» » “Mənə dedilər ki, “Safura” variantında oxu”

“Mənə dedilər ki, “Safura” variantında oxu”

Bölmə: Mədəniyyət
“Mənə dedilər ki, “Safura” variantında oxu”

Bu günlərdə Azərbaycanın istedadlı gənci Mehman Tağıyev “O səs Türkiyə” yarışmasındakı ifası ilə bir gecədə məşhurluq qazandı. Onun ifa etdiyi “Sarı gəlin” mahnısı bütün Türkiyəni heyran qoydu.

Qeyd edək ki, Mehman Tağıyev 2015-ci ildə “Azərbaycanın səsi 2" yarışmasının qalibi, ”Türkvizion" yarışmasında isə 7-ci olub. Lakin ona daha çox populyarlıq gətirən “O səs Türkiyə”dəki ifası oldu. İfaçı həmin yarışma ilə bağlı uğuru və digər məsələlər ilə bağlı “Yeni Müsavat”a danışdıb. “Xalqİnfo” həmin müsahibəni təqdim edir:

- Mehman bəy, yarışmada bu cür uğur qazanacağınızı gözləyirdizmi?

- Gözləyirdim. Amma bu qədər də yox. Bu daha gözlənilməz oldu mənim üçün.

- “Sarı gəlin” mahnısını kim sizə tövsiyə etmişdi?

- Onların özləri tövsiyə etmişdi. Biz 6 mahnı seçirik. Onlar da həmin mahnıların arasında bizə uyğun olan ən yaxşısını seçib verirlər. “Sarı gəlin” mahnısını seçəndə orada muğamla bağlı bir qədər problemlər oldu. Çünki türklərin özlərinin uzun havaları və bizim muğamları oxumaq üçün dəqiqə etibarı ilə imkan yox idi. Mənə “Sarı gəlini”i verəndə onu “Safura” variantında, yəni caz-pop üslubunda oxumağımı istədilər. Amma mən razı olmadım. Sırf Azərbaycan üslubunda, “Sarı gəlin”in bünövrəsi necə olubsa o cür oxumaq istədim və başladım muğamdan parça oxumağa, onlara da göstərdim ki, tələb olunan dəqiqəni keçməyəcəm.

- Elza xanım açıqlamasında bildirdi ki, vaxtilə sizin “Türkvizion” yarışmasında 7-ci yerə çıxmağınıza ağız büzənlər olub. Samir Cəfərov isə barənizdə deyib ki, orda səs deyil, SMS-lər qalib gəlib.

- Elza xanımın dediyi sözlər axırıncı “Azərbaycanın səsi” yarışmasında olub. “SMS qalib gəlib” deyib... Bu barədə bir şey deyə bilmərəm.

- Dediniz ki, “O səs Türkiyə” yarışmasında mahnını özləri seçir. Bəs daha hansı şərtləri var? Bəzi həmyerlilərimiz bildirirlər ki, iştirakçılara şərt qoyulur ki, yarışma bitməyənə qədər müsahibə verilməsin. Belə bir şərtlə qarşılaşmısızmı?

- Xeyr, belə bir şey yoxdur. Çünki hər şey göz qabağındadır və göründüyü kimi danışırıq.

- Elza xanım əməkdaşımıza açıqlamasında bildirdi ki, “Mənə deməyib, yoxsa məsləhət edərdim ki, özü ilə kamança ifaçısı da götürərdi”. Söhbət “Sarı gəlin” mahnısından gedir.

- Onu etmək olmaz. Orada yarışmanın öz qanunları var. Əgər başqa bir dövlətdə çıxışın olursa, bu yarışmadırsa, fərqi yoxdur hansı alət olur olsun, əsas odur ki, yaxşı oxunsun.

- Seçiminiz niyə məhz Sibel Canın komandası oldu?

- Onunla yaxşı bir şeylər edəcəyimə inandım və inancım doğru çıxdı, şükürlər olsun Allahıma.

- Ümumiyyətlə, musiqi təhsiliniz varmı?

- Musiqi təhsilimi Naxçıvanda almışam və mənim bünövrəmi qoyan müəllimim Naxçıvanın əməkdar artisti Qurban Qasımovdur.

- Yarışmadan sonra Türkiyə mətbuatından sizinlə ilgilənən oldumu?

- Bəli, bunu özünüz də görə bilərsiniz ki, Türkiyə mediası mənimlə bağlı çox böyük bir yer ayırıb və çox bəyəniblər. Burda verilməyən dəyəri orda gördüm, hamı gördü...

- Maraqlıdır ki, çox istedadlı gənclərimiz olduğunu məhz həmin yarışmadan görə bilirik. Sizcə, səbəb nədir, ölkədə istedadlılar kifayət qədər dəyərləndirilmir, yoxsa buna imkan, şərait yoxdur? Bəlkə, istedadlılar daha çoxdur deyə seçilmək imkanı azdır?

- Dəyər verilmir. Mənim kimi gənc müğənnilərimiz çoxdur, özünüz bilirsiniz. Hər şey maddiyyat tələb edir.

- Bəs maddi gəliriniz hardan gəlir? Ailəniz köməklik edir, toylara gedirsiz, ya necə?

- Toylara çox az gedirəm. Əsas ailəm kömək edir, çünki “Azərbaycanın səsi” mənə o qədər də kömək etmədi.

- Toylara niyə az gedirsiz, dəvət azdır, yoxsa?

- Toylara getmək üçün efir lazım idi. Çıxdım efirə, 1-ci oldum, amma yaxşı “raskrutka” eləmədilər.

- Uğurlu çıxışınızdan sonra Türkiyədə sizə iş təklifləri gəldimi? Ümumiyyətlə, təklif olsa, orda qalmağı düşünürsüz?

- İnşallah. Bu yarışmaya çıxmamışdan əvvəl də təhsilimi Türkiyədə davam etdirmək fikrindəydim.

- Daha çox hansı üslubda oxumağı sevirsiz və sizə rahatdır?

- Klassik, sakit mahnılar, bu cür janrlar.

- Anonslarda demişdiz ki, çox haqsızlıqlarla qarşılaşmısız. O haqsızlıqlar nədən ibarət idi? Kimlər sizin qarşınıza keçməyə çalışırdı?

- Bu, “Azərbaycanın səsi” ilə əlaqədardır.

- 2016-cı ili geridə qoyuruq artıq. Bu il sizə uğur gətirdi deyə bilərik. Bəs gələn ildən gözləntiləriniz nədir?

- 2017-ci ildə inanıram ki, çox gözəl işlərim olacaq. Çünki buna var gücümlə hazırlaşıram.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler