» » Cəfərin ölümü - VİDEO


Cəfərin ölümü - VİDEO

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Cəfərin ölümü - VİDEO

Hərdən yaşadığım məmləkətin eninə-uzununa baxıram. Fikir tarixinə, ədəbiyyat tarixinə baş vururam. Anlaya bilmirəm ki, biz niyə özümüzə qarşı bu qədər qeyri-səmimiyik. M.Ş.Vazehdən üzü bəri maarifçilərimiz qələm qamçısı ilə ha bizi vurdular, yenə də dəyişmədik. Sabirə heykəl qoyduq, amma heykəlin önündə müəllimlərə rüşvət verib, "oxutmuram, əl çəkin" dedik. Guya, Axundovun heykəlinin önündə nə etdik? Falçı yanına getmək üçün görüş təyin etdik. Axundovu çərlədib öldürdük, Sabirə sabun satdırdıq, Cəlilə əlyazmalarını yandırtdıq, Haqverdiyevi təpikləyib öldürdük, sonra “dahi” dedik, heykəllər qurduq, küçə adı verdik, sonra yenə də öz bildiyimizi etdik.

Çox düşünürəm ki, 34 yaşlı Cəfər Cabbarlının ürəyi niyə partlasın? Məncə, yorğunluqdan. Avamlığımızın, cəhalətimizin dərdi onun ürəyinə dərd saldı. Pyeslər yazdı, teatr üçün çalışdı, milli kinomuzun başında durdu. İstədi ki, toplum olaraq, bir azca dəyişək. Biz dəyişmədik. Vurub Cəfərin ürəyini partlatdıq. Üzeyir bəyin “Biz nə tövr iş görürük” felyetonunda olduğu kimi siçan boyda iş gördük, içimizdən mütləq bir pişik çıxıb onu yedi.

Mən özümü daha çox Gülüşə bənzədirəm. Ətrafımda baş verənləri görüb kinayə ilə gülmək istəyirəm. Gülüş hədəfim kimdir? Sərsəm "urra" patriotizm xəstəliyindən çıxa bilməyən doxsanıncılar, “Bəlkə qaytardılar” həsrətiylə yaşayan səksənincilər və bir də bir-birini didən "Facebook" həmyaşıdlarım. "Facebook"a baxanda Mirzə Cəlilin "Anamın kitabı" əsəri yadıma düşür. Biri Qərbə, biri İrana, biri də Turana dartır. Mən Gülbahar olmayacam, düşüb qardaşlarıma yalvarmayacam ki, “Anamın kitabı”nı oxuyun. Mən Cəfərin Gülüşü kimi güləcəm. Çünki gülməli görünürsünüz. Daha sizə ağı deyib ağlamaq da olmur. Ölülərdən betər ölüsünüz.

Mən demirəm Təbrizi qaytaraq, demirəm İrəvana bayraq sancaq, demirəm bayramı Şuşada qeyd edək. Amma hansısa Avropa komandasının fanatı olub özünü yırtmaqla da deyil axı. Heç kefi kök, damağı çağ bir xalqın yazıçısının kitabını qoltuğunda gəzdirməklə də deyil. Məmləkətimiz üçün heç nə edə bilmiriksə, profillərimizi Fransa bayrağı ilə bəzəmək əvəzinə, bir gün təbrizliyik, bir gün dərbəndliyik, borçalılıyıq, irəvanlıyıq, qarabağlıyıq deyib, car çəkmək dəmi çətindir. Bu vətənpərvərlik deyil, bu görməli olduğumuz işdir. Amma biz Balaş kimi vətənimizi Sevilə çevirib, çadraya bükürük və ondan utanırıq. Atamızı arxa otaqda gizlədirik və bahalı restoranlarda dilbərlərə qonaqlıq verib, özümüzü müasir göstəririk. İngiliscə yazırıq, rusca danışırıq. Mövhumatın az qala gerçək olduğunu vəsf etməklə özümüzü təsdiq edirik. Və mən ona görə sizə Gülüş kimi gülürəm. Gülüşü güldürən əsgər öldü - Cəfəri çərlədib, öldürdük. Amma heç olmasa, o, mənim kimi gülüşləri yarada bildi. Onsuz da ağlamaqla, qamçıyla oyanan deyildik. Barı bilək ki, gülməli görünürük.

Dərin gülüşlə, sizin Gülüş.

Açan-solan çiçəklər

Bən bir güldüm, açılmadan budağımdan dərdilər,
Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,
Çox çəkmədən yazıq soldum, topraqlara sərdilər,
İştə budur təbiətin sarsılmıyan dövranı...
Tək çarpışdım, taleyimlə düşdüm, yardım sormadım,
Çox çalışdım, istəgimlə gülər həyat sürmədim,
Az yaşadım, çox ağladım, yazıq bir gün görmədim,
İştə, varlıq Tanrısının ədalətsiz divanı...
İnsanlığı pək sevirkən, ondan uzaq qovuldum,
Hər əyləncəm bir yas oldu, göz yaşımda boğuldum,
Bu talelə ulu Tanrım bilməm neyçün doğuldum?!
Kimlər bilməm yazdı, verdi bu gərəksiz fərmanı...
Bən istərdim bülbül kimi dolaşaydım çəməndə,
Bir gül kimi şənlənəydim səbah yeli əsəndə,
Zalım fələk cəvan ömrüm saldı ağır kəməndə,
Qara məhbəs oldu azad bir bülbülün məskanı...
Xəfif ruzgar səmum kimi ruhum əzdi, uyutdu,
Parlaq günəş ümidlərim şimal kimi soyutdu,
Bütün dostlar, həp insanlar varlığımı unutdu,
Doğru sözdür hər aşiqin olur beş gün dövranı...







Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler