» » Rəşid Behbudovun vəfatından 28 il ötür

Rəşid Behbudovun vəfatından 28 il ötür

Bölmə: Mədəniyyət
Rəşid Behbudovun vəfatından 28 il ötür
Bu gün dünya şöhrətli azərbaycanlı müğənni, SSRİ-nin Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın Xalq artisti, Gürcüstanın Əməkdar incəsənət xadimi olmuş Rəşid Behbudovun vəfatından 28 il ötür.

Xalqinfo.az xəbər verir ki, R.Behbudov 1915-ci il dekabrın 14-də Gürcüstanın paytaxtı Tibilisidə (1936-cı ilədək Tiflis adlandırılıb) xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə xanım Vəkilovlar nəslindən olub.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz Orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan” filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı” ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.

1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edərək ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.

Sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. R.Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda” kitabını yazıb.

1959-cu ildə ona SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. SSRİ-nin "Lenin” ordeni, "Qırmızı Əmək Bayrağı”, "Xalqlar Dostluğu” ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq qörülüb.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

Qeyd edək ki, sənətkarın həyat yoldaşı Ceyran Behbudova ötən ay dünyasını dəyişib. Onların yeganə övladı Rəşidə Rəşid Azərbaycanın tanınmış müğənnisidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler