» » "Kamanın göz yaşları" - Şəfa Rasimqızı yazır

"Kamanın göz yaşları" - Şəfa Rasimqızı yazır

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET, Köşə
"Kamanın göz yaşları" - Şəfa Rasimqızı yazır
İmamyar haqqında indi hansı sözü tapıb deyəsən ki, onun kamanından qopan kövrək pıçıltını, həzin nəğməni, harayı olduğu kimi ifadə edə bilsin?!

Ustadın kamanda ifa etdiyi muğamlar, xalq havaları, təsniflər, xarici müsiqilərlə etdiyi sintezlər möcüzəli təranələr dünyasıdır. Alovu ürəkləri yandıran, adamı ağladan, düşündürən bu ovsunlu sədaların sehri təbiətin özü kimi sadə və mürəkkəbdir. Ondan ancaq ariflər baş aça bilər.

Onun hər ifası kamanın göz yaşlarını insan ürəyinə mirvaritək süzdürür. Sanki o, əlindəki sehrli çubuqla kamanın gözlərini ovuşdurur və kaman durmadan, usanmadan ağlayır. Bu göz yaşları qəlbə qəribə bir fərahlıq və rahatlıq gətirir. Onun - kamanın səsindən gələn hüzur işığı sanki səni yaşadığın səs-küylü dünyadan tərki dünya edir. İnsanı göylərə qaldırır və hiss edirsən ki, artıq sənin ayaqların yerdən üzülüb və sən uçursan. Bu ürəyin səsi insanı sahilsiz ümmanlara səyahətə aparır. Aparır və geri qaytarmır. Sanki o, kamanın simlərində yox insan ürəyinin simlərində çalır.

Onun ifasında yalnız "İmamyar çaları" var. Bizi valeh edən də elə budur. Çünki biz bu çalarları İmamyara qədər heç bir kaman ifaçısında görməmişik. O, sadəcə çalmır, yaradır. Bəziləri kimi yaradıcılıqda axtarışlarını eninə-uzununa yox, dərin qatlara tuşlayan İmamyar düşündüyünə görə bizi də düşündürməyi bacarır. Düşündürməyən sənət sənət deyil. Buna görə də biz İmamyara çalğıçı, yaxud ifaçı deyil, sənətkar deyirik.

Onun sehrli barmaqlarının kamana ilk toxunuşu qarşısındakı hər bir dinləyicinin ürəyinə gözə görünməz bir körpü atır. Özü də qırılmaz bir körpü. İnsan özü də hiss etmədən bu körpünün məcrasına düşür. Bu barmaqların, bu ürəyin kamana toxunuşu elə təsirli olur ki, insan özünü qəribə bir nur içində görür.

İmamyar Həsənov... Azərbaycanın Amerikada yaşayan bir zərrəsi, bir parçası. O zərrə ki, Azərbaycana Amerikadan boylanan bir günəş kimi görünür. O günəş ki, öz ürəyində daşıdığı milli musiqi toxumlarını əcnəbilərin də ürəyinə əkir. Onu dinləyən hər bir əcnəbinin üzü Azərbaycan musiqi məbədinə, qibləsinə doğru dönür. Özü də birdəfəlik dönür. Kamanı hər kəs ürək tərəfində çalır. Amma hər ifaçıya onu dərin məhəbbətlə sevib, öz ürəyinə döndərmək nəsib olmur.

Zənnimcə “kaman”, “ürək” və “nəfəs” anlayışı İmamyar Həsənov üçün eyni mənanı daşıyır. Bu üçbucağın başında elə “kaman” dayanır. Kamanla daim birgə addımlayan bu sənət fədaisi öz kamanının səs okeanına baş vuraraq, onun dərinliklərindən elə incilər tapıb çıxartdı ki, biz nə qədər zəngin bir müsiqi mədəniyyətinə sahib olduğumuza hər dəfə şahidlik etdik. Azərbaycan milli musiqisinə öz ürəyi ilə rəng qatan soydaşımız onu dinləyən hər bir azərbaycanlının qəlbində fəxarət hissi oyadır.

Hələ gənc yaşlarından tarixi missiya daşıyıcısına çevrilən İmamyar Həsənov hal-hazırda Amerikanın musiqi arenasında Azərbaycanı layiqli şəkildə təmsil edir. O, bir çox ölkələrin musiqi mədəniyyətlərini dərindən öyrənib, onları cilovlayaraq, sintezləşdirir. Metaforik olaraq demək olar ki, İmamyar Həsənov mədəniyyət körpülərinin əsas bəndi kimi çıxış edərək, “5 element”in mərkəzində dayanaraq böyük əhəmiyyət daşıyan bir insan qüvvəsidir. Elə bir insan qüvvəsi ki, min, bəlkə də milyon insan qüvvəsinə bərabərdir...

Danışan kamandır, dinən ürəkdir.
Sinəmdə döyünən xatirələrdir
Ey kaman xoş sədan mənə gərəkdir.
Bilsən bəxş etdiyin nələr-nələrdir
Danış qoy dinləyim səsinə qurban
Danış qoy dinləsin ürəyim mənim.


Misilsiz ifası ilə pərəstişkarlarını sehrləyən İmamyar Həsənov yalnız dinləyiciləri deyil, həmkarlarını da valeh edən ustaddır. Azərbaycan mədəniyyətinin xarici ölkələrdə inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edirəm.


Xalqinfo.az

Şərh Yaz
ŞƏRH(1)

Nureddin Tagiyev 19 iyun 2017 19:30
Menim Eziz Kumirim.Gozel Muellimim.Coooox sevdiyim insan.ALLAH caniniza saglig versin.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler