» » İstintaq materialları - “Bağırov müsavatçıları partiyaya üzv edirdi”

İstintaq materialları - “Bağırov müsavatçıları partiyaya üzv edirdi”

Bölmə: MARAQLI
İstintaq materialları - “Bağırov müsavatçıları partiyaya üzv edirdi”
Tarixi mövzular, məxfi sənədlər hər zaman insanların diqqət və marağında olub. Admiral.Az saytı olaraq, yayınladığımız tarixi yazışmalar və sənədlərin oxucular tərəfindən maraqla qarşılandığını nəzərə alaraq, tədqiqatçı-alim Adıgözəl Məmmədovun “M.C. Bağırov - L.P.Beriya. İstintaq materialları” kitabından maraqlı məqamları seçib, oxuculara təqdim edirik.

XXVII HISSƏ

Ola bilsin ki, bu da təsadüfdür və Beriya kimi Bağırov da DİN-i partiyadan üstün bir orqana, onu özünün çirkli əməllərini yerinə yetirən, sözəbaxan bir alətə çevirmişdi (onların metodu eyni idi). Bu orqan Bağırovun istədiyi hər bir adama “PN” (“siyasi cəhətdən etibarsız”) damğası vururdu. Bu orqan saxtalaşdırılmanın yayılmasını, hamıya - qəlbinə yatmayan bütün adamlara qarşı yalan ittihamların irəli sürülməsini öz adətinə çevirmişdi. Misallar gətirim.

SSRİ Dövlət Nəzarəti Nazirliyinin materiallar üzrə böyük bir qrup müfəttişi başda SSRİ Dövlət nəzarəti nazirinin müavini yol.Starostin olmaqla (Mexlisin dövründə) yoxlama aparmışdılar. Müfəttişlər çoxlu sayda materiallar toplamışdılar. Bu işin nə ilə nəticələnəcəyini görən Bağırov öz qulbeçələrinə - daxili işlər naziri Yemelyanov Stepan Fyodoroviçə “bu işi sındırmaq” “tapşırığını” vermişdi.

Və təxribat metodları işə düşür, y.Starostinə cavan, göycək qızları soxuşdururlar, onu içizdirirlər, cürbəcür variantlarda və vəziyyətdə şəklini çəkirlər. “Materialların” sayı çoxaldıqdan sonra Bağırov Beriya ilə əlaqə saxlayır (təsadüfən?), Yusupovu (Özbəkistan) “mobilləşdirir” və bütün bu “materiallarla”Moskvaya ÜİK(b)P MK Siyasi bürosunun iclasına gəlir. Orada bu materiallar və digər bütün sənədlər Mexlisə və Starostinə qarşı qoyulur. “Necə ola bilər ki, belə adamlar bizi ittiham edər. Müfəttişlərə bir baxın, onlar bu cürdürlər”.

Zalım olan bu adam öz hakimiyyətini heç kimlə bölmək niyyətində deyildi, elə kadr məsələsində də sözəbaxan və ona şəxsən sədaqətli olan insanları işə götürürdü. İstedadlı və bacarıqlı, təmiz, partiyamıza sədaqətli olan insanlar özlərinə layiq yer tapa bilmirdilər.

Onun əhatəsində olan silahdaşları: Çekistlər Sumbatov-Topuridze (Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1920-ci ildən onunla Azərbaycan FK-da, sonra Beriya ilə Moskvada - Kremldə işləyirdi, indi həbs olunub), Beriyanın qohumu Narçimaşvili, Kubra Fərəcova - onun bir neçə oynaşlarından biri, Sadıx Fərəcovun həyat yoldaşı, - keçmiş müsavatçı Bağırovun tapşırığı ilə Sov.İKP üzvü oldu, Həsən Həsənov – qolçomaq tör-töküntüsü, Bağırov onu Azərbaycan KP MK katibi vəzifəsinə irəli sürmüşdü (partiya fəallarının xəbərdarlıqlarına baxmayaraq), indi Azərbaycan KP MK-nın təhsil şöbəsində işləyir, Yemelyanov S.F. – Bağırovun sədaqətli köpəyi, öz xidməti vəzifəsindən yararlanan Azərbaycanın daxili işlər naziri, Bağırovun sifariş verdiyi bütün adamları siyasi obyektivlik göstərənləri zərərsizləşdirirdi. Şahverdiyev Hacı Ağa (Türkiyə əks-kəşfiyyatına işləyirdi), Gülməmmədov – Bağırovun Quba üzrə silahdaşı, onun burjua-millətçi tendensiyaları yerli qruplaşmalardan bəllidir və s.
İstintaq materialları - “Bağırov müsavatçıları partiyaya üzv edirdi”

Belə olan təqdirdə, əziz Nikita Sergeyeviç, bütün ömrü boyu Bağırovun ideya rəhbərliyi altında onunla bir yerdə FK-da işləmiş indiki Nazirlər Sovetinin sədri Teymur Quliyevə və Bağırovun yaxın şagirdi və yetişdirməsi, dəfələrlə Azərbaycanın Daxili işlər naziri işləmiş və uzun illər Bağırova itaətkarcasına xidmət etmiş Azərbaycan KP MK-nın indiki katibi Yaqubov Mir-Teymura çətin inanmaq olar. Onlar onun göstərişlərini kor-koranə yerinə yetirmişlər, hər şeydə ona oxşamaq istəyirdilər (geyimində, yerişində, çağırışında və s.). İndi çətin inanmaq olur ki, “seyredicilər” öz müəllimlərinin qüsurlu iş metodlarına yoluxmasınlar.

Bu insanın amoral hərəkətindən, mənəviyyatsızlıq faktlarından, onun bəy-feodal həyat tərzindən danışmaq istəmirəm. Onu işdən çıxarandan sonra Azərbaycanda xalq arasında deyirdilər ki, “belə işləri heç şirvanşahlar da özlərinə rəva bilmirdilər”. O, çoxlu gözəl azərbaycanlı qızları rəhbər vəzifələrə irəli çəkirdi, sonra isə “xidməti işlərlə əlaqədar” çağıraraq onları qadın kimi istifadə edirdi (K. Fərəcova, Z. Əlizadə, Xanməmmədova, P. Qaşımzadə və b.). Bunlar xırda şeylərdir və bu hərəkətlər həqiqətdə mənəviyyatı pozulmuş siyasətçilər üçündür.

Təsadüfi deyildi ki, Bağırov da eynilə Beriya kimi nəinki partiyanın şübhə ilə yanaşdığı adamları həbsdən azad etdirir və hətta təkid edirdilər ki, o insanları azad etmək vacibdir (Triniçlə, Qazan Papax oğlu Məmmədovla, Hüseyn Musayevlə, Z.Əlizadə və başqaları ilə olduğu kimi).
Budur bəzi faktlar, onlar Bağırovun indiki hərəkətləri müqabilində heç də tasadüfi deyildir, onların arxasında sosial-siyasi köklər durur.

Uzun illər boyu siyasi sayıqlığın öləziməsi, partiyamıza qarşı düşmən münasibət aşılayan“sentimentalizm”, son dərəcə “havadarlıq”, cürbəcür antisovet ünsür və düz, təmiz, vicdanlı sovet adamlarına qarşı zülmkarlıq, nəinki bitərəflərin, həmçinin partiya üzvlərinin də hüquqlarını boğmaq siyasəti, hədsiz hakimiyyət ehtirası, karyerizm, siyasi avantüra metodları, xoşlarına gəlməyən insanlara divan tutulması təsadüfi ola bilməzdi. Düzü, əgər Bağırovun arxasında möhkəm, mötəbər, etibarlı dayağı olmasaydı, heç inkişaf da edə bilməzdi; belə dayağı o, Beriyanın timsalında tapmışdı.

Bütün bu keyfiyyətlər eynilə Beriyaya da, Bağırova da xasdır, bu hisslər onları bir-birinə doğmalaşlaşdırır.

Bağırov elə başa düşəcək ki, əlverişli məqamdan istifadə edərək mən onunla şəxsi haqq-hesab çəkirəm.

İ.K.Əfəndiyev

7.Х.1953

Moskva, Pistsovaya, 16, korp. 2, mənzil 69

Burada mən (müəllif) İ.Əfəndiyevin məktubda göstərdiyi bəzi ittihamlara münasibət bildirmək istəyirəm. M.C. Bağırova qarşı qurulan məlum məhkəmədə (“M.C.Bağırovun məhkəməsi” kitabı, 83-87 səh.)deyilirdi ki, “Azərbaycan Respublikasının dövlət arxivindəki işlərin arasında vaxtilə Triniçin Azərbaycan müsavat partiyası sədrinin adına öz dəst-xətti ilə yazdığı ərizə aşkara çıxarılmışdır. Həmin ərizədə Triniç Quba şəhərinin komendantı olduğunu, Xırda­landakı döyüşlərdə iştirakını, Qubada könüllülər dəstəsi yara­dıb Azərbaycana türk ordusunun hü­cu­mu­nadək bolşeviklərə qarşı fəal mübarizəsini əsas tutaraq, müsavat par­­lamentinin mühafizəsi üçün dəstə yaradılmasını ona tapşırmağı xahiş edirdi.

Yalnız bundan sonra, Triniçin tutulmasını tələb edən ərizələrin təsiri altında o, həbs edildi.

Şahidlərin ifadələrindən də göründüyü kimi, Triniçlə Bağırov çox yaxın münasibətdə imişlər. Bağırov onu yüksək vəzifələrə irəli çəkirmiş, hətta respublika qəzetinin redaktoru kimi vəzifəyə təyin edibmiş.

Triniçin əksinqilabi keçmişi barədə dəfələrlə siqnallar daxil olmasına baxmayaraq, Bağırov 1933-cü ildə onu hökumət mü­kafatına – ordenlə mükafatlandırmağa təqdim etdi.
1936-cı ilin 27 oktyabrında Triniçin bacısı – Nemət Kamal Məlikova qardaşının həbs edilməsi ilə əlaqədar ərizə yazıb Bağırova müraciət etmişdi. Həmin ərizədə deyilirdi:

“Heç kimə də olmasa, Triniçin Qubada və qəzada türk zabiti olarkən keçirdiyi həyat tərzi və fəaliyyəti Sizə yaxşı məlum olmalıdır”.

Həmin ərizədə daha sonra o, Triniçin azad olunmasını israrla tələb edir və göstərirdi ki, Triniç günahkar olsa belə, bağırov onu azad etməlidir.
Triniç əksinqilabi fəaliyyətdə günahlandırılıb həbs edildikdən sonra onun işi baxılmaq üçün Azərbaycan SSR Ali Məhkəməsinin xüsusi kollegiyasına verildi. Triniç 1936-cı ilin 16 oktyabrında xüsusi kollegiya sədrinin adına aşağıdakı məzmunda ərizə yazdı:

“Düşmənlərimi ifşa etmək üçün mən bu ayın 7-də prokurora üz tutub mənə açıq cavab yazmaq imkanı verilməsini xahiş etdim. Lakin mənim xahişim cavabsız qaldı, iş isə Sizə göndərildi.

Diqqətinizi yuxarıda göstərilənlərə yönəldərək, həmin imkanın mənə verilməsini xahiş edirəm. Arxayın ola bilərsiniz, düşmənlərimin mənə lağ edib gülməsinə yol vermərəm, odur ki, məhkəmədə susacağam (qapalı məhkəmə iclası istisna olmaqla)”.


Triniçin işinə 1937-ci ilin iyununa qədər baxılmadı, sonra isə Azərbaycan XDİK-nin tələbi ilə yenidən ora qaytarıldı. Triniçin sonrakı ta­le­yi məlum deyil. Bağırovun dediyinə görə, Sumbatov Triniçin kamerada özünü asaraq öldürməsi barədə məlumat vermişdi.

Ancaq bir hadisə yuxarıda göstərilən fikirlərə yenidən yanaşmağa məni məcbur etdi. Belə ki, bütün bu faktlar və sənədlər mənim 2013-çü ildə Rusiyada nəşr edilmiş “Bağırovun qanadı altında türk agenti Beriya” kitabımda da öz əksini tapmışdı. Kitab Rusiyada yayıldıqdan sonra Əhməd Triniçin Moskva şəhərində yaşayan oğlu Fridrix Triniç bu kitabla tanış olduqdan sonra axtarıb məni tapdı. Görüşümüz Moskva şəhərində “Reçnoy vokzal” metro dayanacağının yaxınlığındakı xudmani bir restoranda baş tutdu. Sözün düzü, Fridrix Triniç ilə ilk görüşüm çox sərt tonlar üzrə keçdi. O, çox hiddətlə “Bağırovun qanadı altında türk agenti Beriya” kitabımda verilən Əfəndiyevin Xruşşova ünvanladığı məktubundakı atası haqqındakı fikirlərini rədd edirdi və üstəlik məni də qınayırdı. Mən isə ona anlatdım ki, bu mənim fikirlərim deyil və sənəddə yazılan fikirləri isə redaktə edə bilmərəm. Əlbəttə, o bunu başa düşürdü və mənə təkilf etdi ki, mən sizə atamla bağlı materialları versəm, bununla bağlı növbəti kitablarınızda qeyd edərsinizmi? Mən bu təklifə çox məmuniyyətlə “əlbəttə” deyərək cavab verdim və beləcə onunla bu ilk görüşümüzdən sonra aramızda səmimi münasibət formalaşdı. Amma çox təəssüf edirəm ki, tanışlığımızdan və əməkdaşlığımızdan çox az bir müddət sonra Fridrix Triniç qəfləti bir ölümlə dünyasını dəyişdi. Sanki ağsaqqal yaxınlaşan ölümünü hiss edirmiş, çünki çox tələsirdi və həm də çox sevinirdi ki, atası ilə bağlı çox dəyərli sənədləri məhz mənə verdi. Ona görə də vəfa borcumu yerinə yetirmək üçün rəhmətliyin mənə təqdim etdiyi bütün sənədləri Siz oxucularla da bölüşürəm.

İstintaq materialları - “Bağırov müsavatçıları partiyaya üzv edirdi”

Əhməd Triniçin oğlu Fridrixin xatirələrindən: “Atam Əhməd Bedin Triniç məşhur və varlı bir nəslə mənsub olmuş albandır. Albaniyanın digər tanınmış bir nəsli ilə aralarında qan düşmənçiliyi olmuşdur. Onun qan qisasından qorxan varlı nənəsi bir oğlan və bir qız nəvəsi ilə Türkiyəyə - atamın zabit məktəbini bitirdiyi ölkəyə getmişdir.

Türk ordusunun zabiti olan atam 1916-cı ildə rus qoşunlarına əsir düşmüş və Rusiyanın şimalında yerləşən həbs düşərgəsinə göndərilmişdir. İnqilabdan sonra o, düşərgədən xilas olunaraq vətənə qayıdarkən 1918-ci ildə Bakıda vətəndaş müharibəsinin qızğın vaxtına düşmüşdür. Əvvəlcə o, İttihad partiyasının üzvü olmuş, 1919-cu ildə isə məşhur bolşevik Levon Qoqoberidzenin təsiri ilə bolşeviklər partiyasına qəbul olunmuş və tezliklə bütün sahələr üzrə hədsiz dərəcədə savadlı olduğuna görə fəal partiya funksioneri, bir sıra qəzetlərin redaktoru, “Azərnəşr” partiya nəşriyyatının direktoru, konservatoriyanın direktoru, Bakı şəhər partiya komitəsinin təftiş komissiyasının üzvü olmuşdur.

Məşhur yazıçı Leonid Zorin “Avanstsena” xatirə romanında yazır ki, hündür, bəyaz dişli alban Əhməd Triniç hələ çox gənc şair ikən ona bir nəşriyyat direktoru kimi dəstək vermiş və 1933-cü ildə onun şeirlər kitabını nəşr etdirmişdir. Atam Azərbaycan Kommunist Partiyasının rəhbərliyi ilə, o cümlədən, Ruhulla Axundovla dostluq münasibətləri saxlayırdı. Məhz elə onların məsləhəti ilə mənə azərbaycanlılar üçün qeyri-adi olan bir ad - Engelsin şərəfinə Fridrix adı verilmişdir. Həmin illərdə atam Azərbaycanda kifayət qədər tanınmış bir şəxs olmuşdur. Atam üç dəfə də evlənmişdi. Mənim anamla (üçüncü arvadı) Moskvada tanış olmuş, 1931-ci ildə hələ 20 yaşı olmayan anamı Bakıya aparmışdır; baxmayaraq ki, aralarındakı yaş fərqi 18 il olmuşdur.


Maraqlıdır ki, atam elə az sayda adamlardan idi ki, beynəlxalq münasibətlərlə məşğul olur, qəzetlərdə İran və Türkiyədəki vəziyyətdən yazırdı, sanki mənim peşəmi qabaqcadan duymuşdu. Atam 1918-1920-ci illərdə türk əks-kəşfiyyatına işlədiyinə görə təqsirli bilinərək 1936-cı ilin aprelində, daha doğrusu, əvvəllər raykomun təlimatçısı kimi bizim evdə tez-tez qonaq olmuş Bağırovun hakimiyyətə gəlişindən az sonra həbs edilmişdir (20-30-cu illərdə o, özünün “İttihad” partiyasının üzvlüyündə olmasını gizlətməyərək bir neçə dəfə partiya “təmizlənməsindən” keçmişdi).


Uzun-uzadı sorğu-sual zamanı o, təqsirli olduğunu boynuna almamış, özünə qarşı olan ittihamları iftira adlandırmışdır. 1936-cı ilin oktyabrında istintaq başa çatsa da atamın tələblərinə və müstəntiqlərin vədinə baxmayaraq məhkəmədə onun işinə 9 ay ərzində baxılmamışdır. 1937-ci il iyulun 8-də atam kamerada asılmış vəziyyətdə tapılmış və istintaq bunu özünəqəsd kimi qiymətləndirmişdir. Buna inanmaq çətin idi, çünki mühafizə olunmuş həbsxana gündəliyi onun əhval-ruhiyyəsinin yüksək olduğunu və özünün müqəssir olmadığını sübut etməyə cəhd etdiyini göstərir.

Atamın müəmmalı ölümündən sonra anam Bakıdakı mənzilimizi tərk edərək, 1938-ci ildə mənimlə birlikdə Moskvaya valideynlərinin yanına getdi. Görünür ki, bu da, onu həbsdən qurtarmışdı. Uzun illər atam barədə əsil həqiqətləri məndən gizlətmişlər. Pasportumda yazılıb ki, mən azərbaycanlıyam. Lakin 1960-cı ildə mənim xaricə uzunmüddətli ezamiyyətə göndərilməyim nəzərdə tutulan zaman DTK-dan bildirdilər ki, atam repressiya olunmuşdur və ona görə də beş il ərzində mənə xaricə getmək olmaz. Yalnız 1965-ci ildə işdə qazandığım uğurlara görə məni Hindistana ezamiyyətə göndərdilər.

1961-ci ildə mən atamın işinə yenidən baxılmaq xahişi ilə ərizə yazdım, lakin şikayətimə baxılmadı.

1989-cu ilin sentyabrında, daha doğrusu, anam oradan qaçıb gələndən 51 il sonra mən Bakıya getdim, burada hələ 30-cu illərin əvvəllərində Türkiyədən varlı və imkanlı hesab etdiyi qardaşının yanına gəlmiş atamın bacısının qızını və nəvələrini tapdım. Atamın həbsindən sonra bacısı da repressiyaya məruz qalıbmış.

Qohumlarımdan bir sıra məlumatlar aldıqdan, arxivlərdə olduqdan sonra mən növbəti dəfə atamın işinə yenidən baxılması üçün müraciət etdim. 17 may 1990-cı il tarixli qərarı ilə Azərbaycan DTK-sının keçirdiyi təkrar istintaq nəticəsində Ə.B.Triniçin işində cinayət tərkibi olmadığına görə iş xətm olunmuş, daha doğrusu, atama bəraət verilmişdir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler