» » Şəhid Milli Qəhrəmanımıza dil uzadan “psixoloq”a sərt təpki

Şəhid Milli Qəhrəmanımıza dil uzadan “psixoloq”a sərt təpki

Bölmə: MANŞET
Şəhid Milli Qəhrəmanımıza dil uzadan “psixoloq”a sərt təpki





Bu cahil hərəkət cəmiyyətdə haqlı qəzəb doğurdu; dəyərlərimizi aşağılayanı hansı cəza gözləyir...
Özünü “psixoloq” kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “cinayətkar” və “qatil” adlandırması haqlı olaraq cəmiyyətdə böyük hiddət doğurub. Sosial şəbəkələr və mətbuatda N.Şahmarzadə “məhşər ayağı”na çəkilir, o, sərt ifadələrə “qonaq edilir”. Tanınmış simalar da məsələyə biganə qalmırlar.

“Onun qəhrəmanlığını qəbul etməmək Azərbaycan maraqlarını düşünməyən insanların işidir. Mübariz İbrahimov əsl qəhrəmanlıq, igidlik, cəsurluq simvolu kimi yaddaşlarda həmişə qalacaq. Təbii ki, düşmən tərəfi də var və Mübariz İbrahimovun qəhrəmanlığını gözdən salmağa çalışırlar. Məsələyə bu konteksdə baxmaq lazımdır”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, Mübariz İbrahimovu sevməyən və onun barəsində bu cür fikirlər səsləndirən adamlar ola bilər, amma Azərbaycanı sevən, onun maraqlarını düşünən insanlar Milli Qəhrəmanımıza yüksək qiymət verirlər.



“Mübariz İbrahimov bir sindromun qırılmasında mühüm rol oynayıb. Bəzən nadanlar və cahillərin bir qismi bildirirlər ki, o, hansısa bir məktəbin, məzhəbin təmsilçisi olduğu üçün bunu edib. Bunlar onun qəhrəmanlığını gözdən salmaq üçün atılan addımlardır. Mübariz İbrahimov birbaşa Azərbaycanın dəyərlərini yaşadan, onun düşmənindən qisasını alan bir qəhrəmandır. O, hansısa bir məktəbin deyil, bütövlükdə Azərbaycanın yetirməsidir. Mübariz İbrahimov bütövlükdə islam dünyasının qəhrəman oğludur”, - deputat bildirib.



Deputat Adil Əliyev “psixoloq”un cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir: “Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Buna yalnız sosial şəbəkələrdə reaksiya verməklə kifayətlənmək olmaz. Məsələyə mütləq hüquqi qiymət verilməlidir. Milli Qəhrəman və şəhidlərimiz bu həyatda bizlərə əmanətdir. Onların problemləri ilə məşğul olan QHT rəhbərlərinə müraciət edirəm. Məhkəməyə müraciət etmək üçün nəyi gözləyirsiniz?”



Müğənni Ruhi Əliyeva isə sosial şəbəkə hesabında bu statusu paylaşıb: “Bu məsələyə görə sözün əsl mənasında sarsıntı içindəyəm. Ermənilərin millətimizə etdiyi saysız qətliamlar, soyqırımlar haqda geniş xatırlatmaya hər halda ehtiyac duymuram. Çünki hər birimizin damarında axan qan məhz odur! Bizim ana-bacılarımızın fəryadı hələ çəkilməyib. Erməninin axıtdığı Azərbaycan qanı hələ soyumayıb. O daşnakların ayaqları altda qalan körpələrin naləsi hələ qulağımızdan getməyib. Bəs necə ola bilər ki, bu xalqın belə övladı olsun? Evdə hansı tərbiyəni görüb bu? Nərmin adlı qızın qəhrəman Mübariz İbrahimov haqda dedikləri absurddur. Amma ən böyük faciə bu torpaqda yetişən, milləti Azərbaycan, əqidəsi mərhəmət olması gərəkən bir qızın vətəninə xəyanətidir! Mübariz sənin kimilər bu gün ağlına gələni danışsın deyə vətən uğrunda şəhid oldu? Ar olsun, ayıb və haram olsun bu qan sənə! Dostlar, düşünürəm ki, bu mənəviyyatsız biri ilə dövlət orqanları danışmalıdır. O, qanun qarşısında cavab verməlidir. Biz o xainin şəklini paylaşıb, reklam etməkdənsə, bunu tələb etməliyik”.



Psixoloq Fərqanə Mehmanqızı isə “Hamımız Mübarizik” başlıqlı bu statusla öz sərt mövqeyini sərgiləyib: “30 illik müharibə, minlərlə şəhid, minlərlə günahsız insanın - körpə, yaşlı - qətli, doğma yurdlarından didərgin salınmış insanlar, işğal olunmuş torpaqlar, yer üzündən silinmiş, viran qoyulmuş şəhərlər, yurd yerləri - budur reallıq. Qəhrəmanlıqla döyüşüb şəhid olan Azərbaycan əsgərini qəddarlıqda günahlandıran şəxslərin insanlıqdan, mənəviyyatdan anlayışı yoxdur deməli. Bu düşüncə Azərbaycan insanın düşüncəsi ola bilməz. Şəhidlik uca zirvədir, dəyərdir, mənəviyyatdır. Bunu bilməyən, anlamayan, əksini iddia edən bizdən deyil”.

Göründüyü kimi, “psixoloq”un cəzalandırılması üçün edilən tələblərin sayı artmaqdadır. Xüsusilə, onun geri çəkilib üzr istəmək əvəzinə, ard-arda statuslar paylaşması etirazları artırır. Azərbaycan qanunvericiliyində şəhidlər, Milli Qəhrəmanlar haqqında bu cür sərsəm fikirlər səsləndirənlərlə bağlı cəzalar nəzərdə tutulan maddələrin olmasının vacibliyi vurğulanır.


Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı N.Şahmarzadənin hansısa dairələrin sifarişini yerinə yetirdiyini ehtimal edir: “Görünür bunlar haradansa maliyyə dəstəyi alırlar. Guya psixoloq olaraq məsələyə bu cür yanaşırlar. Bunlar ona xidmət edir ki, gənclərimizi milli vətənpərvərlik ruhundan, vətən sevgisindən uzaq tutsunlar. Bu cür hazırlanmış insanlar var. İllərlə onların üzərində işlər gedir və sonunda həmin şəxsləri bu səviyyədə hazırlayırlar. Sonunda cəmiyyətimiz üzərində özlərini ”psixoloq" adlandıran bu cür insanlar vasitəsilə çalışırlar. Türkiyə Fox.tv televiziyasında yayım yönətməni Şenol bəy var. Biz onunla görüşdük. Mən ona təşəkkür etdim ki, siz “Savaşçı” filmində Azərbaycan bayrağı və bir əsgərin dilindən Mübarizin qəhrəmanlığından bəhs etmisiniz. Dedi ki, Mübarizin vətəni uğrunda etdiyi qəhrəmanlığı edəcək insanlar bir əsrdə 5 adam yetişə bilər ya yox. Mübarizləri yetişdirməyin asan olmadığını da bildirdi. Görün Türkiyəmizdə bizim qəhrəmana necə dəyər verilir. Mübariz türk millətinin artıq milli qəhrəmanıdır. O təkcə Azərbaycana məxsus deyil. Onun qəhrəmanlığı sərhədlərimizdən qat-qat uzaqlara gedir. Mübarizin adının əbədləşdirdiyi bir anda belə fikirləri təsadüfi saymaq olmaz. Mübarizin isminin türk gənclərinin simvoluna çevrildiyi bir vaxtda belə fikirləri təsadüfi saymıram. Belə fikirlər ancaq erməni zehniyyətinə xidmət edər. Məsələni bu cür dəyəndirirəm".


Hüquqşünas Əlövsət Allahverdiyev “Yeni Müsavat”a bunları dedi: “Cinayət qanunvericiliyinə görə, hər hansı bir şəxs söylədiyi fikirlərə görə deyil, konkret əmələ görə məsuliyyət daşıyır. Bu baxımdan xanımın söylədiyi hər hansı fikrə görə onu cəzalandırmaq, cinayət məsuliyyətinə cəlb etmək qanunvericilikdə nəzərdə tutulmur. Amma xanımın fikirlərinə münasibət bildirməmək mümkün deyil. Çünki çox həssas bir məsələdir. Ərazi bütövlüyümüz hazırda pozulmuş vəziyyətdədir. Belə bir məqamda insanlar məsələyə həssas yanaşdığı bir vaxtda belə fikirlərə cəmiyyətin mənfi reaksiyası normaldır. Onun fikirlərinə münasibət bildirərkən demək istəyirəm ki, xanım hüquqçu deyil. O, adi bir vətəndaşdır. Xanım söyləyir ki, işğal olunmuş ərazimizdə Mübariz erməni əsgərini öldürüb və bunu cinayət kimi qələmə verir. Bu, kökündən yanlışdır. Çünki müharibə haqqında 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası var. Beynəlxalq humanitar hüquq normalarına görə, əlinə silah götürmüş şəxs qarşı tərəfə yönəlik döyüşürsə, o məhz əlinə silah götürdüyünə görə hərbi hədəfdir, yəni öldürülməlidir.

Burada hansısa rəhmdən söhbət gedə bilməz. Eyni zamanda, kiminsə anasının göz yaşlarını önə çəkmək, yaxud kiminsə günahsız öldürüldüyünü söyləmək populist fikirlərdən başqa bir şey deyil. Çünki bu hərbi hədəfdir və silahı bizə qarşı yönləndirib. Necə ola bilər ki, onu öldürmək olmasın. Onu öldürməyin özü belə heç bir məsuliyyət yaratmır. İstər döyüşdə, istərsə də, başqa bir vaxt hərbi hədəfin öldürülməsi beynəlxalq konvensiyaya görə məsuliyyət yaratmır. Əgər o, mülki şəxs olsaydı, əlinə silah götürməsəydi, onun öldürülməsi məsuliyyət yaradır. Cinayət Məcəlləmizdə də bu müddəa var. Cinayət Məcəlləsinin 115 və 116-cı maddələrində konkret olaraq müharibə cinayətləri göstərilib. Burada da göstərilir ki, tarixi mədəniyyət abidələri dağıdılmamalı, mülkü şəxslər fiziki zorakılığın qurbanı olmamalıdır. Bu baxımdan məsuliyyət daşımasa da, xanımın söylədiyi fikirlərə laqeyd qalmaq olmaz.

Bunları araşdırmaq xüsusi xidmət və hüquq mühafizə orqanlarının işidir. Ola bilər ki, xanım kimlərsə tərəfindən öyrədilib, bu məsələyə münasibət bildirməyə sövq edilib. Hər kəs fikir söyləməkdə azaddır. Amma o xanımı onun üçün qınayıram ki, Xocalıda baş verən hadisələrin fonunda, ermənilər tərəfindən fiziki zorakılığa məruz qaldığımız bir zamanda o xanım ermənilərin onun düşməni olmadığını söyləyir. İnsanlıq nöqteyi-nəzərindən yanaşanda heç kəsi düşmən kimi qəbul etmirik. Amma torpaqlarımızı işğal edən bir ölkənin ordusunda əlinə silah alanları necə düşmən kimi qəbul etməyək? Cəmiyyət məsələyə çox sərt təpki göstərir. Reaksiyaları müsbət dəyərləndirirəm. Görürəm ki, bir tələbənin səsləndirdiyi fikirlərə insanların münasibəti çox sərtdir. Belə reaksiyalar onun üçün olmalıdır ki, başqaları bu xanıma baxıb, həvəslənib bu cür fikirlər söyləməsin”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler