» » Amerikada möhtəşəm Türkiyə günləri

Amerikada möhtəşəm Türkiyə günləri

Bölmə: Mədəniyyət
Amerikada möhtəşəm Türkiyə günləri
12-ci Türk Festivalında Azərbaycanın da yeri olacaq...
Sentyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda III Türk Mədəni İrsi aylığı start götürüb. Sentyabrın 28-də isə XII Türk Festivalı olacaq. Azərbaycanın da qatılacağı bu aylıqda və festivalda türk xalqlarının mədəniyyəti, mətbəxi, incəsənəti, musiqisi, dəbi ilə bağlı tədbirlər keçiriləcək.

Festivalın əsas sponsorlarından biri “İ.S.LawFirm” hüquq ofisinin rəhbəri, vəkil İsmayıl Şahtaxtinski “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanla bağlı hazırlanacaq stenddə ölkənin mədəniyyəti, tarixi barədə fotolar, milli geyimlər, kitab və suvenirlər olacaq: “Festivalı təşkil edən təşkilat Amerika-Türkiyə assosasiyasıdır. Mən də oranın İdarə Heyətinin üzvüyəm. Bu assosiasiyanın məqsədi Amerika ilə Türkiyə arasında mədəni əlaqələri daha da inkişaf etdirməkdir. Bu assosiasiyanın hökumətlə əlaqəsi yoxdur. Yalnız donorların və burda olan Türkiyə, türkləri sevən insanların dəstəyi ilə fəaliyyət göstərir”.

Elə festivalın da məqsədi Türkiyə mədəniyyəti, musiqisi və mətbəxini Amerikaya tanıtmaq üçündür. İ.Şahtaxtinski deyir ki, ABŞ-da yaşayan başqa türk xalqları da bu festivala qoşulurlar və öz mədəniyyətlərini nümayiş etdirirlər. Onun sözlərinə görə, ABŞ-da yaşayan azərbaycanlılar da festivalda Azərbaycanın milli rəqslərini ifa edəcəklər: “Biz artıq 6 ildir ki, bu festivalda Azərbaycanı təmsil edirik. Festival ABŞ-ın paytaxtı Vaşinqtonun mərkəzində keçirilən ən böyük tədbirdir. Minlərlə amerikalı və turist bu festivalı izləyir. Çox şadam ki, firmamız bu festivalın həm sponsorlarından biridir, həm də biz burda vətənimizi fəal və layiqincə təmsil edirik”.

Sentyabrın 7-dən ingilis dilində “Türkiyədən xalq nağılları” kitabının təqdimatı və müzakirəsi ilə başlanan Türk Mədəni İrsi Aylığı çərçivəsində türk mədəniyyəti, filmləri, mətbəxi ilə bağlı ayrı-ayrı tədbirlər keçirilir.

Amma bu mərasimin ən möhtəşəm proqramı sözügedən Türk festivalıdır .Müsahibimiz deyir ki, Amerikanın paytaxtı Vaşinqtonda etnik festivallar içində ən böyük və ən möhtəşəmi türk festivalı sayılır. Hətta hər il bu bölgədə etnik festivallarla bağlı keçirilən sorğuda türk festivalı daha çox səs toplayır: “Hindlilər, yaponlar, çinlilərin də festivalları var. Dediyim kimi, bu dəfə Azərbaycan musiqisi və rəqsi olacaq. Hər il iştirakçıların və ziyarətçilərin sayı baxımdan fəallıq artır. Müxtəlif Türkiyə restoranları çadırlar qurur. Yemək-içmək təşkil olunur. Məsələn, bir çadırda türk qəhvəsi ilə fala baxılır. Amerikalılar bunu çox sevir, fala baxdırmaq üçün növbəyə dururlar. Keçən il fal üçün böyük izdiham olduğundan bu il bunu genişləndirəcəyik. Bundan başqa, uşaqlar üçün də əyləncələr təşkil edilir. Geyimlərin, Türkiyədən gətirilən itlərin sərgisi olur”.

İ.Şahtaxtinski bildirir ki, festivala hazırlıq işləri yekunlaşmaq üzrədir: “Belə tədbirlər insanları bir-birinə yaxınlaşdırır, sən özgə mədəniyyətləri tanıyırsan, fərqlilik, oxşarlıq tapırsan. Bəlkə də heç vaxt haqqında eşitmədiyin bir xalq haqqında eşidirsən. Belə festivallar həm də turist cəlb edir, ona görə də şəhər merliyi bu tip mərasimləri dəstəkləyir”.
musanat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler