» » Dərviş taleli şair

Dərviş taleli şair

Bölmə: Mədəniyyət
Dərviş taleli şair

Bu gün şair və publisist Əbülfət Mədətoğlunun 57 yaşı tamam olur. Bu münasibətlə yazar Fəridə Rəhimli Mədətoğlu haqda məqalə yazıb.

“Qafqazinfo” həmin yazını təqdim edir:

“Heç dərvişlərə kənardan baxıb, hərəkətlərini seyr etmisiniz? Onlar harda olurlarsa, olsunlar, əllərindəki əsalarına, çiyinlərindəki xurcunlarına söykənirlər sanki.

O da dərviş kimidi. Çiynində daşıdığı yüklər tökülməsin deyə asta-asta, səbirlə, dözümlə yaşayır.

Son vaxtlar mən yaman yorğun düşürəm,

Elə bil, çiynimdə daş daşıyıram.

Sərib qurutduğum dərdi-qəmi də -

Yağışa düşmüş tək yaş daşıyıram.

Atdığım addımlar uğursuz olur,

Dərdiyim çiçəklər əlimdə solur.

Külək də, fələk də saçımı yolur,

Mən elə beləcə baş daşıyıram.

Əbülfət, deyəsən bəxtin yatıbdı,

Qatarın mənzilə gəlib çatıbdı...

Bəlli arzuların səni “satıbdı” –

Gözü vurub töküb qaş daşıyıram.

Dərviş taleli şair














Daşıdığı yükün adı - Vətən sevgisi, Qarabağ dərdi, yurdsuzluq ağrısı, doğulduğu ocaqdan didərgin düşərək çadırlarda, uşaq bağçasında, vaqonda, gecəqonduda yaşamaq məcburiyyətindən “bir yerə kül tökə bilməmək” utancı, haqlıykən haqsız duruma düşmək əlacsızlığı və sair... Göyün yeddinci qatına ucalan yük. Üstəgəl, qohum-əqrəbanın, tanış-bilişin, qonum-qonşunun, tələbə yoldaşlarının, iş yoldaşlarının, bircə dəfə salam verdiyinə peşman olduğu adamların da ağrısı, yükü, problemlərinin çözülməsindəki çabası...

Dərvişin yükü nədir ki?! Onu hamı bilir və hamının bildiyi də içində təmənnasız daşıdığı sevgi və kədərdir. Həm də heç nə ummadan.

O da təmənnasızdır və onun da haqqı “sağ ol”, yaxud “dost deyilsən, qohum deyilsən..., borcundur!” olur. Əlbəttə, dostlar onun ən ülvi dəyərləri, xəzinəsidir. O, dostlarının əhatəsində özünü daha önəmli hiss edir. Ən çox umduğu isə mənəvi dəyər, diqqət, həssas münasibətdir. Maddiyyat hamı kimi onun da ehtiyacı olsa da, o, həmişə maddiyatı ikinci plana keçirir.

...Mənim istədiyim, mənim umduğum

Bir damla diqqətdir, onu kəm etmə!


- deyir, şair. Və onu da ayaqda tutan yalnız dost insanların, diqqətli oxucuların ilgisidir. Ona yazılarına görə kifayət qədər zənglər olur, münasibət bildirilir, təşəkkürlər edilir. O zəng edən insanlar yazıdan aldıqları zövqə, öz içlərində yaşadıqları, ancaq ifadə edə bilmədikləri duyğularını şairin yazısında gördüklərinə görə təşəkkür edirlər, amma bilmirlər ki, eyni zamanda bu zənglərlə şairin ömrünü uzadırlar. Çünki, yaradıcı insanın ən böyük qazancı, mükafatı oxucu, tamaşaçı, seyrçi məhəbbəti, diqqətidir.

İllər öncə böyük şair Bəxtiyar Vahabzadənin “Dərd şairi” adlandırdığı Əbülfət Mədətoğlunun yaradıcılığına dərindən bələd olanlar bilir ki, o, həm də sevgi şairidir. Onsuz da dərdlə sevgi paralel yaşanan hisslərdir. Bir-birlərindən ayrı yaşaya bilmirlər. Dərd, çox sevdiyin birinin – istər bu, Vətən olsun, istər el-oban, istər sevdiyin insan – onun faciələrindən, problemlərindən... çəkiləndir. Sevgi də bunları dərdiylə də, sevinciylə də çox sevdiyindəndir. Yəni, ikisi bir-birindən ayrılmayan, həyat boyu qoşa addımlayan yaşamıdır onun sevgisiylə dərdi. Ona görə də şairin bütün dərd tökülən yazıları mütləq sevgi şeirləri ilə müşayiət olunur.

Şairin mənə danışdığı olmuş bir hekayə ürəyimi yandırıb, cızdağını çıxardı. Bu hekayəni yaşayan şairin nə çəkdiyini onu oxuyarkən siz də düşünün.

Dərviş taleli şair














Az-çox məlumatı olanlar bilir ki, şairin 1992-ci il 31 oktyabrda evi erməni vəhşiləri tərəfindən yandırıldı. O vaxta qədər şair el-obadan ar edərək evindən heç bir şey çıxarmamışdı. Və şairin gözü qarşısında yanıb külə döndü bu ev.

Yandı evim-eşiyim,

Yandı divarım, daşım.

İsit, qoyma üşüyüm,

İsit məni, göz yaşım.


- deməkdən başqa çarəsi qalmadı şairin. Amma hekayə bu deyildi. Qeyri-bərabər döyüşdə yurd-yuvasını tərk etmək məcburiyyətində qalan şair hərbi müxbir kimi kənddən xeyli aralıda fəaliyyətdə ikən başına gələn o hadisəni danışmaq məcburiyyətində qalanda göz yaşlarını saxlaya bilmir:

Kənd od-alova bürünəndə ailə-uşağı çıxarmağa başı qarışan şair həyətdə bağlanmış itin ipini açmağı unudur. Kəndi düşmən zəbt edir. Bir neçə vaxt sonra hərbçilərlə yol kənarında oturub nahar etdikləri vaxt boynunda dartınmaqdan boğazını kəsmiş iplə, itin ona tərəf qaçdığını görür. İt ona çatar-çatmaz qəribə bir səs çıxararaq üzünü şairin ayaqlarına əllərinə sürtməyə başlayır. İt bu zingiltini, qovuşmanın sevincini elə həsrətlə edir ki, ətrafdakıları göz yaşına boğur. Şair itin başını sığallayaraq yediklərindən onun qarşısına qoyur. İt yeməyə və şairin gözlərinə sanki məzəmmətlə baxıb, qəflətən özünü yoldan keçən maşının altına atır... Atla itin sədaqəti haqda çox yazılıb, deyilib. Bu, instinktlə bağlıdı, yoxsa insanların belə, sahib ola bilmədikləri vəfadırmı, bilmirəm, amma bunlardan əlavə şair itin gözlərindən bir təəssüf oxumuşdu və illər keçməsinə baxmayaraq o gözlərdən xəcalət çəkir...

Çadır “şəhəri”ndə yazdığı:

...Təkcə evim yoxdu, balalarımı

Toplayıb başıma nağıl danışım.

- arzusu, ailəsini gecəqonduya yığdığı vaxt çin ola bilərdi, amma onda da uşaqlar böyümüş, nağıla inanan yaşları keçmişdi. Amma o gecəqondu da əsl nağıla dönmə ərəfəsindədir. Şairin evinin sökülməsi xəbəri onu elə də sarsıtmadı. İtirə-itirə gələn adamlar alışır buna itkilərə, maddiyata önəm vermirlər. Əsas etibar, güvən, insanlıq, onur, namus, heysiyyat itməsin, deyirlər. Amma ata kimi bir borcu var onun. O borcu yerinə yetirmək, erməni bəlası üzündən tərk etməyə məcbur olduğu evindən sağ-salamat qurtardığına şükür etdiyi balalarını evlə təmin etmək zorundadı. Və nə yazıq ki, erməni olmayanlarla da anlaşa bilmir... Sökülür şairin evi. Beyin bu qədər problemlərlə zəbt olunduğunda şeirə yer qalmadığı halda o, yenə yazır, yaradır.

Hər yeni ilin astanasında olanda insan gələcək ildən xoş müjdələr gözləyir. Düzdü, bununla çox vaxt insan özü özünü aldatmış olsa da, ümid də gözəl şeydir. Şairin Yeni il astanasında, həm də ad günü ərəfəsində ümidinin üzülməsi, belə haqsızlıqla qarşılaşması qəbul edilən deyil, məncə. Bu, daha artıqlarına haqqı olan insanın haqqının tapdanmasıdır. Yüzlərlə oxucularının narahatlığıdır. Doğum günün mübarək, dözümlü insan, qayğıkeş qohum, etibarlı sirdaş, güvənilir dost, Əbülfət Mədətoğlu! Səbrin olsun, hər kəsdən ucada haqqımızı ədalətlə verəcək olan Allahımız dayanır”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Dərviş taleli şair

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler