» » Hüseyn Cavid ABŞ-da tədris olunacaq

Hüseyn Cavid ABŞ-da tədris olunacaq

Bölmə: Mədəniyyət
Hüseyn Cavid ABŞ-da tədris olunacaq
Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 132-ci ildönümü ilə bağlı ənənəvi növbəti yığıncaq AMEA Hüseyn Cavidin Ev Muzeyinin və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin (YİH) birgə təşkilatçılığı ilə ədibin abidəsi önündə keçirilib.

ANS PRESS-in məlumatına görə, tədbirdə Cavidşünaslar, musiqişünaslar, bədii qiraət ustaları çıxış edeərək, bir sıra dövlət və mədəniyyət xadimləri iştirak ediblər. Tədbir iştirakçıları H.Cavidin abidəsinin önünə tər güllərdən hazırlanmış əklillər qoyublar.

Bakı şəhəri Yasamal İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov tədbiri giriş sözü ilə açaraq dramaturqun həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqda ətraflı məlumat verib. Daha sonra akademik Teymur Kərimli çıxış edərək Hüseyn Cavidin keşməkeşli həyat yolu, XX əsr Azərbaycan dramaturgiyasının inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb.

Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı bildirib ki, Hüseyn Cavidin yaradıcılığı, onun zəngin irsi təkcə ölkəmizdə yox beynəlxalq səviyyədə tədqiq və təbliğ olunur. Bu il Hüseyn Cavidin Ev Muzeyinin təşəbbüsü ilə ingilis dilinə tərcümə edilmiş “Şeyda” və “Topal Teymur” əsəri ABŞ-ın Çikaqo Universitetində tədris olunacaq. Bu il isə H.Cavidin istedadlı qızı, Cavidlər ailəsinin layiqli davamçısı olan Turan Cavidin anadan olmasının 91-ci ildönümü münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyinin “Turan Cavid. Ömür salnaməsi” adlı kitabı işıq üzü görüb. Kitabda T.Cavidin Ümummilli lider H.Əliyevə ünvanladığı məktubları, Ulu Öndərin T.Cavidə yubiley münasibətilə göndərdiyi təbrik məktubları, Hüseyn Cavidin Ev Muzeyinin açılışında H.Əliyevin xatirə kitabına yazdığı ürək sözləri, T.Cavidin tərcümeyi-halı, həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkilləri, T.Cavidin qeyd dəftərindən olan əlyazmaları, diplomları, təltifləri, təbrik məktubları, avtoqrafları, bir sözlə bütün həyatı və yaradıcılığını əks etdirən fotolar və başqa sənədlər araşdırılaraq təqdim edilib.

O söyləyib ki, Hüseyn Cavidin Ev Muzeyinin bu əziz günə olan hədiyyələri bununla bitmir. Cavidlər ailəsinin ensiklopedik zəkası Ərtoğrol Cavidin 1938-1941-ci illərdə prof. Ü.Hacıbəylinin və prof. Bülbülün rəhbərliyi altında Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı müddətdə toplayıb təhlil etdiyi əlyazmalar əsasında Hüseyn Cavidin Ev Muzeyi 10 cilddə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyini 2011-ci ildə nəşr etdirmişdir. Bu il, eyni zamanda Ə.Cavidin 95 illiyi münasibətilə toplunun növbəti 3 cildi olan “Balaman məktəbi”, “Ərtoğrol Cavidin nota köçürdüyü el mahıları” və “Ərtogrol Cavidin yarımçıq qalmış musiqi əsərləri” kitabları da hazırlanıb çapa təqdim edilib.

Tanınmış cavidşünas alim Kamran Əliyev, xalq şairi Nəriman Həsənzadə, İstanbul Azərbaycan Kültür Evinin rəhbəri, şair Hikmet Elp, H.Cavidin nəşinin Sibirdən vətənə gətirilməsində yaxından iştirak edən Həmid Cəfərov, Hüseyn Cavid ədəbi məclisinin rəhbəri, Kamalləddin Qədim çıxış edərək H.Cavidin nəsillərə örnək olacaq zəngin və təkrarsız yaradıcılığının zaman keçdikcə daha çox aktuallıq kəsb etdiyini bildirdilər və xalqımızı bu əziz gün münasibətilə təbrik ediblər.

Tədbir konsert proqramı ilə davam edib. Xalq artisti Mələkxanım Əyyubovanın, əməkdar artist Nuriyyə Hüseynovanın ifasında H.Cavidin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib. Cavidsevər Qəndab Əhmədova H.Cavidin şeirlərindən parçalar səsləndirib.

Sonda “Turan Cavid: Ömür Salnaməsi” kitabının təqdimat mərasimi keçirilib və kitab tədbir iştirakçılarına hədiyyə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler