» » Azərbaycanda sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır

Azərbaycanda sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır

Bölmə: MANŞET
Azərbaycanda sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır













Ekspertlər hesab edirlər ki, Azərbaycanda əhalinin artması ölkənin mövqelərini möhkəmləndirir, çünki insan resurslarının güclü olması çox önəmli məsələdir
Məlum olduğu kimi, ötən dövr ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində iqtisadiyyatımız əhəmiyyətli dərəcədə güclənib, əhalinin sosial rifahının yüksəlməsi istiqamətində mühüm islahatlar həyata keçirilib, Azərbaycanın dünyada dinamik inkişaf edən ölkə kimi nüfuzu artırıb. Təbii ki, bütün bunlar, yəni inkişaf prosesi ölkəmizdəki demoqrafik vəziyyətə də adekvat təsir göstərir. Nəzərə alsaq ki, oktyabrın 1-dən ölkəmizdə əhalinin siyahıya alınması prosesi başlayıb, bu reallıq faktlarda özünü bir daha ifadə etməkdədir.
Yeri gəlmişkən qeyd edək ki, oktyabrin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırıb. Dövlətimizin başçısı bildirib ki, bu, hər bir ölkə üçün çox önəmli tədbirdir: “Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir”.
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin bu ilin əvvəlindən imzaladığı Fərman və sərəncamlar təsdiq edir ki, vətəndaşların sosial problemlərinin həlli dövlət başçısının diqqət mərkəzindədir: “Ölkəmizdə əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyat dayanır. Bu mənada hesab edirəm ki, bütün istiqamətlərdə müavinətlərin artırılması, problemli kreditlərlə bağlı məsələnin həllinə dair göstəriş və s. addımlar əhalinin sosial rifahının yüksəldilməsinə sağlamlaşdırıcı təsir göstərir ki, bu da vətəndaşların həyatında özünü büruzə verir. Bir sözlə, dövlət başçısı öz fəaliyyəti ilə hər dəfə təsdiqləyir ki, O, hər bir azərbaycanlının Prezidentidir”.
Millət vəkili deyib ki, inkişaf nəticəsində ölkəmizin bütün bölgələri simasını əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə, ötən dövrdə yüzminlərlə yeni iş yeri açılıb. Bütün bunların fonunda işsizliyin səviyyəsi 5 faizdən də aşağıdır. A.Hüseynov deyib ki, ölkənin uğurlu inkişafi demoqrafik vəziyyətə də müsbət təsir edir: “Dövlət başçısının vurğuladığı kimi, ölkəmizin sosial-iqtisadi inkişafı demoqrafik inkişafla uzlaşır. Azərbaycan əhali artımı baxımından dünya ölkələri arasında ön sıralarda yer alır. Təsadüfi deyil ki, təkcə müstəqillik illərində ölkə əhalisinin sayı 3 milyon nəfər artıb. Əlbəttə, Azərbaycanda əhalinin artması ölkənin mövqelərini möhkəmləndirir, çünki insan resurslarının güclü olması çox önəmli məsələdir. Bütövlükdə hesab edirəm ki, əldə olunan bu nailiyyətlər Azərbaycanın gələcək uğurlarını da şərtləndirir”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurlar Azərbaycanın dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi nüfuzunu daha da artırıb. Ən əsası isə Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha parlaq gələcək üçün uğurlar, qələbələr, nailiyyətlərlə dolu tarixinin yeni səhifələri açılıb”. Bu fikirləri isə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələri ilk növbədə əhalinin rifahının yüksəldilməsinə yönəldilir. Onun sözlərinə görə, bu gün əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanda vətəndaşların sosial rifahı yaxşılaşır. Hesab edirəm ki, davamlı islahatlar nəticəsində insanların sosial rifah halı daha da yüksələcək. Əlbəttə ki, sosial-iqtisadi baxımdan yüksək nəticələr olmasaydı, ölkəmizdə demoqrafik vəziyyətin üstünlüyündən danışa bilməzdik. Bu il Azərbaycanda 10 milyonuncu sakinin dünyaya gəlməsi böyük təntənə ilə qeyd olundu. Təbii ki, demoqrafik vəziyyətin müsbət templə davam etməsi çox önəmli məsələdir. Çünki güclü insani resurslar hər bir dövlətin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycanın güclü, intellektual insani potensialının olması ölkəmizin daha da qüdrətlənməsində vacib rol oynayır”, - deyə deputat qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler