» » "Yalvarırdım ki, anamı döymə" -

"Yalvarırdım ki, anamı döymə" - Əməkdar artistin oğlu

Bölmə: Mədəniyyət
"Yalvarırdım ki, anamı döymə" -
Xalqinfo.az xəbər verir ki, Əməkdar artist, Azərbaycan Dövlət Musiqili Teatrın aparıcı aktrisası Gülnar Salmanovanın oğlu Elçin Salmanovun Milli.Az-a müsahibəsi.

- Elçin bəy, Gülnar xanımın ölümündən artıq 2 il keçdi. Ananızın yoxluğunu daha çox hansı hallarda hiss edirsiniz?

- Anamın hər zaman evdə yeri görünür. Mən hələ də inanmıram ki, o həyatda yoxdur. Elə bilirəm ki, işə gedib, nə vaxtsa qayıdıb gələcək. Onun yoxluğu ilə hələ də barışa bilmirəm. Anam mənim arxam, dayağım, bir sözlə hər şeyim idi. Nə qədər acı da olsa hiss edirəm ki, anam, arxam yoxdur. O, mənə həm ana, həm də ata olub. Biz ana-baladan başqa həm də çox yaxın dost idik. Bütün dərdimi-sirrimi onunla bölüşürdüm.

- Tək böyütmüşdü sizi?

- Bəli, mən evin yeganə övladı olmuşam. Bacım-qardaşım olmayıb. Onun məndən, mənim də ondan başqa heç kimim yox idi.

- Biz onu aktrisa kimi səhnədən tanıyırdıq. Bəs evdə necə biri idi?

- Çox səmimi, gözəl bir insan idi. O, məni çox gözəl tərbiyə edib, təhsil verib. Nə qədər mülayim idisə, bir o qədər də zəhmliliyi var idi. "Montin" kimi bir yerdə uşaq böyütmək elə də asan deyildi. O, mənim gələcəyimi özüm də bilmədən qurmuşdu. Dərslərimlə də məşğul olurdu, məktəbdə valideynlər iclasına da gedirdi. Mənə qətiyyən çətinliyi hiss etdirməyib. Gözündən bir anda olsa uzağa qoymayıb məni. Məktəbdən götürüb teatra gətirirdi məni. O, tək qadın olaraq valideyn borcundan çıxmağı bacarmışdı.

- Məktəbdə bilirdilər ki, məşhur aktrisanın oğlusunuz?

- Əlbəttə bilirdilər. Hətta anamla küçədə gəzəndə ona "Feliçita" deyə müraciət edirdilər. Anamın adından heç vaxt istifadə etməmişəm. Hamı necə, mən də elə.

- Ananızla uşaq olarkən teatra da getdiyinizi bildirdiniz. Xatirələrinizdə teatrla bağlı nələr qalıb?

- Demək olar ki, mən uşaqlıqdan teatrda böyümüşəm. Hər dəfə səhnənin qabağındakı oturacaqda oturub tamaşalarına baxırdım. Elə tamaşası yox idi ki, mən ona baxmayım. Anam teatrda çox korifey sənətkarlarla tərəf müqabili olub. "O olmasın, bu olsun" tamaşasında anam aktyor Atabala Səfərovla tərəf müqabili idi. Orada belə bir səhnə var ki, Atabala müəllim çubuqla anamın arxasınca düşür, onu vurur. Uşaq idim, səhnədə baş verənləri gerçək hesab etdim. Qışqıraraq ağladım ki, anamı vurma (gülür).

- Gülnar xanımın sənət yoldaşlarıyla münasibəti necə idi?

- Anam hamıyla çox mehriban idi. Elə bir insan yox idi ki, onun xətrini istəməsin. Böyüklə-böyük, kiçiklə-kiçik idi. Onun ağayana, ağır təbiətli xasiyyəti var idi. Heç kimin arxasınca danışmazdı, sözü düz o insanın üzünə deyərdi.

- Hansı xasiyyəti sizə keçib?

- Demək olar ki, bütün xasiyyəti. Çünki anam da şir bürcü idi, mən də şir bürcüyəm. Şir bürcü dostluğu, mərdliyi xoşlayır.

- Təbii ki, bir qadın üçün tək övlad böyütmək elə də asan deyildi. Hansı çətinliyi sizə hiss etdirib?

- O, heç bir çətinliyi mənə hiss etdirməyib. Bəlkə də ürəyində çəkib, çünki tək qadın idi. Amma elə bir şey olmadı ki, mən əlimi qoyum ki, bundan istəyirəm, o desin ki yox, olmaz!

- Xəstəliyini əvvəllər hiss etmişdiniz?

- 21 il idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. 2012-ci ildə isə böyrəkləri fəaliyyətini dayandırdı. Həkimlə danışanda isə sol döşündə xərçəngin olduğunu dedi mənə. Təsəvvür etməzsiniz ki, bu bəd xəbərləri eşitmək mənə necə pis təsir etdi. Böyrək köçürmə əməliyyatını fikirləşirdik, amma şəkər xəstəsi olduğu üçün bu əməliyyatı etdirə bilməzdik. Hətta donor da tapmışdım. Onun özünə bu xəstəliklərə tutulduğunu deməmişdik. Ona görə həmişə sağalacağına ümüd edirdi.

- Yəqin ki, teatrda və həyatda çəkdiyi o çətinliklər, əzab-əziyyətli günlər idi ki, illər sonra bu xəstəliklərlə biruzə verdi.

- Əlbəttə. Onun oynadığı rollar da çox çətin idi. O, bütün rollarında hiss-həyəcanlarını ortalığa qoyurdu. Elə bir tamaşası yox idi ki, yola versin. O, xəstə olanda mən də işimlə bağlı bir az ondan uzaqda oldum. Yenə də mənə əziyyət vermək istəmirdi.

- Teatrdan qazandığı nə oldu?

- Gülnar xanım 1982-ci ildən teatrda idi. Ömrünün sonuna kimi də teatrda oldu. Elə bir rayon yox idi ki, anam orada qastrol səfərlərində olmasın. Mən onunla bütün rayonlarda olmuşam. Elə olurdu ki, bir aydan çox qastrol səfərinə gedirdik. 1993-1997-ci illər teatrın çox çətin dövrləri idi. Hər gün anam qızdırma, şəkər xəstəliyi demədən tamaşalarda oynayırdı. Teatrın yükünü çiyinlərində bir neçə həmkarı ilə birlikdə daşıyırdı. Teatrdan qazandığı isə tamaşaçı alqışı və sevgisi oldu.

- Ölümündən sonra sosial şəbəkələrdə sizin haqqınızda xoşagəlməz sözlər yayıdı. Bir çoxları sizi ananıza baxmamaqda günahlandırdı. Sizin mətbuata müsahibə verməməyiniz isə bu şayiələri daha da genişləndirdi.

- Bu şayiələri bilmirəm kimlər nə məqsədlə yayırdılar. Bir oğul anasına, atasına qulluq edirsə, onu reklam etməməlidir. Mən bu kimi hallardan uzaq idim. Gülnar xanım tanınmış aktrisa olduğu üçün bu cür şayiələr yayılırdı. Ola bilər ki, işimlə əlaqədar olaraq yanına gec-gec gəlirdim, amma maddi cəhətdən onu təmin edirdim, vaxtı-vaxtında həkimə müayinəyə aparırdım. Ona baxıcı və sürücü də tutmuşdum.

- Bu şayiələr sizə necə təsir edirdi?

- Əlbəttə ki, pis. Mən onların heç birini qınamıram. Bu şayiələri yayanlar məni, az da olsaydı, tanısaydılar, bu cür etməzdilər.

- Özünüzü nədə günahlandırırsınız?

- Alın yazısından qaçmaq mümkün deyil. Bilsəydim ki, sağalacaq lap günlərdir gəlib yanında qalardım. Amma bilirdim ki, bu, heç nəyi dəyişməyəcək.

- Buna görə sizdən incidiyi vaxtlar olurdu?

- Bəli, bəzən küsürdü. Deyirdi ki, uşaqları gətir görmək istəyirəm. Gətirə bilməyəndə isə inciyirdi. Çünki xəstə adam uşaq kimi kövrək olur.

- Amma Gülnar xanım xəstə vəziyyətində də çox həyatsevər insan idi.

- Bəli, hələ bir dəfə anamın dilindən eşitmədim ki, ölmək istəyirəm. O, ölümdən qorxmurdu. Gülə-gülə də həyatdan köçdü.

- Deyirlər, çox gülən insanın çox dərdi olar. Heç onu ağlayan vəziyyətdə görmədiniz?

- Xeyr, heç vaxt. Son vaxtlar canı bərk ağrıyırdı. Bu zaman bəzən ağlayırdı. O, çox mərd qadın idi.

- Son günlərini necə xatırlayırsınız?

- Ölümündən bir gün əvvəl zəngləşdik, mən yenə də adəti üzrə işimlə əlaqədar uzaqda idim. Mənimlə çox pozitiv danışdı, hətta gülə-gülə. Balaca qızımı - Gülnarı soruşdu. Gülnara öz adını vermişdi deyə onu digər iki övladımdan daha çox istəyirdi. Səhəri gün baxıcısı zəng etdi ki, qəfildən halı pisləşib, süni aparata qoşublar. Biz Bakıya çatandan bir neçə saat sonra isə dünyasını dəyişdi. O, bizim evdə heç vaxt unudulmur. Həmişə xoş xatirələrlə xatırlanır, yad olunur. Böyük oğlumun adını da anam Elgün qoymuşdu. Çox təəssüf edirəm ki, o, sonuncu nəvəsini - Harunu görmədi.

- Gülnar xanımın ölümündən sonra sənət yoldaşlarından laqeyd münasibət gördünüz?

- Teatr aləmində vəfalı insanlar da olub, vəfasızlar da. Anamın ölümünün 2-ci ildönümü günü gözüm elə hey telefonda qaldı ki, rəhbərlik başda olmaqla kimsə zəng edib başsağlığı verər. Amma bir insan da zəng etmədi. Buna görə də mən həmin teatrdan incik düşmüşəm.

- Hal-hazırda Gülnar xanımın son günlərini keçirdiyi evində yaşayırsınız. Bu evdə hansı xatirələriniz qalıb?

- Bəli, bu, həmin doğulduğum evdir. Bu evin hər küncündə uşaqlığımla bağlı xatirələr yatır. Qışda qapıları bağlayıb kameni yandırardıq. Eh, o günlər üçün bir bilsəniz, nə qədər darıxmışam.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler