DataLife Engine > MANŞET > Mustafa Babanlının kitabı dünyanın ən nüfuzlu 10 nəşri sırasında

Mustafa Babanlının kitabı dünyanın ən nüfuzlu 10 nəşri sırasında


10-01-2020, 18:50. Yerləşdirdi: Tural Mustafa Babanlının kitabı dünyanın ən nüfuzlu 10 nəşri sırasında





Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Musafa Babanlının dünyanın ən mötəbər “World Scientific” Beynəlxalq Elmi nəşriyyatı tərəfindən nəşr olunan “Fuzzy-logic based material selection and synthesis” kitabı Kompüter elmləri üzrə 2019-cu ildə nəşr olunmuş kitablar içərisində top onluqda yer alıb.

“Xalqinfo”nun məlumatına görə, ötən il rektor M.Babanlının materialşünaslıqla bağlı apardığı orijinal elmi tədqiqat işləri “World Scientific” tərəfindən “Fuzzy-logic based material selection and synthesis” adlı kitabında cəm olunub. İlin yekununda isə “World Scientific” nəşriyyatının elmi bazasının“Best of 2019” dəyərləndirməsində 10 top kitab siyahısına daxil edilib.

Kitabda ilk dəfə olaraq dahi həmyerlimiz Lütfi Zadənin əsasını qoyduğu Qeyri-səlis məntiqin materialşünaslığa tətbiq məsələləri əksini tapıb. Elə kitabın ilk xeyir-duasını da Lütfi Zadə verib.

Rektor Mustafa Babanlı burada materialşünaslığı qeyri-səlis məntiqlə əlaqələndirməklə dünya alimləri arasında ilk dəfə olaraq, beynəlxalq müstəvidə yeniliyə imza atıb. Fundamental əsərdə dünya elmi ədəbiyyatında ilk olaraq qeyri-müəyyən informasiya şəraitində verilmiş xarakteristikaya malik materialların, xüsusən də forma yaddaşlı materialların seçilməsi üçün qeyri-səlis modellərin yaradılması və onların tətbiqinə baxılıb. Kitabda həmçinin yeni materialların sintezi üsullarının geniş spektri təhlil olunub, bu elm sahəsində yeni fərqli istiqamət təklif edilib.

Bu elmi istiqamət baha başa gələn, böyük vaxt tələb edən və bir qədər də üzücü olan fiziki eksperimentlərdən dünyada toplanmış biliklər, böyük verilənlər və yeni süni intellekt texnologiyaları əsasında qurulan riyazi modellər və kompüter hesablamalarını ehtiva edən sistemli təhlilə keçiddir. Qeyri-səlis məntiqin və hesablama intellektinin sinerjisi material elminin və mühəndisliyin gələcək inkişafını təmin edən bir yanaşma olaraq bu kitabın özəyini təşkil edir. Kitab material elmi və mühəndisliyi, eyni zamanda kompüter elmləri sahəsində çalışan tədqiqatçılar, praktiklər, universitet müəllimləri və tələbələri üçün fundamental yeni bir vasitədir.

Xatırladaq ki, “World Scientific” dünyanın ən böyük elmi nəşriyyatlarındandır. Burada kitab çap etdirmək alimin şəxsi iradəsindən asılı deyil. Yalnız nəşriyyatın özü hər hansı alimə müəyyən elmi istiqamətdə kitab yazmağı sifariş verir. “Fuzzy-logic based material selection and synthesis” kitabı Azərbaycanda yeganə elmi tədqiqat işi kimi bu nəşriyyatda dərc olunub.

Arzu edənlər kitabla https://www.worldscientific.com/worldscibooks/10.1142/11164#t=toc linki vasitəsilə tanış ola bilərlər.
Geri qayıt