» » “Məndən ayrılandan bir il sonra təzədən evləndi” -

“Məndən ayrılandan bir il sonra təzədən evləndi” - Camal Sürəyanın həyat yoldaşı

Bölmə: Mədəniyyət
“Məndən ayrılandan bir il sonra təzədən evləndi” -

Xalqinfo” şeirləri dillər əzbəri olan, Türkiyənin dünya şöhrətli şairi Camal Sürəyanın həyat yoldaşı Zühal Təkqanadın yazar Sevim Dabağa verdiyi “Şapkam dolu çiçəkdi” adlı müsahibəsini təqdim edir.

– Həyat yoldaşınız Camal Sürəya ilə birgəlik illəriniz haqda söhbətə hardan başlamaq istəyərdiniz?

– Suallarınızla tanış olanda öz özümə dedim: “yaman yerdə axşamladıq”. O günlərə qayıtmaq mənə çox təsir elədi. Bir az rakı süzüb içdim. Hələ də özümü ələ ala bilmirəm. Camala oxşamışam: Rakı içilən məclisdə danışmağa başladımsa, heç kəs ağzımı yuma bilməz. Yazıçılar bir yerə cəm olanda, kişilər ehtiyatla içəndə, mən gillədirdim... Fikir verdirdilər, “onun içmədiklərini də mən içirəm” deyirdim... Əziz Camal Sürəya, sənin haqqında danışırıq. Nə gözəl şeydi səni düşünüb yaşamaq! Bax, gör necə baxır, fikir ver. Mona Lizanın portreti kimi hara getsəm mənə baxır. Sən bizi həyata inandıran adamsan. Bu, “Gösteri” jurnalının üz qabığında çap olunan şəkilidir. Baxışları evləndiyimiz vaxtı xatırladır, o şəkildə sevgi haqqında düşünür, görürsünüzmü?

Bu çiçəklərə baxın. Çiçəksatan bu zərif çiçəkləri aralara səpələməsəydi, belə ecazkar görünüş yaranmazdı. Bu da bir şeirdi.

Onun sözləridi: “Məni aciz hesab eləmə, balaca. Sən böyük bir Camal Sürəyə Universiteti bitirmisən. Bir evdə iki şair olar?”.

“Biz həyata birgə baxan üç gözük: Oğlumuz Memo, mən və Camal Sürəya”. Bu fikri ancaq üçümüz haqqında deyərdi.

Camal Sürəya Mədəniyyət-Sənət Dərnəyinin arxivində işləyirəm, indi onunla bağlı məsələlərlə məşğulam. Nə edirəmsə, qoy hamısı gənc nəslə hədiyyə olsun.

– “Biz həyata birgə baxan üç gözük” dediyi illərə qayıdaqmı?

– Əlbəttə, lap ondan əvvəlki illərdən də danışa bilərik. Onunla 1966-da, “Yelken” jurnalının məsul katibi vəzifəsində işlədiyim illərdə tanış olduq. O da “Papirüs” jurnalını çap etdirirdi. Bir müddət “Yeni İstanbul” qəzetində də işlədim. Amma solçuluğa meylli olduğuma görə məni işdən çıxardılar. “Yelken” jurnalının təsisçisi Rüknettin Rəsuloğlu ilə birgə mənə iş tapmaq üçün “Cumhuriyyət” qəzetinə, – Doğan Nadinin yanına getdik. Orada ədliyyə müxbiri kimi işə başladım. İlk işim, İstanbul Məhkəməsində “Babeuf” prosesindən yazmaq idi. Bir də gördüm ki Vedat Günyol və Səbahəddin Əyyuboğlunun qollarına qandal vurub gətiriblər. O gündən ədliyyə müxbirliyinin daşını atdım. Dedim ki, mənlik deyil. Şou-biznes müxbiri kimi Selmi Andakın yanında işlədim.

“Məndən ayrılandan bir il sonra təzədən evləndi” -














– Camal Sürəyanı birinci dəfə nə vaxt görmüsünüz?

– İyirmi beş yaşım vardı. Axşam işdən çıxanda Bəyoğlundakı bütün sərgilərə baş çəkərdim. Türk Ədibləri Birliyinin Bölməsinin Bəyoğlunda “Görçek” foto-studiyasının yerində açılışına məni də çağırmışdılar. Açılışa bir neçə məşhur da dəvət olunmuşdu. Onlardan biri də Camal Sürəya idi. Başına toplaşanlarla bəs qədər söhbət edəndən sonra mənə yaxınlaşıb dedi: “Madam, ya da madmazel, çox gözəlsiniz, mənimlə evlənərsiniz?” Mən də cavab verdim: “Belə bir fikrim olsa özüm sizə deyərəm”. Yanımdan uzaqlaşdı, başqa bir qadına qoşulub getdi.

Sonralar Məhməd Seydaya məndən danışıb. O da, “mən düz-qoş edərəm” deyib. Məhməd Seydanın qızlarından birinin ad günündə, elə elədilər ki, üz-üzə oturduq. Sonra başqa dəfə yenə qonaqlıqda görüşdük. Gecə əyləncəsinin uzanmasına həvəskar dostların təkidi ilə Camal Sürəyanın evinə getdik. Mən heç danışmır, lal-dinməz oturmuşdum. Bacım mətbəxdə meyvə doğrayırdı. Dedilər ki, gedib niyə ona kömək eləmirsən? Razılaşdırılmış döyüş idi bu. Mətbəxə keçib soruşdum: “Biz bura niyə gəldik ki?” Bacım da cavabında dedi: “Nə bilim, yaman gecdi, atam hirslənəcək”. Həm də Camal Sürəyanın evi məni heç açmamışdı.

Zalın ortasında stol, onun ətrafında stullar, parketlərdə söndürülmüş siqaretlərin izləri, yer-yurd da dolu siqaret kötüyü. Çölə çıxanda yataq otağının açıq qalmış qapısından içəri oğrun-oğrun baxdım. Yatağın mələfəsi qırış-qırış idi. Ürəyimdə dedim: “Üfff... nə pinti adam imiş bu”.

Bir gün məni işlədiyi yerə çağırıb dedi: “Səninlə sevgili olmaq istəyirdim, ancaq başa düşdüm ki, səninlə ancaq və ancaq evlənib yaşaya bilərəm”. Tanış olandan 6 ay sonra ailə həyatı qurduq. “Cumhuriyyət” qəzetində beş ay müxbir kimi çalışdım. 1967-ci ilin əvvəlində, dövlət qulluğu imtahanından uğurla keçib Səhiyyə Nazirliyinin Bölgələr üzrə kadrlar şöbəsində işləməyə başladım. Mətbuatla əlaqələrimin olduğunu bilib məni Babialiya yaxın Cağaloğlundakı iş yerinə göndərdilər. Bu isə Camal Sürəyanı vaxt-bivaxt görmək demək idi. Tez-tez rastlaşırdıq. Bir gün, yağışlı gündə bizə getdik. Ayaqqabıları palçığa batmışdı. Atam o gedəndən sonra dedi: “Bu palçıqlı, pinti oğlanla səninki tutmaz, sən təmiz-tarıq qızsan”.

Bir gün də məni “Kapalı Çarşıya” gəzməyə çağırdı. Mənə çəhrayı bir ayaqqabı aldı. Təəccüb elədim. “Dayan görüm, hələ həngamə qabaqdadı” dedi. Heç nə də demir adama. Bıy. Qızıl dükanına girdik. “Barmağını uzat” dedi. Üzük taxdı barmağıma. Qızılsatan da mat qaldı. Çox sevindim. Ürəyimdə dedim: “Lap yaxşı, deyəsən, bizimki alındı”.

“Kapalı Çarşı”nın yaxınlığında, dəstəmaz alınan yerin yanındakı çayçıda oturduq. Armudu stəkanda çay içdik. Mənə dedi: “Hə, get evə, evdəkilərə de ki, nişanlanmışıq. Mən də evə gedirəm”. Eləcə sevincimdən uça-uça evə gəldim. Barmağımdakı üzüyü göstərərək dedim: “Ana, bax, nişanlanmışıq”. Üzüyü taxandan bir həftə sonra məni götürüb qaçdı. 1967-ci il Kadıköy Limanına yaxın VVAK şöbəsində rəsmi nikahımız oldu.

Qədim Kadıköy Limanına yaxın, poçt idarəsi ilə eyni sırada Marmara adlı bina vardı. İndi üstünə Camalın orda yaşamağıyla bağlı lövhə yapışdırıblar. O evdə qalırdıq. Camal Sürəyə hədsiz ağır günlər yaşayıb. Bəzən işlərim çox olduğuna görə 16:20-də yola düşən gəmiyə çata bilmirdim. Dünyanı dağıdırdı. Çox qısqanc idi, gəminin pəncərəsindən mənə baxırdı. Bir də hər gün məni küçənin tinində gözləyən pişiyimiz vardı, evə birgə gedirdik. Onda Camal işsiz idi. Evdə oğlum Memonu saxlayırdı.

Türk Dil Qurumunun üzvü olduğuna görə, Ankaraya iclasa gedəndə Maliyyə Nazirliyindəki keçmiş iş yoldaşları ona “qayıt gəl məmurluğunu elə” deyiblər. Bu məsələylə bağlı mənim fikrimi soruşdu. “Yaxşı olar, get işlə” dedim. Həm yaxşı oldu, həm də pis. Ankaraya getməyi maddi vəziyyətimizi yaxşılaşdırdı, ancaq yeddi illik ailəmizin dağılması da, o vaxtdan başladı. Ona demişdim ki, bir kişinin aldatdığı arvadı olmaqdansa, darıxdığı dostu olmağı üstün tutaram. Bu sözləri deyəndən bir il sonra ayrıldıq. Məndən ayrılandan bir il sonra təzədən evləndi, ancaq məndən əl çəkmək istəmədi. Onun təkidiylə, oğlumla birgə Kadıköydəki evinə köçdük. Camal Sürəya da, oğlum da həmin evdə vəfat etdilər.

“Məndən ayrılandan bir il sonra təzədən evləndi” -














– Onun şeirlərinin mayasında insana sevgi var, ancaq bəzilərində küskünlük də nəzərə çarpır. Sizcə, bu küskünlüyün ifadə edilməyən tərəfləri nə idi?

– Şeirlərindəki insan sevgisi onun özünəməxsus səmimiyyətinin göstərici idi. Bu ancaq şeirlərində yox, şəxsi həyatında da belə idi. Küskünlüyü barədə onu deyim ki, həyat tərzi fərqli olduğuna görə, deyə bilmədiyi sözlər şeirlərinin əsasını təşkil edir. Səfərləri, məhəbbətləri, həyat yoldaşları, dostları və sevdikləri də dediyimiz məsələyə aiddir.

- “Yaxşı ki böyük şair deyiləm”. Özünə qarşı bu cür münasibətini necə dəyərləndirirsiniz?

– Bu, Camal Sürəyanın unuda bilmədiyim sözlərindəndir: “Mən yaxşı şairəm. Ancaq nə vaxt böyük şair olacam? O vaxt ki, mən öləcəm”. Fikrimcə, bu sözlər onun nə qədər təvazökar, mədəni və özünəməxsus insan olduğunu bütün dəqiqliyi ilə ifadə edib.

– İlk şeirlərində qəlbindəki hisslər, sonralarsa ictimai mövzulu şeirlər yazıb. Onun şeir mövzularının dəyişməyində sizin rolunuz olubmu?

– İlk şeirləri deyərkən “Göyərçin” və “Köçəri” şeirlərini nəzərdə tutursunuz. Razıyam fikrinizlə, onlar sevgi haqqında yazılmış, aşiq olmağı öyrədən və mükafat almış kitablarıdır. 1967-ci ilin avqustunda, ailə qurandan sonra Camala dedim ki: “Elə ancaq sevgi şeirləri yazırsan. Məncə, artıq bəsdir. Bir az da ictimai motivli şeirlər yazsan, yaxşı olar”. Deyəsən, fikrim ağlına batdı. Şeirlərinin mövzuları çox dəyişdi.

– O, türk şeirini dünya şeiri səviyyəsinə qaldırıb, millilik xəttini bəşəriliklə qovuşdurdu. Onun şeirləri haqqında müxtəlif qənaətlər var. Bu haqda sizin fikriniz necədir?

– Camal Sürəya “ikinci yeni”nin yaradıcı və öncüllərindən biridir. Şeiri haqqında müxtəlif fikirlər ola bilər. Ancaq “Artığı qalsın”ı yazan Camal Sürəyadır.

– Camal Sürəya, şeir və siz. Yaxşı, siz şeirə marağınız haqda nə deyə bilərsiniz?

– Şahid olduğuma əsasın deyə bilərəm ki, şeir qeydləri, rəqəmlər, sanki onun yuxuları da – hamısı yarımçıq idi. Vərəqləri yazıb-pozar, yuxudan oyanıb qeydlər aparırdı. Daim səfərbər idi. Şeirlə münasibətləri belə idi. Özüm haqda deyim ki, Camal Sürəya mənim ikinci ərim və oğlumun atasıydı. Bizim ölümlərimizdə də şeir var, eşq var. Oğlum Memo evdə dostları ilə tüfəngi qurdalayanda əlində açılıb, beləcə itirdim onu, sonra büsbütün ömrümü şeirə həsr elədim.

– Sizcə, şeir nədir?

– Şeir sözlərin seçimidir. Şeirdən əvvəl sözlər seçilir. Mən böyük zəhmət tələb edən bir tədqiqata ömrümün qırx ilini sərf eləmişəm. Ancaq deyə bilmərəm ki, yaxşı şairəm. Hər şeir yazan şairdən əvvəl cızma-qaraçı olur.

“Məndən ayrılandan bir il sonra təzədən evləndi” -














– Camal Sürəya anasını uşaq yaşlarında itirmişdi, heç hiss eləmişdinizmi ki, o ana qayğısını sizdən umur?

– Camal Sürəyanın ana nisgili hər uşağın anasına olan istəyi qədər idi. Tez-tez aşiq olurdu. Mən deyim nəyə diqqət eləmişdim? Yatanda həmişə üstünü örtdüyümə görə “anam mən uşaq olanda öldü, məni öp, sonra doğ məni” şeirini Elif Sorğuna yazıb. Bu mənim ədəbi imzamdı. Kitabın adı da bu şeirin adından götürmüşdü. Şeirdə və hər sevdiyi qadında bir az anasını axtarardı.

– Camal Sürəyanın adını və soyadını dəyişməsi barədə nə deyə bilərsiniz?

– Camal Sürəya sonradan soyad götürməyib. Əsl ad-soyadı Camaləddin Səbərdən “Camaləddin” hissəsini qısa ad kimi götürüb, yanına da “Sürəya” əlavə edib. Soyadındakı iki “Y” hərfindən birini inci səslənib, qadın soyadını xatırlatdığına görə yox, sevgilisi ilə mərcə girib hərfin atmaq məcburiyyətində qalıb.

– Sizə heç şeir yazıbmı?

– “Məni öp sonra doğ məni” və “On üç günün məktubları”nı mənə yazıb.

– Həyat yoldaşınız haqqında əhatəli bir tədqiqat üzərində işləyirsiniz. Ölümündən sonra da həyatınız onun əsərləri ilə bağlıdır. Bu sizə necə təsir edir?

– O, oğlumun atası, dəyərli ədəbiyyatçı, esseləri, şeirləri və tərcümələrini sevdiyim bir insan idi. Mənim yaşamağım Camal Sürəyanın daha çox yaddaşlarda qalması üçün bir vasitədir. Onu gənclər yaşadacaq. İnanırsınız? Camal Süreya Mədəniyyət Dərnəyinə üzv götürmək üçün yaşlarının çatmasını gözlədiyimiz tələbələr var. Biz ömrümüzü ədəbiyyata, gözəl şeirə həsr etmişik. Gənclər üçün yazmışıq.

Camala ömrümü həsr etmək məni narahat etmir, amma onun haqqında yazmaq məni kor elədi. Həyat yoldaşımı 9 yanvar 1990-cı ildə itirdim. Ağrıyla deməliyəm ki, məzarına tək getməli oluram. Oğlum da orda dəfn olunub. Ora gedəndə sanki bütün ölümlər birləşir, başqa bir ölüm yaranır. Çox ağırdır mənim üçün. Məzarının yanında Camalla söhbətləşirəm.

Mənə rakı içməyi Camal öyrədib. Hər gün axşam 350 qramlıq bir rakı açardıq. Söhbətlərimiz uzandıqca uzanardı. İndi Şila adlı pişiyim və itim Çinoyla yaşayıram. Şila çox həssasdı, hətta, bax, üflədim getdi. Çino ilə 1999-cu ildə, zəlzələ vaxtı küçədə rastlaşmışam. Çay içəndə stulumun altında oturdu. Ofisiant “sizin itinizdir?” soruşdu. “Bir az əvvəl tumarlamışdım” dedim. Əslindəsə birinci dəfə idi görürdüm. Çox yaxşı itdi. Gələn günü Şila onu əmməyə başladı. Çino üzümə baxdı. “Dəymə, heç nə olmaz” dedim, o da icazə verdi...

Türkiyə türkcəsində uyğunlaşdıran: Fərid Hüseyn

“Məndən ayrılandan bir il sonra təzədən evləndi” -















BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler