DataLife Engine > MANŞET > #BirQaldiİnformatika...

#BirQaldiİnformatika...


31-07-2019, 13:47. Yerləşdirdi: Tural #BirQaldiİnformatika...





Azərbaycan tarixi hadisə astanasındadır. Tarixdə ilk dəfə olaraq bizim şagirdlər 5 fənn (riyaziyyat, fizika, kimya, biologiya, informatika) təsnifatı üzrə dünya fənn olimpiadalarında medal qazanmağa yaxındırlar. Ramil Xammədov 30-cu Beynəlxalq Biologiya, Merac Məmmədov 50-ci Beynəlxalq Fizika, Ramil Cəbiyev, Murad Ağazadə, Anar Rzayev Beynəlxalq Riyaziyyat olimpiadalarının qalibləridir. Və 4-11 avqustda Bakıda keçiriləcək 31-ci Beynəlxalq informatika olimpiadasında da medal qazansaq, bu olimpiada fənlərində əhatəsinə görə bizim indiyədək qazandığımız ən böyük uğur olacaq. Beynəlxalq Fənn Olimpiadalarında qazanılmış medalların çəkisi heç də, misal üçün, Namiq Abdullayevin Olimpiya medalından aşağı deyil. Bu müqayisə qüsurlu görünə bilər, amma XXI əsr daha çox təhsil əsri olduğu üçün ölkəmizin bu cəbhədə yarış qalibi olması strateji məsələdir.

Olimpiada qalibləri Azərbaycanın qızıl insanlarıdır. Onlar məşhur bestsellerlər müəllifi Miçio Kakunun söylədiyi kimi “gələcəyin fizikası”nı, “rəqəmsal trasnsformasiya”nı gerçəkləşdirəcəklər. Gənc tədqiqatçılar kimi yola çıxan olimpiadaçılar ehkamlaşmış elmi təfəkkür tərzinin “normativ”lərindən kənara çıxmağa bacaracaqlar. Elm tarixindən bir neçə misal gətirək. XX əsrin əvvəllərində bir sıra fiziki hadisələr Nyuton mexanikası qəlibində izah edilə bilməyəndə məsələni 25 yaşlı Eynşteyn həll etdi. Və yaxud klassik mexanika özünü doğrultmayanda yeni kvant mexanikasının əsasını 26 yaşlı Heyzenberq yaratdı. Şellinq ilk fəlsəfi əsərini yazanda 20 yaşı var idi.

Ölməz azərbaycanlı elm adamları Yusif Məmmədəliyev, Xudu Məmmədov elmi şöhrətlərini gənc yaşlarında əldə etmişdilər. Xudu Məmmədovun “Qoşa qanad” əsərində qeyd etdiyi kimi, “Eyni vaxtda dünyaya gələn, eyni vaxtda da onu tərk edənlərdən birinin “yaşı” o birininkindən dəfələrlə fərqlənə bilər. İnsan bilik hesabına öz yaşını dünyaya gəldiyi vaxtdan çox-çox qabağa da çəkə bilər”

Təhsilin yeni rolu və ya Şumpeterin innovativ anlayışı

Gəlin etiraf edək ki, təhsil vaxtilə bizim yaşadığımız sovet sistemində daha çox cəmiyyətin sosial öhdəliklərini yerinə yetirmək funksiyasını özündə ehtiva edirdi. XXI əsrdə təhsilin qarşısında duran çağırışlar həm də: iqtisadi yüksəlişi təmin etmək, texnoloji modernləşmə, rifah cəmiyyətini yaratmaq və ölkənin qlobal üstün mövqeyini qoruyub saxlamaqdır. İnkişafın bu xəttləri təhsilin arsenalındadır.

Və bizim təhsil passionarları- Dünya olimpiadalarının azərbaycanlı qalibləri Harvard professoru Şumpeterin ifadəsi ilə desək “creative destruction”- yaradıcı təfəkkür sahibləri kimi elm-təhsil fəzasında yenilik etməyi, rəqəmsal əsrin rəqabət şərtlərində üstün olmağı bacaran gənclərdir. Onlar artıq onlarla ölkələrin gəncləri arasında Azərbaycan adına üstün olmağı bacarıblar.

Məşhur futuroloq, bir çox bestseller kitabların müəllifi Miçio Kaku XXI əsrin xüsusən ikinci yarısının tamam fərqli, həm də hər bir ölkənin insan kapitalının keyfiyyətindən asılı olacağını qeyd edir. Bu fakt isə daha çox rəqəmsal transformasiyaya hazırlıqdan qaynaqlanır. Hansı toplumun rəqəmsal immuniteti güclü olacaqsa inkişafın üfüqləri də onun üzünə açılacaq. Eləcə də dünyannın inkişaf etmiş ölkələri istedadlar uğurunda gərgin mübarizəyə başlayıblar. Bu baxımdan beyin “ixrac edən” ölkələr bu itkini rəqəmlərlə deyil, İQ-nün miqyası və itirilmiş potensial kapitalla ölçməlidirlər. Məsələn, Ukrayna Yan Kumandan məhrum olmaqla sözügedən tranzaksiyada bir insanı və tam 20 milyard dollar (WhatsApp-ın alınma qiyməti ) itirdi.

Bakı İOİ 2019 və ya dünyanın rəqəmsal nəbzi

Azərbaycan gələcəyi dizayn edən elm sahəsinin- informatikanın beyin güclərini toplayır. 4-11 avqustda dünyanın 88 ölkəsindən informatika olimpiadasına qatılacaq komandalar bir həftə ərzində paytaxtımızda yarışacaqlar. Onlar bu günlərdə rəqəmsal fəzanın açar sözlərini həm də Bakıda müəyyən edəcəklər. Yeri gəlmişkən, Azərbaycan komandası da bu yarışa yüksək ruhla qatılır. Və həm də biz bu Olimpiadada mükafat qazanmaqla tarixi uğur əldə edə bilərik. Bir daha təkrar edirəm ki, bu il keçirilən Beynəlxalq Fənn Olimpiadalarının (riyaziyyat, fizika, kimya, biologiya) hər birində ölkəmiz mükafat qazanıb. Bu estafeti informatika olimpiadasında davam etdirməklə, Azərbaycan tarixində ilk dəfə olaraq bütün Beynəlxalq Fənn Olimpiadalarında medal qazanmış olacağıq.

Bir sözlə, 4-11 avqust tarixlərində dünyanın rəqəmsal nəbzi Bakıda vuracaq.

Fəlsəfə doktoru Cəsarət Valehov


Geri qayıt