DataLife Engine > MANŞET > Rusiya emissarları Qarabağın İranla sərhədində nə axtarır?!

Rusiya emissarları Qarabağın İranla sərhədində nə axtarır?!


28-04-2014, 22:21. Yerləşdirdi: Tural Rusiya emissarları Qarabağın İranla sərhədində nə axtarır?!
Aprelin 26-27-də bir qrup Rusiya eksperti işğal altındakı Azərbaycan ərazilərində olublar.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Rusiyanın vaxtaşırı olaraq Azərbaycana qarşı yazılar dərc edən REX informasiya agentliyi (iarex.ru) yayıb.

Xəbərdə bildirilir ki, ekspert qrupunun tərkibinə Modest Kolerov və Stanislav Tarasov də daxil olublar. Onlar Araz çayı boyu Azərbaycanın İranla sərhəd işğal olunmuş ərazilərinə baş çəkiblər.

Xankəndində isə rusiyalı ekspertləri qondarma “DQR prezidenti” Bako Saakyan və Erməni Apostol Kilsəsinin Qarabağ üzrə rəhbəri, arxiyepiskop Parqev qəbul ediblər. Səfərin məqsədi və ekspertlərin niyə məhz Azərbaycanın İranla həmsərhəd işğal ərazilərinə baş çəkdiyi barədə heç nə deyilmir.



Modest Kolerov vaxtilə Rusiya Prezidenti Administrasiyasında işləyib. Daha sonra “REGNUM” informasiya agentliyinin baş redaktoru olub. “REGNUM” agentliyini ermənilərə verəndən sonra Kolerov 2013-cü ilin mayından etibarən REX informasiya agentliyinə rəhbərlik edir.

Kremlin siyasi texnoloqlarından olan Kolerov Rusiya Prezidenti Administrasiyasında xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin (2005-2007) rəisi işləyib. Həmin dövrdə Kolerov Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışlarına görə dəfələrlə Bakının etirazlarına səbəb olub.

Digər keçmiş sovet ölkələrinə qarşı da analoji çıxışlar edən Kolerov nəhayət Administrasiyadan qovulub. Bununla belə o, hələ də Kremlə bağlı adam kimi tanınır. Kolerov hələ də Rusiyanın I dərəcəli dövlət müşaviri statusunu daşımaqdadır. Bu status ona 2006-cı ildə Rusiya prezidentinin fərmanı əsasında verilib.



Kolerov ərazi bütövlüyünə qarşı çıxışlarına görə Latviya, Litva, Estoniya və Gürcüstanda “persona non-qrata” elan olunub.

Stanislav Tarasov da M.Kolerov kimi müntəzəm olaraq Azərbaycana qarşı əks-təbliğat aparan rusiyalı politoloqdur. O, REX agentliyinin Yaxın Şərq və Qafqaz üzrə ekspertidir. Vaxtaşırı olaraq Qarabağ məsələsində ermənilərin mövqeyini əks etdirən məqalələrlə çıxış edir, Azərbaycanda etnik azlıqlar məsələsini qabardır.

Ümumiyyətlə, REX informasiya agentliyi Rusiyanın imperiya ideologiyasını təbliğ edən resursdur.

Bəs Rusiyanın müəyyən dairələrinin Vladimir Jirinovski kimilərinin vasitəsi ilə Qarabağın Rusiyaya birləşdiriləcəyinə dair iddiaları dövriyyəyə buraxmasından sonra Kolerov və Tarasov kimiləri Azərbaycanın İranla sərhədinin ermənilərin nəzarətində olan hissəsinə hansı məqsədlə gəliblər?

Hər halda bu emissarların səfərini təsadüfi saymaq olmazdı.
Geri qayıt