» » Saakaşvilinin məğlubiyyətinin əsas səbəbi

Saakaşvilinin məğlubiyyətinin əsas səbəbi

Bölmə: MARAQLI, BLOK XƏBƏR
Saakaşvilinin məğlubiyyətinin əsas səbəbi




Əhəd Məmmədli: “Nə Qərb, nə də gürcülər onun arxasında durmadı”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin namizədi, Vahid Milli Birlik Hərəkatının namizədi Qriqol Vaşadzenin noyabrın 28-də keçirilən prezident seçkisinin 2-ci turunda məğlubiyyəti gözlənilməz oldu. Müzakirələrdə əsas diqqət ölkəsinə girişi yasaq edilən Saakaşvili üzərində cəmləşib.


Gürcü xalqının əksəriyyətinin nə üçün bu dəfə də Mişanın yanında olmaması suallar doğurub. Gürcüstanda 10 ilə yaxın prezidentlik dövründə ölkədə korrupsiya və rüşvətxorluğu əsasən aradan qaldıran, ölkənin Avropa yolunu açan və dövləti üçün misli görünməmiş müsbət işlər görən Saakaşviliyə xalqının nə üçün son 5 ildə sahib çıxmaması ilə bağlı bir-birinə zidd fikirlər səslənir. Bir çoxu 2008-ci ildə onun prezidentliyi dövründə Cənubi Osetiya və Abxaziyanın itirilməsinin Saakaşvilini Gürcüstan siyasətində bitirdiyini düşünür.

Politoloq Əhəd Məmmədli eks-prezidentin Gürcüstanda silinməz izlər buraxması barədə səslənən fikirlərlə razı deyil: “Saakaşvili o vaxt silinməz izlər qoyardı ki, ölkəsinin ərazi bütövlüyünü təmin etmiş olardı. Onun vaxtında 8 gün ərzində rus tankları Tiflisin 20 kilometrliyində dayanmışdı. Məhz bundan sonra Rusiya Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanıdı. Düzdür, Saakaşvili Gürcüstanda total şəkildə korrupsiya ilə mübarizə apardı, polis və ordu islahatı etdi, kriminallarla sərt davrandı və s. Bunların hamısını onun müsbətinə yazmaq olar. Amma gürcü-rus müharibəsi nəticəsində Gürcüstana siyasi, hərbidən əvvəl güclü iqtisadi zərbə oldu. Gürcü kənd təsərrüfat malları rus bazarlarına bağlandı, Rusiyada çoxsaylı gürcü lobbisinə çətinliklər törədilməyə başladı. Bu da kifayət qədər geniş gürcü əhalisi arasında ciddi narazılıqlara səbəb oldu. İkinci dünya savaşını udan Çörçil bir ildən sonra parlament seçkilərini uduzdu. Yəni müqayisədə Saakaşviliyə o qədər də böyük ədalətsizlik edilməyib. Mişanın qatarı Ukrayna siyasi fiaskosundan sonra getdi. Gürcüstan siyasətinə yenidən qayıtmaq istədi, çətinliklə də olsa bunun qarşısı alındı. İnsanlar gələcəyə baxmaq istəyir. Siz bu məsələdə İvanişvili və komandasının da müsbət rolunu unutmayın. İvanaşvili hakimiyyətə gələndən sonra Gürcüstanda qeyri-neft sektoru, əsasən də turizm çox inkişaf etdi. Batumi Gürcüstanın Antalyasına çevrildi. Düzdür, turizm inkişafı Saakaşvili dönəmində başladı, amma İvanişvili bunu daha da inkişaf etdirdi. Məhz İvanişvili dövründə rus və ərəb turistlərin Gürcüstana axını başladı, Rusiya ilə ticari münasibətlər davam etdirildi, Rusiyada yaşayan gürcülər yenidən ailələrinə pul göndərməyə başladı.


Rusiyadan gürcülərin deportasiyası dayandırıldı. Rusiyada yaşayan çoxsaylı gürcü lobbisi üçün bu çox vacib görülən işlər idi. Əlavə bütün söylənilənlərə rəğmən, İvanişvili və komandası Qərbə inteqrasiyanı davam etdirdi. Bir də ki, gürcülər qorxurlar ki, Saakaşvili hakimiyyətə qayıtsa Rusiya ilə yenidən konfrontasiya başlanacaq. Gürcülər rus tanklarının gürcü şəhərlərində səsini unutmayıblar, hələ çox unutmayacaqlar. Azərbaycanda reallıqdan daha çox emosiyalara söykənən aşırı bir Saakaşvili sevgisi var. Məncə, bunun dozasını azaltsaq yaxşı olar. Saakaşvili Qərbin məxməri, narıncı inqilab projesi idi, çox da uğurlu bir proje oldu. Fikir verin, son seçkilərin legitimliyini Vaşadze tanımasa da, Qərb göründüyü kimi, tanıyacaq. İvanişvili riskli, amma ağıllı oynadı. Saxtakarlıq etmədən iki turlu prezident seçkilərində qalib gəldi. Saakaşvili nə qədər insanları meydana səsləsə, Vaşadze nə qədər seçkilərin leqitimliyini tanımasa da, ikinci turda keçirilən prezident seçkilərinə antidemokratik deməyə heç kəsin dili gəlməz. Nə Ukraynada, nə də Gürcüstanda Qərb Saakaşvilinin arxasında durmadı. Lap Qərb dursa belə, nə Ukrayna, nə gürcü xalqı Saakaşvilinin arxasında durmadı. Bu da o deməkdir ki, ”Mavr öz işini görüb, Mavr getməlidir". Bizim halda isə Mavr, yəni Saakaşvili hələ də getmək istəmir. Növbədənkənar parlament seçkiləri keçirilsə, çox güman ki, Saakaşvili yenə gündəmə qayıdacaq. Amma növbədənkənar parlament seçkilərinin keçirilməsi o qədər də inandırıcı görünmür. Rusiya ilə uğursuz müharibə Saakaşvilinin prezidentliyi dövründə oldu. Saakaşvilinin məşhur qalstuk yemə kadrlarını heç kəs unutmayıb. Bu müharibə və ardınca Rusiyanın Cənubi Osetiya və Abxaziyanın tanınması Saakaşvili uğursuzluğunun ayağına yazıldı. Bilirsiniz, insanlar əmin-amanlıq şəraitində yaşamaq istəyir. Gürcülər daha rus tanklarını şəhərlərində görmək istəmir. İnsanlar demokratiya şüarlarına deyil, sabitliyə səs verirlər. Bu da anlaşılandır. Saakaşvilinin gördüyü işlər unudulmayıb, amma bütün bunlar gürcü xalqına baha başa gəlib. NATO-ya yol açılmaqla Gürcüstan ağ günə çıxdı ya ərazi bütövlüyünə qovuşdu? Əksinə, ərazisinin 20 %-nin itirilməsi legitimləşdi. Niyə elə təsəvvür yaranır ki, İvanişvili və sonrakı dövrlərdə gürcü xalqının rifahı pisləşdi? Qətiyyən elə deyil, elə olsaydı gürcülər yenə iqtidarın dəstəklədiyi namizədi prezident seçməzdi".

Politoloq onu da vurğuladı ki, nə Saakaşvili, nə də İvanişvili gürcüləri Avropanın öncül xalqı sırasına çıxartmayıb: “Bunun olması üçün Gürcüstan hələ çox yol qət etməlidir. Gürcüstanda Saakaşvili birmənalı qarşılanmır, bu faktdır. Onun impulsiv, emosional olmasını Avropada da deyirlər. İndiki gərgin dövrdə Cənubi Qafqaz regionunda heç kəsə belə rəhbər lazım deyil - nə Gürcüstana, nə Rusiyaya, nə də Avropaya. Saakaşvili heç şübhəsiz gürcü tarixinə öz adını yazdı. O, odioz fiqur olaraq tarixə düşdü. Odioz fiqurlara da orta münasibət olmur. Onları ya sevirlər, ya söyürlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler