» » "Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"

"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır" Rüfət Həsənov

Bölmə: Mədəniyyət, SÖHBƏT
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"














Bir millətin mədəniyyətini bütün dünyada gözəl şəkildə tanıtmaq qədər şərəfli və qürurlu bir vəzifə hər kəsə nəsib olmaz. Bunu Allah seçdiyi bəndəsinə nəsib edər. Vətənə daş olmayandan ölkə vətəndaşı olmaz.

Söhbətə başlamamışdan öncə istərdim vurğulayım ki, müsahibəmin qəhrəmanı Azərbaycan Respublikasının istedadlı gənci, ifasını böyük zövqlə dinlədiyim əsl sənətkar ömrü yaşayan, gənc yaşlarından yaradıcılığı ilə mədəniyyət tariximizdə parlaq şəxsiyyətlərdən biri olan tar ifaçısı, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən 39 saylı Uşaq Musiqi məktəbinin direktor müavini Rüfət Həsənovdur.

"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"














- Xoş gördük sizi. İlk öncə istərdim ki, sizi bir daha yaxından tanıyaq. Rüfət Həsənov kimdir?

- Salam, sizinlə görüşümüzə şadam.

- Mən, Həsənov Rüfət Fikrət oğlu 1982 - ci ildə dekabr ayının 9-da Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olmuşam.

1992-ci ildə Mərdəkan qəsəbəsindəki 17 saylı Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə birinci sinifinə daxil olmuşam. Musiqi məktəbində oxuduğum illərdə Respublikada keçirilən bir çox musabiqələrdə laureat və fəxri fərmanlara layiq görülmüşəm.

1998- ci ildə 17 saylı Uşaq Musiqi Məktəbini bitirib həmin ildə Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin tar ixtisası üzrə 9-cu sinifinə daxil olmuşam.

2000- ci ildə VIII Respublika müsabiqəsində I dərəcəli diploma layiq görülmüşəm. Həmin ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini müvəffəqiyyətlə bitirib Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tar ixtisası üzrə I kursuna daxil olmuşam.

2004- ci ildə Azərbaycan Milli Konservatoriyasının bakalavır pilləsini bitirib magistratura pilləsinə addım atmışam.

2006- cı ildə magistraturanı “Fərqlənmə diplomu” ilə bitirib professional musiqiyə qədəm qoydum.

- Musiqi və həyat tərzi həmahəng olmalıdır. Bir-birini tamamlamalıdır. Amma bu ahəng çox zaman sənətkarlarda pozulur. Həyatınızda bir problem yoxdur ki?

- Düşünürəm ki, bunun müxtəlif səbəbləri var. Mənim həyat yoldaşım musiqiçi olduğuna görə bu tarazlığı qoruyub saxlaya bilirik.

- Jurnalistlərlə aranız necədir?

- Bütün sahələr kimi jurnalistika sahəsinə də böyük hörmət bəsləyirəm. Bizim kimi musiqiçilərin düzgün tanınmasında onların rolu əvəzedilməzdir.

- Tar ifaçısı dedikdə Azərbaycanda ağlınıza ilk öncə kim gəlir?

- Ağlıma ilk öncə təbii ki, üzərimdə böyük zəhməti olan əvəzedilməz müəllimlərim gəlir. Gənclərin yaradıcılıq ideyalarının yaşlı nəslin çoxillik təcrübəsi ilə bu yolda bizimlə addımlayan ustadlarım. 17 nömrəli Uşaq Musiqi məktəbində - Elşad Babayev, Əliağa Sədiyev; Bülbül adına Orta Ixtisas Musiqi məktəbində - Fikrət Manafov, Məhərrəm Məmmədov, mərhum sənətkarımız Sərvər İbrahimov; Azərbaycan Milli Konservatoriyasında - Ramiz Quliyev, Məmmədağa Kərimov, Ağasəlim Abdullayev, Vamiq Məmmədəliyev, Ramiz Əzizov.

- Tar ifaçısı ola bilməsəydi indi R.Həsənov hansı işlə məşğul idi?

- Tarsız özümü təsəvvür edə bilmədiyim üçün kim ola biləcəyimi düşünə bilmirəm.

- Azərbaycanda istedadlı ifaçılardan birisiniz. Sizcə gündəmdə olmağınız üçün nə tələb olunur? Və ya nə kimi dəstək olmalıdır sizə?

- Gündəmdə olmaq üçün Televiziya proqramlarını nəzərdə tutursunuzsa, televiziyanın rəhbərliyi nəinki mənə bütün istedadlı musiqiçilərə düzgün vaxt ayırmalıdır.

- Bəlkə dövlət televiziyalarına müraciət edəsiniz?

- Bu günkü gündə xarici ölkələrə dəvətlər alıram. Getdiyim ölkələrin televiziya və radiolarında çıxışlarım olur. Öz ölkəmizdə mənim gedib müraciət etməyim nə qədər düzgündür?

- Qastrol səfərlərində olursunuzmu?

- Bəli, çoxlu sayda qastrol səfərlərimiz olur. İngiltərə, Amerika, Almaniya, Fransa, İtaliya, Türkiyyə, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Ərəbistan, Yunanıstan, İran, Ukrayna və s. ölkələrdə qastrol səfərlərində olmuşam. Bu səfərlərin bəziləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təklif olunmuşdur.

"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"




























- Yadda qalan qastrol səfəriniz hansıdır?

- Bir dəfə Amerikanın Kaliforniya ştatında yaşayan qardaşım, İmamyar Həsənovun direktorluq etdiyi böyük bir layihəyə dəvət almışdım. Amerikanın cazı ilə Azərbaycanın muğamı sintez ("Azerbaijani Mugham meets American Jazz") olunmuşdu. Bu bir muğam ifaçısı kimi, mənim üçün qürur verici və yadda qalan olub.



- Avropa musiqi mədəniyyəti ilə Azərbaycan musiqi mədəniyyəti arasında hansı fərqləri görə bildiniz?

- Şərq ölkələrində müğənni olan konsertlərə daha çox üstünlük verirlər. Avropada, Amerikada isə instrumental musiqiyə daha çox üstünlük verirlər.

- Müəllimlik fəaliyyətinə nə vaxtdan başlamısınız? Hal hazırda harada çalışırsınız?

- 15 ildən artıqdır ki, müəllimlik fəaliyyəti ilə məşğulam. Azərbaycan Milli Konservatoriyasında çalışmışam. Hal-hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən 39 saylı Uşaq Musiqi məktəbində direktor müavini vəzifəsində çalışıram.

- Dərs dediyiniz tədris ocağında ümumi məqsədləriniz nədir? Nə kimi yeniliklər etmisiniz çalışdığınız dönəmdə?

- Mənim hazırda qarşıya qoyduğum məqsəd qəbul etdiyimiz şagirdlərin bir-birini qarşılıqlı zənginləşdirməsindən ibarətdir. Çalışıram ki, təhsil prosesi onlar üçün müsabiqəyə çevrilsin. Çünki sağlam rəqabət son dərəcə vacibdir. Belə atmosfer sevgi və təmizlik üzərində qurulmalıdır. Müəllimin şagirddən tələb etdikləri ilk növbədə onun özündə olmalıdır, əks təqdirdə uşaqları heç nəyə inandırmaq olmaz. İkili standart artıq bütün qanunları pozmaq deməkdir. Tədris məqamlarından əlavə etik qaydalar da təlqin olunmalıdır. Yalnız belə halda şəffaf yaradıcılıq atmosferi yaratmaq mümkündür. Bu qaydalara uyğunlaşmayan pedaqoji kollektiv ya fikrini dəyişməli, ya da məktəbdən ayrılmalıdır. Bizim məktəbdə şəxsi prinsiplər üzrə işləmək mümkün deyil. Baş verən bütün hadisələr rəhbərliyin nəzarəti altında cərəyan edir. Əgər rəhbər məktəbdə baş verən hadisələrdən xəbərsizdirsə, demək yaxşı rəhbər deyil. Məktəbdə baş verənlər yaradıcı atmosfer adlandırılanda, inanın, ən xoşbəxt insan oluram. Çünki mən özüm yaradıcı insanam, bu səbəbdən məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır.

- Bəs sizin tələbə olduğunuz illərlə, məktəblə bağlı nə kimi xatirələriniz var?

- Uşaqlıqdan yaşanılan anları yada salmaq üçün bəzən spesifik qoxular kifayət edir. Məsələn, mənim üçün tar, fortepiano xüsusi qoxu ilə assosiasiya olunur. Musiqi alətlərinin “qoxusu” fərqli və xüsusidir. Bu, sanki musiqinin özünün qoxusudur. Uşaq ikən dəfələrlə bu təmasdan aldığım sevinc hissi məni Konservatoriyaya cəlb etdi. Daim musiqi əhatəsində olmaq, məktəb üçün darıxmaq hissi insanda həmin məqamları unutmağa imkan vermir. Hamını yalnız musiqi maraqlandırırdı və bütün söhbətlər yalnız bu mövzu ətrafında idi. Eyni zamanda ədəbi istiqamət də bu məktəb mühitində qızğın müzakirə olunurdu. Ədəbi diskussiyalara qoşulmayanlara qeyri-normal baxırdıq. Bu, o demək idi ki, sən ümumi tendensiyalardan geri qalırsan. Bunu müəllimlər deyil, ümumi atmosfer tələb edirdi. Məktəbdə toplaşmış şagirdlər sanki bir-birlərinin formalaşmasına kömək edirdi.

- Tələbələrinizin sayı artmaqdadır?

- Tələbələrimin sayı günü-gündən artmaqdadır. Tək Azərbaycanda deyil, xarici ölkələrdə də çoxlu sayda tələbələrim var. Onlara skayp vasitəsilə dərs deyirəm.

"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"





















- Onların arasında gələcəyin Rüfət Həsənovu varmı?

- Təbii haldır ki, hər bir tələbə öz müəlliminə oxşamaq istəyir. Bunu mən də öz tələbələrimdən eşidirəm. Mən həmişə onlara məsləhət görürəm ki, böyük zəhmət nəticəsində istədiyinizə çata bilərsiniz. Yəni mənə bənziyə bilərsiniz amma sənətdə öz dəsti-xəttiniz olmayacaq. Çalışın məktəbi bitirdikdən sonra öz yolunuz olsun və bizim öyrətdiklərimiz isə sizin yolunuzda bir naxış olacaq.

- Gənclərin muğama münasibəti necədir?

- Düşünürəm ki, hal-hazırda gənclərin muğama münasibəti çox yaxşıdır. Çünki bu günkü gündə gənclər muğam müsabiqələrinə daha çox üstünlük verir, xalq mahnılarını təbliğ edirlər. Bu sevindirici haldı.

- Keyfiyyətdən danışmışkən təhsilin səviyyəsinə ciddi nəzarətiniz məlumdur. İstedadlı və ya peşəkar ifaçı olmağınız müəllim kimi də özünü doğrulda bilirmi?

- Qeyd etdiyim kimi nəticə mənim üçün hər şeydən əsasdır. Müəllim kimi özümü doğrulda bilmişəm yəqin ki, uzun illərdi bu sahədə çalışıram. Hər bir müəllim ilin sonunda hesabat verir. Rəhbərlikdən əlavə, onlar hər il məktəbə komissiya olaraq gələn hörmətli musiqiçilər qarşısında nəticə göstərməlidirlər. Göstəriciləri aşağı olan müəllimlərin növbəti dərs yükü də aşağı olur. Məsələnin obyektivliyi çöx önəmlidir. Bu, şagirdlərə də aiddir. Kollektivdə gənc müəllimlərə də böyük yer ayrılır. Bəzən elə hallar da olur ki, gözəl ifaçı olan şəxs müəllim kimi özünü doğrulda bilmir. Bu zaman bütün istəklərə baxmayaraq məcburi şəkildə onunla ayrılırıq. Lakin çox istedadlı gənclik də yetişməkdədir. Mənim ümidim bizdən sonrakı cavan, peşəkar ixtisasçılaradır. Əminəm ki, məktəbin parlaq məzunu olduğu kimi, onlar məktəbin parlaq müəllimləri də olacaqlar.

- Keçmişin şagirdi bu gün məktəb direktorunun müavini kimi musiqi ocağına gələrkən nə hisslər yaşayır?

- Tam xoşbəxtlik hissi. Bu, məktəbə daxil olan zaman uşaqların səmimi şəkildə, heç bir qorxu olmadan, hörmətlə səni salamlaması ilə birbaşa əlaqəlidir. Bu zaman insan özünü doğma evində, doğma balalarının əhatəsində hiss edir. Uşaqlarla ciddi danışarkən, onları tənqid edərkən ata münasibətini hiss edirlər. Hətta onları danlayarkən belə öz uşaqlığımı yada salıram. Tənəffüslərdə eşidilən uşaq səsləri insanı öz təhsil illərinə qaytarır və çox doğma hissləri yaşadır.

- Sizin fikrinizcə, müəllim-şagird münasibətlərində qərəzsizliyə necə nail olmaq mümkündür?

- Bu, tam şəkildə müəllimdən asılıdır. Əgər müəllim həqiqətən də qarşılıq ummadan biliyi ilə bölüşürsə, bu, çox gözəldir. Eyni zamanda elə şagirdlər olur ki, doğrudan da əlavə dərslərə ehtiyacları var. Bunun qarşılığında itirilmiş zaman və enerjidən söhbət getdiyi üçün müəllim təbii ki, valideyn tərəfindən əziyyətinin müqabilini görməlidir. Müəllim- qərəzsiz sənətdir. Müəllimlik- vergidir. Əgər bu bacarıq tam olaraq maddiyyatla əlaqələnərsə, onda istedad Allah tərəfindən həmin insandan alınar, yüksəklik səviyyəsi əldən verilmiş olar. Bu sənətdə sui-istifadə halları keçərli deyil, çünki uşaqlar incəhissiyyata malikdirlər, onları aldatmaq olmaz. Müəllimlərin dərsə davamiyyətindən şikayət etdikləri məqamda mən uşağı günahlandırmıram. Səbəbi müəllimdə axtarmaq lazımdır. Şagird ona maraqlı olan fənnə heç vaxt laqeyd olmur. Nəyə görə uşaqlar arasında “sevimli” və “sevimli olmayan” müəllim anlayışı var?! Bu, müəllimin sevgiylə paylaşdığı fənninə uşaqların vurğunluqla yanaşmasının nəticəsidir.

- Bir çox məşhur bəstəkarların bəstələdiyi mahnıları tarda ifa etmisiniz. Ən çox hansı bəstəkarların musiqisini bəyənirsiniz?

- Azərbaycan bəstəkarlarının əsərləri repertuarımda geniş yer tutur. Onların arasında fərq qoymaq mənim üçün çətin olar. Necə deyərlər hər gülün öz ətri var. Mənim ruhuma yaxın olan bəstəkarlardan iki bəstəkarın adını xüsusilə Tofiq Quliyevi və Fikrət Əmirovu qeyd edə bilərəm.

- Dediniz ki, bir çox ölkələrdə olmusunuz. Səfərinizin ümumi məğzi nə ilə əlaqədar idi?

- Azərbaycan musiqisinin təbliği.

- Muğam ifa etdiyinizdə hansı hisslərə qapılırsınız?

- Hər bir muğamın özünəməxsus xarakteri vardır. Məsələn: "Cahargah" muğamını dinlədikdə insanda cəngavərlik, müharibəyə çağırış hissləri oyadır. "Segah" muğamı sevgi, məhəbbət; "Bayatı-Şiraz" muğamı qəm-qüssə və mən də bu hissləri ifa etdiyimdə əvvəlcə özüm yaşayıram və sonra dinləyicilərə ötürməyə çalışıram.

- Hansı xalq musiqisi sizə uğur gətirib və ya daha çox istənilir sizdən?

- Dahi bəstəkarımız Süleyman Ələsgərovun tar ifaçılığında ən çətin əsərlərdən biri sayılan “Daimi hərəkət” əsəri.



- İndi hara baxsaq görərik ki, bacaran və bacarmayan bir neçə insan təhsil almadan əlinə tar və ya digər aləti alıb ifa etməyə səy göstərir və üstəlik qarşılığında pul da yığır. Sizcə bu tarı, və ya digər alətləri ucuzlaşdırmaq deyil ki? İfa, ehtiyacdan irəli gəlir?

- İstedadı olan hər bir insan musiqiçi ola bilər amma təhsilinin olmaması hər zaman onun ifasında özünü biruzə verəcək. Musiqiçi hər yerdə ifa edə bilər. Əsas odur ki, musiqiçi ifa etdiyi musiqini necə təqdim edir? O ki, qaldı küçədə ifa edib pul qazanmağa çalışanlara, əslində bunun həm mənfi həm də müsbət tərəfi var. Yəni, mənfi tərəfi odur ki, az öncə qeyd etdiyiniz kimi təhsili olmadan musiqini və ya hər hansı bir əsəri çalmağa çalışanda ortaya bərbad halda bir səslənmə çıxır və bu zövqün korlanmasıdı. Müsbət tərəfi isə budur ki, ölkəmizdə çox sayda xarici vətəndaşlar var və onların işərisində burada təhsil alanlar da, istirahət üçün gələnlər də var. Şəhərimizin küçələrində gəzərkən hər zaman biz bu xarici vətəndaşlarla rastlaşırıq. Küçədə çalan həvəskar ifaçılar bəlkə də özləridə bilmədən və ya xəbərsiz halda bizim milli, tarixi alətlərimizi tanıdırlar əcnəbi vətəndaşlara. Bu kimi rastlantılar "İçəri şəhər"də mənim bir çox hallarda qarşıma çıxıb. Turistlərin dinlədiyini görmüşəm. Bu tərəfdən baxınca müsbət görünür. Amma əlbətdə ki, mən bunun təhsilsiz təbliğinin tərəfdarı deyiləm. Mütləq və mütləq savadlı şəkildə, tam məlumatlı şəkildə təbliğ etmək daha gözəldi və özümüzü düzgün şəkildə tanıda bilməkdi.

- Dövlətimizin xalq musiqimizə, mədəniyyətimizin təbliğinə yüksək qayğısı qarşısında, sizcə xalq çalğı alətlərini və ya digər tarixi alətlərimizi öz ifası ilə təbliğ edənlərin reklamı niyə yoxdur?

- Düşünürəm ki, musiqiçi yalnız öz üzərində çalışmalıdır ki, sənətin yüksək pilləsinə çata bilsin. Dövlət deyək ki, mənim üçün nəyisə etmədi. Evdə də görürsən ki, ata övladının hər hansı bir istəyini yerinə yetirmir. Amma birdə görürsən elə bir şey edir ki, hər şey tamam dəyişir.

- Bununla bağlı Heydər Əliyev fonduna təkliflə müraciət etmisiniz?

- Xeyir etməmişəm.

- Tardan bezdiyiniz vaxtlar olub?

- Kiçik yaşlarımda küsdüyüm vaxtlar olub amma sonradan barışdığımda məhəbbətim daha möhkəm olub.

- Nə baş versə tar ifaçılığını atarsınız? Bu sənətdən uzaqlaşmağınıza vadar edə biləcək səbəb nə ola bilər?

- Heç bir şey. Belə hesab edirəm ki, bu istedad mənə Allahımın verdiyi böyük nemətdir, bəlkə də əmanətidir. Bu səbəbdən mən onu ata bilmərəm.

"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"















- Bu gün Azərbaycan dövlət olaraq günü gündən inkişaf edir. Bilirik ki, inkişaf edən ölkələr içərisində bu günkü Azərbaycan mədəniyyətininin əsasının qoyulmasında Ulu öndərimiz Heydər Əliyevin rolu böyükdür. Mədəniyyətimizin inkişafını necə dəyərləndirirsiniz?

- Ulu öndərimiz Heydər Əliyev təkcə Azərbaycan siyasəti üçün deyil, eyni zamanda mədəniyyət və incəsənəti üçün, daha dəqiq desək, uşaqların bu sahədə inkişafı üçün çox böyük işlər görmüşdür. Məhz bu insanın adını daşıyan müsabiqələrin keçirilməsini mən bir musiqiçi olaraq ilk növbədə borc kimi görürəm. Yaşadığı dönəmlərdə prezident olaraq Azərbaycan üçün nələr etdiyini hamımız çox yaxşı bilirik. O, Azərbaycanı çətin sınaqlardan çıxarmış şəxsiyyətdir. Heydər Əliyevin dahiliyi də onda idi ki, güclü dövlətin əsasının məhz güclü mədəniyyətdən təməl götürdüyünü bilirdi.

Mən çox istərdim ki, müsabiqələrimiz daha da çox olsun. Heydər Əliyevin ruhu həqiqətən o zaman şad olardı, çünki onun başladığı iş yüksək səviyyədə davam etdiriləcək. Bütün alət ifaçılığı üzrə yeni adların tanınmasını arzu edirəm.

- Gələcək planlar haqqında nə deyə bilərsiniz?

- Gələcək planlarım haqqında qabaqcadan hər şeyi demək istəməzdim. Onu deyə bilərəm ki, hal-hazırda yeni proqram üzərində çalışıram. Bu yaxınlarda dinləyicilərimlə bölüşəcəyəm. "Master dərs"lər üçün dəvətlər almışam.

"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
















- Suallar arasında olmayan lakin sizin eşitmək istədiyiniz hansısa sual var idi?

- Sizin verdiyiniz suallar hər bir şeyi əhatə etdiyinə görə hər hansısa suala ehtiyac qalmadı.

- Rüfət müəllim təşəkkür edirəm səmimi söhbətiniz üçün və qonaqpərvərliyiniz üçün.

- Hər zaman qonağım ola bilərsiniz, siz və bütün kollektiviniz. Mən təşəkkür edirəm öncəliklə sizə ki gözəl suallar tərtib etmisiniz. Demək olar ki, həm şəxsi yaradıcılığımdan həm pedaqoji fəaliyyətimdən ətraflı söhbət edə bildik. Və Xalqİnfo.az Xəbər Portalının rəhbərliyinə minnətdaram yada salmısınız, dəyər vermisiniz.


Rüfət Həsənov, qardaşı mahir kamança ustadı İmamyar Həsənov və peşəkar nağara ifaçısı Elşən Qasımovun birlikdə Amerikada Stanford Universitendə konsert öncəsi hazırlığını təqdim edirik:

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Solo ifa (Cahargah rapsodiyasi)



"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"
"Məni kəmiyyət deyil, keyfiyyət maraqlandırır"

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler