» » Aristotel məntiqini alt-üst edən millət vəkili

Aristotel məntiqini alt-üst edən millət vəkili

Bölmə: Mədəniyyət, KİTAB ALƏMİ, BLOK XƏBƏR, MANŞET
Aristotel məntiqini alt-üst edən millət vəkili
Bu yazını 2008-ci ildə yazmışdım və kitabımda yayımlanmışdı.

Onda Lütfi Zadə hələ Azərbaycana gəlməmişdi. Onunla ABŞ-da Kaliforniyada görüşüb geniş söhbət etmişdik. Bir azərbaycanlı olaraq onunla qürur duydum hər zaman. Çünki o riyaziyyat elminin dahilərindən biridir. Bu yazını nədən təkrar paylaşırsan deyə maraq edə bilərsiniz. Çünki bu məşhur azərbaycanlı vəsiyyət edib ki, onu Azərbaycanda yəni doğma Vətənində dəfn etsinlər! Açıqcası mən bunu oxuyanda Lütfi Zadəni yaxından tanıyan bir insan kimi çox duyğulandım.

Onun sağalması üçün dua edək. Onun varlığı bu millətə ancaq baş ucalığı gətirir. Niyəsini bilməyənlər bu yazını oxusunlar. Sosial şəbəkələrdə "o Azərbaycan üçün nə edib?" deyən bəzi insanlar belə şəxsiyyətlərin varlığının millət üçün nə qədər önəmli olduğunu bilmək üçün ən azı onun kim olduğunu oxuyun. Çünki bəzi insanlarda bu cür yanaşmanı görmək üzücüdür.

Lütfi Zadənin Azərbaycana gözəl səfəri, ona ölkəmizin rəhbəri və bütün xalqımız tərəfindən göstərilən böyük sayğı, bu səfərin dünyada əks-sədası yaddaşlardan çıxmayıb. 1921-ci ildə Bakıda doğulan Lütfi Zadə azərbaycan gəncləri üçün ən gözəl rol modellərin önündə gedir.

Çünki bir millətin inkişafı elmlə, biliklə olur xurafatla deyil. Bir də Lütfi Zadə elə böyük bir şəxsiyyətdir ki Azərbaycanda torpağa qoyulanda da (Allahdan sağlamlığına qovuşması üçün dua edirik) Vətəninə baş ucalığı gətirəcək. Və Azərbaycan hər zaman olduğu kimi ona sevgi ilə yanaşmaqda davam edəcək. Çünki o Azərbaycanın da bir parçası olan dünyada elmin imkişafına misilsiz töhvələr verib. Və bunu sadə bir azərbaycanlı edib -Lütfi Zadə! Lütfizadənin bu vəsiyyəti isə son anda belə Vətəninə dəyər verməsidir. Ona Allahdan bir daha sağalmasını diləyirik və bizim üçün çox dəyərlisiniz, siznlə fərxr edirik əziz Lütfi Zadə deyirik. O həyatda tanıdığım ən sadə adamlardan biri idi. Ondan öyrənməyə çox şey vardı və var.


Dahi və sadə Azərbaycanlı - Lütfi Zadə


(Qənirə Paşayeva, ABŞ, 2008-ci il)


Onun elmdə inqilaba səbəb olan qeyri-səlis məntiq nəzəriyyəsinə qədər Aristotel məntiqi ilə mühakimə yürüdən beyin, dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır. Lütfi Zadə məntiqi isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. O, öz məntiqi və nəzəriyyəsi ilə dünya elmində də, insanın həyata fəlsəfi baxışında da çox böyük inqilab etdi... Bu nəzəriyyə insanı dünyanı daha rəngarəng görməyə, qavramağa və bununla da gərgin dünyanı daha da gərginləşdirməməyə, özünün və başqalarının həyatını yüngülləşdirməyə çağınr və yollarını göstərir.

Bu, elmdə elə böyük bir inqilab idi ki, elmi yeniliklərə və inkişafa xüsusi diqqət verən ABŞ-da 20 ilə yaxın müddət ərzində elmi çevrələr bu nəzəriyyəyə soyuq və ehtiyatla yänaşdılar. Çünki L.Zadənin çoxmənalı (kəsilməz qiymətli!) məntiqi Aristotelin ikili (binar) məntiqini sözün həqiqi mənasında alt-üst edirdi. Aristotel deyirdi ki, bir müddəa ya doğru, ya da yalan ola bilər. L.Zadə isə sübut edirdi ki, hər bir müddəanın doğruluq dərəcəsi doğru ilə yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. Bu məntiqdə tolerantlıq, dözümlülük daha çoxdur, ittiham, günahlandırma daha azdır. Bu məntiqdə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var. O, qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə elə bir inqilab etmişdi ki, onun nəticələrindən eyni zamanda iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də geniş istifadə oluna bilərdi. Necə ki bu gün çox geniş istifadə olunur. Onun qeyri-səlis məntiq nəzəriyyəsinə aid elmi işlərini oxumaq, öyrənmək, məncə, bu gün siyasətlə məşğul olan insanlar, insan psixologiyası ilə məşğul olan mütəxəssislər, həkimlər və s. üçün çox əhəmiyyətli ola bilər. Məsələn, Aristotel məntiqinə görə, bir adam ya dostdur, ya düşmən. L.Zadə məntiqinə görə isə dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn: tanış, neytral, çox yaxın dost, maraqlar dostu və s.). Onun bu nəzəriyyəsi təkcə elm adamları üçün maraqlı deyil. Əslində hər bir insan, hər bir siyasətçi və başqa peşə sahibi də onun bu nəzəriyyəsindən geniş yararlana bilər. Elə mənim kimi...

Onun haqqında çox oxumuşdum. Elmə gətirdiyi yeniliklər, dünyanın bu yeniliklərdən əldə etdiyi böyük nəticələr və qazanclar içimdə bu dahi alimlə görüşmək, onunla nəzəriyyələri ilə bağlı fikir mübadiləsi aparmaq, çoxlu suallarıma cavab almaq istəyi doğurmuşdu. Çünki bir azərbaycanlı olaraq, bu dahi azərbaycanlı ilə sözün əsil mənasında fəxr edirdim!

Hər bir millət dünyaya, bəşər tarixinə bəxş etdiyi böyük insanları ilə fəxr edir. Bü cür insanlar təkcə öz milləti üçün deyil, bütün dünya və insanlıq üçün böyük işlər görür və öz adı kimi, millətinin də adını tarixə yazır. Bəzən bir insan bir millətin dünyaya tanıdılmasında çox böyük rol oynayır və ya oynaya bilər.

Mehriban və sadə insan

Həmyerlimiz O.Babazadənin və M.Səmədin çəkdiyi çox gözəl bir film «Uzaq və yaxın Lütfi Zadə» filmini seyr etdikdən sonra onunla təkcə dahi alim kimi elmi işlərindən deyil, bir azərbaycanlı kimi də səmimi söhbət etmək istəyirdim. Onunla uzun illərdir yaşadığı və fəaliyyət göstərdiyi ABŞ-ın Kaliforniya Ştatında tanış olduq. Qarşımda bəzilərinin düşündüyü kimi soyuq və uzaq amerikalı alim L.Zadə yox, mehriban və yaxın, sadə azərbaycanlı L.Zadə dayanmışdı. Bu insanda məni ilk heyrətləndirən həddən artıq sadəlik və mehribanlıq idi. Bir neçə dəqiqə ərzində dostlaşıb çox mehribancasına söhbətə başladığımız bu insan adı dünya elminin nəhəngləri ilə bir sırada çəkilən bir alim, qeyri-səlis məntiqin atası hesab olunan Lütfi Zadə idi. Həddən artıq səmimi və mehriban Lütfi Zadə...

Aristotel məntiqini alt-üst edən millət vəkili


















Dünya elmində inqilab edən dahi azərbaycanlı

Maraqlıdır ki, uzaq San-Fransiskoda milli mətbəximizin ən gözəl təamlarının olduğu bir restoranda masa arxasında Azərbaycandan gəlmiş millət vəkilləri, Los-Ancelesdəki baş konsulumuz və konsulluğun əməkdaşları, bir sözlə, soydaşları arasında olmaqdan və söhbətlərdən çox razı görünürdü. Elə biz də... Bu, bizim üçün Kaliforniyada keçirdiyimiz görüşlərin bəlkə də ən maraqlısı idi. Azərbaycanla bağlı çoxlu suallar verirdi. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vəziyyətin nə yerdə olması, Azərbaycanın inkişafı, iqtisadi potensialı, ölkəmizin keçdiyi yol, elm, mədəniyyət və bir çoxlu sahələrdə müzakirələr edirdik. Görüş saatlarla davam etdi. Heç kəs ayrılıb getmək istəmirdi. Bizim üçün də onunla söhbət çox maraqlı idi. Masada yerimiz yanaşı olduğundan onunla daha çox söhbət etmək imkanım vardı və bu dahi alimi, azərbaycanlını daha yaxından tanımaq istəyirdim.

Onun uşaqlığı Azərbaycanın ən ağrılı dövrlərinə təsadüf edib. 1921-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindəndir. Azərbaycanlılar üçün ən müqəddəs şəhərlərdən biri, onun və mənim üçün çox doğma olan Ərdəbildən danışdıq, bir az da doğmalaşdıq.

Bakıda 16 saylı məktəbin şagirdi olub. Elə uşaqlıqdan bütün gününü kitablarla keçirirmiş. Evlərindəki böyük kitabxana onun ən sevimli yeri olub. Onu görənlər və tanıyanlar, ailənin yaxın insanları bütün gününü kitab oxumaqla keçirən bu istedadlı oğlanın böyük gələcəyi olacağını deyirmiş. Amma çox kiçik yaşlarında, daha doğrusu, 9 yaşı olanda ailəsi ilə birlikdə Bakını tərk etmək məcburiyyətində qalıb. Ailəsinin təkrar İrana qayıtmasına səbəb 1932-ci ildə SSPİ-nin tətbiq etdiyi yeni qaydalar olub.

Bu qaydalara görə Cənubi Azərbaycanda olan Azərbaycanlılar ya sovet vətəndaşlığı qəbul etməli ya da ölkəni tərk etməli idilər... Sovetlərin həyata keçirdiyi bir çox addımlardan narazı olan ailə İrana köçür (Amma Bakıda yaxın qohumları qalır və L.Zadənin onlarla əlaqələri bu günə qədər davam edir). Və onun həyatında yeni mərhələ başlayır...

Amerika... Böyük arzu və elmi inqilablara aparan yol

Amerikanı çox sevir. Uzun illərdir fəaliyyət göstərdiyi Berklidəki Kaliforniya Universiteti onun üçün həddən artıq əzizdir. Buranı həyatının bir parçası bilir. O, hazırda Berkli Universitetinin Kompüter elmləri kafedrasının ömürlük professoru seçilmiş yeganə şəxsdir və azərbaycanlıdır. Fəxr etməyə dəyər!

Amerikaya gəldiyi ilk illərdən qeyri-səlis məntiq nəzəriyyəsinin yaranmasına qədər keçdiyi yolu soruşuram. Xəyala dalır. Sonra masanın üstündəki milli mətbəximizin şahı olan plovdan yeməyimi məsləhət görür və əlavə edir ki, Azərbaycan mətbəxini çox sevir, bizim mətbəximiz dünyanın ən ləzəttli mətbəxlərindən biridir.

Bakıdan Tehrana köçəndən sonra ailəsi onu İranda amerikalıların Abors missioner məktəbinə qoyub. Artıq Tehran Universitetində oxuduğu illərdə Amerikada elmin inkişafı üçün daha yaxşı şəraitin olduğu və gələcək fəaliyyətini bu ölkəylə bağlamaq barədə düşünür. 1944-cü ildə Birləşmiş Ştatlara gələn Lütfi Zadə öz həyatını həmişəlik bu ölkə ilə bağlayır. Onu beynəlxalq aləmə tanıdan ilk işi isə qeyri-stasionar dövrələrin tezlik analizi məsələsi olur. 1952-ci ildə Ç.Raqassini ilə birlikdə Vinerin ekstrapolyasiya nəzəriyyəsinin maraqlı ümumiləşməsini təklif edir. Elə həmin il də diskret sistemlər üçün Z-çevirmə metodunu işləyir. Artıq 1957-ci ildə o, elektrik mühəndisliyi sahəsində Kolumbiya Universitetinin professoru olur və kibernetikanın atası hesab olunan məhşur alim Norbert Vinerin tövsiyəsiylə Kaliforniyaya köçür. Berklidəki Kaliforniya Universitetində kompüter elmləri və elektrotexnika kafedrasına başçılıq edir. 1963-cü ildə idarəetmə nəzəriyyəsini kökündən dəyişdirən vəziyyətlər fəzası yanaşmasını təklif edir və Çarlz Dezoirlə birlikdə «Xətti sistemlər nəzəriyyəsi» kitabını nəşr etdirir. Beləliklə, 1960-cı illərin ortalarında L.Zadə sistemlər nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyələri və onların tətbiqi sahəsində ən tanınmış mütəxəsislərdən birinə çevrilir. 1965-ci ildə isə qeyri-səlis çoxluqlara aid “Fuzzy Sets” elmi məqaləsini dərc etdirdikdən sonra isə onu artıq bütün dünyanın elm çevrələri tanıyırdı. Onun bu işi bütün dünyada böyük rezonansa səbəb olmuşdu və elmdə yeni istiqamətin əsasını qoymuşdu. O, elmi araşdırmalarla sübut edirdi ki, təbii dilə əsaslanan real insan mühakimələri ənənəvi riyazi formalizmlər çərçivəsində verilə bilməz. Onun bu elmi yeniliyi, inqilabı ilk zamanlar riyaziyyatçılar arasında soyuq və ehtiyatla qarşılansa da bir neçə il sonra bütün dünya ondan yararlanmağa başlayıb.

Lütfi Zadənin qeyri-səlis məntiqi və ya dünya elmində inqilab

Süfrəyə çay gəlir. Azərbaycanda insanların onu yaxşı tanıdığını və fəxr etdiyimizi deyirəm. Sonra da soruşuram ki, niyə Azərbaycana gəlmir? “Gələrəm”, deyir və işlərinin çoxluğundan, dünyanın müxtəlif yerlərində keçirilən elmi konfrans və simpoziumların sıxlığından şikayətlənir. İlin böyük çox hissəsini Avropada elmi konfranslarda, toplantılarda iştirak etdiyini deyir. Millət vəkillərimiz və baş konsulumuz da daxil olmaqla onu tezliklə Azərbaycanda görmək istədiyimizi, onun fikir və söhbətlərinə elmi ictimaiyyətlə yanaşı insanlarımızın da ehtiyacı olduğunu deyirik. Zarafatla, “cənab Lütfi Zadə, siz ilk növbədə bir azərbaycanlı olaraq tez-tez gəlməlisiniz”, deyirəm. O da hamımıza gələcəyinə dair vəd verir...

Sonra söhbət yenidən Lütfi Zadəyə dünya şöhrəti, aparıcı dünya şirkətlərinə isə böyük məbləğlərdə gəlir gətirən qeyri-səlis məntiq nəzəriyyəsinin keçdiyi keşməkeşli yola gəlir...

1965-ci ildən hazırlanan nəzəriyyə Amerika elmi ictimaiyyəti tərəfindən soyuq və ehtiyatla qarşılanıb. Amma elmi inqilab və yeniliklərdən məharətlə istifadə edən yaponlar bu elmi inqilabı diqqətindən kənarda qoya bilməzdilər və qoymayıblar. 1980-ci illərdən başlayaraq, yapon alimləri bu elmi inqilabdan yararlanmağa başlayıblar. Bu nəzəriyyənin tətbiqi Yaponiyaya milyardlarla dollar qazandırıb. Bu gün də Yaponiyanın «Mitsubişi», «Toşiba», «Soni», «Kanon», «Sanyo», «Nissan», «Honda» və digər nüfuzlu şirkətləri Lütfi Zadənin elmə gətirdiyi nəzəriyyə və yeniliklərdən foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilər istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Hazırda Yaponiyanın «Umtaçi», «Mitsubişi», «Toşiba», «Soni», «Orison», «Kanon», «Riqo», «Sanyu» kimi tanınmış şirkətləri Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edib böyük iqtisadi gəlir götürürlər. Məsələn, Yaponiyada «Panasonik» və «Kvassar» adı altında mallar istehsal edən «Mitçüsita» şirkəti qeyri-səlis texnologiyanın tətbiqindən sonra milyardlarla dollar gəlir əldə etmişlər. Amerikalılar Yaponlardan bir az gec qalsalar da onlar da Lütfi Zadə nəzəriyyəsindən geniş yararlanırlar. Amerikanın dünyaca məhşur şirkətləri «General Motors», «General Elektrik», «Motorola», «Düpont», «Kodak» öz istehsalatlarında bu nəzəriyyədən geniş istifadə edirlər. Onun nəzəriyyəsindən Avropada da çox geniş istifadə olunur. Məsələn, Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobalar istehsal edilir. Avropada çoxlu sistem və qurğular, xüsusi «ağıllı» ekspert sistemlər hazırlanır.

Qurani-Kərim və qeyri-səlis məntiq nəzəriyyəsi

Lütfi Zadənin ən böyük xidməti klassik riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verməsidir - qeyri-səlis çoxluqları təklif etməsidir. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı! Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yarandı. Onunla bağlı oxuduğum yazılarda maraqlı bir ifadə vardı. «O, elmdə elə böyük bir inqilab etdi ki, bu nəzəriyyə yayılma surətinə və əhatə dairəsinə görə elmdən çox dini xatırladır”. Razılaşmamaq mümkün deyil. Çünki bu gün dünyada belə bir elm sahəsi yoxdur ki, hər il 10-larla beynəlxalq konfranslar təşkil olunsun, 50-dən çox elmi jurnal nəşr olunsun. Bu, Lütfi Zadənin yaratdığı qeyri-səlis məntiq sahəsidir! Fəxr ətməyə dəyər!
Bu gun dunya iqtisadiyyatının elmi əsasında duran klassik və neoklassik iqtisadi nəzəriyyə əsasən heç də rasional olmayan bir postulata, müddəaya söykənir. İqtisadi aləmdə iştirak edən bütün insanlar, qərar qəbul edənlər rasionaldır. Bu o deməkdir ki, əgər qərar qəbul edən istehsalçıdırsa o, özunun, öz firmasının gəlirini maksimallaşdırır, əqər istehlakçıdırsa, öz faydalılığını, öz istəklərini maksimallaşdırır. Yəni, eqoistik yanaşma. Bəs başqalarının mənafeyi, başqalarının istəyi, bəs altruizm xüsusiyyətləri? İqtisadiyyat sahəsində Nobel mükafatçıları D.Kahneman, G.Akerlof və başqaları bu gün dünyada klassik və neoklassik iqtisadi nəzəriyyələrin özünü doğrultmadığını qeyd edərək yeni, daha adekvat iqtisadi nəzəriyyənin yaranmasına böyük ehtiyac olduğunu irəli sürmüşlər. Davranış iqtisadiyatında iqtisadi proseslərdə iştirak edən bütün insanların, bütün qərar qəbul edənlərin sosial normaları, daxili motivasiyaları, məsələn, onların dürüstlüyü, tək özünü yox, həm də başqalarının faydasının gudulməsi, altruizmi və s. nəzərə alınmalıdır. Bəs nəcə? Məlumdur ki, istənilən nəzəriyyə real həyatın deyil, onun modelinin üstündə qurulur. Bəs yeni iqtisadiyyatın əsası olacaq belə modeldə yuxarıda sadaladığımız insanın davranış xüsusiyyətlərini necə nəzərə almaq olar? Axı onlar pulla ölçülə bilmir (klassik və neoklassik iqtisadiyyatda maksimallaşdırılan gəlir və faydalılıq pulla ölçülür).

Bax, bu “necə”yə cavabı qeyri-səlis məntiqin tətbiqində axtarmaq lazımdır. İndi elmi və kütləvi ədəbiyyatda, KİV-də, internet saytlarında "Qeyri-səlis iqtisadiyyat" barədə yüzlərlə yazılara rast gəlmək olar. Bir anlığa düşünürsən ki, L.Zadə ideyasının üstündə qurulan iqtisadi nəzəriyyə ilə Qurani-Kərim ideyaları arasında necə uyarlıq var! Bu müqəddəs kitabda zəkat vermək, başqasının faydalılığını nəzərə almaq, iqtisadi bərabərsizliyə etinasız olmamaq vurğulanmırmı? Görəsən bu il Davosda keçirilən Dünya iqtisadiyyat forumunda mövcüd kapitalizmi tənqid edərək yeni kreativ kapitalizmin qurulmasına, yeni iqtisadi modelin yaranmasına böyük ehtiyac olduğunu deyərkən Bill Gates Qurani-Kərimin yuxarıda göstərilən dəyərlərinə istinad etmişdimi?

Yeni iqtisadi nəzəriyyə dahi L.Zadənin qeyri-səlis məntiqi əsasında qurulacaq, bunun ancaq zamana ehtiyacı var.

Allah kainatla zər oynamır və ya həyatla vidalaşan Eynşteynin etirafı

Zadə nəzəriyyələri, o cümlədən qeyri-səlis məntiq və onun ayrılmaz hissəsi olan imkanlar (ehtimallar yox!) nəzəriyyəsi tək makroaləmdə yox, mikroaləmdə də geniş tətbiq olunmaqdadır. "The New York Times" qazetində Amerikalı riyaziyyat və fizika alimi V.Greenein "Qeyri-müəyyənliyin 100 illiyi" məqaləsində qəribə bir məlumat verilib. Dunya şöhrətli alim A. Eynşteyn Prinston xəstəxanasında ölümündən cəmi bir neçə gün qabaq Nobel mükafatı aldığı və kvant mexanikasının inkişafı üçün katalizator rolunu oynamış məqaləsinə yenidən nəzər salarkən “yox, bu o deyil, elektronların hərəkət trayektoriyası ehtimallar əsasında yox, imkanlar əsasında hesablanmalıdır” demişdir. Məlumdur ki, ehtimallar nəzəriyyəsi ikili Aristotel məntiqinə, imkanlar nəzəriyyəsi L.Zadənin qeyri-səlis məntiqinə əsaslanır. A.Eynşteynın kəlama çevrilmiş “Allah kainatla zər oyunu oynamır” deyimi də mikrodünyanın da modelinin qeyri-səlis məntiqlə daha adekvat yazılmasına bir işarədir. Bu gün həm Amerika, həm də dunyanın bir çox ölkələrinin alimləri qeyri-səlis fizikanın təməl daşını qoyurlar. Bu binanın ucalması çox vaxt da aparmayacaq.

Ailəsindən danışırıq. Həyat yoldaşı Fey xanım deyir ki, Nəriman adlı bir oğulları və Stella adında bir qızları var. Həyat yoldaşı onu bütün tədbirlərində, səfərlərində müşaiyət edir. Çox mehriban bir cütlükdür, sözün həqiqi mənasında həyat dostu. Lütfi Zadə haqqında bir yazı yazmaq niyyətimi deyirəm. Fey xanım mənə istifadə edə biləcəyim mənbələrdən danışır. Mənbələr isə saysız-hesabsız... Söhbəti yenidən Lütfi Zadənin dünyaya səs salan elmi yeniliklərinin üzərinə qaytarırıq. Lutfi Zadə dünya elminə 5 fundamental nəzəriyyə bəxş edib. «Təəssüratlar nəzəriyyəsi», «Fəza vəziyyətləri nəzəriyyəsi», «Sözlə hesablama nəzəriyyəsi», «Soft Kompüting nəzəriyyəsi», «Qeyri-səlis məntiq və çoxluqlar nəzəriyyəsi» kimi elmi kəşflər dünya elminin inkişafında böyük rol oynayıb. Eyni zamanda, bu gün bu nəzəriyyələr həyatımızın bütün sahələrində çox geniş tətbiq olunur.

İnsan kimi düşünmək qabiliyyətinə malik kompüterlərin, yəni təcrübəyə və elmi biliklərə yiyələnmiş maşınların- süni intellektin yaradılmasında böyük alimin elmi nəticələri böyük rol oynayıb

Sözlə işləyən kompüterlər nəzəriyyəsi

Bu nəzəriyyə əsasında işləyən kompüterlərdə informasiyanın qranuliyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kompüterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat texniki modeldir.

Təəssürat nəzəriyyəsi

Bu nəzəriyyə dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir. Bütün bunlar dünyada informasiya texnologiyalarının inkişafına çox böyük təkan verib və bütün dünya insanı bu gün onun işlərindən geniş şəkildə yararlanır. Dahi və sadə azərbaycanlı Lütfi Zadənin!

L.Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Soft Komputinq nəzəriyyəsi isə qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmilərinin intellektual kombinasiyalarını özündə əks etdirən yeni texnologiyaların əsasını təşkil edir. O, qeyri-səlis məntiq və imkanlar nəzəriyyəsini inkişaf etdirməklə yanaşı, həm də bu nəzəriyyənin intellektual sistemlərə tətbiqi ilə məşğul olub. Ekspert sistemlərdə qeyri-müəyyənliyin nəzərə alınması üçün o, dəqiq olmayan məlumata qeyri-səlis məntiqin tətbiqi üsulu və məntiqi nəticə çıxarmaq üçün bir sıra üsullar təklif edib. Elm üçün çox əhəmiyyətli bir yenilik!

NASA və Lütfi Zadə

Lütfi Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunması və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. Bir sözlə, böyük alimin qeyri-səlis məntiq nəzəriyyəsi ABŞ-da kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır.

Yaşın fərqi yoxdur

87 yaşının olmasına baxmayaraq, yaşından çox cavan görünür. Bu barədə komplimentlərimizi məmuniyyətlə qəbul edir. Səbəbini düzgün həyat tərzi, düzgün qidalanma, idmanla bağlayır. Əlavə edirik ki, özünün nəzəriyyələrindən yəqin bir insan kimi özü də bəhrələnib. Qeyri-səlis məntiq nəzəriyyəsi onun həyata baxışı, həyat fəlsəfəsi kimi onun bu yaşlara kimi sağlam, gümrah və həyat eşqi ilə dolu yaşamasının əsas səbəblərindəndir. O, bu gün dünyada orijinal ideyalar irəli sürən və yeni elmi istiqamətləri müəyyən edən nadir alimlərdəndir. Onun hər bir əsəri elm aləmində hadisəyə çevrilir. Amma vaxt tapıb Kaliforniyadakı Azərbaycan diasporunun tədbirlərinə də qatılmağa başlayıb. Məsələn, Kaliforniyada fəaliyyət göstərən Amerikalı Azərbaycanlılar Şurasının Berkli Universitetində təşkil etdiyi gənclərin 2-ci akademik forumunda iştirak və çıxış edib. Təbii ki, Berklinin iftixarı olan L.Zadənin bir azərbaycanlı olaraq azərbaycanlıların tədbirində iştirakı çox vacib və əhəmiyyətlidir. Ona baxaraq başqa millətlərin nümayəndələrində azərbaycanlılar haqqında hansı yüksək təssüratların yaranmasını izah etməyə, məncə, ehtiyac yoxdur. Eyni zamanda, onun bu cür tədbirlərdə iştirakının Amerikada yaşayan və ya təhsil alan azərbaycanlılar, azərbaycanlı gənclər üçün böyük bir stimul olmasını da…

Təvazökar Lütfi Zadə

İnsan kimi çox sadə olan Lütfi Zadəyə baxanda yadıma bir atalar misalımız düşürdü: «Bar verən ağac başını aşağı dikər». Sanki yaratdığı elmi nəzəriyyələrlə dünya elmində inqilabi çevriliş edib onun ümumi mənzərəsini dəyişdirmiş insan o deyil. Sanki ABŞ-ın Berkli şəhərindəki İnformasiya Texnologiyaları üzrə Zadə institutu-ZİFT institutu onun şərəfinə yaradılmayıb, Yaponiya elm adamlarına verdiyi ən yüksək mükafat - «Honda»-nın sahibi o deyil. O, bu ada qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə layiq gorülüb. Lütfi Zadə bu gün dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. O, bir çox akademiyaların fəxri akademiki, universitetlərin fəxri professorudur. Çoxlu sayda cəmiyyət və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilib. Əslində onun aldığı mükafatların və layiq görüldüyü medalların tam siyahısını vermək çox çətindir. Çünki bunun üçün səhifələr lazım gələr. Bir azərbaycanlının dünyanın elm sahəsində ən yüksək səviyyədə qəbul olunması və qiymətləndirilməsindən gözəl nə ola bilər?

Bu gün dünyada məişət texnikasından tutmuş-qeyri-səlis məntiqli tozsoranlar, paltaryuyanlar, domna sobaları, atom enerji blokları kimi mürəkkəb texnoloji proseslərə, metro qatarları, avtomobillər, vertolyotlar, robotlar kimi dinamik obyektlərin idarə olunmasında qeyri-səlis idarəetmə modeli tətbiq olunur. Yəni Lütfi Zadə nəzəriyyəsi məişətimizdən tutmuş həyatımızın bütün sahələrinə qədər nüfuz edir. Fəxr etməyə dəyər!

O, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Bakı Dövlət Universiteti də daxil olmaqla bir neçə universitetin fəxri doktorudur. Söhbət arası davamçılarından da danışırıq. Azərbaycanın məhşur alimlərindən biri, akademik, ziyalı Rafiq Əliyevin adını çəkib, haqqında çox yüksək fikirlər söylədi. Xanımı isə əlavə etdi ki, onlar həm də ailə dostudurlar, çox yaxşı münasibətləri var və vaxtaşırı görüşürlər. Rafiq müəllimin beynəlxalq səviyyədə qəbul edilən bir alim olduğunu bilirdik, amma dahi alim Lütfi Zadənin bu cür qiyməti bizi də sevindirdi (Yeri gəlmişkən, bu yazının hazırlanmasında Rafiq Əliyevin Lütfi Zadə ilə bağlı müəyyən fikirlərindən qaynaq kimi istifadə olunub).

Unudulmaz axşam

Çaylarımızı içib qurtarsaq da saatlarla davam edən və gecə yarısına qədər uzanan söhbətimizi heç kəs tərk etmək istəmirdi. Masamıza bir nəfər xarici vətəndaş yaxınlaşır. Lütfi Zadənin əlini sıxaraq, onunla görüşməkdən şərəf duyduğunu deyir. Masaya yaxınlaşan insan alimin onu tanımadığını görüb, “siz məni tanımırsınız, amma biz sizi çox yaxşı tanıyırıq və qiymətləndiririk” deyir. Bir insan üçün bundan böyük nə xoşbəxlik ola bilər!

Xatirə şəkilləri çəkdirdik. Ona həddiyə edilən Azərbaycan musiqisi disklərinə çox sevindi. Musiqimizi çox sevdiyini və daim qəlbində və evində yaşatdığını dedi. Ayrılmaq vaxtıdır. Amma söhbətimizi küçədə də davam etdiririk. Gözəl bir avqust gecəsi idi. «İndi Bakıda gözəl hava var, lap buranın havası kimi, Bakı üçün yaman darıxdım” deyirəm. Baxıb gülümsəyir. Hamımız bir ağızdan “Bakıda görüşənədək” deyirik.

Və son...


Mən dahi azərbaycanlı alim Lütfi Zadə ilə fəxr edirdim, onunla görüşdən sonra isə həm də qürur duydum. Məncə, siz də. İnanıram ki, bu gün informasiya texnologiyaları sahəsini özünün prioritetlərindən biri hesab edən Azərbaycan, onun elm aləmi, bütün vətəndaşları üçün böyük alimin tövsiyə və məsləhətləri çox əhəmiyyətli olardı. Elə onun Azərbaycana səfərləri də... Ayrılanda “Azərbaycanda görüşənədək” demişdik.

Azərbaycanda görüşənədək, dahi və sadə azərbaycanlı Lütfi Zadə...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler