DataLife Engine > MANŞET > Azərbaycanda qovulan və həbs edilən rabitə nazirləri

Azərbaycanda qovulan və həbs edilən rabitə nazirləri


13-11-2015, 01:40. Yerləşdirdi: Tural Azərbaycanda qovulan və həbs edilən rabitə nazirləri

Xəbər verdiyimiz kimi prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib. Onun işdən çıxarılmasının səbəbi hələlik rəsmi şəkildə açıqlanmır.

"Qafqazinfo"nun ans press-ə istinadən məlumatına görə, əslində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən sonra Əli Abbasovun da işdən çıxarılması barədə xəbər yayıldı. Lakin Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən açıqlamada bildirildi ki, Əli Abbasovun işdən çıxarılması xəbəri həqiqətə uyğun deyil.

Əli Abbasovun yerinə kimin təyin ediləcəyi bilinmir. Onu da bildirək ki, Eldar Mahmudovun yerinə də hələlik heç kim təyin edilməyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2004-cü ildə yaradılıb və həmin ildən Əli Abbasov nazirliyə rəhbərlik edir.

Ümumiyyətlə, Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinin tarixini 3 dövrə - Azərbaycan Demokratik Respublikası, SSRİ və müstəqil Azərbaycan Respublikası dövrlərinə bölmək olar.

Müstəqil Azərbaycan Demokratik Cümhuriyyətinin ilk rabitə nazirlərinin fəaliyyəti diqqətəlayiq yer tutur. Azərbaycan Xalq Cümhuriyyətinin ilk rabitə nazirləri vəzifəsində fəaliyyət göstərmiş Xudadat bəy Məlikaslanov, Ağa Aşurov, Aslan bəy Səfikürdski və Camo bəy Hacınskinin adları xüsusi qeyd edilməlidir.

Xudadat bəy Ağa bəy oğlu 1879-cu ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. Şuşa real məktəbində oxuyub. 1901-ci ildə də RSDFP-yə daxil olur, 1904-cü ildə partiyadan çıxaraq ömrünün sonunadək bitərəf qalır.

1904-cü ildə Ali məktəbi bitirdikdən sonra yarım il Voloqda-Petrozavodsk yolunun tikintisində işləyib. 1905-ci ildə Tiflisə gəlib, burada Zaqafqaziya dəmir yolunda çalışıb.

Fevral inqilabından sonra müvəqqəti hökumətin Zaqafqaziya dəmir yolu üzrə nümayəndəsi təyin olunur. Sonra, Zaqafqaziya komissarlığında dəmir yolu komissarı, Zaqafqaziya federativ hökumətində dəmir yol naziri olur (1917 noyabr-1918 may). Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının üzvü olub.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra, hökumətin birinci kabinetində dəmir yol, teleqraf və poçt naziri olur. İkinci, üçüncü, dördüncü kabinetlərdə dəmir yolu naziri, beşinci kabinetdə dəmir yolu eyni zamanda sənaye və ticarət naziri və həm də hökumətin birinci müavini olur, Azərbaycan parlamentinin üzvü idi.

Sovet hakimiyyətinin ilk günlərində Məlik-Aslanov əvvəlcə tikinti komitəsində şöbə müdiri, sonra komitənin sədri olur. 1923-1933-cü illərdə Xalq Təsərrüfatı Şurasında, Dövlət Plan komissiyasında, işləmiş Politexnik İnstitutunda dekan olub.

1930-cu ildə həbs olunub və 1933-cü ildə azad olunub. Azərbaycanda dəmir yollarının inkişafında əvəzsiz xidmətlər göstərməyinə baxmayaraq, 1934-cü ildə əsassız ittihamlarla yenidən həbs olunur və 1935-ci ildə düşərgədə həlak olur. 1959-cu ildə ona bəraət verilir.



Ağa Aşurov 1880-ci ildə Bakı şəhərində anadan olub. Bakı gimnaziyasını bitirib. Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıdıb, şəhər bələdiyyə idarəsində işləyib.

1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanıb. Bakıya Şollar su kəmərinin çəkilməsində geniş fəaliyyət göstərib. Aşurov nəşri-maarif‖ cəmiyyətinin rəhbərlərindən biri olub, şəhər dumasının üzvü seçilib.

Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak edib və qurultayın rəyasət heyətinin tərkibinə seçilib. Milli hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından (1917) sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edib.

1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparıb. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Hökumətində bitərəf Aşurov ticarət və sənaye naziri işləyib, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik edib. Cümhuriyyətin mövcudluğunun ilk mərhələsində dövlətin ticarət-sənaye və ərzaq siyasətini, əsasən, Aşurov müəyyən edib.

1918-ci il oktyabrın 6-da Hökumətdə bəzi dəyişikliklərlə əlaqədar poçt və teleqraf naziri təyin olunub. Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib, "Müsavat" və bitərəflər fraksiyasında təmsil olunub. 1918-ci il dekabrın ortalarında bütün Hökumət kabinəsi ilə birlikdə istefaya çıxıb.

Aşurov 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament üzvü idi. Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə bilməyiblər. Aşurov Türkiyəyə mühacirət etməyə cəhd göstərib, bu baş tutmadıqda, Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis-texnoloq işləyib. Rostovun tatar qəbiristanlığında dəfn olunub.



Aslan bəy Ağalar bəy oğlu Səfikürdski 30 sentyabr 1881-ci ildə Gəncə şəhərində anadan olub. İbtiai təhsil alandan sonra klassik gimnaziyada oxuyub. 1901-ci ildə gimnaziyanı bitirib Xarkov Universtitetinin hüquq fakultəsinə qəbul olub. Lakin öz xahişi ilə 1902-ci ildə Peterburq Universtitetinə keçib və 1907-cu ildə univestiteti tamamlayıb. 1907-1911-ci illərdə ədliyyə orqanlarında müvəkkil köməkçisi, 1911-1917-ci illərdə isə Şuşa qəzasıında öncə şəhər dumasında iclasçı, sonra andlı müvəkkil vəzifəsində işləyib.

AXC-nin dönəmində Parlamentinə deputat seçilib. Səfikürdski AXC-nin 3 və 4-cü hökumətində təmsil edilib.O rabitə sahəsində kadrların hazırlanmasına xüsusi diqqət verirdi. O, ədliyyə sisteminin işinin təkmilləşdirilməsi sahəsində vacib tədbirlər həyata keçirib.

Parlamentdə sosialist blokunu təmsil edirdi. 1920-ci il aprelin 27 də bolşeviklərlə danışıqda təslimçi mövqe tutub. Aprel işğalından sonra Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləyib. Lakin 1922-ci ildə 3 il müddətinə həbs edilib. Həbsdən sonra "Azneft" sistemində hüquq məsləhətçisi işləsə də, daim təqiblərə məruz qalıb.



Camo bəy Hacınski Süleyman oğlu 14 iyun 1888-ci ildə Quba şəhərində anadan olub. 1912-ci ildə Peterburq Universtetinin Hüquq fakultəsini bitirib. Zaqafqaziya Seymi Müsəlman fraksiyasınin üzvü olub. Milli Şuranın üzvü və İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri idi.

Hacınski Azərbaycan Xalq Cumhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində təmsil olunub. Respublikanın rabitə sahəsində xüsusi xidmətləri olub. Aprel işğalından sonra mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirib.

1922-ci ildə həbs olunaraq 3 il məhbəsdə saxlanıldıqdan sonra Solovki (Rusiya) düşərgəsinə göndərilib. 1928-ci ildə azad olunaraq Bakıya gəlib, lakin 1938-ci ildə yenidən həbs edilərək sürgün olunub və 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat edib. 1956-cı ildə ona ölümündən sonra bəraət verilib.



Müstəqil Azərbaycan Demokratik Respublikası 23 aydan sonra süquta uğradıqdan sonra rabitə sahəsinin inkişafı sovet dövründə davam etdirilir. 1924-cü ildən başlayaraq əvvəlcə Bakıda, sonra isə ölkənin digər mühüm şəhərlərində telefon rabitəsi inkişaf etdirilməyə başlayır. 1928-1929-cu illərdə artıq Bakı, Tiflis, Yerevan, Qroznı, Rostov, Moskva, Leninqrad şəhərləri ilə şəhərlərarası telefon rabitəsi mövcud idi.

1954-cü ildə Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyəti Rabitə Nazirliyini yenidən yaradır. Sovet Dövründə Rabitə Nazirliyinə bir neçə şəxs rəhbərlik etsə də onlar içərsində 70-ci illərdə rabitə naziri işləmiş Hüseyn Rəsulbəyovun adı böyük hörmətlə çəkilir.

Hüseyn Rəsulbəyov 1917-ci il iyunun 26-da Dərbənd şəhərində poçt işçisinin ailəsində anadan olub. O, 1975-ci ildə rabitə naziri təyin edilir. Çox böyük insan olduğu qeyd edilən H.Rəsulbəyovun rəhbərliyə gətirilməsi ilə, rabitə sistemində dönüş yaradılır.

1954-cü ilə kimi Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunurdu. 1954-cü ildən etibarən Azərbaycan SSR Rabitə Nazirliyi yaradıldı.

Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış fərmanı ilə Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb.



Azərbaycan müstəqillik dövründə isə rabitə nazirləri Siruz Abasbəyli, Nadir Əhmədov və Əli Abbasov olub.

Siruz Aslanbəyli 1962-ci ildə Bakıda Rabitə Texnikumuna daxil olub. Həmin il S.Aslanbəyli Baki Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə daxil olub. 1965-ci ildə yay tətili zamanı, avqust ayında ATS-ə işə düzəlib. O vaxtdan əmək fəaliyyəti başlayıb. Onu ilk dəfə “Azqosproyekt” institutunun ATS-nə montyor göndəriblər.

Bir ildən sonra “Qiproazneft” institutunun ATS-nə texnik təyin olunub. 1968 -ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başlayıb. 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təssərufatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb.

Siruz Abasbəyli nazir təyin olunan kimi qısa müddət ərzində beynəlxalq təşkilatlarla əlaqələr yaradıb. 1992-ci ilin avqust ayının əvvəllərində Rabitə Nazirliyinə Türkiyənin «NETAŞ» və «TELETAŞ» şirkətlərinin nümayəndələri gəlib və onlarla əməkdaşlıq edilməyə başlanılıb.



Nadir Əhmədov 1940-cı ildə anadan olub, 1957-ci ildə Şəki şəhər 10 saylı məktəbini qurtarıb. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu Elektrik Rabitəsi mühəndisi ixtisası üzrə bitirib. 1968-70-ci illərdə Sovet Ordusunda xidmət edib.

1960-85-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il rabitə naziri vəzifəsində işləyib.

N.Əhmədov Bakı telefon şəbəkəsinə rəhbərlik etdiyi dövrdə telefonların sayı 2,5 dəfə artıb, telefonun keyfiyyətli işləməsinə, rüşvətxorluğun aradan qaldırılmasına, şəffaflığa nail olub. Rəbirə nazirinin müavini vəzifəsində işlədiyi dövrdə Respublikanın rabitə sisteminin inkişafında böyük xidmətləri olub.

Məlum Qarabağ hadisələri başlanan vaxtdan (1988-1992) müntəzəm olaraq Qarabağa gedib, çətin şəraitdə azərbaycanlıların qorunması, onların təhlükəsizliyinin təmin olunması, hərbi hissələrin və yaşayış məntəqələrinin telefonlaşdırılması ilə məşğul olub. Xocalını radiotelefonlarla təmin etdiyinə görə SSRİ-nin prokurorluq orqanlarının təzyiqlərinə və istintaqa cəlb olub.



Əli Məmməd oğlu Abbasov 1953-cü ildə yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirib. Təxminən bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında məqsədli aspiranturada təhsilini davam etdirib.



2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) üzvü olub. 2004-2014-cü illərdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri vəzifəsində çalışıb.

2012-ci il dekabrın 27-də prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə Əli Məmməd oğlu Abbasovu "Şöhrət" ordeni ilə təltif edib.

Prezidentinin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib.
Azərbaycanda qovulan və həbs edilən rabitə nazirləri
Azərbaycanda qovulan və həbs edilən rabitə nazirləri
Azərbaycanda qovulan və həbs edilən rabitə nazirləri
Azərbaycanda qovulan və həbs edilən rabitə nazirləri
Azərbaycanda qovulan və həbs edilən rabitə nazirləri
Azərbaycanda qovulan və həbs edilən rabitə nazirləri

Geri qayıt