülür)

- Yəni, şairliyin sizə gətirdiyi dividentlər yalnız bunlardır...

- Başqalarına deyə bilmərəm, şəxsən mənə, bəli. Sosial ehtiyaclarımı bu yolla qarşılayıram. Hərdən tərcümələr də olur, redaktələr də olur. Yəni klaviatura çərçivəsində dolanırıq. Məlum şərtlər altında ləyaqətini qoruyub öz zəhmətiylə dolanmaqdan savayı çıxış yolu yoxdur bir qələm, elm, sənət adamının. Amma mən üfüqlərdəki işığa hər zaman inanmışam. Hətta onu görməsəm belə...

- Yeri gəlmişkən, bu günlərdə Türkiyə səfəriniz oldu. Orada ədəbiyyatın, poeziyanın və şairlərin vəziyyəti necədir?

- Türkiyədə vəziyyət bizdəkindən çox fərqlidir. Məsələn, bizdə çoxlu sayda QHT-lər var, xeyli qrant alıb boş-boş layihələr adı ilə mənimsəyirlər illərdir. Bu QHT-lərin başında dayananların demək olar, 70-80 faizi “sosial moşenniklərdir”. Bu “moşşeniklərin” kim olduğunu rəhbərliklər də gözəl bilir. Di gəl, hansı ehtiyacdan, bilmirəm, nəyə görə onlara bu qədər şərait yaradılır. Deyəsən burda da “tələb və təklif” prinsipi məşhur “Günəş”i “Münəş” oxumaq məsələsidir. Türkiyədə işi peşəkarlara tapşırırlar. Məsələn, dəvət aldığım Beynəlxalq Festivala dünyanın 20 ölkəsindən şair gəlmişdi. Festivalı düzənləyən “Sancaq Media” idi. Maliyyəni isə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və Fatih Bələdiyyəsi ayırmışdı. Eyni zamanda 7 böyük şəhərdə başladı və davam etdi festival. Festival çərçivəsində bir çox yerlərdə olduq. O cümlədən festival düzənləyənlər qonaqları Türkiyə mədəni mühiti, tarixiylə əyani tanış edirdilər. Bu, xaricə hesablanmış bir projedir həm də. Necə ki, indi mən danışıram sizə, oxuculara, digər ölkədən gələn şairlər, yazıçılar da öz ölkələrinin mediasına bəhs edirlər bunları.

- Axı bizdə də bu cür tədbirlər keçirilir...

- Məhz “Keçirilir”, “Baş tutmur”. Bu tədbirlər harasa keçib gedir, effekt yoxdur. Festivalın açılış günü, tədbir sonrası italyan, macar, xarvat, irland və digər şairləri Azərbaycan arağının başına topladıq. Yəni “Made in Azerbayjan”nın təbliğatıydı bir növ (gülür). Zarafat eləmirəm, yerli firmalardan birinin istehsal etdiyi araq aparmışdım, içib heyran qaldılar. Yazar dostumuz Mətləb Muxtarovla birlikdəydik. Yəni Mətləb də dəvətliydi festivala, məclisdə də birlikdəydik. Xülasə, söhbət gəldi çıxdı işğal, qətliam mövzusuna, Xocalı faciəsi haqqında danışdıq. Məlum oldu ki, heç birinin xəbəri yoxdur bu qətliamdan. Hətta tam əks informasiyalarla çıxış etdilər. Məsələn, italyan şair belə dedi: “bildiyimə görə, siz illərlə ermənilərin torpaqlarında yaşamısınız və 90-cı illərdə onlar öz torpaqlarına sahib çıxıblar”. Yəni, bizim QHT-çilər, yaxud bu işdə məsul adamlar gedib Ələtdə, Biləsuvarda, Daşbırında Xocalı faciəsini “tanıdanda” nəticəsi belə olur.



- Bir az ədalətsiz yanaşma deyilmi? Axı yerli QHT-lər xaricdə də tədbirlər keçirirlər.

- Nə bilim. Yəqin onlar bu tədbirləri başqa “xaricdə” keçirirlər? Hər-halda bu il iki beynəlxalq festivalda iştirak etmişəm, 5 ölkəni də turist kimi gəzmişəm. Aşağı-yuxarı 40-50 millətin nümayəndəsiylə ünsiyyətdə olmuşam, bircə nəfər də bu mövzuda məlumatlı adama rast gəlmədim.

- Bəs Türkiyədə Azərbaycanı necə tanıyırlar? Ədəbiyyatımızdan siyasətimizə qədər, bizim barəmizdə nə bilirlər? Təmasda olduğunuz çevrələrdən ölkəmiz haqda nələr eşitdiniz?

“O boyda Bizans İmperatorluğundan Konistantinopolu alıb Osmanlının İstanbulu yapan bir dövlətlə, parçalana-parçalana gəlib bir ovuc qalan, onun da 20 faizini şəngülüm ermənilərə “uduzan” bir dövlətin vətəndaşı heç bir müstəvidə eyni deyil”

- Azərbaycana, Azərbaycan türklərinə münasibət birmənalı şəkildə yüksəkdir. Alimindən tutmuş baqqalçısına, yazarından taksi sürücüsünə qədər böyük hörmət gördüm həmişə olduğu kimi. Di gəl, rüşvətxorluğumuz gülüş hədəfidir, bu heç. Monopolist məmurlarımıza görə də xeyli utandım. Allah ciblərinə görə versin. Amin. Yol polislərimiz də sağ olsunlar, lətifə qəhrəmanlarıdır. Tam səmimi deyirəm, mənə xüsusilə ağır gələn ədəbiyyatımızın, kinomuzun təqib edilməməsi, tanınmaması oldu. Hər səfərdən qayıdanda depressiyaya düşürəm. Balaca bir qəsəbədə yaşayırıq sanki. Hərənin öz balaca dünyası var, hər kəs də öz balaca dünyasında xoşbəxtdir. Manıs bacı necə deyir? - “dünya bizim dünyamızdır”. Amma Türkiyəli qələm dostlarımıza narazılığımı bildirdim.

- Nə dediniz?

- Dedim, biz Türkiyə kinosunun Atıf Yılmazdan Yılmaz Güneyə, “Kış bekarı”ndan “Kış uykusu”na necə gəldiyini bilirik, romanın Yaşar Kamaldan Orxan Pamuka, şeirin beş hecaçı Çamlıbelindən toplumçuların İsmet Özəlinə necə yetişdiyini, keçid yerlərini bilirik. Amma siz Azərbaycan ədəbiyyatından, kinosundan, ümumiyyətlə mədəniyyətindən bunca xəbərsizsiniz. Çox mütəvazi şəkildə razılaşdılar və utandıqlarını ifadə etdilər.

- Burda bir məqam var. Türkiyə çox böyük dövlətdir. Adətən böyük dövlətlər kiçik dövlətlər haqqında kütləvi olaraq düşünmür, maraqlanmır. Onlar da özlərindən böyük, bir addım qabaqda olan ölkələrdəki prosesləri izləyir, onlarla yarışırlar.

- Əlbəttə, o boyda Bizans İmperatorluğundan Konistantinopolu alıb Osmanlının İstanbulu yapan bir dövlətlə, parçalana-parçalana gəlib bir ovuc qalan, onun da 20 faizini şəngülüm ermənilərə “uduzan” bir dövlətin vətəndaşı heç bir müstəvidə eyni deyil. Əziklik kompleksi belə aşılanır. Biz, xırda dövlətin vətəndaşı olaraq hər millətlə onun öz dilində danışmağa cəhd edirik – rusla rusca, ingilislə ingiliscə, italyanla italyanca və s. Amma mən heç bir Türkiyə türkünün belə kompleks keçirdiyini görmədim. Hətta onlar cəhd edirdi türkcə danışmağa. Ukraynadan, Macarıstandan, Moldovadan gələn yazarlar türkcədə danışırdılar bizimlə.

- İstanbul səfəriniz ciddi əks-səda doğurdu. İstərdim bu mövzuda daha detallı danışaq. Şeirə, musiqiyə həssas olan, televiziyası yetərincə peşəkarlaşan ölkədə sizin şeirinizin səslənməsi böyük nəticə idi.

- Festivalın açılış mərasimində mənə də yer ayırmışdılar. Çıxış etdim və “Dekabr” şeirimi oxudum. “Dekabr” şeirimi qələm dostumuz İmdat Avşar Türkiyə Türkcəsinə uyğunlaşdırmışdı aylar öncə. Xoşuma gəlmişdi. O üzdən elə həmin uyğunlaşdırılmış variantı oxudum. Hər biri sağ olsun dəyər verdikləri üçün. Şair İsmail Kılıçarslana da, Serdar Tuncere də, antalogiyaya o şeiri salmış, çap etmiş, gözəl dostum Saliha xanıma da dəruni təşəkkürlərimi bildirirəm. Əlbəttə yüksək dəyərdir mənim üçün. Həm də Sərdar bəy gözəl bir jest edibən şeiri Azərbaycan türkcəsində səsləndirdi.

- Azərbaycan sərhədlərini aşaraq, Türkiyəyə açıldız. Şeiriniz oxundu, təqdim olundunuz və sairə. Bunlar sizə nə vəd edir? Yəni təkcə özünüzün şəxsi planında deyil, ədəbi nəslinizə də bir sərhədlər açırmı, üfüqlər görünürmü, davamı olacaqmı? Və bu gün Azərbaycan yazıçıları, şairləri və müasir ədəbiyyatı bundan nə qazanacaq?

- Dostum, şair Qismətlə 36-cı Beynəlxalq İstanbul Kitab Yarmarkasında da iştirak etdik. Mənim dəvətli olduğum festival noyabrın 4-ü bitirdi, Kitab Yarmarkası da həmin günü başlayırdı. Burdan vədələşmişdik, mən qaldım İstanbulda, o da gəldi. Birlikdə maraqlı kitab alış-verişlərimiz, gəzintilərimiz oldu. Sağlığıma qismət, bir yaxşı palto da aldım (gülür). Ordakı dostlarla bir neçə layihə barəsində danışmışdıq. Elə Qismətlə həmin söhbətlərdə də olduq. Sağlıq olsun, yaxşı işlər olmalıdır. Anons belə olsun, təfərrüatları layihələr gerçəkləşəndə danışaram. Ən əsası bu ki, biz nə qədər maraqlıyıqsa bu işdə, qarşı tərəf də bir o qədər maraqlıdır. Ordakı dostlar da peşəkar qələm adamlarıdır. Birlikdə işimiz fundamental və maraqlı olacaq. Türkiyə-Azərbaycan mədəni əlaqələri genişlənməli, həqiqi müstəvi almalıdır. Başqa yolu yoxdur heç bir tərəfin. Mən ədəbiyyatın, sənətin dünyanı dəyişəcəyinə inanıram...

- Kitab çap olunacaqmı?

- Mütləq.

- Bu cür böyük poeziya tədbirindən sonra özünə münasibətdə dəyişiklik varmı? Şəxsinə, yaradıcılığına, başqa gözlə baxırsanmı?

- Mən nə yazdığımı bilən müəllifəm. Nəinki Azərbaycan, Türkiyə, “Dünya ədəbiyyatı” dedikləri nəsnənin harasında olduğumu da dəqiq bilirəm. Keçən il müsahibəmdə demişdim, ola bilər mənim şeirlərim bir alman oxucu üçün yad olsun, amma türkdilli oxucu üçün nə olduğundan əminəm. Nədən ki, mən türkdilli poeziyanın şairiyəm, türk təfəkkürünün şairiyəm. Belə də oldu. 3-5 şeir oxudum ümumilikdə, imza almaq üçün onlarla insan sıraya düzülürdü. Mən türk insanının içinin nəğməsini duya bilirəm. Və bu nəğmənin orijinal intonasiyasını tapmışam. Azacıq da olsa hissi, duyğusu, bədii təfəkkürü olan adam öz nəğməsini mənim şeirlərimin intonasiyasında eşidər-eşitməz diksinir, sehrə düşür. Bu, İlahi faktdır.

- Azərbaycanda gerçəkləşdirmək istədiyin ideya, proje varmı ağlında? Məsələn, şeir yazmaqdan başqa poeziya, ədəbiyyat üçün nələrsə etməyi planlayırsanmı? Hər halda yeni emosiyalarla dönmüsən İstanbuldan.

- Kitab industriyasının formalaşması üçün çalışıram. Adamlara oxu mədəniyyəti aşılamaq lazım. Kitabdan uzaq düşmüşük. Kitabsız cəmiyyətlərdə nicat yoxdur. APA Tv-də “2+2” adlı ədəbiyyat, mədəniyyət proqramımız yayımlanır. İstərdim oxucular o verilişləri izləsinlər. Hamısı yerləşdirilib youtube kanalımıza. Birmənalı şəkildə ölkədə alternativi olmayan və gərəkli proqramdır.

- Müsahibədə başqa şair-yazıçıları suçladın, tənqid etdin. Özündə hansı çatışmazlıqları, qüsurları görürsən?

- Xarici dil bilgilərim çox zəifdir. Tənbələm. Az yazıram.

“Mən nə yazdığımı bilən müəllifəm. Nəinki Azərbaycan, Türkiyə, “Dünya ədəbiyyatı” dedikləri nəsnənin harasında olduğumu da dəqiq bilirəm”

- Şəxsi həyatla bağlı suala reaksiyanla tanış deyiləm. Buna baxmayaraq, üzdə olan adamların özəl həyatı cəmiyyət üçün maraqlı olur, elə jurnalistlər üçün də. Oxucunu “Vətən, Millət, Sakariya” söhbətləri ilə çox bezdirməyək. Bildiyim qədər subaysan, indiyədək evlənməmisən. Bu, nə vaxtsa yaşadığın ayrılıqdan yaranmış travmanın təsirinin nəticəsidi, yoxsa evli kişilərin halını görüb, evlənmirsiz?

- Nə vaxt hiss etsəm ki, adiləşirəm, evlənəcəyəm. Hələ o qədər öz gözümdən düşməmişəm. Üstəlik, cəmiyyətdə cütlük qaramatları var. Bircə cütlük də tanımıram xoşbəxt, işıqlı. Hamı narazıdır, hamı sünidir, hamı onlayndır. Bu da məndə ürəkbulanma yaradır evliliyə qarşı. Uşaqlara da dözümüm yoxdu. Bütün günü zırıldayırlar. Zəhləm tökülər. Bir də cəmiyyətin onlayn olması məni iyrəndirir. Ümumiyyətlə onlayn olmaq bədbəxtlik göstəricisidir. Əgər bir insan gün ərzində yarım saatdan artıq sosial şəbəkədən istifadə edirsə, əmin olun ki, yazıq və bədbəxt adamdır. Ərkim çatan dostları yayındırıram bu mərəzdən. Çağdaş insanın başına gələn bütün bəlaların səbəbi onlayn olmaqdandır.

- Şeirində qadınları hansısa şəhərə, çaya falan bənzətmisənmi? Qadın mövzusu bütün şairlər üçün aktualdı. Səndə bu, hansı şəkildədi?

- Çox qeyri-poetik bənzətmə olardı. Qadın bütün çaylardan və şəhərlərdən baxımlıdır. Çayları və şəhərləri hansısa qadınlara bənzətmək daha şeirsi olardı. Amma mən estetəm. Bütün sevgi şeirlərimi şarmlı qadınlara yazmışam. Bircə nəfər də şarmsız, mənasız qadın yoxdur mənim şeirlərimdə. Ümumilikdə isə qadın ali zövq mənbəyidir mənim üçün. Tam səmimi deyirəm, bunca zamana qədər heç bir qadından pislik görməmişəm. Məncə qadın pislik etməyi bacarmayan varlıqdır. Zövq alacağım üç şey var – səyahət, yaxşı içkilər və seks. Bunlardan ən “heyrəteybüt”-ü seksdir. Ən yaxşı içkilərdən daha içməlisi, daha keyifləndiricisi. Bir az da metaforalarla danışım, deyəcəklər bu nə təhər şairdi bənzətməsiz danışır. (gülür) Üstəlik ən səyahət edilməlisi də elə seksdir. Qadın qədər səyahət edilməsi maraqlı olan məmləkət tanımıram...

- Cəmiyyət təxəllüsünlə də maraqlanır tez-tez. Nə deməkdir Del Gerani? Bu nə imzadı? Bir türk şair üçün, yetərincə yad deyilmi?

- Sonra da deyirlər “Füzuli rindü-şeydadı”. Taa olacaq da. Hələ Füzuli möhkəm adamdı vallah... (gülür)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler