» » Gürcü azarkeşlərin üsyanı, Şevardnadzenin qətiyyəti –

Gürcü azarkeşlərin üsyanı, Şevardnadzenin qətiyyəti – Brejnevin kabinetində müzakirə olunan futbol matçı

Bölmə: MARAQLI, BLOK XƏBƏR
Gürcü azarkeşlərin üsyanı, Şevardnadzenin qətiyyəti –





23 iyul 1977-ci ildə Tbilisidə keçirilən “Dinamo” Tbilisi və “Zarya” (Voroşilovqrad) komandalarının qarşılaşması futbol tarixinə səs-küylü gün kimi həkk olunub. Oyunda baş verən insident hətta siyasi xarakter alıb, Kremldə, şəxsən Brejnevin kabinetində matçla bağlı Siyasi Büronun üzvləri müzakirələr aparıblar...

Həmin matçı Tbilisinin “Dinamo” stadionunda 60 mindən artıq azarkeş seyr edib. Həmçinin başda Gürcüstanın birinci katibi Eduard Şevarnadze olmaqla, respublikanın bütün rəhbərləri də stadiona təşrif buyurublar. Havanın isti olması azarkeşlərin stadiona axınına mane ola bilməyib.



Oyunun birinci hissəsi heç-heçə ilə sona çatıb. İkinci hissədə də komandalardan heç biri fərqlənə bilməyib. Matçın sonuna yaxın azarkeşlərin qələbə “ehtirası” qəzəblə əvəzlənib. “Dinamo” Tbilisinin hücumçusu rəqib komandanın cərimə meydançasında “Zarya”nın müdafiəçisinin kobudluğu nəticəsində yıxılıb. Ancaq hakim Romuldos Yuşka oyunun davam etdirilməsinə işarə edib. Onsuz da gərgin keçən oyun hakimin bu qərarından sonra azarkeşləri daha da hiddətləndirib. On minlərlə insan ayaqüstə “penalti” deyə qışqıraraq arabir hakimin ünvanına söyüşlər də yağdırıblar.

Nəhayət, hakim fitlə oyunun bitməsini bildirəndə qəzəbli azarkeşlər yaşıl meydançaya doluşublar. Sonradan məlum olub ki, stadiona təxminən 5-7 min azarkeş daxil olub. Bu məqamda milis patrullarının köməyi ilə hakimlər və rəqib komandanın oyunçuları sağ-salamat futbolçuların istirahəti üçün nəzərdə tutulmuş otağa çatdırılıblar. Stadionun hasarından dəmir lövhələri, oturacaqlardan taxtaları qoparan azarkeşlər hakimlərin və futbolçuların olduqları yerə hücum ediblər.

Vəziyyətin son dərəcə gərginləşdiyini görən Gürcüstanın birinci katibi Şevardnadze səsgücləndirici vasitəsilə azarkeşlərə müraciət edib. Ancaq bu müraciətin heç bir mənası olmayıb. O, fəxri lojadan çıxaraq yaşıl meydançaya tərəf üz tutub.

Ancaq o, bir neçə addımdan sonra geri qayıtmaq məcburiyyətində qalıb. Çünki azarkeşlərin arasından keçmək mümkün olmayıb.



Stadiondan məşhur idman şərhçisi Kote Maxaradzenin səsi eşidilib. O, azarkeşləri geri çəkilməyə dəvət edib. Azarkeşlər Gürcüstanda böyük nüfuz sahibinin xahişinə də məhəl qoymayıblar.



Nəhayət, stadiona milyonlarla gürcünün kumiri olan David Kipiani daxil olub. Azarkeşlər onu çılğınlıqla alqışladıqdan sonra əlləri üstə geyinib-soyunma otağına aparıblar. Bununla da azarkeşlər demək istəyiblər ki, yaşıl meydançaya kimin çıxmasından asılı olmayaraq onlar hakimdən öz “qisas”larını alacaqlar.

Stadiona daxili qoşunların və milisin əlavə qüvvələri cəlb olunub. Ancaq bu da azarkeşlərin qarşısını ala bilməyib. Şevardnadze ikinci dəfə stadiona düşməyə cəhd göstərib. O, iki-üç nəfər mühafizəçi ilə çox çətinliklə stadiona daxil ola bilib.
2006-cı ildə çapdan çıxmış “Keçmiş və gələcək haqqında fikirlər” kitabında Şevarnadze həmin günü belə xatırlayıb:

“Mən ikinci cəhddə çox çətinliklə yaşıl meydançaya daxil ola bildim. Səsgücləndirici ilə azarkeşlərə müraciət etdim: “Görürsünüz, mən də sizinləyəm. Biz hakimlə məsələni həll edəcəyik. İndi isə gəlin dağılışaq, gəlin mənim arxamca...”. Mən stadionun çıxışına tərəf üz tutdum, onlar da mənim arxamca. Stadiondan çıxdıq. Təxminən bir-iki kilometr yol getdik. Hava çox isti idi. Mənim bütün paltarlarım tərdən islanmışdı və düzünü deyim ki, artıq getməyə də taqətim yox idi. Yenidən azarkeşlərə müraciət etdim: “Buradan isə hərə öz evinə yollansın. Mənim bundan artıq getməyə gücüm çatmır, hər dəqiqə yıxıla bilərəm”. Onlar mənim sözümü eşitdilər və dayandığımız yerdən hərə öz məhəlləsinə tərəf üz tutdu”.

Qeyd edək ki, stadionda qarşıdurma nəticəsində 35-dən artıq milis əməkdaşı ciddi bədən xəsarəti alıb, təcili yardım və milis maşınları yandırılıb.

Elə həmin gecə Moskvaya baş vermiş hadisələr haqqında məlumat verilib. Sovet dövründə hüquq-mühafizə orqanları əməkdaşlarının xidməti vəzifələrini icra edərkən kütləvi şəkildə bədən xəsarəti almaları ciddi hadisə sayıldığından məsələnin müzakirəsi Kreml müstəvisinə keçib və Eduard Şevardnadze təcili olaraq Kremlə çağrılıb.



Baş katib Siyasi Büronun üzvlərini öz kabinetinə dəvət edib. Büro üzvlərindən bir neçəsi Şevardnadzenin stadiona düşməsinin məqbul olmadığını, bununla da təlimatı ciddi şəkildə pozduğunu söyləyiblər və qeyd ediblər ki, buna görə o partiya cəzası almalıdır. Sonra Brejnev Şevardnadzeyə söz verib. O, bütün baş verənləri ən kiçik detallarına qədər büro üzvlərinin diqqətinə çatdırıb. Nəhayət, Brejnev öz qərarını bəyan edib: “Bəli, Şevardnadze təlimatı pozub, bununla bağlı mən sizin fikirlərinizlə razıyam. Amma o, qan tökülməsinin qarşısını alıb. Odur ki, bu məsələni elə burdaca qapayırıq...”
Şevardnadze həmin müşavirədə bəyan edib ki, Tbilisi dinamoçuları artıq cəzalandırılıb. Amma hansı cəzadan söhbət gedə bilərdi? Elə növbəti oyunda komanda, başda məşhur futbolçilar, Kipiani, Şenqeliya, Daraseliya, Çelebadze olmaqla eyni heyətlə yaşıl meydançada görünüblər.

Onu da qeyd edək ki, sözü gedən matçla bağlı Moskvadan Tbilisiyə gəlmiş xüsusi komissiyanın yekun rəyində hakim Romuldos Yuşkanın penalti təyin etməməsi haqlı sayılıb.musavat. com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler