» » Xalq artistinin Behbudovla bağlı SİRRİ: “Qurana and içdirdi ki…” - Müsahibə+Video

Xalq artistinin Behbudovla bağlı SİRRİ: “Qurana and içdirdi ki…” - Müsahibə+Video

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Xalq artistinin Behbudovla bağlı SİRRİ: “Qurana and içdirdi ki…” - Müsahibə+Video

Musiqinin dili, sərhədi olmur... Onun bənzərsiz səsi hələ Sovetlər dönəmində uzaq sərhədləri aşıb, Azərbaycan musiqisini dünyaya yaymışdı. O, yalnız çox sevdiyi Azərbaycanın deyil, onlarla başqa xalqın nəğmələrini də onların öz dilində səsləndirib hər kəsi feyzyab etmişdi.

O, bir əfsanə idi. Səhnəni səsi, görkəmiylə cana gətirən, seyrçiylə dolu zalı musiqiylə əsir alan bir əfsanə - Rəşid Behbudov əfsanəsi…

Xalqİnfo.az xəbər verir ki, bu gün xalq artisti, dünya şöhrətli müğənni Rəşid Behbudovun yüzillik yubileyidir.

Prezident İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu sərəncama əsasən, ilboyu sənətkarın xatirəsi yad olunacaq, silsilə tədbirlər keçiriləcək.

Xalq artisti Mübariz Tağıyev ustadı ilə bağlı xatirələrini Publika.az-la bölüşüb.

- Rəşid Behbudovun doğum günüdür. Onu necə xatırlayırsınız?

- İşıqlı bir insan, dahi bir musiqiçi kimi.

- Bildiyimizə görə, Rəşid Behbudov İrəvanda qastrol səfərində olarkən sizin səsinizi dinləyib, bəyənib və sonradan sizi Mahnı Teatrına dəvət edib…

- Bəli, bəzən insan xoşbəxtlik yağışına tutulur və ömür boyu o xoşbəxtliyi unutmur. Düz deyirsiniz, Rəşid Behbudov mənim səsimi dinlədikdən sonra qərara gəlmişdi ki, məni Bakıya-özünün yaratdığı Mahnı Teatrına dəvət etsin. Həmin vaxt mən əsgəri xidmətə yola düşmüşdüm.

Bir gün hərbi xidmətdə xəbər yayıldı ki, dahi Rəşid Behbudov əsgər Mübarizə teleqram vurub.

Dünya şöhrətli sənətkarın mənə ayırdığı diqqətə görə, özümü dünyanın xoşbəxti sayırdım. Həmin teleqramdan sonra mənə olan münasibət də dəyişdi. Teleqramda hərbi xidmətdən sonra məni Mahnı Teatrına dəvət etdiklərini yazırdılar. Elə də oldu. Əsgəri xidmətimi başa vurduqdan sonra Bakıya gəldim və fəaliyyətimi orada davam etdirdim. Düz 16 il Rəşid Behbudovdan görüb-götürdüm. Onu həmişə özümə müəllim saymışam. Rəşid Behbudovun yanında çoxları oxuyub, ancaq heç də hamısı ustadın tələbəsi olmayıb.

- Rəşid Behbudov xaraktercə necə insan idi?

- Olduqca mülayim və sadə idi. Amma məşq zalında tamam fərqli insana çevrilirdi. O qədər sərt rəftar edirdi ki, musiqiçilər dərhal özünü yığışdırırdı. Onun sərtliyindən qorxardıq.

- O nəyi qəbul etmirdi, nə xoşuna gəlmirdi?

- Onu yanında yanlış oxumaq mümkün deyildi, dərhal ifanı yarımçıq saxlayırdı. Unikal sənətkar idi, şit səhnə hərəkətlərini sevmirdi. Deyirdi ki, əgər yaxşı aktyorluq etməyi bacarırsansa, istifadə et, bacarmırsansa, etmə. Səmimiyyəti çox sevirdi və musiqiçilərə səhnədə özü olmalarını məsləhət görürdü. Hərtərəfli insan idi.

- Siz bir tələbə kimi onun hansı keyfiyyətlərindən bəhrələndiniz?

- Səhnə mədəniyyətindən tutmuş, gözəl geyinməyə qədər hər şeyi ondan öyrəndim. Rəşid Behbudovda hər şey harmoniya təşkil edirdi. O qədər zövqlə geyinirdi ki, ona valeh olmamaq mümkün deyildi.

- Bəs musiqiçilərinə hansısa qadağası vardı?

- Şəxsən mənə bir qadağa qoymuşdu. Uzun illərdən sonra bu sirri sizə açıram. O mənə demişdi ki, ya səhnəni seç, ya da toyu. Əslində, mən toya gedən sənətçilərə pis baxmıram. Amma bu onun istəyi və tələbi idi. Bu sözləri deyəndən sonra otağındakı müqəddəs Quranı çıxarıb stolun üstünə qoydu və mənə and içdirdi.

- Andınıza sadiq qaldınız?

- Rəşid Behbudov dünyasını dəyişəndən sonra sənət adamlarının dolanışığı ağır idi. Mən də çox çətinliklə dolanırdım. Gördüm ki, çıxış yolu yoxdur. Bir gün qərara gəldim ki, Rəşid Behbudovun qəbri üstünə gedim və andımı pozum. Toylarda oxumaq istəyirdim, ancaq dərhal da fikrimdən vazn keçdim. Bu günə qədər də ona verdiyim sözü tuturam.

- Rəşid Behbudov tələbələri ilə necə rəftar edirdi?

- Rəşid Behbudov bildiyini gizlətmir, açıq ürəklə tələbələrinə hər şeyi öyrədirdi. Yaxşılıq etməyi çox sevirdi. Həmişə yetirmələrinə atalıq qayğısı göstərirdi.

- Bəs ailə başçısı kimi necə insan idi?

- Ailəsinə çox bağlı adam olub. Ümumiyyətlə, o, əsl şəxsiyyət idi. Onun oxuduğu hər bir əsər şedevrə çevrilirdi. Dünya tenorları arasında belə, onun tayı-bərabəri yox idi.

- Bu gün görkəmli sənətkarımızın yubileyidir. Onun məzarını ziyarət edəcəksiniz?

- Hər il onun qəbrini ziyarət edən insanlardan biri də mən oluram. Bəzən qəbir üstə saatlarla dayanıb, onunla söhbətləşirəm. Nə yaxşı ki, həyatımda belə görkəmli sənətkar olub. Bundan fəxarət hissi keçirirəm. Rəşid Behbudovun musiqiləri yaşadığı müddətdə o bizimlə olacaq.

P.S: Müsahibə 2015-ci ildə alınıb.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler