» » "Səməd Vurğuna qarşı hücumlar düşmən dəyirmanına su tökməkdir" - Reaksiya

"Səməd Vurğuna qarşı hücumlar düşmən dəyirmanına su tökməkdir" - Reaksiya

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
"Səməd Vurğuna qarşı hücumlar düşmən dəyirmanına su tökməkdir" - Reaksiya
Qənirə Paşayeva: "Əslində baş verənlər Səməd Vurğunun nə qədər böyük bir şair olduğunu bir daha bilməyənlərə göstərdi, məncə"

Son günlər Azərbaycanın dahi xalq şairi, Azrbaycan poeziyasının incisi, öz poetik duyumu və vətənpərvərliyi ilə xalqın qəlbində taxt qurmuş Səməd Vurğuna qarşı qərəzli şəkildə ləkələmə, gözdən salma kampaniyasına başlanılıb.

Belə ki, ötən həftə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Kulis.az- a müsahibəsidə Səməd Vurğunu mənasız şair adlandıraraq heç bir fakta, sənədə söykənmədən onu öz qələm dostlarını satmaqda ittiham edib. Maraqlıdır, bu müsahibənin yaratdığı etiraz və qalmaqal səngiməmiş Kulis.az daim Səməd Vurğun əleyhinə çıxış edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlundan müsahibə götürüb. Və yazıda xalq şairi növbəti dəfə aşağılanıb.

Müsahibənin həmin hissəsini olduğu kimi təqdim edirik:

"Götürək elə Səməd Vurğunu. Səməd Vurğun texnika baxımından, qafiyə düzmək, sözlərin nizamı baxımından Azərbaycanda bənzərsiz şairdir. Amma ədəbiyyat elə qafiyə tutmaq deyil ki. "Vaqif” dramında Səməd Vurğun Qacarı fars kimi, qaniçən işğalçı kimi təqdim edir, Vaqifi isə xalqın böyük bir şairi, xilaskarı kimi. Halbuki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə ona qızıl əsa da bağışlayıb. Qacarsa siyasi separatizmin qarşısını almaq üçün gəlib, Azərbaycanı birləşdirmək fikri ilə gəlib və o, gələndə burada bir nəfərin də burnu qanamayıb. Qacarlar türk tayfalarından biridir. İndi bir adam Qarabağı, torpağı birləşdirmək, rusdan almaq üçün vuruşur, axırda da öldürülür, o biri vətəni rusa satır. Səməd Vurğun torpağı satanı qəhrəman kimi verir, Vətən yolunda vuruşanı qaniçən zalım kimi... Yaxşı, şairsən, lap qafiyələrin də düzdür, bəs mən sənə necə münasibət göstərməliyəm? İdeyan ziyanlıdır axı? Heç "Komsomol” poemasını demirəm. Guya Şaumyanın ürəyi bizim xalq üçün yanırdı. Amma biz bilirik axı 31 mart qırğınını törədən Şaumyandır". Əlbəttə, xalq şairinə qarşı bu cür qərəzli münasibət, onun ləkələnməsinə yönəlik hansısa mərkəzdən idarə olunan proseslər cəmiyyətdə əksər sadə, sivil vətəndaşlar, deputat, alim və müəllimlər arasında ciddi narazılqılara səbəb olub.

Daim ictimai, siyasi, tarixi, mədəni və ədəbi əhəmiyyətli məsələlərə reaksiya verib, öz müdrik, məhsuldar və mütərəqqi fikirlərini cəmiyyətlə bölüşən xanım millət vəkili Qənirə Paşayeva bu dəfə də dahi şairə qarşı başladılan ləkələmə kampaniyasına sərt raeaksiya verib və bu cür arzuolunmaz halları pisləyib.

Xanım millət vəkili "Sherg.az"-a açıqlamasında qeyd edib ki, gündəmə gəlmək üçün cəmiyyətdə tanınan və ya toplumun hörmət bəslədiyi biri haqqında ağzına gələni danışmaq yeni dəbdir. Parlamnet üzvünün sözlərinə görə, sağlar cavab verə bilir deyə son dönəmlər dünyadan köçən böyük şəxsiyyətlərə qarşı bu hal daha da çoxalıb:

"Bu barədə ötən il Milli Məclisdə də çıxış etmişdim və böyük tarixi,ədəbi şəxsiyyətlərimizə qarşı ciddi əsası olmayan, bu günün şərtlərindən baxaraq o günlərə və həmin dövrün dəyərli aydınlarına bir çox hallarda qərəzli yanaşmaların doğru olmadığını söyləmişdim. İndi də neçə gündür böyük Səməd Vurğun gündəmdədir. Əslində baş verənlər Səməd Vurğunun nə qədər böyük bir şair olduğunu bir daha bilməyənlərə göstərdi, məncə. Çünki onunla bağlı iki-üç insanın ciddi əsası olmayan, tarixə bu günün şərtlərindən baxaraq ortaya qoyulmuş və bəzən tənqid dərəcəsini keçərək təhqirə çatan yanaşmaları günlərlədir toplumun müzakirəsindən düşmür. Və çox sayda insan Səməd Vurğuna, onun yaradıcılığına, şəxsiyyətinə qarşı hucumlara qarşı etiraz səsini ucaltdı. Şairin böyüklüyü onda olur ki onun yazdığı şeirləri partiyasından, ideologiyasından, siyasi, və dini düşüncəsindən, milli kimliyindən asılı olmayaraq hər kəs oxuyur.

Çünki onun yaradıcılığının,sözünün gücü insanlara hətta onun baxşlarını belə unutdurur. Səməd Vurğun hər zaman sevilən şair olub və olacaq. Onun şeirlərini də zövqlə oxuyan oxucu üçün isə kimlərinsə onun haqqında əsassız ittihamlarının mənası belə olmayacaq. Nə qədər Azərbaycan var "Azərbaycan" şeiri hər zaman ən sevilən, dillərdən düşməyən şeirlərdən olacaq. Səməd Vurğun elə bir şairdir ki, onu Lənkəranda, Şəkidə, Şamaxıda, Qubada, Bakıda, Təbrizdə də Qazaxdakı qədər sevirlər. Hansısa şairi sevib-sevməmək olar. Bu, zövq məsələsidir. Bəyənib-bəyənməmək də olar. Sonda yenə zövq məsələsidir.

Tənqid də etmək olar. Amma bu qədər insafsızca təhqirə çatan şəkildə yox. Bu günün şərtlərindən tarixə və şəxsiyyətlərimizə yanaşmaq, onlarla bağlı bir çox hallarda tənqid adı ilə təhqirlərə yol vermək düşmən dəyirmanına su tökməkdir. Bu şəxsiyyətlər bu millətin övladıdır. Hər şeyi söyləməyin bir üslubu var. Səməd Vurğun böyük şairimizdir, nur içində yatsın !. 4 yaşında əzbərlədiyi "Azərbaycan" şeiri ilə daha çox tanımış, hər güşəsinə aşiq olmuş, sevmiş, köksü qabara-qabara, gözləri dolaraq "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan" deyə oxuyan o balaca Qənirənin və minlərlə mənim kimi insanın yaddaşında Səməd Vurğun bu xalqın böyük şairlərindən biri kimi hər zaman qalacaq"

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler