» » Qonşu ölkədə hakimiyyətə kim gələcək? - 1 gün qaldı

Qonşu ölkədə hakimiyyətə kim gələcək? - 1 gün qaldı

Bölmə: MANŞET, GÜNDƏM
Qonşu ölkədə hakimiyyətə kim gələcək? - 1 gün qaldı





Gürcüstan sabah ölkə tarixində sayca 5-ci prezidentini seçməyə hazırlaşır.

“Xalqinfo” xəbər verir ki, yeni seçiləcək prezident qanun dəyişikliyinə əsasən ölkəni 5 yox, 6 il idarə edəcək. Gürcüstanın rəhbəri postuna 25 nəfər öz namizədliyini irəli sürüb.

Onlardan ən gəncinin 38, ən yaşlısının isə 67 yaşı var. İyirmi beş namizəddən ikisi qadındır: Tamar Tsxoraqauli və Salome Zurabişvili.

Məlumat üçün bildirək ki, namizədlərin bir qismi daha əvvəl də siyasi arenada mühüm vəzifə sahibi olub. Belə ki, onlardan 6-sı sabiq deputat, 3-ü keçmiş xarici işlər naziri, 2 nəfər isə parlament spikeri kürsüsündə əyləşib. Deputat, biznesmen, professor, rektor və partiya işçilərinin yer aldığı namizəd siyahısında ən diqqətçəkən 5 işsizin və 1 nəfər mehmanxanada çalışan sistem administratorunun olmasıdır.

Qeyd edək ki, Gürcüstanda 28 oktyabrda baş tutacaq prezident seçkilərində 3 518 877 seçici səsvermədə iştirak edəcək.

Seçki prosesini 62 yerli və 58 beynəlxalq təşkilatın müşahidəçisi izləyəcək.



Yerli sakinlər arasında aparılan sorğulara əsasən, 25 nəfər arasında yalnız 3 nəfər güclü namizəd hesab edilir. Bunlar “Gürcüstan arzusu-demokratik Gürcüstan” partiyasından olan Salome Zurabişvili, “Vahid Milli Hərəkat” partiyasının keçmiş üzvü Qriqol Vaşadze və “Avropa Gürcüstanı- azadlıq uğrunda hərəkat” partiyasından namizəd David Bakradzedir. Bu məqamda qeyd edək ki, Fransada doğulan 66 yaşlı Salome Zurabişvili Mixail Saakaşvilinin prezidentlik dönəmində - 2004-2005-ci illər ərzində Gürcüstanın Xarici işlər naziri kimi çalışıb.



İkinci güclü rəqib hesab edilən Qriqol Vaşadze də daha əvvəl yüksək post sahibi olub. Belə ki, o, 2008-ci ildə Mədəniyyət və idman naziri, 2008- 2014-cü illərdə isə Xarici işlər naziri vəzifəsində çalışıb. Vaşadze balerina Nina Ananiaşvili ilə evlidir, 2 övladı var. Vaşadze Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən dəstəklənən namizəddir və onun qalib gələcəyi halda Saakaşvilinin ölkəyə qayıdacağı gözlənilir.



46 yaşlı David Bakradze də digər iki güclü rəqibi kimi daha əvvəl ölkənin Xarici işlər naziri olub. O, bu postda cəmi 5 ay yer alıb (24 yanvar 2008- 5 may 2008). Bakradze 2008-ci ildən siyasi fəaliyyətinin növbəti 4 ilini parlament spikeri kimi davam etdirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler