» » 2015-ci ilin ilk üç ayında baş verən ən mühüm mədəniyyət hadisələri...

2015-ci ilin ilk üç ayında baş verən ən mühüm mədəniyyət hadisələri...

Bölmə: Mədəniyyət
2015-ci ilin ilk üç ayında baş verən ən mühüm mədəniyyət hadisələri...
Bu ilin ilk üç ayı mədəniyyət hadisələri ilə zəngin olub. Bu müddət ərzində ölkədə bir sıra mühüm tədbirlər, mədəniyyət və incəsənət xadimlərinin yubileyləri təşkil edilib və beynəlxalq festivallar keçirilib.

İlin əvvəlində xalq artisti Alim Qasımovun Tehranda “Vəhdət” sarayındakı geniş konsert proqramı ilə çıxışı sevindirici mədəniyyət xəbərlərindən biri oldu. Konsertdə Alim Qasımov qızı, əməkdar artist Fərqanə Qasımova ilə eyni səhnəni bölüşmüşdülər. Müğam ifaçılarını Tehran Simfonik Orkestri müşayiət edirdi.

Dünya şöhrətli ifaçının səsləndirdiyi xalq və bəstəkar mahnıları böyük alqışlarla qarşılanıb. Nəzərdə tutulmuş iki konsertdən sonra böyük tamaşaçı istəyi nəzərə alınaraq, üçüncü konsertin də keçirilməsinə qərar verilmişdi. Beləliklə, xalq artisti Alim Qasımov üç gün böyük müvəffəqiyyətlə Tehranda musiqsevərlərin qarşısına çıxmişdi.

Yanvarın 19-da isə Nizami Kino Mərkəzində kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı yanvar” filminin təqdimatı oldu. Vahid Mustafayev qanlı olayın bəşəri mahiyyətini realistcəsinə vermək məqsədilə çəkilişlərə xüsusi olaraq, beynəlmiləl heyət cəlb etmişdi.

Onların sırasında dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılığı ilə çəkiliş qrupu yer alıb. Film sonradan bir neçə ölkədə tamaşaçılara təqdim edilib.

Sevindirici mədəniyyət xəbərlərindən biri də “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyinin miniatür kitablar ekspozisiyasının dünyada ən böyük kolleksiya kimi Ginnesin Rekordlar Kitabına daxil edilməsi oldu. Qeyd edək ki, muzeydəki 38 şüşə vitrində dünyanın 66 ölkəsində nəşr edilmiş 5600-dən çox miniatür kitab sərgilənir.

Burada ən nadir eksponatlar var. Onların arasında Yaponiyanın Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılmış dörd mikrokitab (onlardan biri 0,75x0,75mm formatında, üçü 2x2 mm formatındadır), habelə Almaniyada hazırlanmış dörd mikrokitabı (bu nəşrlərdən biri (Leypsiq) 2,0x2,9 mm formatında, qalan üçü (Münxen) 3,5x3,5mm formatındadır) göstərmək olar.

Bununla belə, ilin əvvəlində mədəniyyətimizdə ağır itkilər də oldu. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) 2015-ci il yanvarın 28-də ömrünün 76-cı ilində vəfat etdi. Mərhum Birinci Fəxri Xiyabanda torpağa tapşırıldı.

Yanvarın 30-da isə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət Evində görkəmli teatr xadimi, dövlət mükafatı laureatı, xalq artisti Leyla Bədirbəylinin 95 illik yubileyi keçirildi. Tədbirdə Azərbaycanın kino və teatr tarixinə adını qızıl hərflərlə yazan aktrisanın həyat və yaradıcılığından bəhs edilib.

Fevralın lap əvvəlində isə xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd edildi. Heydər Əliyev Sarayında baş tutan möhtəşəm tədbirdə tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak etdilər. Polad Bülbüloğlu ölkə prezidenti tərəfindən mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə də təltif olundu.

Milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun da 85 illik yubileyi keçirildi. Yubiley münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş yeni musiqi albomu da nəşr edildi.

Məlumat üçün bildirək ki, alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxil edilib.

Bu günəcən 27 beynəlxalq kinofestival və forumlarda iştirak edib, dünyanın 5 qitəsini gəzərək, bir neçə mükafat və diplomlara layiq görülən Şamil Əliyevin “Çölçü” filmi daha bir mükafat qazandı. Belə ki, film Hindistanda keçirilən II Noida beynəlxalq film festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görüldü.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər. Bu ekran əsərinin süjeti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verən dəyişiklər üzərində qurulub.

Fevralın 14-də xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Davud Kazımov ömrünün 89-cu ilində vəfat etdi. Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının bədii fondunda, eləcə də Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır. Xatırladaq ki, Davud Kazımov 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının akademik rəngkarlıq kafedrasının professoru idi.

Ötən üç ayın bəlkə də ən möhtəşəm və sevindirici xəbəri Azərbaycanı “Eurovision” mahnı yarışmasında ilk təmsil edənlərdən biri olan Elnur Hüseynovun “O səs Türkiyə”dəki qalibiyyəti oldu. Ebru Gündeşin komandasında yarışan azərbaycanlı müğənni finalda “O Sole Mio” opera əsərini, “Aşk” və “Lutch” mahnılarını ifa etdi.

Yarışmanın sonunda Kaya Aslantepe adlı ifaçı ilə qalan Elnur Hüseynov səsvermə nəticəsində “O səs Türkiyə”nin ilk azərbaycanlı qalibi oldu. Daha sonra isə martın 15-də Azərbaycanın İctimai Televiziyası (İTV) ölkəni bu il “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək olan müğənninin Elnur Hüseynovun olacağını açıqladı. İfaçı “Hour of the Wolf” mahnısı ilə ölkəmizi təmsil edəcək.

Kino sahəsində də ölkəmiz bir sıra nailiyyətlərə imza atdı. Belə ki, rejissor Fehruz Şamıyevin quruluş verdiyi “Yol” filmi İranda keçirilən IX “Ruyesh” Beynəlxalq qısametrajlı film festivalının baş mükafatına layiq görüldü. Filmin festivalda nümayişi fevralın 26-da Xocalı Soyqırımının 23-cü ildönümünü qeyd etdiyimiz gündə baş tutub.

Məlumat üçün bildirək ki, filmdə baş qəhrəmanlardan biri Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professordur. O, ölüm ayağında hər şeyi gözə alıb, doğulduğu kəndə getmək istəyir və əsas hadisələr də bundan sonra cərəyan edir. Filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, redaktorları Aygün Aslanlı və Tünzalə Babayeva, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir. Filmdə baş rolları Qabil Quliyev, Rauf Şahsuvarov canlandırıb.

Martın əvvəlində IV Respublika Muğam müsabiqəsi həyata keçirildi. Müsabiqənin qaliblərinin mükafatlandırılması və yekun konserti Milli Konservatoriyada baş tutdu.

Müsabiqədə iştirak edən 68 iştirakçıdan “İnstrumental muğam ifaçılığı” üzrə Tofiq Məmmədov (tar) və Aygül Həsənova (qanun) birinci, Toğrul Orucov (kamança) və Baxış Binyatov (balaban) ikinci, Zərqələm Cəfərova (kamança) və Mustafa Aşurov (tar) üçüncü yerlərə layiq görüldü. “Xanəndə” nominasiyası üzrə isə birinci yeri Orxan Hüseynli, ikinci yeri Hüseyn Məlikov və Xətai Hacıyev, üçüncü yeri isə Zümrüd Məmmədova və Güllü Muradova qazandılar.

Altı nəfər isə fəal iştirakına görə fərqləndirilib. Qalibləri respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin daxil olduğu münsiflər heyəti müəyyənləşdirib.

Martın 10-da Azərbaycanın ilk balerinası, milli balet sənətimizin inkişafında və formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünya şöhrətli görkəmli sənətkar, xalq artisti Qəmər Almaszadənin anadan olmasından 100 illlik yubileyi oldu. Xalq artistinin yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün prezident sərəncam imzaladı.

Martın 11-dən 18-dək isə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı keçirildi. Festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir sıra bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər, habelə beynəlxalq elmi simpozium keçirildi.

Festivala Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, İngiltərə, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan dünya şöhrətli musiqiçilər və musiqi qrupları dəvət olunmuşdu. Konsertlərdə xarici musiqiçilərlə yanaşı, Azərbaycanın görkəmli muğam ustaları Arif Babayev, Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Aqil Məlikov, Elnarə Abdullayeva, Təyyar Bayramov, Səbuhi İbayev və istedadlı gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Güllü Muradova, Mirələm Mirələmov və başqaları çıxış ediblər.

Eyni zamanda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Xor Kapellasının, “Sinfonietta” orkestrinin də çıxışları olub. Festival günlərində qonaqlara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları təqdim edildi. Həmçinin Bakı Caz Mərkəzində görkəmli caz ustası Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş tədbir müvəffəqiyyətlə baş tutub.

Novruz bayramı ilə əlaqədar olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə mart ayının 20-dən 23-dək təntənəli II Beynəlxalq Novruz Festivalı keçirildi. Festivalda Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan nümayəndələri də iştirak etdilər. Festival günlərində Qoşa qala qapısı meydanında “Meydan bazarı” təşkil olundu. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən videoçarxlar, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgiləndi.

Hər gün səhər saatlarından pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərir, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadıblar. Festival çərçivəsində hər gün Qoşa qala qapısı meydanında, Qız qalası meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçirilib.

Martın 14-də Heydər Əliyev Sarayında Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf geniş konsert proqramı ilə çıxış etdi. Xatırladaq ki, "Sarı gəlin” adlanan konsert “Kevents group”un təşkilatçılığı ilə reallaşıb. Sami Yusuf konsertdə "The Centre” adlı albomunda yer alan musiqiləri, həmçinin “Sarı gəlin” və “Küçələrə su səpmişəm” mahnıları da daxil olmaqla, 19 mahnı ifa edib.

Onu yerli musiqiçilər müşayiət edib. Konsertdə, həmçinin “Natiq” ritm qrupu da maraqlı çıxış edib. Konsertdə maraqlı məqamlardan biri də Sami Yusufun ona hədiyyə olunan Azərbaycan bayrağını öpərək, pianonun üstünə sərməsi olub. Müğənninin bu jesti tamaşaçılara xoş təsir bağışlayıb.

Novruz bayramı ərəfəsində Azərbaycanın xalq artisti Zeynəb Xanlarova ABŞ-ın Nyu-York şəhərində konsert proqramı ilə çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş proqram Nyu-Yorkun Bruklin səmtindəki “Master Theatre” adlı konsert kompleksində baş tutub.

“Xoş gördük, əzizlərim” adlı proqramda xalq artisti Zeynəb Xanlarova on nəfərlik ansamblının müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları - “Xoş gördük”, “Doğmasan mənə”, “Anacan”, “Niyə yox deyirsən”, “Azərbaycan maralı”, “Olmaz, olmaz”, “Qadan mən alım”, “Gül yanaqlım”ı ifa edib.
musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler